Əli Kərimli AXCP üzvlərini niyə qanunları pozmağa təşviq edir?
Bizi izləyin

Nida Təhlil

Əli Kərimli AXCP üzvlərini niyə qanunları pozmağa təşviq edir?

Son günlər AXCP rəhbərliyi partiyanın 4 üzvünün həbs edilməsi ətrafında reytinq kampaniyasına start verib. Onları maraqlandıran bu 4 nəfərin taleyi yox, onların barmaqlıqlar arxasına göndərilməsindən sonra bundan necə qazanc əldə edəcəkləridir. Təcrübə bunu dəfələrlə sübut edib. Sübut edib ki, dəmir barmaqlıqlar Əli Kərimliyə siyasi reytinq və maliyyə qazancı gətirir, ətrafındakı insanlardan nə qədər çoxu həbs olunarsa, o, bir o qədər qazanır. Və məhz buna görə dəfələrlə bir çox AXCP üzvünü özü məqsədli şəkildə qanunları pozmağa təşviq edib.

4 AXCP üzvü ilə bağlı aparılan kampaniyada əsas tezis “hakimiyyət Əli Kərimlidən qorxduğu üçün bunu edir” uydurmasıdır. Sual yaranır: Əli Kərimli doğrudanmı qorxuludur?

Siyasətdə əsas güc ilk olaraq tərəfdarlarının sayı və siyasi cameədəki çəki ilə ölçülür. Azərbaycan siyasi cameəsində Əli Kərimli birmənalı qarşılanmır, xüsusilə onun özünəvurğunluğu, indiyə qədər müxalifətin yaradılmış bütün birliklərini dağıtması, silahdaşlarını son anda aldatması haqda kitab yazmaq olar. Siyasi cameədə heç bir çəkisi olmayan Kərimlinin nəinki partiyası, “xaç atası” olduğu Milli Şuranın belə sabit elektoratı 2-3 mindən yuxarı deyil. Bu, Azərbaycan seçicilərinin sayı ilə müqayisədə 1 faizdən də aşağıdır. AXCP sədrinin siyasi fəaliyyəti isə gündə bir neçə dəfə sosial şəbəkələrdə postlar paylaşmaq, feyk profillərlə layk toplamaqla məhdudlaşır. Bunun fonunda “hakimiyyətin Əli Kərimlidən qorxduğu” məntiqinə sahib olmaq kliniki hadisədir.

Bütün fəaliyyəti “klaviatura” arxasından asıb-kəsmək olan bu qüvvələrin daha bir klinik halı qanunlara münasibətdə də ortaya çıxır.

Əgər AXCP üzvüsənsə, qanunları istədiyin kimi poza bilərsənmi?!

Üzərində kampaniya qurulan 4 AXCP üzvünün hər biri ictimai asayişi pozduqlarına görə saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (kiçik xuliqanlıq) ilə məsuliyyətə cəlb olunub. Ortada qanunların pozulması halı var və aidiyyəti dövlət orqanları müvafiq tədbirlər görür. Birincisi, adekvat addım atan dövlət orqanları hakimiyyətin orqanları deyil və bu, konstitusiya ilə təsbit edilib, ikincisi, kiminsə hansısa siyasi partiyanın üzvü olması ona qanunları pozmaq haqqı verə bilərmi?

Əli Kərimli isə bəyan edir ki, niyə AXCP üzvləri tez-tez məsuliyyətə cəlb edilir? Bu sualın ünvanı onun özüdür. Çünki “sıralarımız genişlənir” kampaniyası aparmaq üçün kriminal elementləri belə sıralarına qatırsa, nəticə də fərqli olmamalıdır.

Hərçənd, burada da onun öz maraqları aydın görünür. O, müavini Fuad Qəhrəmanlını belə dövlət əleyhinə ekstremist çağırışlara sövq edən və həbsinə səbəb olan adamdır, adi sıravi üzvləri niyə xərcləməsin?!

Nardaran hadisələri zamanı dövlət əleyhinə ekstremist çağırışları irəli sürmək missiyasını F.Qəhrəmanlının üzərinə qoyan Kərimli nəticədə onun qanunları pozmasına və məsuliyyətə cəlb edilməsinə zəmin yaratdı. Bu, ilk növbədə partiyadaxili siyasi gediş idi. Çünki Qəhrəmanlının həbsindən öncə partiya daxilində onun AXCP-nin yeni sədri olacağına dair təbliğat aparılırdı. Əli Kərimli də rəqibini sıradan çıxarmaq üçün onu qanunları pozmağa təşviq etdi. Bu, həm də ona özü haqqında “müavinləri həbsdə olan yeganə partiya sədriyəm” kampaniyası aparmaq, beləliklə, xarici dairələr qarşısında Azərbaycan müxalifətinin “əsas qüvvəsi” obrazını yaratmaq və daha çox maliyyə dəstəyi almaq imkan yaradır. Eyni ssenari gənclər üzərində dəfələrlə sınaqdan keçirilib.

AXCP-nin gənc üzvlərini aqressiv fəaliyyətə təhrik edir, qanunları pozmağa təşviq edir və yaxşı bilir ki, Azərbaycan dövləti qanunun aliliyini təmin etmək üçün adekvat addımlar atacaq. Ona lazım olan da elə budur:

- “Müavinləri həbsdə olan yeganə partiya sədriyəm” və “ən çox üzvü məsuliyyətə cəlb olunan partiya AXCP-dir” kampaniyası aparır;
- “İqtidar Əli Kərimlidən qorxur” tezisini tirajlayır (4 AXCP üzvü üzərindən qurulan kampaniyada bu oyun bir daha aydın görünür);
- “Digər siyasi partiyalar əsl mübarizə aparmır, əks təqdirdə, üzvləri həbs olunardı” fikri formalaşdırılır və beləliklə, özü haqqında “müxalifətin əvəzsiz lideri obrazını” yaradır. (Gültəkin Hacıbəylinin bir neçə həftə öncə yayımladığı məqaləsində “əvəzsiz lider” oyunu açıq şəkildə ortaya çıxdı);
- Xarici dairələrdə “əsas siyasi alternativ olması” haqda rəy formalaşdırır və ayrılan maliyyələrdən daha çox pay götürür (Müxalifət liderləri dəfələrlə Əli Kərimlinin xarici səfirliklərə onlar haqqında yalan məlumatlar verdiyini açıqlayıblar);
- “Siyasi məhbuslara yardım” kampaniyaları ilə toplanan ianələrin böyük əksəriyyəti Əli Kərimliyə çatır (həbs olunan şəxslərə saxta qəbzləri imzalatdıraraq, ianələrin mənimsənilməsi haqda kifayət qədər fakt var);


Bu, məkrli siyasi oyunun əsas mahiyyəti budur. Əli Kərimli öz siyasi ambisiyası naminə istər gəncləri, istərsə öz partiya funksionerlərini barmaqlıqlar arasına göndərməkdən çəkinmir. Çünki dəmir barmaqlıqlar ona qazanc gətirir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm