Əli Kərimli nadir xəstəliyə yoluxub - “Fregoli sindromu”
Bizi izləyin

Nida Təhlil

Əli Kərimli nadir xəstəliyə yoluxub - “Fregoli sindromu”

“Rejim çox narahatdır. Xalqın narazılığının günbəgün artdığını, ölkənin barıt çəlləyinə çevrildiyini onlar da görür”, - Əli Kərimlinin bu sözlərlə başlayan bəyanatları mütəmadi olaraq eşidilir. Və bu adam hələ də anlamaq və qəbul etmək istəmir ki, onun danışdığı ölkə Azərbaycan deyil, bir gün “hakimiyyətə gəlmək” arzusu ilə yaşadığı, xəyalında qurduğu X ölkədir.

Onun uzun illərdən bəri davam edən bu mərəzinin səbəbi təkcə hər şeyi qara tabloda göstərərək, ucadan qışqırmaq və hər kəsin buna inanmasını tələb etməklə “siyasi mübarizə” apardığını zənn etməsi deyil, bu, həm də psixoloji vəziyyətdən irəli gələn sindromun elementləridir.

“Fregoli sindromu” – araşdırmalar Əli Kərimlinin bu xəstəliyə yoluxduğu ehtimalını önə çıxarır. Tibb elminə görə, dünyada nadir psixoloji xəstəliklərdən olan “Fregoli sindromu”na yoluxan insanların davranışı iki cür izah edilir: birincisi, belə insanlar görünüşlərini dəyişdirə bildiklərini və başqaları ola bildiklərini hesab edir, ikincisi, ətrafdakı bütün insanların eyni olduğunu və eyni üzə sahib olduğunu düşünür.

Ətrafında bir neçə yüz insanı toplayan və sosial şəbəkələrdə feyk profillərin “dəstəyi” ilə inqilab etməyə hazırlaşan Əli Kərimli hesab edir ki, o, bu xalqın lideri ola bilər, yəni “görünüşünü dəyişdirə bilər”, o cümlədən, bütün xalq onun kimi düşünür, yəni “ətrafındakı bütün insanlar eyni üzə sahibdir”.

Sindrom ilk dəfə 1927-ci ildə bir gənc qadının teatrda aktyor tərəfindən təqib edildiyini iddia etməsi ilə ortaya çıxıb. Xəstəliyin tarixçəsi ilə Əli Kərimlinin bugünkü fəaliyyəti assosiasiya təşkil edir. “Siyasi teatr” təşkil edir və hər gün deyir: “Hakimiyyət bizi təqib edir”. O, hər kəsdən ağıllı olduğunu və hər kəsin ona qarşı olduğunu düşünür.

Bir müddət öncə “dostlar, instaqram hesabımı bərpa etdim, rejimin növbəti cinayətkar hücumu dəf edildi” sözlərini yazan Əli Kərimli bununla psixoloji əziyyət çəkdiyini də etiraf etmiş oldu. “İnstaqram hesabının bərpası” ilə “rejimin hücumu” arasında bağlantı qurmağın başqa açıqlaması ola bilməz. Bu, tragikomediyadır və “Fregoli sindromu”nun nəticəsində ortaya çıxır.

Ağır xəstəlikdir, həm özü, həm də məşğul olmaq imitasiyasını yaratdığı siyasət üçün...

Onun son açıqlamasında irəli sürdüyü iddialarsa vəziyyətinin ümidsiz olduğunu təsdiqlədi:

- AXCP-nin 4 üzvünün kiçik xuliqanlığa görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılması və 10-60 sutka arası cəza almasını, o cümlədən, Tofiq Yaqublunun prokurorluğa çağırılmasını “hakimiyyətin narahatlığı” olaraq təqdim edir.

Bəhs etdiyi 4 AXCP üzvü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cəza alıb və ortada qanunun pozulması faktı var. Amma tez-tez qanundan danışan AXCP sədri müzakirə mövzusu özü olanda qanunları saymaq istəmir.

- AXCP-yə yeni üzvlərin, xüsusilə gənclərin axını rejimin narahatlığını daha da artırır. Xalq mitinq gözləyir və gələcək mitinqlərin daha kütləvi olacağı şübhə doğurmur.

Bir neçə nəfəri müxtəlif məkanlarda toplayıb, müxtəlif rakurslardan fotolarını çəkib, “AXCP-yə yeni üzvlərin qəbulu” başlığı ilə təqdim etməklə yalnız özünü və ətrafındakıları aldatdığı məlumdur. Və o, artıq üçüncü onillikdir “sabah inqilab olacaq”, “sabah hakimiyyətə gəlirik” iddiasından əl çəkmir. Anlaşılandır, ətrafında güclə saxladığı kiçik qrupun da onu tərk etməsinin qarşısını almaq üçün əlindən başqa heç nə gəlmir, lakin eyni adam üç onillikdir eyni sözlərdən əl çəkmirsə, ya özünün psixoloji problemi var, ya da yanındakıları ağılsız hesab edir. Bunu artıq onun yanındakılar düşünməlidir. Çünki xalq onun “siyasi xəstəliyinə” yoluxmamağın yolunu tapıb: laqeydlik.

Və çox güman ki, Əli Kərimlinin ən böyük bəlası xalqın ona laqeyd olmasındadır. Çünki “laqeydlik ölümün yarısıdır” və AXCP sədrinin siyasi ömründə son akkordlar çalınır. İnqilab vədləri, xalqın adından danışmaq cəhdlərini siyasi ömrünü uzatmaqdan başqa bir şey deyil.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm