Paşinyanın bu açıqlamaları bir daha təsdiq edir ki, o.... - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Paşinyanın bu açıqlamaları bir daha təsdiq edir ki, o.... - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndidə “Qarabağ Ermənistandır, vəssalam” deməklə və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini ehtiva edən fikirlər səsləndirməklə ölkəsinin işğalçılıq siyasətinin mahiyyətini bir daha ortaya qoydu və münaqişənin həlli ilə bağlı bu günə qədər aparılan danışıqlarda rəsmi Yerevanın beynəlxalq ictimaiyyəti aldatdığını etiraf etdi.

Bu fikirləri açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.

Ekspert qeyd edib ki, Paşinyan da daxil olmaqla Ermənistanın danışıqlar prosesində iştirak edən bütün rəhbərləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini müstəqil hüququn subyekti kimi təqdim etməyə çalışır, Helsinki Yekun Aktının prinsipləri ilə manipulyasiya edir, xalqların öz müqəddəratını təyinetmə prinsipini sözügedən sənədin kontekstindən çıxararaq ayrıca həll variantı kimi təqdim etməyə çalışırdılar. Bununla yanaşı, Ermənistan rəhbərləri iddia edirdilər ki, Dağlıq Qarabağ ətrafındakı ərazilərin işğal edilməsinin əsas səbəbi bu bölgədə yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsidir və ermənilər heç bir halda azərbaycanlılarla birlikdə Azərbaycan Respublikasının tərkibində yaşaya bilməzlər. Ermənistanın baş nazirinin son bəyanatları isə bir daha sübuta yetirir ki, bütün bu iddiaların heç bir əsası yoxdur, təhlükəsizlik və birgəyaşayışla bağlı irəli sürülən bütün mülahizələr işğalın ömrünün və münaqişənin həllinin uzadılmasına, Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına xidmət edib.

Siyasi ekspert vurğulayıb ki, Paşinyanın son açıqlamaları Ermənistanın öz öhdəliklərinə sadiq qalmağı bacarmayan, beynəlxalq hüququn prinsiplərinə məhəl qoymayan, dövlətdən daha çox terror təşkilatı kimi davranan bir subyekt olduğunu təsdiqləyir. Çünki istənilən ölkə hüquqi dövlət kimi öz mahiyyətini ikitərəfli və çoxtərəfli öhdəliklərinə münasibətdə büruzə verir. Beynəlxalq hüququn prinsiplərinə uyğun müqavilələr imzalayır, konvensiyalara qoşulur, qlobal və regional təşkilatların işində onların prinsiplərinə əməl edəcəyi barədə öhdəlik götürməklə iştirak edir. Baş nazir Paşinyanın davranışları isə sübuta yetirir ki, Ermənistan özünü dünyada mövcud olan hüquqi sistemin tərkib hissəsi saymır, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərini qəbul etmir, özünü hüquqdan üstün tutur. Bu klassik cinayətkar, terrorçu psixologiyasıdır və belə olduğu təqdirdə Ermənistana müstəqil hüququn subyekti kimi münasibət bəsləmək mümkün deyil.

E.Mirzəbəyli bildirib ki, Paşinyanın bu açıqlama və bəyanatları, ilk növbədə, BMT Təhlükəsizlik Şurasına, ATƏT-in Minsk qrupuna və bu qrupun həmsədri olan ölkələrə münasibətdə sərgilənən hörmətsizlikdir və bu küçə siyasətçisinin cavabı da sözügedən qurum və ölkələr tərəfindən verilməlidir. Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı son açıqlamaları onun hakimiyyətə sahibləndiyi dövrdən etibarən səsləndirdiyi bütün fikirlərlə ziddiyyət təşkil edir. Məlum olduğu kimi, Ermənistanın baş naziri daha öncə “Dağlıq Qarabağ xalqı” adlandırdığı hansısa mücərrəd bir toplumun adından danışmaq səlahiyyətinə sahib olmadığını önə çəkərək danışıqlar prosesindən yayınmağa çalışırdı, indi isə Ermənistanın əsl məqsədini ortaya qoyur və niyyətin Azərbaycan torpaqlarına sahiblənmək olduğunu açıqlayır. Paşinyan adekvat insan deyil, şoumendir, konkret siyasi vəziyyətə uyğun olaraq kütlənin psixologiyasına oynayır. Məsələnin bu tərəfi aydındır. Amma ortaqlıda Paşinyanı konkret siyasi vəziyyətə oynamağa məcbur edən amillər də var. Beləliklə, Paşinyan nə üçün və kimin üçün oynayır?

Elçin Mirzəbəylinin fikrincə, Ermənistanın baş naziri Qarabağ klanı ilə mübarizədə mövqelərini itirməkdədir. O, işğalçı ordunun Ermənistandakı və Azərbaycan ərazilərindəki tör-töküntüləri üzərində tam nəzarətə sahib deyil. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində “stəkanda fırtına qoparmaq” niyyətini həyata keçirə bilməyib. İlğım demokratiya və mənbəyi göstərilməyən investisiyalar barədə verdiyi vədlər yerinə yetməyib. Həm Ermənistanda, həm də işğalçı ordunun girovluğunda yaşayan ermənilərin sosial həyatında müsbətə doğru hər hansı dəyişiklik baş verməyib. Əksinə, işğalçı ölkənin təcrid olunması prosesi daha da dərinləşib. Baş nazir Paşinyanın qonşu dövlətlərlə Azərbaycanın maraqlarına uyğun gəlməyən hansısa ortaq məxrəcə gəlmək niyyəti, həmçinin bu istiqamətdə gerçəkləşməsinə cəhd göstərilən təxribat planları da iflasa uğrayıb. Digər tərəfdən, Azərbaycanın beynəlxalq mövqeləri daha da güclənib və Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına hüquqi don geyindirilməsi perspektivi tamamilə sıradan çıxıb. İndiki şəraitdə Paşinyan ölkəsində və işğal altında olan Azərbaycan ərazisində yaşayan ermənilər arasında ultramillətçi əhval-ruhiyyəni gücləndirməklə diqqəti sosial problemlərdən, hakimiyyətdaxili problemlərdən, yarıtmaz idarəetmədən, iflasa uğrayan xarici siyasətdən yayındırmaq və vaxt qazanmaq istəyir. Paşinyan düşünür ki, Koçaryan və Sarkisyanın Ermənistandakı uzunmüddətli hakimiyyətinə yol işğal altındakı Azərbaycan ərazilərindən başlayıb və o da vaxtilə sabiq Ermənistan prezidentlərinin ilkin şüarlarını dilə gətirməklə “Dağlıq Qarabağ” kartını onların əlindən almağa çalışır. Amma unudur ki, Azərbaycanın yürütdüyü siyasət nəticəsində bölgədəki reallıqlar geriyədönməz forma və məzmun alıb. Ölkəmizin iştirakı və təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri bölgədəki düzəni tamamilə dəyişib və bu reallığı geriyə çevirmək Ermənistanın gücü və imkanları daxilində deyil. Bu baxımdan da Paşinyan gücü sözə verib. Təbii ki, sözün də bitəcək bir zamanı var.

E.Mirzəbəyli vurğulayıb ki, Dağlıq Qarabağın Ermənistana birləşdiriləcəyi barədə cəfəng iddialara gəldikdə isə, Azərbaycanın torpaq itkisi ilə barışmayacağı Paşinyanın özünə də yaxşı bəllidir. Şübhəsiz ki, Ermənistanın həm siyasi, həm də hərbi müstəvidə həyata keçirmək istədiyi bütün təxribatların qarşısı kəskin şəkildə alınacaq və “vəssalam” sözünü Azərbaycanın Silahlı Qüvvələri deyəcək. Sadəcə, “Qarabağ Azərbaycanındır” sözünün sonunda Ermənistanın bir dövlət kimi mövcudluğunu da şübhə altına alacaq bir neçə nida işarəsi də ola bilər. (azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm