Nikolun yeni Qarabağ sayıqlaması - İrəvan ODLA OYNAYIR
Bizi izləyin

Nida Təhlil

Nikolun yeni Qarabağ sayıqlaması - İrəvan ODLA OYNAYIR

"Qarabağ masasında danışıqlar prosesini müxtəlif cəhdlərlə dalana salmaq və status-kvonu saxlamaq". Ermənistanın illərdir apardığı işğalçı siyasətin diplomatiya qanadında əsas yer tutan bu təxribat plana “demokrat” maskası ilə küçədən siyasətə gələn və Sarkisyanın hərbi xuntasını devirən Nikol Paşinyan da sadiq qalır. Lakin Nikol sələfləri ilə müqayisədə bir qədər də irəli gedərək, təxribat planına 3 element əlavə etdi.

Birincisi: “Qarabağ danışıqlarda müstəqil tərəf olmalıdır” tezisini gündəmə gətirdi və danışıqlar prosesinə “yeni don” geyindirmək istədi. Paşinyan anlayırdı ki, Azərbaycan bu tezisi rədd edəcək və məhz rəsmi Bakının danışıqları pozan tərəf kimi göstərmək üçün belə fikri ortaya atmışdı. Bu oyun liderlərin martın 29-da keçirilən Vyana görüşündə alt-üst edildi və İrəvan substantiv danışıqlar aparmağa məcbur edildi. (Prezidentin müsahibəsinin şifrələri: Paşinyan Vyanadan məğlub ayrıldı).

İkincisi: XİN rəhbərlərinin iyun ayında keçirilən Vaşinqton görüşündə “atəşkəsə nəzarət mexanizmi” gündəmə gətirildi, status-kvonun saxlanılmasına hesablanmış bu mexanizmlərin tətbiqinə əsas yaratmaq üçün görüşəqədərki dövrdə cəbhədə təxribatlara əl atıldı. Lakin görüşün yekunları ilə bağlı bəyanatda işğalçının bu cəhdinin də baş tutmadığı açıq şəkildə görünürdü. (Vaşinqton görüşü: İrəvanın baş tutmayan ikinci Qarabağ cəhdi). İşğalçı ölkənin bu cəhdinin həyata keçməsi üçün okeanın o tayında erməni diasporu/lobbisi hərəkətə keçdi, buna paralel olaraq, cəbhədə və sərhəddə təxribat hücumları edildi. Hərçənd, işğalçının bu cəhdləri nəticə vermədi.

Üçüncüsü: Paşinyanın avqustun 5-də işğal altındakı Xankəndidə “Miatsum” bəyanatı danışıqlar prosesinin pozulması cəhdlərinin məntiqi davamı idi. “Qarabağ Ermənistandır, vəssalam”, deyən Paşinyan bununla işğalçı olduqlarını rəsmən etiraf etdi. Doğrudur, xarici işlər naziri Zoqrab Mnatsakanyan “baş nazir mənəvi birləşmədən danışır” deməklə bu etirafa yön verməyə çalışdı, lakin işğalçı ölkə birinci şəxsinin dilindən öz simasını artıq etiraf etmişdi. (Nikol Qarabağın işğalını rəsmən etiraf etdi: “Miatsum” şüarının HƏDƏFİ).

Nikol bununla regionda yeni hərbi gərginliyi yaratmaq və danışıqlar masasından qaçmaq istəyir, həmçinin, hakimiyyətə gəldiyi 1,5 il ərzində doğrultmadığı gözləntiləri “xarici düşmən” obrazı yaratmaqla birdəfəlik unutdurmaq niyyətindədir.

- Paşinyanın hakimiyyətə gəldiyi 1,5 il ərzində Ermənistanda yoxsulluğun səviyyəsi 50 faizə qədər qalxıb; əhalinin 50 faizə qədəri ya evsizdir, ya da şərti mənzillərdə yaşayır; hər ailənin orta gəliri 40 min dram, təxminən 85 dollardır; Dünya Bankının ötən il açıqladığı reytinqdə ÜDM-ə görə Ermənistan 195 dövlət arasında 130-cu yeri tutub; Ermənistanın Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvarında ixrac 2018-ci ilin yanvarı ilə müqayisədə 15,8 faiz azalıb; inqilabdan sonra maaşların artırılması gözlənilsə də, hökumət iş yerlərinin ixtisarına başlayıb; Son 1 ildə intiharların sayı 20 faiz artıb; monopoliya güclənib, xüsusilə hakim komandanın üzvləri biznes qurmağa girişiblər; mətbuat və söz azadlığına “əksinqilabçı” damğası ilə açıq hücumlar edilir; işsizliyə görə keçirilən etiraz aksiyaları polis dəyənəkləri ilə dağıdılır; əhali sürətlə ölkəni tərk edir; orduda ciddi qanun pozuntuları və özbaşınalıqlar var, avqustun 12-də erməni hərbi qulluqçu Kazaryan Aro Xaykoviçin postu tərk edərək, Azərbaycan tərəfinə qaçması vəziyyəti əyani şəkildə göstərir.

Nikol Paşinyan yeganə çıxış yolunu “xarici düşmən” obrazını gücləndirmək və diqqəti daxili problemlərdən yayındırmaqda görür. “Miatsum” bəyanatı və “Qarabağ Ermənistandır” sözləri buna hesablanmışdı:

- Sadə erməniləri “vətənpərvərlik” çətiri altında toplamaq;
- Azərbaycanı müharibəyə təhrik etmək və danışıqları pozmaq;
- Yaranacaq hərbi gərginliklə həm Bakını danışıqları pozan tərəf kimi göstərmək, həm də ermənilərin daxili problemləri unudaraq, “xarici düşmən”ə qarşı birləşməsini təmin etmək.


İşğalçı ölkə rəhbərliyinin “Miatsum” oyunu buna hesablanıb, hərçənd, Ermənistan rəhbərliyi bununla özünü də təkzib etmiş oldu. Bir tərəfdən “Qarabağın danışıqlarda tərəf” olması və “öz müqəddəratını təyin etmə” prinsipində bəhs edilir, digər tərəfdən, baş nazirin dilindən “Qarabağ Ermənistanındır” bəyanatı səsləndirilir. Paşinyan bununla təkcə diplomatik səriştəsizliyini nümayiş etdirmədi, həm də işğalın davam etməsi üçün ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına qarşı oyun oynadığını da göstərdi.

Ermənistan faktiki olaraq, regionda sabitliyi pozur və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırışla beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını tapdalayır, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə total hörmətsizlik nümayiş etdirir. İndi söz beynəlxalq ictimaiyyətin, xüsusilə Minsk qrupunundur.

Həmsədrlər işğalçı ölkədən sülh danışıqlarını pozmağın hesabatını tələb etməlidir. Beynəlxalq ictimaiyyət Ermənistanı sülhə məcbur etməli və anneksiya siyasəti yürütdüyünə görə işğalçı ölkəyə sanksiyaların tətbiqini nəzərdən keçirməlidir. Əks halda Azərbaycan öz torpaqlarında anti-terror əməliyyatlarına başlaya bilər ki, bu zaman da məsuliyyət Ermənistanın üzərinə düşəcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm