Xalq Əli Kərimlini niyə klaviatura arxasına tulladı?
Bizi izləyin

Nida Təhlil

Xalq Əli Kərimlini niyə klaviatura arxasına tulladı?

AXC-Müsavat hakimiyyətində baş nazir olmuş Pənah Hüseynin bir müddət öncə ictimaiyyətə açıqladığı 26 may 1993-cü ildə keçirilən Dövlət Müdafiə Komitəsinin iclasının məxfi protokolu Ermənistanın Azərbaycan torpaqlarının işğalını asanlıqla həyata keçirməsinin səbəblərini də gün üzünə çıxardı.

Fərarilik, müxtəlif qruplara bağlı olan silahlı birləşmələrin özbaşınalığı, əsgər səngərdə döyüşərkən arxada qoyub getdiyi ailəsinə divan tutulması, icra hakimiyyəti rəhbərləri ilə səhra komandirlərinin nüfuz savaşı və cəbhədə müharibənin getdiyi vaxtda Bakıda qızışan vəzifə mübarizəsi. Səbəblər yüzlərlədir və məxfi protokolda prezident Elçibəylə komandasının üzvlərinin vəziyyətlə bağlı açıq etirafları var. Dövlət katibi olmuş Əli Kərimli iclasda deyirdi: rayonlarda çağırış planı yerinə yetirilməyib… fərarilik artıb… Hansı rayonda İHB-ları ilə komandirlərin münasibətləri normal deyilsə, münaqişə varsa, orada iş getmir…

Məxfi protokolun ictimaiyyətə açıqlanmasına və həmin iclasda ölkənin düşdüyü acınacaqlı vəziyyəti açıq etiraf etməsinə baxmayaraq, bu gün Əli Kərimli tarixi saxtalaşdırmağa cəhd göstərir. İddia edir ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra Qarabağ ətrafındakı rayonlar işğal edildi. Əli Kərimlinin siyasi mahiyyəti fonunda məsələni ciddiyə almamaq da olardı, hərçənd, tarixi təhrif etmək xalqın keçmişini oğurlamaq və qondarma gələcək qurmaq cəhdidir, bu baxımdan, məsələ aktuallıq qazanır.

1992-ci ilin 18 mayından 1993-cü ilin 30 oktyabrına qədər erməni hərbi birləşmələri Qarabağ ətrafındakı yeddi rayonu işğal etdi. Bu müddət ərzində ölkəyə rəhbərliyi AXC-Müsavat hakimiyyəti edirdi. Heydər Əliyev 1993-ü ilin 15 iyun tarixində xalqın və məhz prezident Əbülfəz Elçibəyin dəvəti ilə Naxçıvandan Bakıya gəlmiş, parlament sədri vəzifəsinin icrasına başlanmışdı. Heydər Əliyev parlamentin sədri olaraq məhdud səlahiyyətləri çərçivəsində Azərbaycanda vətəndaş müharibəsinin və ölkənin parçalanmasının qarşısını ala bildi. Lakin Elçibəyin Bakıda olmamasına baxmayaraq, onun komanda üzvləri Heydər Əliyevə qarşı çıxır, xüsusilə ordu və güc strukturlarına çıxışına imkan vermirdilər. Heydər Əliyev silahlı qüvvələr və digər güc strukturları üzərində səlahiyyəti yalnız 1993-cü ilin oktyabrında, rəsmi şəkildə prezident seçiləndən sonra əldə etdi, hərçənd artıq gec idi, işğalçılar Dağlıq Qarabağı və yeddi rayonu zəbt etmişdi.

Bu gün klaviatura arxasında əyləşib tarixə çamur atmaq asandır, lakin əlahəzrət fakt ortadadır…

Qarabağda müharibə gedərkən Azərbaycan ordusu əlisilahlı dəstələrə bölünmüşdü. Hər əlinə silah alan hakimiyyətə iddia edir, tabeliyində bir neçə manqa olan komandirlər özlərini ordu generalı kimi aparırdı.

Cəbhədə müharibə gedirdi, Bakıda isə vəzifə uğrunda gerçək döyüş. Paytaxtda siyasi müharibə aparan qruplar ordu daxilindəki silahlı dəstələrini cəbhədən geri çəkir, postları müdafiəsiz qoyurdular. Sürət Hüseynovun silahlı dəstələrini ermənilərin qarşısından geri çəkərək, Bakıya doğru hərəkətə keçməsini heç kim unutmayıb. O da unudulmayıb ki, Rövşən Cavadov öz dəstəsini cəbhədən geri çağıraraq, orduya məxsus yüzlərlə silah-sursatla birlikdə Qubanın Təngəaltı ərazisinə göndərmişdi. Ordunun içindəki AXC qüvvələri hakimiyyəti ələ almaq üçün Bakıya çağırıldı, bundan bir neçə gün sonra – 18 mayda ermənilər Laçını işğal etdilər. Müdafiə nazirinin ordu içində başının dəstəsini yaratmağı və prezidentlik iddiasına düşməsini, daxili işlər nazirinin silahlı qruplaşması ilə paytaxtda evlərə basqınlar etməsini (Bu basqınları Daxili İşlər Nazirliyinin terrorizmlə mübarizə şöbəsi həyata keçirirdi), “Omon”çuların Bakı tinlərində “dəniz quldurları” kimi dolaşmasını da tarix unutmayıb.

Tarix onu da unutmayıb ki, Heydər Əliyev ölkənin parçalanması təhlükəsini aradan qaldırdı, nizami ordu yaratdı, asayiş və qayda-qanunu bərqərar etdi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoydu, idarəetmə sistemini formalaşdırdı, insanlara öz dövlətinə inamı qaytardı, neft müqavilələrini imzaladı, Azərbaycanın iqtisadi dirçəlişinin əsasını qoydu, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoydu. Daxildəki xaosun dəf edilməsindən tutmuş xarici siyasət kursuna qədər başdan yaratdı və indi yaşadığımız bu ölkəni qurdu. Heydər Əliyev rəsmən prezident seçiləndə artıq torpaqlar işğal olunmuş, iqtisadiyyat məhv edilmiş, ölkə xarabalığa çevrilmişdi. Əlində silahı olanlar fironluq edir, Azərbaycanı parçalamaq istəyən xarici qüvvələr ölkə daxilindəki vəzifəpərəstləri dövlətə qarşı qaldırırdı.

Söhbətin nədən getdiyini Əli Kərimli yaxşı xatırlayır. 1993-cü ilin may ayının 25-də Prezidentin İcra Aparatında keçirdiyi hüquq-mühafizə orqanları işçilərinin müşavirəsində dövlət katibi olaraq dediyi sözləri yəqin ki, unutmayıb.

Respublikada mafioz qüvvələr güclənir və onlar ölkəni, demək olar ki, idarə edir”, Əli Kərimli deyirdi.

Həmin müşavirədə baş prokuror “İflic vəziyyətində olan dövlət aparatının özü rüşvətxorluqla məşğuldur və rüşvətxorluğa qarşı mübarizə də məhz dövlət aparatından başlamalıdır” deyir, ədliyyə naziri etiraf edirdi ki, “Hakimiyyətimiz dövründə rüşvətxorluq kommunist dövründəkindən də çoxalıb”.

Bunlar faktlardır və Elçibəyin “Xalq deyirdi ki, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən” etirafını da yada salanda tarixin qarşısında yalnız susmaq qalır. Əli Kərimli isə susmaq bilmir və tarixi təhrif etməyə cəhd göstərir. Və elə buna görə də Azərbaycan xalqı Əli Kərimlini siyasi meydandan klaviatura arxasına tullayıb…

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm