Aşura günü Azərbaycandan dünyaya BÖYÜK MESAJ
Bizi izləyin

Nida Təhlil

Aşura günü Azərbaycandan dünyaya BÖYÜK MESAJ

“Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə hər zaman sadiq olub. Sevindirici haldır ki, ölkəmizdə milli-mənəvi, dini dəyərlərin həqiqi təəssübkeşi Azərbaycan dövlətidir. Azərbaycan dünyəvi ölkə olsa da, dövlətimiz hər zaman xalqın milli-mənəvi, dini dəyərlərinə sahib çıxmasında birmənalı olaraq öncüllüyü əldən verməyib”.

Bunu Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

Aşura gününün Azərbaycanda qeyd olunması ilə bağlı fikirlərini bölüşən şərqşünas bildirib ki, sevgili peyğəmbərimiz (s.ə.v.) və onun sevimli ev xalqına hər zaman ehtiram və sevginin xalqımız və dövlətimiz tərəfindən təzahürünü görmüşük: “Aşura mədəniyyəti də artıq Azərbaycan xalqının mənəvi dəyərinə çevrilib. Bunu xüsusilə vurğulamaq istəyirəm ki, Aşura İslam dünyasında hicri-qəməri təqvimi ilə Məhərrəm ayının ilk 10-cu gününə təsadüf etsə də, həmin gün sevgili peyğəmbərimizin (s.ə.v.) nəvəsinin qətlə yetirildiyi üçün bütün dünya müsəlmanları bu günü hüznlə keçirir. Bu il də həmişəkindən fərqli olaraq daha çox cəhalətin, xurafatın qarşısının alındığını gördük. Bu işdə xüsusi olaraq Dini Qurumlar üzrə Dövlət Komitəsinin fəaliyyətini təqdir edirəm. Bu komitənin Qafqaz Müsəlmanları İdarəsi ilə apardığı silsilə maarifləndirici tədbirlər ideoloji baxımdan cəhalətin qarşısının alınmasında öz bəhrəsini verdi. Eyni zamanda SPACE telekanalında yayımlanan, ideya müəllifi və aparıcısı olduğum "İnam" proqramının burada əvəzsiz xidmətinin olduğunu rahatlıqla söyləyə bilərəm. Bu il ilk dəfə olaraq Aşura günü iki saat yarım canlı yayımda olduq. Bu da maarifləndirmə işində bizim bir xidmətimiz oldu. Məhz yuxarıda sadaladığım bütün bu işlərin nəticəsi olaraq Azərbaycanda Aşura məclisləri ildən-ilə daha da yüksək şəkildə keçirilərək, dünyaya örnək şəkildə təşkil olunur".

O, daha sonra sözlərinə belə davam edib: "Dünən Bakıda bütün müsəlman dünyasına örnək olacaq qanvermə aksiyası baş tutdu. Müsəlman ölkələri dünyəvi Azərbaycan dövlətindəki qanvermə aksiyalarını nümunə götürüb öz xalqlarına tətbiq edirlər. Təsəvvür edin ki, Azərbaycanın dini rəhbəri, Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri, millət vəkilləri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən qeyri-ənənəvi dinlərin rəhbərləri belə Hüseynin (ə) şəhadəti günü qanvermə aksiyasında iştirak ediblər. Bu da Azərbaycanda vəhdətə, dini bərabərliyə, dinlər və məzhəblərarası qardaşlığın simvoluna çevrildi. Qısası, bu il Aşura mədəniyyəti ilə mənən silahlanan Azərbaycan xalqı və Azərbaycan dövlətinin dəstəyi ilə yüksək səviyyədə qeyd olundu. İnsanların maarifləndirilməsi baxımından işlər görüldü, ehsan süfrələri açıldı. Hətta rəsmi açıqlama da verildi ki, insanların küçələrdə açdığı ehsan süfrələrinə kimsə qarşı çıxa bilməz. Bu, xalqın genofondundan gələn ənənədir. Bu məsələdə də Dini Qurumlar üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə fəaliyyətinin çox uğurlu tərəflərini gördük. Onu da unutmamalıyıq ki, Aşura mədəniyyətindən dərs alan və İmam Hüseyn (ə) qiyamını doğuran səbəbləri anlayan, onun şəhadətindən dərs alan minlərlə Azərbaycan gənci o fədakarlıq, əzmkarlıq məktəbindən aldıqları dərs ilə Suriyada, İraqda deyil, öz doğma torpaqlarımızın bütövlüyü uğrunda döyüşüb şəhid olurlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm