İrəvanın NATO və KTMT arasında Azərbaycan oyunu...
Bizi izləyin

Nida Təhlil

İrəvanın NATO və KTMT arasında Azərbaycan oyunu...

Rusiya baş nazirinin müavini Yuri Borisovun Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması, yaxud müşahidəçi statusu almasının mümkünlüyünü istisna etməməsi İrəvanda həyəcana səbəb oldu. Halbuki, Borisov məlum açıqlamasında bunun “təşkilatın bütün üzvlərinin razılığı əsasında” ola biləcəyini də vurğulamışdı.

Azərbaycanın Rusiya ittifaqlarına daxil olması haqda məsələ ilk dəfə gündəmə gəlmir, xüsusilə Moskva Bakını yanında görməkdə israrlıdır. Lakin rəsmi Bakı illərdir milli maraqlara söykənən bərabərhüquqlu tərəfdaşlıq siyasətini yürüdür və bu, ölkənin güclənməsində, həm Şərq, həm Qərb yarımkürəsində xüsusi çəkiyə malik olmasında əhəmiyyətli rol oynayıb. “Qoşulmama hərəkatı”nın aparıcı üzvlərindən olan Azərbaycan bütün təkliflərə baxmayaraq, KTMT-yə daxil olmaq haqda düşünmür.

Bu, Bakının strateji xəttinə uyğun gəlmir, o cümlədən, işğalçı Ermənistanın olduğu ittifaqlarda yer almayacağını dəfələrlə vurğulayıb. Lakin rəsmi Bakı belə təkliflər üçün qapını daim açıq saxlayır, əsas şərt kimi də işğalçı ölkənin zəbt etdiyi əraziləri azad etməsi irəli sürülüb. Hələ 2015-ci ildə BMT-nin Nyu-Yorkda keçirilən Baş Assambleyasının sessiyasının sonunda xarici işlər naziri Elmar Məmmədyarovun “Rusiya-24” kanalına müsahibəsində səsləndirdiyi məşhur “never say never” (heç vaxt heç vaxt olmaz demə) sözləri ilə rəsmi Bakı mövqeyini ortaya qoymuşdu.

Amerika torpaqlarında Rusiyaya ünvanlanan bu sözlərin açılışı belə idi: Azərbaycan ərazi bütövlüyünün bərpasına dəstək verən cəbhə ilə əməkdaşlığa hazırdır. Eyni xətt rəsmi Bakının siyasətində prioritet istiqamət olaraq qalır. Regionun əsas qüvvəsi olan Azərbaycanın dəstəyini almaq üçün Qərb və Şərq ittifaqları zaman-zaman Bakıya müxtəlif təkliflər də veriblər.

Borisovun məlum açıqlaması da Rusiyanın Azərbaycana yeni mesajı olaraq qəbul oluna bilər, lakin bu, həm də Moskva qarşısında mərkəzdənqaçma meyilləri güclənən Paşinyan hakimiyyətinə regionda Bakı seçimini nümayiş etdirməkdir. Bu baxımdan, açıqlamanın İrəvanda isteriya ilə qarşılanası təsadüfi deyil və burada uzun müddətdir müşahidə olunan məlum və ermənilərin oyun oynaması kimi naməlum olmaqla iki istiqamət diqqət çəkir.

Məlum istiqamət: Azərbaycan KTMT-yə üzv olmasa da, təşkilatda Ermənistandan daha nüfuzludur və “aprel müharibəsi” və sonrakı proseslərdə hərbi ittifaq üzvləri Bakının mövqeyini müdafiə edib. Azərbaycanın KTMT-də ən azı müşahidəçi status alması İrəvan üçün hərbi ittifaqda “nokaut” effekti verəcək.

Naməlum istiqamət: Ermənistanın “Azərbaycanın KTMT-yə üzvü olması, yaxud müşahidəçi status alması” tezisindən Rusiya ilə yollarını ayırmaq üçün istifadə edir. İrəvanda Borisovun açıqlamasında reaksiyalar da bunu təsdiqləyir.

Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, “Biz KTMT-nin tərəfdaşları barədə şərhi görmüşük. Tərəfdaşlar və müşahidəçiliklə bağlı konkret tələblərin göstərildiyi KTMT Nizamnaməsi mövcuddur. Ermənistanın razılığı olmadan istənilən fikir və şərh yalnız fikir olaraq qalacaq”.

Bu rəsmi mövqedir, lakin qeyri-rəsmi mövqedə İrəvan daha sərt dildən istifadə edir, xüsusilə açıq mesajlar media üzərindən ötürülür. Misal üçün, “armenianreport” saytı yazır ki, “KTMT ilə vidalaşmağın artıq vaxtdır, bu məsələni uzatmaq olmaz. İllər boyunca təşkilat üzvlərinin Azərbaycana dəstək verdiyini, silah satdığını gördük. Doğrudanmı, bizdə artıq milli qürur qalmadı? Biz hamımız artıq anlayırıq ki, Ermənistanın gələcəyi mədəni Qərb dünyasıdır. Öz taleyimizi həll etməyin vaxtı çatıb. KTMT və Rusiya ilə münasibətlərə yenidən baxmaq bu istiqamətdə ilk addımdır”.

Bu, erməni ictimaiyyətinin anti-Rusiya mövqeyinə köklənməsi və Moskva təsirindən çıxmaq üçün xalqın dəstəyinin qazanmasına hesablanıb. Belə oyun xüsusilə Azərbaycan faktoru üzərindən oynanılır. İlk dəfə olmayan “Azərbaycanın KTMT-yə qoşulması” fikrinin Ermənistan ictimaiyyətində geniş müzakirə edilməsi də buna hesablanıb. Rusiyanın hərbi ittifaqı ilə yolların ayrılması Ermənistanın NATO-ya üz tutmasının başlanğıcı deməkdir. Burada NATO-nun keçmiş katibi Anders Foq Rasmussenin Tbilisidə keçirilən konfransda qalmaqallı açıqlaması yada düşür.
“Gürcüstanın Abxaziya və Cənubi Osetiyasız NATO-ya girişi”. Rasmussen gürcü hökumətinə təklif edirdi ki, bu istiqamətdə müzakirələrə başlaya bilərlər. Gürcüstan mediası yazır ki, bu, erməni lobbisinin planıdır: Gürcüstan işğal olunmuş ərazilər olmadan NATO-ya girir və bu, Ermənistanın Dağlıq Qarabağla birlikdə Şimal Alyansına girişinin gündəmə gəlməsi üçün zəmin yaradır. Məsələ NATO-ya üzvlük məsələsində münaqişəli ərazi məsələsinin arxa plana keçirilməsidir. NATO-nun Qafqazda Rusiyaya qarşı vaxt itirmədən genişlənməsi planları kontekstində belə ssenari hərbi ittifaqın da maraqlarına uyğun gəlir.

Burada Paşinyanın “Miatsum”u elan etməsi və işğalçı ölkənin rəhbərləri arasında ilk lider olaraq, “Dağlıq Qarabağ Ermənistandır” bəyanatını səsləndirməsinin “Ermənistanın Qərb ittifaqlarına işğal etdiyi ərazilərlə birlikdə getməsinə” hesablanmış daha uzağa gedən hədəfləri görünür.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm