Milli Şuranın mitinq qərarı: Əli Kərimli niyə qorxuya düşüb?
Bizi izləyin

Nida Təhlil

Milli Şuranın mitinq qərarı: Əli Kərimli niyə qorxuya düşüb?

Milli Şura sentyabrın 28-nə mitinq təyin edib. Sonuncu mitinqi 8 ay öncə – 19 yanvarda keçirilən şuranın yenidən aksiya keçirmək niyyəti maraqlı məqamlara diqqət çəkir. Siyasi qurumdan daha çox özfəaliyyət dərnəyini xatırladan qurumun de-fakto yiyəsi olan Əli Kərimli deyir ki, “sosial sifariş olduğu üçün mitinqlərə başlamaq qərarına gəliblər”.

Təcrübə təsdiqləyir ki, xalqın mütləq əksəriyyətinin mövqeyi olan sosial sifariş yalnız sosial-iqtisadi problemlərdən və əhalinin rifah səviyyəsinin aşağı olmasından qaynaqlanır. Azərbaycan dövlətin xalqa sosial dəstəyinə görə beynəlxalq reytinq siyahılarında ön pillələrdə qərarlaşıb. Dövlət başçısınını müvfiq sərəncamları ilə təkcə 2019-cu ilin ilk yarımilliyində minimum əmək haqları, əmək pensiyaları və sosial müavinətlər ümumilikdə 80 faiz qaldırılıb, dövlət qulluqçularının əmək haqları 50 faiz, hərb qulluqçular, müəllimlər və digər müəssisələrdə çalışan işçilərin maaşları isə 40 faiz qaldırılıb. Dövlətin bu il elan etdiyi sosial paket 4 milyondan çox insanı əhatə edir. Bu faktları sıralamaq olar, lakin xalq onsuz da bu müsbət tendensiyanı gündəlik həyatında hiss edir, bu tendensiyadan narahat olanların niyyəti isə məlumdur. Baş verən prosesləri təhlil edərkən, mitinq qərarının səbəbləri anlamaq mümkündür.

Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, əmək haqları, pensiyalar, sosial müavinətlər və digər sahələrdə əhəmiyyətli artımlar sentyabrın 1-dən qüvvəyə mindi. Bu o deməkdir ki, vətəndaşlar oktyabrın 1-dən etibarən əmək haqlarını yeni qaydalarla alacaq və şəxsi büdcələrində daha çox qazanc əldə edəcəklər. Əli Kərimli məhz vətəndaşların yeni qaydalarla əmək haqqı almasına 3 gün qalmış mitinq təyin etməklə dövlətin sosial layihələrini kölgələmək istəyir. Ümumi hədəf xalqı dövlətə qarşı narazı əhval-ruhiyyəyə kökləmək və janqlyorluq etdiyi siyasətdə bəsit karyerasını davam etdirməkdir. 28 sentyabrın “kəraməti” də bundadır.

Diqqətçəkən digər məqam mitinq qərarının sentyabrın 11-də keçirilən iqtidar-müxalifət dialoqundan 1 gün sonra verilməsidir. “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda keçirilən dəyirmi masaya AXCP-Milli Şura istisna olmaqla ölkənin bütün siyasi qüvvələri dəvət edilmişdi. Bu, AXCP-Milli Şuranın, konkret olaraq, Əli Kərimlinin Azərbaycanın siyasi cameəsində qəbul edilmədiyi və tarixin tozlu rəfinə qaldırılmasının başlanğıcı deməkdir. O, artıq siyasi üfüqdə yoxa çıxdığını görür və təcili mitinq qərarı ilə “siyasi ölümdən” öncə son mübarizəyə girməyə cəhd göstərir: “Əsas müxalifət və bütün siyasi qüvvələrinin yeganə alternativi mənəm”.

İctimai rəyə bunu sırımağa çalışan Əli Kərimlinin iqtidar-müxalifət dialoqunu şərh edərkən işlətdiyi qeyri-etik ifadə də düşdüyü çıxılmaz vəziyyətə işarədir. Lakin bununla həm də iqtidarda təmsil olunmayan siyasi partiyaları qarşısına almış oldu.

“Hakimiyyət öz əlaltıları ilə bir araya gəldi” – Kərimli iddia edir. Məlumdur, o, siyasi yoxa çıxmanın isteriyası ilə bu ifadəni işlədir, lakin bu sözlərin ünvanı olan siyasi qüvvələrin susması onun “özünə haqq qazandırması” demək olardı.

Mitinq qərarının məhz iqtidar-müxalifət dialoqunun “siyasi proseslərə xarici müdaxilə” mövzusunda keçirilməsindən sonra Azərbaycanın daxili siyasətinə müdaxiləyə cəhd göstərən xarici qüvvələrin mətbəxində verildiyi də istisna deyil. Dialoqda əsas müzakirələr xaricdə anti-Azərbaycan qüvvələrin çətiri altına toplanmış “söyüş müxalifəti” ilə bağlı idi. Kərimli bildirir ki, “biz xaricdə internet tv və sosial şəbəkədə çıxış edənlərlə birgə hərəkət edirik, mənim dəyirmi masaya qatılmağın onlara qarşı çıxmaq olardı”. Və bununla o, ölkənin bütün siyasi qüvvələrinin təhlükə olaraq qəbul etdiyi qüvvələrlə açıq əməkdaşlığını, mitinq qərarının da hansı paytaxtlarda qəbul edildiyini etiraf etmiş oldu.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm