• USD 1,7000 0,00% EUR 1,8829 +0,41%
    • GBP 2,1791 +0,49% RUB 0,0265 +0,38%

Ekspertdən manatla bağlı VACİB PROQNOZ: 2020-ci ildə...

Ekspertdən manatla bağlı VACİB PROQNOZ: 2020-ci ildə...

“Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsi layihəsinin xülasəsini ictimaiyyətə təqdim edib. Sənədə əsasən, dövlət büdcəsində neftin 1 barelinin qiyməti 55 dollar nəzərdə tutulub. Bu, 2019-cu il ilə müqayisədə hər bareldə 5 dollar az olsa da, neft bazarındakı volatilliyi nəzərə alsaq, qiymətin daha aşağı götürülməsi məqsədəuyğun idi”.

Publika.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov qeyd edib.

İqtisadçı ekspert bildirib ki, mərkəz neftin büdcədəki qiymətini 50 dollar təklif edirdi: “Hətta Səudiyyə Ərəbistandakı neft quyularına hucumdan sonra bu gün neftin qiymətində müşahidə edilən 20 faizlik artım da bazarda nikbinlik yaratmır. Aydındır ki, belə qiymət artımları texniki səbəblərlə bağlıdır və bazardakı kəskin volatilliyi azaltmır.

Neftin qiymətinin aşağı götürülməsinə baxmayaraq, gələn il dövlət büdəsinin gəlir və xərclərində bu illə müqayisədə artım proqnozlaşdırılır. Gələn il büdcə xərcləri 25.6 milyard manat olacaq. Bu isə 2019-ci illə müqayisədə 427 milyon manat çoxdur. Büdcə xərclərinin yüksəlməsinin əsas səbəbi sosial istiqamətə ayrılacaq vəsaitin artırılması ilə bağlıdır. Bununla belə, bu artımın maliyyələşmə mənbəyi yenə də əsasən, neft sektoru olacaq. Gələn il büdcə gəlirləri 25 milyard 484 milyon manat proqnozlaşdırılır. Belə ki, büdcə gəlirlərinin 57 faizi neft sektorunun payına düşəcək. Dövlət Neft Fondundan 11 milyard 767 milyon manat vəsait dövlət büdcəsinə transfer ediləcək. Qeyd edək ki, Neft Fondundan bu il büdcəyə 11 milyard 364 milyon manat ödənilməlidir. Əslində, Maliyyə Nazirliyi fonddan transferlərin artırılmasına deyil, azaldılmasına çalışmalı idi. Çünki, büdcənin neftdən və xüsusən də neftin dünya bazarından asılılığının aradan qaldırılması əsas prioritet olaraq qalır. Doğrudur, gələn il qeyri-neft sektorunun büdcə gəlirlərində payı 2019-cu ilə nisbətən 11.3 faiz artacaq. Bu, müsbət tendensiya olsa da, hökumət büdcə gəlirlərinin ən azı yarıdan çoxunun qeyri-neft sektoru hesabına formalaşmasına çalışmalıdır”.

Ekspert qeyd edib ki, bununla yanaşı, 2020-ci ilin dövlət büdcəsinin pozitiv tərəfi sosial istiqamətlərə ayrılan birbaşa vəsaitin həcminin ümumi büdcə xərclərində son illər ilk dəfə olaraq 40 faizdən çox olmasıdır: “Bu illə müqayisədə gələn il sosial xərclərə 2 milyard 664 milyon manat daha çox vəsait ayırlacaq. 6 milyard 723 milyon manat əməyin ödənilməsi, 3 milyard 213 milyon manat isə pensiya və təqaüdlər üçün xərclənəcək. Bununla yanaşı, dövlət borclarının qaytarılması üçün 2 milyard 458 milyon manat vəsait ayrılacaq ki, bunun da 775 milyon manatını yalnız faiz ödənişləri təşkil edəcək. Əslində, bu rəqəm xarici borclanmanı minimumlaşdırmağın vacibliyini bir daha təsdiq edir. Maliyyə Nazirliyi gələn il manatın dollara məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırır. Bununla belə, manatın kursunun 2020-ci ildə necə dəyişməsi daha çox neftin dünya bazar qiymətindən və qeyri-neft xarici ticarət tərəfdaşlarımızda və xüsusən də Rusiyada milli valyutaların məzənnəsindən birbaşa asılı olacaq”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR