• USD 1,7000 0,00% EUR 1,8961 -0,04%
    • GBP 2,2069 +0,60% RUB 0,0267 +0,37%

Nikol acların qarnını populizmlə doldurur - Çörək əvəzinə yalan vədlər...

Nikol acların qarnını populizmlə doldurur - Çörək əvəzinə yalan vədlər...

Ac kütlənin qarnını doyurmağın ən yaxşı yolu onlara heç vaxt reallaşmayacaq vədlər verməkdir.

Ermənistanda cari vədlərini yerinə yetirmək iqtidarında olmayan Nikol Paşinyan çıxış yolunu bu düsturda görür və 30 il sonrası üçün proqram hazırlayır. “Ermənistan 2050 – Strateji İnkişaf Sənədi” adlanan proqramda Nikol vəd verir ki, “Ermənistan əhalisi 5 milyona çatacaq, 1,5 milyon iş yeri yaradılacaq, ümumdaxili məhsul 15 dəfə artacaq, 10 milyard dollar gəlir gətirəcək 5 texnoloji şirkət yaradılacaq, orta aylıq əmək haqqı 7 dəfə, səhiyyənin maliyyələşdirməsi 20 dəfə artacaq, hər il ölkəyə 15 milyon turist gələcək və Ermənistan futbol üzrə dünya çempionu olacaq”.

Avqust ayında açıqlanan bu proqram Paşinyanı gülüş hədəfinə çevirdi. Erməni ekspertlər hesab edirlər ki, hakimiyyət xalqın qarnını uydurma vədlərlə doyurmaq istəyir. Aram Amatuni yazır ki, “ölkədə 50 faiz yoxsulluq var. İqtisadiyyat çökür, emiqrasiya sürətlə davam edir, çoxsaylı sosial, psixoloji problemlər mövcuddur, işsizlik kütləvi hal alıb və s. Bütün bunların fonunda Paşinyanın açıqladığı “meqalayihələr” gülməlidir”.

Paşinyanın vədlərinin qeyri-reallığı Xruşovu xatırladır. “ABŞ-a çatmaq və onu keçmək”, SSRİ-nin Nikitası qarşıya belə məqsəd qoymuşdu, hərçənd, onun ən böyük işi qarğıdalı plantasiyalarını yaratmaq idi. İndi Nikolun vədləri də Xruşovun qarğıdalı sevdasına da bənzəyir.

- Ermənistanın müstəqilliyinin ilk illərində tək rəqəmli işsizlik səviyyəsi sonrakı dövrdə artaraq 2018-ci ildə 17,71 faiz olub. Paşinyanın hakimiyyətə gəlişindən sonra “optimallaşdırma” adı altında real iş yerlərinin ixtisarına başlanılıb. İşsizlik həddinin artması ölkədə intiharların sayını 20 faiz artıb. Rəsmi məlumatlara görə, təkcə bu il ölkədə 82820 nəfər iş axtarıb. Lakin qeyri-rəsmi məlumatlar vəziyyətin daha dəhşətli olduğunu göstərir. Əhalinin 50 faizə qədər ya evsizdir, ya da şərti mənzillərdə yaşayır. Hər ailənin orta gəliri 40 min dram, təxminən 85 dollardır. Asiya İnkişaf Bankı Ermənistandakı yoxsulluq səviyyəsini Əfqanıstan və bir sıra geridə qalmış ölkələrlə müqayisə edir. Dünya Bankının ötən il açıqladığı reytinqində ÜDM-ə görə Ermənistan 195 dövlət arasında 130-cu yeri tutub.

Ermənistanın xarici borcu hər il sürətlə artır. 2000-2018-ci illər ərzində ölkənin xarici borcu ÜDM-nin 90 faizini təşkil edib. 2018-ci ildə bu pik həddə çatıb – 94,4 faiz. 2018-ci ilin yanvarında Ermənistanın dövlət borcu 6 milyard 951 milyon dollar idi, 2018-ci ilin dekabrında bu borc 28,1 milyon dollar artıb. 2019-cu ilin mart ayında isə xarici borc 117000 çoxalıb. Bu ilin iyun ayında ÜDM-nin adambaşına düşən gəliri 3,1 ABŞ dolları olub. Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, Ermənistanın ümumi dövlət borcunun həcminin artacağı proqnozlaşdırılır.

Bu, acınacaqlı mənzərə fonunda əhali sürətlə Ermənistanı tərk edir. Ermənistan Statistika Komitəsinin 2019-cu ildə açıqladığı rəqəmlərə görə, son 10 ildə ermənilərin sayı 3,8 faiz, işçi qüvvəsinin sayı 17,7 faiz, məşğul əhalinin sayı isə 21,3 faiz azalıb. Bu, 2008-2018-ci illərində Ermənistan əhalisinin 118,1 min, işçi qüvvəsinin 250,1 min, məşğul əhalinin isə 252,3 min azalması deməkdir. Bununla yanaşı, ölüm göstəricisi doğum göstəricisini üstələyir. Lakin rəsmi məlumatlarda reallıq gizlədilir. “Joxovurd” qəzeti yazır ki, son 10 ildə əhalinin sayı 2 milyon 100 min azalıb.

“2005-ci ildən indiyə qədər 1 milyon 10 min 500 erməni Ermənistanı birdəfəlik tərk edir. Ölüm sayının doğum sayını üstələməsi nəticəsində əhalinin sayı 622 min 700 nəfər azalıb. Hazırda Ermənistan əhalisi 1 milyon 900 minə yaxındır, lakin getdikcə daha da azalmağa davam edir”, – deyə qəzet yazır.

Paşinyan isə 30 il sonra əhalinin sayının çoxaldacağını deyir. Sosial şəbəkələrdə erməni istifadəçilər isə “necə edəcək, doğan qadınları bir-bir siyahıya alacaq?!” deyə baş naziri lağlağı obyektinə çeviriblər.

Real vəziyyət və proqnozlar Ermənistanın uçuruma doğru yuvarlandığını təsdiqləyir. İşğalçı ölkənin yeganə ümid yeri erməni diasporu və işçi kimi xarici ölkələrə üz tutan ermənilərin ölkəyə göndərdiyi pullardır. Dünya Bankının hesabatına əsasən, 2000-2018-ci illər ərzində Ermənistana göndərilən maliyyə vəsaitləri artan xətt üzrə inkişaf edib. Vəsaitin böyük bir hissəsinin (təxminən 70 %) Rusiyada miqrant olaraq yaşayan ermənilər tərəfindən göndərilib, 2014-cü ildən etibarən köçürmələrin azalması müşayiət olunur. Xarici ianələr, diaspora və miqrantların ölkəyə köçürdükləri maliyyə vəsaitləri üzərində qurulan primitiv iqtisadi model Paşinyanın “Ermənistan 2050 - Strateji İnkişaf Sənədinin” uydurma vədlərdən başqa bir şey olmadığını göstərir.

Təəccüblü deyil, Paşinyanın küçə inqilabı ermənilərə heç nə vermədi, əksinə ölkədə sosial vəziyyət ağırlaşdı, iqtisadi gəlirlər azaldı, iş yerlərində kütləvi ixtisarlar başlandı, hətta inqilabdan öncəki dövrlə müqayisədə intiharların sayı 20 faiz çoxaldı. Sonuncu dəfə İcevanda “çörəyi ağacdan çıxan” işçilərə qarşı polis zorakılığı yeni rejimin köhnə xuntadan heç nə ilə fərqlənmədiyini göstərdi. Paşinyanın erməni xalqına vəd etdiyi rifahı gerçəkləşdirə bilmir və mütəmadi olaraq yüksələn etiraz səsləri onun taxtını laxladır. Və o, çıxış yolu kimi ən yaxşı bacardığı populizmə əl atır.

Vəziyyəti düzəltmək üçün əlindən heç nə gəlməyən Nikol hələ ki ac kütlənin qarnını “Miatsum” populizmi ilə doldurur...

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR