Yerli Don Kixotun monitordan boylanan silueti...
Bizi izləyin

Nida Təhlil

Yerli Don Kixotun monitordan boylanan silueti...

Əgər sosial şəbəkələri bağlayıb küçəyə çıxsanız və insanlardan Əli Kərimlinin kim olduğunu soruşsanız tanıyanların sayı neçə faiz olar?

Bu sualın cavabının onun üçün ürəkaçan olmayacağını AXCP sədri də anlayır və elə buna görə illərdir reallıqla üzləşməmək üçün fəaliyyətini virtual aləmə köçürüb. Çünki reallıqdan uzaq bu dünya ona siyasi mövcudluğu haqda təsəlli verir. Və o, Don Kixot kimi Ağ Cəngavərə qalib gəldiyinə inanır, öz qələbəsini sübut etmək üçün israrla reallıqdan uzaq iddialara əl atır. Sonuncu iddiaları isə onun həqiqətən virtuallıq sindromuna yoluxduğu haqda şübhələri artırdı.

İddia edir: hakimiyyətin xalq içində dayağı yoxdur; əsas rəqib bizik – AXCP; bütün resurslar ona qarşı səfərbər olunub; hakimiyyətin müdafiəsi üçün heç nə tapmaq mümkün deyil; deyirlər ki, siyasi qüvvə kimi bitmişəm, o zaman açın meydanları; eybi yox, qoy mən bloqer olum, bloqerlik pis bir şey deyil və s;

Reallıq necədir, doğrudanmı xalq mövcud hakimiyyəti müdafiə etmir? Ölkədə mövcud iqtidarın vətəndaşların təhlükəsizliyindən tutmuş, sosial rifahının yüksəldilməsinə qədər gördüyü işləri sadalamağa ehtiyac yoxdur, çünki bütün bunları xalq bilir və hər şeyi qara rəngdə görən Əli Kərimli onsuz da həqiqətlərlə üzləşməkdən qaçacaq. Hərçənd, o, xalqın müdafiə etmədiyi komandanın 30 il iqtidarda qalmasını nə ilə izah edə bilər? Ən azından, reallıqla barışması və bundan sonrakı həyatını sakit yaşaması üçün bu sualın cavabını axtarmalıdır. Çünki reallığı davamlı şəkildə inkar etmək insan sağlamlığı üçün olduqca ziyanlıdır.

XXI əsrdə dünyanın müxtəlif ölkələrində inqilablar baş verib və xarici müdaxilələr olsa belə bu inqilabların kökündə xalqın onu idarə edənlərdən kütləvi narazılığı dayanır. Əgər Azərbaycanda xalq kütləvi şəkildə mövcud hakimiyyətdən narazıdırsa, niyə bunun real nəticəsi olmur? Əli Kərimli bloqerlik fəaliyyətinə sərf etdiyi vaxtdan kiçik bir hissə ayıraraq, bu haqda düşünməli və qəbul etməlidir: Azərbaycanda xalq onu idarə edən komandanı dəstəkləyir, müdafiə edir. Hətta hansısa narazılığı olan vətəndaşlar belə ilk öncə Prezidentə üz tutur və dövlət başçısının xalqının yanında olduğunun şahidi olurlar. Xalq doğrudan da hakimiyyəti müdafiə etməsəydi, problemlərinin həlli üçün Prezidentə yox, Əli Kərimliyə üz tutardı.

Əli Kərimlinin cavab tapmadığı, yaxud bildiyi halda əksini iddia etdiyi sualların izahı bu qədər sadədir. Bunun üçün siyasətçi olmağa, yaxud onun hazırda yeganə bacarığı olan bloqerlik etməyə ehtiyac yoxdur.

AXCP sədri şikayətlənir ki, “eybi yox, qoy mən bloqer olum, bloqerlik pis bir şey deyil”. Təbii ki, pis deyil, hətta müasir dünyada ən populyar fəaliyyət növlərindən biri hesab olunur. Amma dünyanın heç bir ölkəsində heç bir bloqer hakimiyyətə gəlmək iddiasında deyil və heç vaxt “mənim xalqım” xitabında bulunmur, ən yaxşı halda, xitab etdiyi auditoriya oxucularıdır. Absurd olan Əli Kərimlinin bloqer kimi məhdud saydakı izləyicilərinə “mənim xalqım” deyə xitab etməsi və bu izləyiciləri bütün Azərbaycan xalqı hesab etməsidir.

Azərbaycan xalqı bu məmləkətdə yaşayır, virtual aləmdə yox. Və bu xalq onu idarə edənləri seçmək bacarığına, iradəsinə sahib olacaq qədər güclüdür. Xalqın seçdiyi hakimiyyəti müdafiə etmədiyini demək isə onun iradəsinə qarşı çıxmaqdır.

AXCP sədri mütəmadi olaraq xalqın iradəsinə qarşı çıxır və onun adından danışmağa cəhd edir. Bildirir ki, “açın meydanları”. Bu ölkədə qapalı olan hansı meydandır? Xalq həqiqətən də hakimiyyətdən narazı olsaydı, indiyə qədər Kərimli kimiləri siyasi platformadan klaviatura arxasına göndərdiyi kimi, onu idarə edənləri də dəyişərdi. “Qırmızı imperiyanı” dağıdan, tank qarşısına əliyalın çıxan Azərbaycan xalqı öz taleyinə kimə həvalə etməyi hər kəsdən yaxşı bilir və bunun məntiqi nəticəsidir ki, mövcud komanda idarəetmə sükanındadır. Əli Kərimli anlamalıdır, bu ölkədə qapalı meydan yoxdur, gözü, qulağı onun iddialarına qapalı olan xalq var. Hərçənd, o bunu anlamaq istəmir.

İddia edir ki, hakimiyyət bütün resursları AXCP-yə, xüsusilə ona qarşı səfərbər edib. Axı hakimiyyət siyasi canı bir cümləlik olan bloqerə, prosessorun düyməsinin basılması ilə qaralmış monitorda yoxa çıxan bir partiyaya qarşı niyə səfərbərlik etsin?! O partiya ki, “üzvləri” feyk profillərin sayı qədərdir, o partiya rəhbəri ki, bir klaviaturası, bir də monitordan boylanan silueti var, sizə vaxt, enerji sərf etməyə dəyərmi?! Sizlərə verilən cavab da çəpər arxasından aparılan dava kimi feyk profillərdən yazdığınız, yazdırdığınız təhqirlərə cavabdan başqa bir şey deyil. Görünür, özünüz haqda bunu anlamayacaq qədər yüksək fikirdəsiniz.

Məşhur romanda deyildiyi kimi: “Onun bu iqamətgahda dil tapdığı yeganə insanlar qulluqçulardır. Qulluqçularla davranmaq onun üçün o səbəbdən asan idi ki, o, onlardan öz ünvanına eşitdiyi tərifləri ciddi qəbul edir, bu sadə insanların qəlblərini asanlıqla oxuya bilirdi”.

Partiyasında avtoritar idarəetmə üsulu ilə kiçik diktatura yaradan Əli Kərimlinin potensialından böyük iddialara düşməsinin səbəbi də məhz qulluqçu kimi qəbul etdiyi cəbhəçilərə ağalıq etməsi və hər gün onlardan öz ünvanına məcburi təriflər eşitməsidir. Və o elə hesab edir ki, bütün Azərbaycan xalqı da onun “qulluqçusu” olmalı, hər gün ünvanına təriflər yağdırmalıdır, bunu etmirsə, deməli, hakimiyyət günahkardır.

20 ildir AXCP-də diktatura yaradan Kərimli postuna alternativ çıxmağına imkan vermir, ünvanına ən xırda tənqidi belə amansızlıqla qarşılayır. Tənqid səsləndirmək və partiyanın sədri olmaq fikrinə düşənlərin taleyi isə bəllidir: ya qovulublar, ya da qaralama kampaniyası ilə siyasi fəaliyyətdən siliniblər. Sonuncu dəfə AXCP-də hansısa seçki keçirilibmi? Nə vaxt açıq müzakirələr təşkil olunub? Bu adamlar hansı şəfaflıqdan, siyasi plüralizmdən bəhs edir və Azərbaycanda necə “demokratiya” quracaqlarını iddia edirlər?!

Ömrü boyu kiçik daxmada yaşayan birinə saray tikmək imkanı yaratsan, saray boyda daxma tikəcək...

Axı xalq partiyasında kiçik diktatura yaradan birinin niyə Azərbaycan boyda diktatura yaratmasına imkan verməlidir?! Və elə buna görə Əli Kərimli və kiçik dəstəsinin siyasi varlığı monitordan kənara çıxmayacaq.

Artıq anlayın, sizin nağılınız bitdi, amma göydən üç alma düşməyəcək, çünki uydurduğunuz nağıllar bu xalqın tarixinə, milli kimliyinə və gələcəyinə yaddır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm