Xəyanətin səs yazısı və Əli Kərimlinin “möhtəşəm əsəri”…
Bizi izləyin

Nida Təhlil

Xəyanətin səs yazısı və Əli Kərimlinin “möhtəşəm əsəri”…

Hələ dünən “Əli Kərimlini siyasi fəaliyyətinin məhvəri adlandıran, lideri uğrunda hər cür fədakarlığa hazır olduğunu” deyən, “liderinə ziyan dəyməməsi” üçün postundan istefa verən Fuad Qəhrəmanlının bu gün siyasi xəyanətinin səs yazısı yayıldı və “Mən həm iqtidara, həm də AXCP-yə işləyirəm” etirafı ilə zamanı çatanda “lideri”nə necə arxa çevirəcəyinin ssenarisini açıqladı.

Ölkədə vəziyyət pisləşəcək, Əli Kərimli hakimiyyətə gələ bilməyəcək, iqtidar ən optimal variant kimi onun namizədliyinin üzərində dayanacaq, Əli Kərimli da onu müdafiə edəcək, yekunda iqtidarı götürəcək;

Fuad Qəhrəmanlının ssenarisi belədir və uzun illər Əli Kərimlinin yanında olan birinin siyasi təxəyyülünün bu qədər rəngarəng olması heç də təəccüblü deyil. Əgər “liderim” dediyi adam 26 ildir “hakimiyyətə gəlirik” xəyalları ilə yaşayırsa, onun şinelindən çıxmış birisinin təxəyyül gücünün ondan zəif olması “ustadına” haqsızlıq olardı. Qəhrəmanlı liderinin haqqını layiqincə verdi, həm xəyal gücü, həm də xəyanəti ilə…

Məşhur deyimdir: Xəyanət maraqlı başlayar, sonda mütləq özünə qarşı çevrilər.

Əli Kərimli də xəyanətə həvəslə, maraqla başlamışdı: Xalq hərəkatını Bakıya ordu yeridən “Qırmızı ordu”ya satdı; Müxalifətdə olarkən “liderim”, “məhvərim” dediyi Elçibəyi Ayaz Mütəllibov iqtidarına, iqtidara gələndə isə qonşu ölkələrin siyasi maraqlarına satdı; AXC daxilində “Yurd” təşkilatı yaratdı, rəhbərlik etdiyi “Azadlıq” qəzetində Elçibəyə qarşı ağır təhqirlər yazdırdı, bu gün sosial şəbəkələrdə apardığı söyüş və təhqir kampaniyası da onun əl çəkə bilmədiyi keçmiş vərdişidir; Müxalifətə keçəndən sonra indi qarşı çıxdığı iqtidarla restoranlarda gizli danışıqlara getdi, sövdələşmələr əldə etdi; AXCP-yə sədrliyi ələ keçirmək üçün Elçibəyin ölümünü səbirsizliklə gözlədi və buna nail olan kimi birgə yol gəldiklərinə arxa çevirdi; İstifadə müddəti başa çatandan sonra vaxtilə sövdələşməyə getdiyi hakimiyyətdən istədiyini ala bilməyəndə xəyanət spektirini bir az da genişləndirdi və siyasi ambisiyalarının təmin edilməsi naminə bu dəfə bütün ölkəni satdı – 2005-ci ildə regionun dini-klerikal dairələri ilə əməkdaşlığı bərpa etdi, 2013-cü ildə ona Azərbaycanın qubernatoru olacağı vədini verən imperiya qüvvələri ilə eyni masaya oturdu, paralel olaraq, Qərbdəki erməni diasporu/lobbisinin daxil olduğu anti-Azərbaycan qüvvələrinin tapşırıqlarını yerinə yetirdi, hətta işğalçı Ermənistan və Azərbaycanın işağal altındakı torpaqlarında yaradılan separatçı rejimin “nümayəndələri” ilə eyni mövqeni paylaşdı və bu gün də bu ölkədə küçə döyüşləri, vətəndaş qarşıdurması törətmək ehtirası ilə alışıb-yananlarla eyni cəbhədən boylanır;

Əli Kərimlinin həvəslə başladığı xəyanətin bir gün özünə qarşı çevriləcəyi aksioma idi və baş verdi də. Gəncliyini Əli Kərimlinin siyasi eqolarına qurban vermiş və onun mətbəxində “bişmiş” Fuad Qəhrəmanlının “məvhərim” dediyi liderinə xəyanət etməsi qədər təbii nə ola bilər?! Onun “Siyasətlə siyasətçilər məşğul olmalıdır, qazanan hər zaman bacaranlar olur” sözləri də illərdir eyni yol gəldiklərini yarıyolda qoyan, siyasi ambisiyaları uğrunda nəinki yoldaşlarını, ölkənin maraqlarını belə qurban verən Əli Kərimlinin özünə haqq qazandırmaq leksikonundan çıxmadır. Hətta o, xəyanət səs yazısının təkizibində belə “montajdır” deməklə liderinin məntiqsiz məntiqinə sadiq qalır.

Fuad Qəhrəmanlı sadəcə gördüyünü təkrarlayır və illərdir liderinin “siyasi qabiliyyət” kimi sırıdığı xəyanətin həqiqətən də yüksək bacarıq olduğuna inandığı üçün bunu edir. Və bu xəyanət Fuadın günahı deyil, Əli Kərimlinin siyasi həyatı boyunca yazdığı “möhtəşəm əsəridir”…

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm