Paşinyanın ABŞ fiaskosu və fantastik səfər xərcləri
Bizi izləyin

Nida Təhlil

Paşinyanın ABŞ fiaskosu və fantastik səfər xərcləri

Okeanın o tayına “qalib” kimi gedən Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-da biabırçı vəziyyətlə qarşılaşdı. Onun prezident Donald Trampla görüş cəhdləri öncədən baş tutmadı, lakin ABŞ-da heç bir yüksək çinli rəsmi tərəfindən qəbul edilməməsi Paşinyanı daha pis vəziyyətə saldı. Yeganə ümid erməni icması ilə görüşə qalmışdı və Ermənistan hökumətinə yaxın media bu görüşü “böyük Ermənistanın doğuluşu” kontekstində təqdim etməyə çalışırdı.

Paşinyan görüşün keçirildiyi Los-Anceles şəhərindəki Grand Park ərazisinə həvəslə gəlmişdi: görüşdə 30-35 min insanın iştirak edəcəyi, həmçinin, 53 konqresmen və senatorun qatılacağı gözlənilirdi. Qarşılaşdığı mənzərə erməni baş nazirə üçüncü şoku yaşatdı.

Görüşə cəmi 5-6 min erməni qatılmışdı. ABŞ-dakı erməni icması hesab edir ki, Nikol Rusiyanın boyunduruğunda qalmağa meyillidir, buna görə də baş nazirin özünü “dünya ermənilərinin” yox, “Rusiya ermənilərinin lideri” kimi təqdim etməsini istəyirlər. Hətta bu tələblə bağlı petisiya kampaniyasına start verməyi də planlaşdırırlar. Bu baxımdan, Paşinyanla görüşə cəmi 5 min insanın gəlməsi təəccüblü deyildi. Bununla yanaşı, görüşə qatılacağı gözlənilən 53 konqresmen və senatordan cəmi biri – Adam Şiff vədinə əməl etdi. A.Şiffin Trampın qatı əleyhdarı olması isə Paşinyanı hazırda Ağ Evə sahiblik edən respublikaçıların gözündə düşmən obrazına saldı.

“Qraparak” qəzeti yazır ki, yaxın vaxtlarda Ermənistanın ABŞ-dakı səfiri və Los-Ancelsdəki baş konsulunun vəzifələri ilə vidalaşacağı gözlənilir.

Lakin Paşinyanın ABŞ səfəri təkcə okeanın o tayında yox, Ermənistanın daxilində xoş qarşılanmadı. Buna səbəb onun ABŞ səfərinə fantastik məbləğdə - 400 min dollar - pul xərcləməsi olub. Baş nazirin okeanın o tayına “Gulfstream G550” layneri ilə uçması da narazılığa səbəb olub. Yoxsulluqdan əziyyət çəkən erməni xalqı Paşinyanı dəbdəbəli həyata görə ittiham ediblər.

Erməni şərhçi Tevos Arşakyan yazır ki, səfərə 1 milyon ABŞ dollarının üçdə biri qədər xərc çəkmək Nikolun dəbdəbəli həyata öyrəşməsindən irəli gəlir: “Hərçənd, o digər ölkə liderləri kimi ekonom sinifdə uça bilərdi. Avropada siyasətçilərin çoxu belə edir. Misal üçün, Avstriyanın keçmiş kansleri Sebastyan Kurs sammitlərə adi reyslə uçurdu. Xorvatiya prezidenti Rusiyada keçirilən futbol üzrə dünya çempionatına ekonom sinifdə gəlmişdi. Ermənistanda ötən il inqilab olmasına baxmayaraq, hakimiyyət dəbdəbəli həyata keçid edib. Budur, Paşinyan təmtəraqlı həyat tərzi ilə məşhurlaşmaqdadır. Halbuki, o müxalifətdə olarkən inhisarçılığa, yüksək çinli məmurların bədxərcliyinə, dövlət büdcəsinin mənasız yerə xərclənməsinə qarşı çıxırdı. Arzuladığı kresloya əyləşən kimi hər şeyi unutdu”.

Məlumatlara görə, bu günlərdə Paşinyanın qızlarından birinin ad günü İrəvandakı məşhur “Hökmdar” restoranında təmtəraqla keçirilib. Mərasim zamanı restoranın yerləşdiyi küçələr bağlanıb, sözün əsl mənasında çal-çağır olub. Ermənilər baş naziri dövlət büdcəsini “bombalamaqda” ittiham edirlər. Bununla yanaşı, Ermənistanın müstəqillik günü ilə bağlı keçirilən mərasimə böyük məbləğdə pullar xərclənib. Bu tədbir Gümrüdə keçirilirdi, şəhərin mərkəzi küçələri baş nazirin gəlişi münasibətilə bərpa edilib, bayram əhval-ruhiyyəsində bəzədilib.

Tevos Arşakyan yazır ki, böyük pullar hesabına başa gələn bayram tədbirinin keçirildiyi Gümrüdə arxa küçələr baş nazirdən gizlədilib.

“Həmin küçələrdə 30 ildir damı olmayan uçuq evlərdə, metal vaqonlarda, 6 metr uzunu, 3 metr eni olan daxmalarda minlərlə insan yaşayır. Nikol Paşinyan bütün bunları görmür, ümumiyyətlə, bunları görmək onun planlarına daxil deyil, çünki o, Gümrüyə dəbdəbəli mərasimdə iştirak üçün gəlmişdi. Bəli, artıq bizim baş nazirimiz Ermənistan xalqının yoxsulluğu fonunda təmtəraqlı həyata öyrəşməyə vaxt tapdı, halbuki, hakimiyyətə gələrkən, yoxsulluğun kökünü kəsmək haqda vəd vermişdi. Bu gün o, milyonları xalqa yox, səfərlərə və dəbdəbəli mərasimlərə xərcləyir”, - erməni şərhçi qeyd edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm