İddia ilə potensialın uçurumu: Milli Şura niyə Lökbatana getmədi?
Bizi izləyin

Nida Təhlil

İddia ilə potensialın uçurumu: Milli Şura niyə Lökbatana getmədi?

“Açın meydanları”. Bir neçə gün öncə AXCP sədri Əli Kərimli iqtidarın onun gücündən çəkindiyini, buna görə meydanları bağladıqlarını iddia edirdi.

Əli Kərimlinin istədiyi meydan ona verildi. Milli Şuranın 28 sentyabr tarixində mitinq keçirmək müraciətinə rəsmi qaydada cavab verildi və Bakı meriyası məkan kimi Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasını təklif etdi. Lakin Əli Kərimli bu məkandan imtina etdiklərini açıqladı və bildirdi ki, Milli Şurada şəhərdən kənar ərazidə mitinq keçirməyəcəklərini əvvəlcədən qərar veriblər.

Rəsmi icazənin verilməsinə baxmayaraq, mitinq qərarından imtina etmələri “Milli Şuranın gerçək məqsədi mitinq keçirməkdirmi” sualını önə çıxarır.

Milli Şura Bakı meriyasına müraciətində mərkəzi küçələri təklif etmişdi, lakin rəsmi cavabda bildirilir ki, “Mitinq təşkilatçılarının təklif etdiyi “Nəriman Nərimanov” metrostansiyasının qarşısındakı parkda toplanmaq ictimai təhlükəsizliyin təmin edilməsi baxımından mümkün deyil. Sizin mitinq keçirilməsi üçün qeyd etdiyiniz ərazilərin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışları yaxınlığında olması toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə problem yaradacağı, eyni zamanda həmin ərazilərdəki ticarət-iaşə, xidmət obyektlərinin iş ahənginə ciddi maneələr törədəcəyinə görə təhlükəsizliyin təmin edilməsində çətinlik yaradacaq”.

Məhz buna görə əlverişli məkan kimi Lökbatan qəsəbəsi təklif olundu, lakin Milli Şura bundan imtina etdi. Əli Kərimlinin açıqlamasından məlum olur ki, onlar şəhərkənarı ərazidə mitinq keçirməyəcəklərinə dair qərarı hələ öncədən, meriyanın rəsmi cavabından əvvəl veriblər. Maraqlıdır, məqsəd mitinq keçirməkdirsə, “Nəriman Nərimanov” metrostansiyasının qarşısındakı parkla Lökbatan qəsəbəsindəki təlim idman bazası arasında nə fərq var?! Mitinqin fəlsəfəsinə və təklif olunan məkana düz məntiqlə baxanda burada fərq görünmür, lakin Əli Kərimli və komandasının məntiqi ilə yanaşanda, məsələnin mahiyyəti ortaya çıxır.

Milli Şuranın mitinqdə ortaya çıxara biləcəyi real elektorat 2 min civarında məhdudlaşır. Sosial şəbəkələrdə “meydanları açın, gücümüzü göstərək”, “xalq mitinq istəyir”, “28 sentyabr mitinqi hakimiyyətin sonudur” populizmi ilə çıxış edəndən sonra açılan meydana maksimum 2 min nəfər çıxarmaq bir siyasətçinin özünü şüurlu şəkildə gülünc vəziyyətinə salmaq deməkdir.

Əli Kərimli iddialarına az da olsa adekvat mitinq keçirmək, yəni heç olmasa görüntü yaratmaq üçün mərkəzi küçələrin birini istəyirdi. Çünki mitinq metro çıxışlarında, yaxud digər mərkəzi küçələrdə keçirilərsə, gündəlik həyatını yaşayan paytaxt sakinlərinin həmin məkanın yanından belə keçməsi və foto obyektlərə düşməsi Əli Kərimlinin “çoxminli mitinq” iddiaları üçün “arqument” ola bilərdi. Meriyanın Lökbatan qəsəbəsini təklif etməsi onun bütün planlarını alt-üst etdi və iddiaları ilə potensialları arasındakı uçurumu gizlətmək üçün mitinq qərarından geri çəkildilər.

Milli Şuranın 2017-2019-cu illər arası keçirdiyi mitinqlərin statistikası onların iddiaları ilə potensialı arasındakı real vəziyyəti göstərir: 2017-ci ilin 8 aprel mitinqi – iştirakçı sayı 800-1000 nəfər; 2017-ci ilin 23 sentyabr mitinqi – iştirakçı sayı 600-700 nəfər; 2017-ci ilin 28 oktyabr mitinqi – iştirakçı sayı 1000 nəfər; 2018-ci ilin 10 mart mitinqi – iştirakçı sayı 1500 nəfər; 2018-ci ilin 31 mart mitinqi – iştirakçı sayı 1200 nəfər; 2018-ci ilin 14 aprel mitinqi – iştirakçı sayı 1000 nəfər; 2019-cu ilin 19 yanvar mitinqi – iştirakçı sayı 3000 nəfər;

Əli Kərimli son vaxtlar 19 yanvar mitinqinin “çoxminli” olmasından danışmağı sevir, hərçənd, bu mitinqdə əvvəlkilərlə müqayisədə iştirakçı sayının bir qədər çox olması siyasi oyunların nəticəsi idi. Misal üçün, Milli Şura həmin ərəfədə Mehman Hüseynov məsələsindən məhz “mitinqə daha çox adam gəlsin” məntiqi ilə istifadə etdi. İndi istifadə edəcəkləri heç bir məsələ yoxdur, yeganə ümid yeri mərkəzi küçələr idi. Lökbatana getməkdən imtina etmələrinin səbəbi də bu hiylənin baş tutmasıdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm