Siyasi fürsət üçün qazilərdən istifadə cəhdləri - Əslində nə baş verir?
Bizi izləyin

Nida Təhlil

Siyasi fürsət üçün qazilərdən istifadə cəhdləri - Əslində nə baş verir?

Onlar bu torpaqların uğrunda canlarından keçiblər, qazi olublar və bu ölkədə Qarabağ qaziləri dövlətin də, cəmiyyətin də həmişə əl üstündə saxladığı, dəstəklədiyi təbəqədir. Lakin o da təəssüf doğurur ki, daim kimlərsə Qarabağ qazilərindən öz məqsədləri üçün istifadə etməyə cəhd göstərir, o cümlədən, qanunsuz davranışlarını “Qarabağ qazisi” adı altında qəbul etdirməyə çalışanlar olur. Son günlər SOCAR mühafizəçilərinin Qarabağ qazilərinə zor tətbiq etməsi ilə bağlı müşahidə olunan kampaniya bu təəssüfü yenidən gündəmə gətirdi.

Əslində nə baş vermişdi: Aparılmış araşdırmadan məlum olub ki, bəzi şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus neft boru kəmərlərinin mühafizə zolağında qanunsuz “gecəqondu” tikinti işlərini aparmağa cəhd göstəriblər. Mühafizəçilər tərəfindən xəbərdarlıq edilən həmin şəxslər qanunsuz əməllərini davam etdirməyə nail olmaq üçün tikintiyə heç bir aidiyyəti olmayan və özünü müharibə veteranı kimi təqdim edən bir qrup şəxsi tikinti yerinə gətiriblər. Müharibə veteranı kimi təqdim olunan şəxslərin maliyyə vəziyyətindən sui-istifadə edən həmin adamlar onları dövlət mühafizə orqanları ilə qarşıdurmaya təhrik ediblər.

Sentyabrın 27-də saat 12:00 radələrində SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilən Şirvan-Böyükşor neft kəmərində və kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağı daxilində yeni evin tikintisi üçün bünövrə işlərinin aparıldığı aşkarlanıb. Təhlükəsizlik İdarəsinin əməkdaşları həmin şəxslərə inşa işlərinin dayandırılması barədə xəbərdarlıq edib, lakin inşa işlərini həyata keçirənlər xəbərdarlığa məhəl qoymayaraq, qanunsuz tikintini davam etdiriblər.

Sentyabrın 28-də mühafizə komandasının əməkdaşları xidməti ərazini növbəti dəfə yoxlayarkən həmin sahədə inşa işlərinin davam etdirildiyini aşkar etdikləri üçün bir daha tikinti işlərinin dayandırılması barədə vətəndaşa xəbərdarlıq ediblər. Lakin həmin vaxt tikinti işlərinin aparıldığı əraziyə toplaşıb, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən 10-15 şəxsin təhriki ilə mühafizə komandasının əməkdaşlarına hücum edərək, qarovul rəisi Abdurəhmanov Fuad Həsən oğlunun, atıcı İsmayılov Elnur İlyas oğlunun, Əliquliyev Ələkbər Cabbar oğlunun qol və bədən nahiyələrinə zərbələr endirib. Nəticədə onlara müxtəlif bədən xəsarətləri yetirilib. Mühafizəçilər qarşıdurma yaradan şəxslərə qarşı zorakılıq tətbiq etməyib, bu barədə dərhal Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə xidmətinə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları tikinti işlərini aparan şəxsləri sakitləşdirməyə çalışarkən, onlar polis əməkdaşlarının da qanuni tələblərinə məhəl qoymayıb, əksinə, xidməti nəqliyyat vasitələrinə də zərər vurublar.

Aparılan araşdırma zamanı məlum olub ki, həmin tikilinin hadisəni törədən şəxslərə heç bir aidiyyəti yoxdur. Sadəcə, başda Hüseynov Şərif Novruz oğlu olmaqla, bir qrup şəxs inşa işlərinə himayədarlıq edib və maddi ehtiyacı olan insanların vəziyyətindən sui-istifadə edərək düşünülmüş şəkildə qarşıdurma yaradıblar.

İndiyə qədər bir neçə dəfə bu kimi halların yaşanması – Qarabağ qazisi adından istifadə edərək, yaxud Qarabağ veteranları vasitəsilə dövlətə məxsus torpaqların zəbt edilməsi faktlarının olması da baş vermiş hadisənin mahiyyətini anlamağa imkan verir.

Burada məsələ Qarabağ qazilərinə qarşı zor tətbiqi deyil, qanuna tabe olmayan şəxslərin qarşıdurma yaratmaq istəyidir.

Və bu ölkədə nə dövlət, nə də cəmiyyət öz qazisinə qarşı heç vaxt zorakılıq etməyib, əksinə, dövlət Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı şəkildə addımlar atır.

Ölkədə 13560 şəhid ailəsi, təxminən 11 min Qarabağ əlili var. Əhalinin həssas qrupu olan bu təbəqə daim dövləti diqqətində olub. Onlar üçün sahibkar fəaliyyətindən tutmuş, təhsil haqlarına qədər bütün sahələrdə müvafiq güzəştlər edilir. Qarabağ qazilərinə dövlət tərəfindən avtomobillərin verilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də addımlar atılır.

Bu il dövlət başçısının sərəncamı ilə 12 min 200-dən çox şəhid ailəsinə 11 min manat birdəfəlik ödəniş edilib, həmçinin, şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata qədər artırılıb. Bununla yanaşı, minimum əmək haqqı, pensiya və sosial müavinətlərin əsaslı şəkildə artırılması şəhid ailələri və Qarabağ qazilərinin sosial rifahına da müsbət təsir göstərib. Oktyabrın 1-dən etibarən onlar da bu artımlardan yararlanırlar.

Vergi qanunvericiliyində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün güzəştlər nəzərdə tutulur, onların dövlət tərəfindən mənzillə təminatı da həyata keçirilir. Azərbaycan torpaqlarının müdafiəsində canından keçmiş və əlil olmuş şəxslər işlə təminatda da xüsusi imtiyazlara sahibdirlər.

İndiyə qədər 6828 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub. Bu il ərzində də 800 mənzilin verilməsi nəzərdə tutulur. Cari ilin başlanğıcından indiyə qədər 174 mənzil verilib. Bununla yanaşı, 2019-cu ildə 650 Qarabağ əlili dövlət tərəfində avtomobillə təmin olunacaq.

Yəni onlara bu ölkədə dövlət və cəmiyyət tərəfindən həmişə xüsusi diqqət ayrılır, buna layiqdirlər də. Lakin kimlərinsə bu statusdan sui-istifadə etməsi və qanunları tapdaması yolverilməzir. Qanun hər kəs üçündür.

SOCAR-a məxsus ərazilərin zəbt olunması şirkətin fəaliyyətinə problemlər yaratmaqla yanaşı, dövlətin də əhəmiyyətin layihələrinə maneələr törədir. Çünki SOCAR Azərbaycanın brendidir və ölkədə ən böyük şirkət olmaqla dövlətin sosial layihələri həyata keçirməsində əhəmiyyətli rol oynayır. Sosial müavinətlərin, pensiya və maaşların artırılmasında neft sektorunun, o cümlədən də SOCAR rolu böyükdür. Şirkətin gəlir əldə etməsi həm də müharibə veteranlarının sosial təminatının yaxşılaşdırılmasına şərait yaradır.

Bu baxımdan, kimlərinsə Qarabağ qazisi adından sui-istifadə etməsi ən azından döyüş yoluna qarşı hörmətsizlikdir. Baş verən hadisədən bəzi siyasi qrupların istifadə cəhdləri də təsdiqləyir ki, Qarabağ qazilərini təxribata çəkmək cəhdləri var və kimlərsə həm dövlətə, həm də onlara qarşı oyun oynamaq istəyir. Bu qrupları maraqlandıran nə Qarabağ qaziləridir, nə də yaranmış problem, onlar baş vermiş hadisəni fürsətə çevirmək istəyirlər. Bunu ilk növbədə Qarabağ qaziləri düşünməli və onlardan istifadə etmək cəhdlərinə imkan verməməlidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm