Tarix şahiddir ki... – Heydər Əliyevin Azərbaycan sevdası
Bizi izləyin

Nida Təhlil

Tarix şahiddir ki... – Heydər Əliyevin Azərbaycan sevdası

“Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm”.

1993-cü ilin 10 oktyabrında keçirilən andiçmə mərasimində çıxışı zamanı Heydər Əliyev bütün həyatını Azərbaycana və xalqına həsr edəcəyini bəyan etdi və milli lider ölkəyə rəhbərlik etdiyi 2003-cü ilə - ömrünün son gününə qədər sözünə sadiq qaldı.

Heydər Əliyev: bütün həyatını xalqına həsr edən milli lider. Tarix və xalq onu belə xatırlayır. Onun 50 il öncə - 1969-cu ildən başladığı milli mübarizə bugünkü müstəqil Azərbaycanın var olmasını təmin etdi.

1969-cu ildə SSR Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev ölkəni aqrar respublikadan ittifaq miqyasında aparıcı respublikaya çevirdi. Onun əsas xətti müasirləşdirmə idi və ölkədə həyata keçirilən bütün işləri “Xalq bir gün müstəqil Azərbaycanda bundan yararlanacaq” prinsipinə söykənirdi. Zavodların açılması, istehsalat müəssisələrinin respublikaya gətirilməsi, kənd təsərrüfatının, neft-kimya sənayesinin inkişafı və bu gün ölkə iqtisadiyyatında əhəmiyyətli rolu oynayan bir çox layihənin təməli məhz o dövrdə qoyulmuşdu.

Heydər Əliyev SSRİ-nin milli xəttə qarşı sərt cəzalarına rəğmən, tarixi addımları ilə həm respublikanı önə çıxarır, həm də Azərbaycanın gələcəyini inşa edirdi.

Tarix çox sonralar təsdiqləyəcəkdi ki, dahi lider ittifaq daxilində yürütdüyü xalqımızın milli köklərə qayıdış siyasəti ilə əslində müstəqil Azərbaycanın daşlarını bir-bir hörürmüş.

Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postunda çalışmağa başlayanda da milli xətdən geri çəkilmədi və bütün imkanlarını, potensialını Azərbaycan xalqına həsr etdi. Təsadüfi deyil ki, ermənilər müxtəlif yollarla azərbaycanlıların adından Moskvaya anonim məktublar yazır, Heydər Əliyevə qarşı kampaniyalar aparırdı. Lakin heç bir qüvvə onu xalqına xidmətdən çəkindirə bilmədi, hətta 1987-ci ildə tutduğu postdan uzaqlaşdırılması belə...

Həmin vaxt Heydər Əliyev artıq heç bir vəzifəyə malik deyildi, amma onun xalqı üçün mübarizə əzmi sönməmişdi. Qanlı Yanvar qırğınına Moskvada ilk sərt reaksiya verən və Kommunist Partiyasının biletini hər kəsin gözü önündə atan, beləliklə, milli mübarizə ocağını alovlandıran da Heydər Əliyev oldu.

Azərbaycana, bütün həyatını uğruna fəda etdiyi Vətəninə qayıdanda ona qarşı çıxanlar oldu, lakin o, yenə də yolundan dönmədi. Bakıda yaşamasına maneə yaradılandan Naxçıvan Muxtar Respublikasına getdi və ilk dəfə SSRİ-nin qırmızı bayrağını endirərək, üçrəngli bayrağımızı dalğalandırdı, bununla bir daha sübut etdi ki, onun üçün vəzifə, mənsəb əsas deyil, əsas olan Vətən, millət, dövlətdir.

Heydər Əliyevin SSRİ-nin ağır cəza şərtləri altında həyatını riskə ataraq, gücləndirdiyi və özülünü atdığı bu dövləti onun Bakıda qalmasını hakimiyyətləri üçün təhlükə olaraq görənlər sözün gerçək mənasında alt-üst etdilər. Bakı küçələrində vəzifə müharibəsi cəbhədəki müharibəni arxa plana keçirdi, nəticədə torpaqlar işğal olundu, vəziyyət vətəndaş müharibəsinə, ölkənin bir neçə hissəyə parçalanmasına qədər gəlib çıxdı. Və xalq xilas yolunu milli liderin hakimiyyətə qayıdışında gördü və xilaskarın ətrafında sıx birləşdi.

1993-cü il 15 iyun, Heydər Əliyevin dönüşü: Bu tarixin təqvimə Milli Qurtuluş Günü kimi düşməsi bu xalqın xilası, Azərbaycan adlı bu məmləkətin var olmasının səbəbidir.

Heydər Əliyev 15 iyundan 3 oktyabra – prezident seçildiyi günə qədər məhdud səlahiyyətləri çərçivəsində Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi, vətəndaş müharibəsinin qarşısını aldı, iqtisadi və siyasi strategiyanın təməlini atdı, cəmi 6 ay ərzində...

Və tarix şahiddir ki, müstəqilliyin bərpa edildiyi ilk gündən bu ölkəyə Heydər Əliyev rəhbərlik etsəydi torpaqlarımız işğal olunmayacaqdı...

Və tarix şahiddir ki, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları məhz Heydər Əliyevin 1987-ci ildə postundan uzaqlaşdırılmasından bir il sonra – 1988-ci ildə başladı, bu, onlar üçün ələdüşməz fürsət idi...

Və tarix ona da şahiddir ki, Heydər Əliyev 1993-cü ilin 3 oktyabrında prezident seçiləndən sonra andiçmə mərasimində dediyi kimi həyatını Azərbaycana həsr etməyə davam etdi, ömrünün son gününə qədər...

Nizami ordu yaratdı, asayiş və qayda-qanunu bərqərar etdi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoydu, idarəetmə sistemini formalaşdırdı, insanlara öz dövlətinə inamı qaytardı, Azərbaycanın iqtisadi dirçəlişinin əsasını qoydu, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərini aradan qaldırdı, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi, Azərbaycanın beynəlxalq əlaqələrini formalaşdırdı, ölkənin dünya birliyinə inteqrasiyası prosesini başlatdı, Azərbaycanda dövlətçilik ənənəsini formalaşdırdı. Daxildəki xaosun dəf edilməsindən tutmuş xarici siyasət kursuna qədər başdan yaratdı və indi yaşadığımız bu ölkəni qurdu.

- Neft müqavilələri, iqtisadi inkişaf xətti, bütün şərtlərdə milli maraqlarımıza xidmət edən xarici siyasət, ölkəmizi regional liderə çevirən, qlobal məkanda nüfuzlu dövlət olmasını təmin edən diplomatiya, işğalçı Ermənistanı Azərbaycandan asılı vəziyyətə salan manevrlər və hər biri böyük araşdırma mövzusu olan dərin strategiyalar... Dahi lider ölümündən sonra da ideyaları ilə Azərbaycana xidmət edir. Və bütün bunlar onun Azərbaycan sevdasının böyüklüyünü təsəvvür etməyə imkan verir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm