Feminizmə qarşı siyasi İslam: Əli Kərimli “dini kartı” yenidən işə salır
Bizi izləyin

Nida Təhlil

Feminizmə qarşı siyasi İslam: Əli Kərimli “dini kartı” yenidən işə salır

AXCP və regionun dini-klerikal dairələrinə bağlı dini kəsimin 2015-ci il Nardaran hadisələrindən sonra güclənən, 2018-ci ilə Gəncə terrorundan sonra müəyyən qopmaların yaşandığı bağlarının yenidən “təmir edilməsi” müşahidə olunur. Və bu bağların qopması və yenidən bərpa edilməsi prosesində Fuad Qəhrəmanlı faktoru diqqət çəkir.

Nardaran hadisələri zamanı AXCP-nin ekstremist kəsimə - Tale Bağırzadə və dəstəsinə açıq dəstək missiyasını Fuad Qəhrəmanlı həyata keçirirdi. Sonra məlum olacaqdı ki, Əli Kərimli bu missiyanı Qəhrəmanlının üzərində yükləməklə həm dini siyasətini həyata keçirib, həm də partiya daxilində potensial rəqibinin barmaqlıqlar arasına göndərməsinə nail olub. Qəhrəmanlının cinayət xarakteri daşıyan konstitusiya quruluşuna qarşı açıq çağırışları nəticəsində həbs olunmasından sonra AXCP sədri radikal dini kəsimin yeni lideri olmaq manevrləri etdi. Tale Bağırzadənin həbsi də ona bu kəsimi öz çətiri altına toplamaq imkanı yaratmışdı və Qərbdə bəlli dairələrin Azərbaycanda İranın dini dairələrinə bağlı olanları siyasi qüvvə kimi ortaya çıxarması planında Kərimlinin üfüqləri açılmış kimi görünürdü. Bu, həm Qərb dairələrinin planında yer almaq, həm regiondakı dini-klerikal dairələrdən siyasi ambisiyaları üçün istifadə etmək, həm də siyasiləşməkdə olan dini kəsimin potensialını kiçilmiş elektoratın böyüdülməsinə yönləndirmək baxımından sərfəli idi. Nardaran hadisələrindən sonra Milli Şuranın keçirilən mitinqində siyasiləşmiş dindarların aktiv iştirakı hadisələrin AXCP sədrinin xeyrinə cərəyan etdiyini göstərirdi, lakin sonrakı mərhələdə siyasi dini kəsimin aktiv dəstəyi zəiflədi. Burada Qəhrəmanlının həbsdə olması, Gəncə terroru ilə dini-klerikal dairələrin AXCP üzərindən həyata keçirdiyi siyasi hücumu silahlı hücumla əvəzləmək gedişləri, Qərb dövlətlərinin proseslərin Avropanın enerji təhlükəsizliyinə rol oynayan layihələri hədəfə çevirdiyini anlaması və s. amillər rol oynayırdı. Həmin vaxtdan sonra dini ekstremistləri “vicdan məhbusu” kimi qəbul etdirmək prosesi müşahidə olunurdu, lakin Əli Kərimli artıq dini kəsimin aktiv dəstəyini əvvəlki qədər hiss etmirdi. Fuad Qəhrəmanlının həbsdən çıxmasından sonra o, siyasi dindarları ətrafına cəlb etmək prosesini yenidən aktivləşdirdi.

Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun atasının əslində necə bir insan olduğunu və baş verənlərdə atası qədər Əli Kərimlinin də rol oynadığının açıqlaması isə qırılma nöqtəsi oldu. Yaranmış bu fors-major situasiya AXCP-nin Azərbaycana necə bir gələcək vəd etdiyini, Əli Kərimli başda olmaqla partiya rəhbərliyinin gerçəkdə diktator mahiyyətini ortaya çıxardı. Lakin sonrakı proses Əli Kərimlinin siyasi dini kəsimin dəstəyini qazanmaq üçün “feminizmə qarşı dini dəyərlər” oyunu oynadığını göstərir. Bunu anlamaq üçün Qəhrəmanlı ilə Yağmurların ictimailəşən ailədaxili qarıdurmasına, bu qarşıdurmada Əli Kərimlinin tutduğu mövqeyə və hadisələrin inkişaf xəttinə baxmaq lazımdır.

Qəhrəmanlı-Yağmurlar davası AXCP-də ikitirəlik yaratdı: feminçilər mühafizəkarlarə qarşı. Cəbhəçilərin Yağmurları linç etməsinin səbəbi partiyanı pis vəziyyətdə qoyması, xüsusilə Selcan Yağmurun məlum açıqlamasında Əli Kərimlini “qonşu arvad” adlandırması idi. Zümrüd Yağmur 25 sentyabr tarixindəki paylaşımında “bir ad əlavə çəkilib deyə bütün haqqı və gerçəyi bu fakta qurban kəsib sədaqətçilik oynayanlar” sözləri də bunu təsdiqləyir.

Lakin Əli Kərimlinin prosesi dini müstəviyə keçirməsi də ayrıca diqqət çəkirdi. Əvvəlcə “nankor övlad”, “ata haqqı”, “ailə dəyərləri” kimi mühafizəkar ittihamlar irəli sürüldü, daha sonra cəbhəçilər Selcan Yağmurun xaç asması və Nərmin Şahmarzadə ilə içki içməsi məsələsinin üzərindən oynamağa başladılar. Və belə görünür, Əli Kərimli yaranmış böhranı fürsətə çevirmək üçün siyasi islamçılara doğru əyilməyə başladı. Xaç və içki məsələsinin qabardılması bu prosesdə başlanğıc nöqtəsi idi. Daha sonra - sentyabrın 26-da Qarabağın Azadlığı uğrunda İslami müqavimət Hərəkatı və Azərbaycan Ziyalılar Birliyinin birgə təşkilatçılığı ilə “Kərbəla-əbədi mübarizə fəlsəfəsi” mövzusunda konfransın keçirilməsi ilə proses gücləndi.

Qarabağın Azadlığı uğrunda İslami müqavimət Hərəkatının sədri Rövşən Əhmədli və Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev Milli Şuranın üzvləridir. Əli Kərimli məhz belə bir tədbirlə feminist-liberal qanada qarşı dini kəsimin dəstəyini gücləndirmək gedişi etdi. Tədbirdə Fuad Qəhrəmanlının iştirakı, daha sonra sosial şəbəkə hesabında paylaşımı və verilən reaksiyalar da bunu göstərir.

F.Qəhrəmanlı sentyabrın 26-da “Bu gün İmam Hüseyn məktəbi ilə bağlı keçirilən konfransda dəyərli ziyalılarımız Rövşən Əhmədli və Eldəniz Quliyevlə bir araya gəlib söhbətləşdik. Biz xalq olaraq öz milli mənəvi dəyərlərimizə sahiblənərək sabahımızı qura bilərik” sözlərini paylaşdı. Onun statusunun altında yazılan rəylərdə əsasən dəstək ifadə olunur, xüsusilə dini motivli şərhlər yazılırdı. Qəhrəmanlının məhz belə bir tədbirdə iştirakı təsadüfi deyil: belə bir tədbir, orada F.Qəhrəmanlının iştirakı və “İmam Hüseyn məktəbi” haqda paylaşım həm ailə məsələsinə görə Qəhrəmanlının alt-üst olan reputasiyasını bərpa etməyə, həm də feministlərə qarşı siyasi islamçıların mövqelərini gücləndirməyə hesablanıb.

Bir gün sonra – sentyabrın 27-də Əli Kərimlinin Tale Bağırzadənin həyat yoldaşına cinayət işi açılması haqda yazdığı status və dindarların “virtual mitinqi” siyasi islamçıların dəstəyinin müəyyən qədər təmin edildiyi qənaətini gücləndirir. Eyni motivli fikirlər AXCP funksionerləri tərəfindən tirajlandı. Lakin ən çox diqqətçəkən məqam F.Qəhrəmanlının bu məsələ ilə bağlı yazdığı statusa verilən reaksiyalardır. Şərhlərdə “Allahu Əkbər”, “İmam Hüseyn”, “Ərbəin yürüşü” və digər dini motivli fikirlər yer alır, Qəhrəmanlı tərif olunur, eyni zamanda, feministlər hədəfə alınır, “Feministlər harada ölmüsünüz, bəs bu qadın deyil” kimi şərhlər yazılır. Cəbhəçilər tərəfindən feministlərin hədəfə alınması Yağmurların da statuslarının altında yazılan rəylərdə kifayət qədərdir.

Müşahidələr göstərir ki, Qəhrəmanlı və Yağmurların davası AXCP-də və ətrafında siyasi islamçıların mövqeyini gücləndirib. Prosesin bu cür inkişafının Əli Kərimli tərəfindən həyata keçirildiyi aydın görünür.

Azərbaycanda şəriət rejimi qurmaq istəyənlərin təbliğat ruporu olan, Gəncə terrorunu həyata keçirən “Hüseyniyyun” qruplaşmasının media qanadı “nur-az.com” səhifəsinin uzun müddətdən sonra yenidən Milli Şura və Əli Kərimlinin müdafiəsinə qalxması da bu prosesin davamıdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm