Məxfi anlaşma və “Sülh Çeşməsi” əməliyyatının pərdəarxası - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Məxfi anlaşma və “Sülh Çeşməsi” əməliyyatının pərdəarxası - TƏHLİL

Türkiyə ordusu sərhədlərini PKK-nın Suriya qanadı olan PYD/YPG terrorçularının təhdidindən təmizləmək üçün Fəratın şərqində əməliyyatlara davam edir. Bölgədən gələn informasiyalar türk əsgərinin irəlilədiyindən xəbər verir. Bu bölgə Türkiyə üçün təkcə milli təhlükəsizliyinə qarşı təhdidlərin aradan qaldırılması üçün yox, həm də tarixi bağlar baxımından da önəmlidir.

Məşhur türküdə deyildiyi kimi: “Bu Fəratın suyu axar, sərindir”. Əməliyyatın adının “Sülh Çeşməsi” seçilməsi də bu kontekstdə təsadüfi deyil.

Amerikalılar çətin ki, bunu anlaya bilsinlər, amma Tramp əməliyyatın başlanmasına razılıq verməklə Türkiyəni tamamilə itirmək perspektivini anladığını göstərdi, hərçənd, açıq qalan suallar var və bu suallar fonunda Fəratın qərb sahillərinə qədər gəlib dayanan türk əsgərinin şərqə keçməsi üçün uzun müddətdir aparılan hazırlıqlar, Ərdoğanın “bir gecə qəfil gələ bilərik” xəbərdarlığı, ABŞ-ın “Suriyadan qoşunları çıxarıram” deyib aylardır prosesi uzatması Trampla Ərdoğan arasındakı bir telefon zəngi ilə həll olundu, demək sadəlövhlük olardı. O da sadəlövhlükdür ki, ABŞ qoşunlarını bölgədən tamamilə çıxarır və Ağ Evin divarları arxasında sığınır. Və Trampın açıqlamasından ortaya çıxan suallar proseslərin axarını, Ağ Evin divarları arxasında gizlədilən gerçək niyyətləri və Yaxın Şərqdə nələrin olacağını təxmin etməyə imkan verir:

- Tramp niyə indi geri çəkildi?
- ABŞ PYD/YPG-yə arxa çevirirmi?
- Ərdoğanla razılaşmada nələr var?
- İŞİD məsələsi niyə Türkiyənin nəzarətinə verildi, daha sonra imtina edildi?
- Bütün prosesin arxasındakı əsas hədəflər nədir?


Görünən və görünməyən cavabları olan suallar:

ABŞ sonuncu dəfə 2018-ci ilin dekabrında qoşunlarını Suriyadan çıxaracaqlarını bildirmişdi. Həmin bəyanatdan 10 ay keçir və yalnız indi hərəkətə keçirlər. 10 ay öncə prosesin başlanmasına Pentaqonun narazılığı mane olmuşdu, hərçənd, generallar bu gün də “Sülh Çeşməsi”ni alqışlamırlar. O zaman Tramp əməliyyata niyə indi razılıq verdi:

a) O, 2020-ci il prezident seçkilərində namizəd olacaq, lakin 2016-cı il seçkilərində verdiyi “əsgərlərimiz evə dönəcək” sözlərinə tam əməl etməyib. Tramp yeni seçkilərə 2000-ci ildə “əsgərlərimiz evə dönəcək” vədi ilə hakimiyyətə gələn, 2003-cü ildə isə İraqda müharibəyə başlayan oğul Buşa amerikalı anaların “Mənə həqiqəti de. Mənə oğlumun İraqda neft üçün öldüyünü de” ittihamlarına tuş gəlmədən, İŞİD üzərində zəfər qazanmış və əsgərlərini evə qaytarmış “qalib komandan” kimi getmək istəyir. Onun “Yaxın Şərqə girməyimiz əvvəldən yanlış idi” açıqlaması, “axmaq müharibələrə son qoymaq vaxtıdır” sözləri də özünü sülhsevər imicini formalaşdırmağa və daxildə sadə amerikalı seçicilərin könlünü fəth etməyə hesablanıb.

b) Türkiyəyə istədiyini vermək və üzünü tamamilə Şərqə doğru yönəltməsinin qarşısını müəyyən müddətdə almaq, ən azından, Ərdoğanın hakimiyyətdə olduğu müddətdə. Tramp Obama hakimiyyətini Türkiyənin əzəli düşməni PKK-ya dəstək verməkdə ittiham etməklə də Ankaraya bu mesajı verdi.

ABŞ PYD/YPG-yə arxa çevirirmi? ABŞ-ın onilliklərdir Türkiyə daxilində və İraqda kök salmış PKK, bunun davamı olaraq Suriyada formalaşdırılan PYD/YPG terror təşkilatlarına dəstəyi kəsməsi, illərdir Türkiyəyə qarşı istifadə etdikləri silahı qınına qoyması yumşaq desək, inandırıcı deyil. Və burada səbəb təkcə Türkiyə də deyil:

1. ABŞ-ın PYD/YPG terror təşkilatı üzərindən əlini çəkməsi Rusiyanın avtomatik olaraq onun yerini alması deməkdir. Lavrovun “Sülh Çeşməsi” əməliyyatını şərh edərkən, “PYD və Şam rejiminin arasında dialoqun qurulması istiqamətində iş gedir”, “Türkiyə Əsəd hakimiyyəti ilə dialoq aparsın” açıqlamaları da rusların hazır vəziyyətdə dayandığını göstərir. Afrin əməliyyatında da analoji hal yaşanmışdı və Moskva həmin vaxt PYD/YPG-yə müəyyən dəstək vermişdi.

2. PYD/YPG və ABŞ-ın bu terrorçulardan yaratdığı Suriya Demokratik Qüvvələri adında siyasi cəbhə bu gün Suriyada Vaşinqtonun əsas qüvvəsidir. Əvvəlcə İŞİD-in neftlə zəngin bölgələri ələ keçirməsinə şərait yaradıldı, ardınca terror təşkilatı “danışılmış döyüşlə” bu əraziləri PYD/YPG-yə verdi və missiyasının başa çatması ilə 2019-cu ilin mart ayında “məğlub” elan olundu.

ABŞ-ın PYD/YPG-yə arxa çevirməsi həm Suriyada neftlə zəngin bölgələrdən, həm də 30 min TIR-dan artıq silah-sursat verdiyi, hərbi təlimlər keçərək ordu vəziyyətinə gətirdiyi əsas silahlı qüvvəsindən imtina etməsi, dolayısı ilə bu rıçaqlarını Rusiyaya könüllü şəkildə təhvil verməsi deməkdir. Amerika niyə bunu etsin? Türk əsgəri əməliyyata hazırlaşdığı vaxtda İraqdan PYD/YPG-yə 80 TIR yeni silah partiyasının göndərilməsi, eləcə də Trampın açıqlamalarının davamı da amerikalıların bu qədər “əli açıq” olmaq fikrinə düşmədiklərini, əslində medianın yazdığı kimi PYD/YPG-yə arxa çevirmədiklərini təsdiqləyir. “Türkiyə mənim dərin və bənzərsiz anlayışıma görə, sərhədlərin xaricində olduğunu düşündüyüm bir şey etsə, Türkiyənin iqtisadiyyatını məhv edərəm və yox edərəm. Bunu daha öncə etdim” açıqlaması da göstərir ki, Tramp Ərdoğanla əməliyyatın miqyası üzərində anlaşıb.

Tramp-Ərdoğan anlaşması: “Sülh Çeşməsi” əməliyyatı 30 kilometr dərinliyində, 120 kilometr uzunluğundakı (400 kilometr də deyilir) ərazidə keçiriləcək. Bura Türkiyənin cənub sərhədlərindəki Ayn əl Ərəb, Tel Abyad, Resulayn və İraq sərhədinə qədər uzanan zolaq daxildir. ABŞ əməliyyat keçirilən bölgələrdən əsgərlərini çəkdiyini elan etdi, lakin yerdəyişmənin hara olduğunu açıqlamadı. Bu amerikalı əsgərlərin cənuba doğru geri çəkildiyi ehtimalını gücləndirir, amma bu, onların bölgədən tamamilə çıxması da demək deyil.

Anlaşma Türkiyəyə sərf edir:

- Ərdoğanın açıqlamalarında dediyi kimi, “terror dəhlizi” “sülh dəhlizi” ilə əvəzlənir. Yəni əvvəlki hərbi əməliyyatların davamı olaraq, Türkiyənin cənub sərhədlərində “terror dəhlizi”nin yaradılması planı tamamilə sıradan çıxır və İraq sərhədindən Afrin və İdlib də daxil olmaqla Əsədin əlindəki Lazkiyə bölgəsinə qədər ərazilər Ankaranın nəzarətinə keçir;

- Bu bölgəyə nəzarətin ələ alınması sərhədlərində terror təhlükəsini aradan qaldırmaqla yanaşı, İraqın şimalında PKK ilə Suriyanın şimalında PYD/YPG-nin əlaqəsinin qırılması üçün də önəmlidir və bu, Türkiyənin PKK terroru ilə mübarizədə daha effektli olmasına imkan verir.

- Fəratın şərqində terrorçulardan təmizlənəcək ərazilərdə “təhlükəsiz bölgə” yaradılacaq, Suriya müharibəsi başlayandan indiyə kimi Türkiyə mühacir edən və daxili siyasətdə AKP-yə qarşı narazılıq dalğasının böyüməsinin, hətta partiyanın sonuncu seçkilərdə səs itirməsinin qaynağı hesab olunan 5 milyona yaxın suriyalının öz torpaqlarına yerləşdirilməsi imkanı yaranacaq;

- Və nəhayət, bölgəyə nəzarət Ankaranın Suriya masasında əlini gücləndirəcək;

Lakin burada bir detal da diqqətdən yayınmır. İndiyə qədər PYD/YPG terrorçularının Türkiyə sərhədinə hücum etməsi Ankaraya beynəlxalq müstəvidə sərhəd toxunulmazlığı tezisini irəli sürmək, PYD/YPG terrorçuları ilə mübarizəsinə qarşı çıxanları susdurmaq və üzvü olduğu NATO nizamnaməsinə əsasən, hərbi ittifaq üzvlərinin susmasını təmin etmək imkanı verirdi. Türkiyə sərhədi ilə PYD/YPG arasında tampon bölgə olaraq, “təhlükəsiz zona”nın yaradılması və türk əsgərinin bu bölgədə varlığı bu imkanları sıradan çıxarır və Türkiyəyə qarşı siyasi hücumların önünü açır. “Sülh Çeşməsi” əməliyyatına qarşı çıxan ölkələrin çoxluğu da göstərir ki, bölgə təmizlənəndən və türk əsgərinin nəzarətinə keçəndən sonra Ankaranı “sən Suriya torpaqlarında nə işin var” ittihamlarının hədəfinə çevirərək, sərhəd toxunulmazlığı tezisini də de-fakto mövcud olsa da, de-yure qüvədən salacaq. Türkiyə bütün bunları anlayır və strateji maraqları fonunda bu, o qədər də önəmli detal deyil. Hərçənd, ABŞ-ın əməliyyata razılıq verməsində bu detal hesablanmamış deyil. Eyni detal İŞİD məsələsində də görünür və buradan proseslərin müəmmalı, görünməyən tərəfləri boylanır.

Əvvəlcə, İŞİD Türkiyəyə həvalə olundu, daha sonra qərar dəyişdirildi: Tramp “İŞİD-çilər həbsxanadan qaça bilər” səbəbi ilə terror təşkilatının 40-a yaxın rəhbərini öz nəzarətindəki ərazilərə, xüsusilə İraqa apardı. Bu, Vaşinqtonun bölgədə “İŞİD silahı”ndan yenidən istifadə edə biləcəyi ehtimalını gücləndirir, xüsusilə amerikalı əsgərlər bölgəni tərk edəcəksə, yaxud sayı azaldılacaqsa... Lakin əsas məqam “İŞİD silahı”nın kim(lər)ə qarşı istifadə ediləcəyidir. Burada iki detal diqqət çəkir.

1. İŞİD-in yeni liderinin türkman əsilli Abdullah Qardaşın olacağı haqda informasiyalar var;
2. Suriyadan çıxarılan İŞİD liderləri niyə İraqa göndərilir;


İŞİD liderinin türkman əsilli olması Suriyada və İraqdakı türkmanlar içində radikal mövqelilərin terror təşkilatına simpatiyasını artıra bilər. Suriya və İraqdakı türkmanlar əsasən Türkiyə tərəfindən dəstəklənir. Belə görünür ki, Qardaşın İŞİD lideri olması türkman cəbhəsində parçalanmaya səbəb ola, Türkiyənin türkman gücü zəifləyə, türkmanlar terror təşkilatının bayrağı altında türklərə qarşı döyüşə bilər. ABŞ-ın masada anlaşdığı Türkiyəyə qarşı cəbhədə İŞİD kartından istifadə edəcəyi istisna deyil.

Türkman Qardaşın İŞİD liderliyinə namizədliyi fonunda Suriyadakı terror liderlərinin İraqa aparılması hədəfdə əsasən İranın olduğu ehtimalını gücləndirir. ABŞ-ın Suriyadan çıxaracağı hərbi kontingenti İraqa transfer etməsi də buna hesablanıb. Beləliklə, Vaşinqton Suriyada geri çəkilib, İraqda hərəkətə keçir və İran ətrafında cəbhəni daraldır:

- İŞİD yenidən İraqa qaytarılır və mümkündür ki, terror təşkilatı hansısa formada təşkilatlanacaq. Təşkilatın yeni liderinin türkman əsilli olması da bölgədə logistik imkanlarını genişləndirəcək amillərdəndir. İŞİD İraqda yenidən dövriyyəyə salınarsa, əsas hədəf İrana bağlı Haşdi Şabi qruplaşması olacaq və bu, ABŞ-ın İrana müdaxilə planında öncə Tehran rejiminin dəstəklədiyi qruplaşmaları yox etmək hədəfinin bir hissəsidir. Nəzərə alsaq ki, Haşdi Şabi qruplaşmasının içində də türkmanlar yer alır, o zaman, bölgədə türkman cəbhəsinin parçalanacağı real görünür. Bu isə Türkiyənin Yaxın Şərqdə daim əlində saxladığı əsas qüvvənin bölünməsi deməkdir. Görünən budur ki, Vaşinqton İŞİD kartını ehtiyat olaraq saxlamaqdadır. Terrorçuların taleyini əvvəlcə Türkiyəyə həvalə edib, sonradan fikrini dəyişdirməsi də bu şübhələri artırır.

Və burada İranın “Sülh Çeşməsi” əməliyyatına qarşı çıxmasının səbəbləri ön plana çıxır. Rəsmi Tehran elan edir ki, Türkiyənin əməliyyatı Suriyanın ərazi bütövlüyü prinsipinə ziddir. Halbuki, Ankara ABŞ-ın dəstəklədiyi PYD/YPG terrorçularına qarşı əməliyyat keçirir və düz məntiqə görə, Vaşinqtonla düşmən olan İran bu əməliyyatı dəstəkləməlidir. Burada görünənsə İranın düz məntiqdən çıxış etməməsidir. Və Tehran bunu Türkiyənin Əsəd rejiminə qarşı çıxmasına görə etmir, səbəb başqadır.

İran üçün bölgədə PYD/YPG faktorunun qalması və bu məsələ üzərində münaqişənin davam etməsi ona qarşı gələcək hücumun gecikməsi və bu prosesdən vaxt qazanması deməkdir. Tehran anlayır ki, problem həll olunarsa, ABŞ-Türkiyə xəttindəki narazılıq aradan qalxa və onun hədəfə çevrilməsi sürətlənə bilər.

Ərdoğan-Tramp anlaşmasının əsas detalı və prosesin görünməyən tərəfi də buradadır.

ABŞ əsgərlərini geri çəkir və Türkiyənin istədiyi əməliyyatı keçirməsinə şərait yaradır; Türkiyə cənub sərhədləri boyunca təhlükəsiz vəziyyəti bərpa edir; PYD/YPG ilə toqquşma müəyyən müddətə təxirə salınır; Və İran ətrafında cəbhənin sıxlaşdırılmasını gecikdirən səbəb aradan qalxır;

Böyük ehtimalla, anlaşma belədir və hər şeyi sonrakı proses aydınlaşdıracaq. İndiki məqamda Türkiyə nəzərdə tutulan əraziləri terrorçulardan təmizləyəcək, “təhlükəsiz bölgə” planı həyata keçiriləcək, suriyalıların evlərinə dönüşü prosesinə start veriləcək.

“Sülh Çeşməsi” əməliyyatı bölgədə başlanacaq yeni proseslərə hazırlıqdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm