Putinin dostu HƏR ŞEYİ AÇDI: Əgər Qarabağ məsələsində ondan... - MÜSAHİBƏ
Bizi izləyin

Nida Təhlil

Putinin dostu HƏR ŞEYİ AÇDI: Əgər Qarabağ məsələsində ondan... - MÜSAHİBƏ

(İkinci hissə)

Rusiya Prezidenti Vladimir Putin 7 oktyabrda 67 yaşını qeyd etdi. V.Putinin hər dəfə olduğu kimi bu ildə ad gününü fərqli keçirdi, Müdafiə naziri Şoyqu ilə Sibiri gəzməsi rus liderin şəxsiyyətini növbəti dəfə gündəmə gətirdi.

Rusiya kimi böyük dövlətə rəhbərlik edən və hazırda dünyanın ən güclü siyasi liderlərindən biri olan Vladimir Putinin siyasi fəaliyyəti ilə bağlı məlumatlar kifayət qədərdir.

Lakin Rusiya dövlət başçısının şəxsiyyəti, xarakteri, şəxsi həyatının görünməyən tərəfləri çoxları üçün hələ də müəmma olaraq qalır. Hansı ki, Putin bütün çıxışlarında qeyd edir ki, o öz keçmişinə sadiqdir və həyatının geridə qalan məqamlarını heç vaxt yaddan çıxarmayacaq.

Fikrimizcə, Rusiya prezidentinin həyatının kimsəyə məlum olmayan maraqlı məqamları barədə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində onunla bir qrupda təhsil almış professor İlham Rəhimov daha çox məlumatlı ola bilər. Axı onlar arasında çox yaxın münasibətlər olub və bu gün də davam edir. Bunun həqiqət olduğunu keçmiş hərbi prokuror, hazırda hüquq müdafiəçisi olan Leonid Poloxov da öz xatirələrində təsdiq edirdi: “Rəhimov tez-tez Putingilə qonaq gəlirdi və onun valideynləri ilə də tanış idi. Putin isə tez-tez Rəhimovun yaşadığı yataqxanada gecələyirdi. Nüfuzlu Leninqrad Universitetinin Hüquq fakültəsində təhsil alan Rəhimov qrup nümayəndəsi olub”.

Beləliklə, Axar.az olaraq Vladimir Putini siyasətdən kənar şəxs kimi daha yaxından tanımaq üçün onun tələbə yoldaşı və dostu, hüquq elmləri doktoru, professor İlham Rəhimova müraciət etdik:

Publika.az həmin müsahibəni təqdim edir:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

- Maraqlıdır, Rusiya televiziyaları və Qərbin müxtəlif media orqanları tərəfindən hazırlanan filmlərdə Putin cəsarətli, qorxmaz, səmimi və ədalətli lider kimi göstərilir. Putini daha yaxından tanıdığınıza görə soruşuram: Putin həqiqətən onların göstərdiyi kimidir?

- 2000-ci ildən bəri – Medvedyevin prezidentlik dönəmini çıxsaq, Putin faktiki olaraq dövlət başçısıdır. Hamı bilirdi ki, ciddi dövlət məsələlərindən heç biri onsuz həll olmur. Onun ciddiliyi, cəsarəti göz qabağındadır. Bütün fəaliyyəti də göstərir ki, o, doğurdan da təqdim edilən kimi insandır.

- Bu qədər keyfiyyət bir yerə cəmləşib, amma dünyada Putinə qəribə münasibət var: Sayırlar və ya hesablaşmağa məcburdurlar, ancaq Qərbdə sevmirlər. Sizcə, niyə?

- Putinlə bu gün bütün dünya hesablaşır, bu bir faktdır. Populyarlığa gəldikdə isə sizə deyərdim ki, dünyanın əksər ölkələrində də o, çox populyar siyasətçidir.

Bir məsələni də qeyd edim ki, Putin Qərb dəyərlərinə və Qərb sivilizasiyasına böyük önəm verir. Rusiya özü Qərblə münasibətlərin inkişafında maraqlıdır. Lakin Putin üçün əsas məsələ dövlətinin və xalqının maraqlarıdır və təbii ki, rus xalqının ona olan sevgisidir.

- Hazırda Ukraynanın ərazi bütövlüyü pozulub, Rusiyaya sanksiyalar tətbiq olunub. Üstəlik, Putinin reytinqində azalma müşahidə olunur...

- Bu gün Rusiyada hətta Putinin rəqiblərinin də etiraf etdiyi kimi siyasi reytinqinə görə onunla müqayisə olunacaq ikinci bir siyasi lider yoxdur.

Mən rus xalqının psixologiyasına yaxşı bələdəm. Rus xalqı Krıma görə Putinə hər hansı irad bildirməz, əksinə, bu məsələdə xalq onu dəstəklədi.

İnsanlar Putindən öncə və Putinin dönəmində nələrin baş verdiyini gözəl bilirlər. Yeltsinin dönəmində heç kim Rusiya ilə nəyisə məsləhətləşmirdi. Beynəlxalq məsələlər və problemlərdə Rusiyadan ümumiyyətlə heç nə soruşulmurdu. İndi isə bunun əksini görürlər. Onlar baxırlar ki, ruslara kimin münasibəti pis deyilsə, ona yaxşı münasibət bəsləyirlər, amma özlərini istəyən, özlərinə hörmət edən millətdir.

Siz “sanksiya” deyirsiniz, lakin ruslar bundan qorxmurlar. Niyə? Ona görə ki, bu xalq hər bir çətinliyi görüb, Leninqrad mühasirəsində bu xalq sübut etdi ki, acından ölsə belə, dizi üstə dayanmaz və heç kimə heç nəyi güzəştə getməz.

Üstəlik, bu sanksiyaların heç bir perspektivi yoxdur. Sanksiyanı tətbiq edənlər öz siyasətlərini düzgün qurmalıdır. Ona görə ki, bu sanksiyaları tətbiq etməklə başqa dövlətləri də özlərinə qarşı çevirirlər. Bir çox ölkələr bu sanksiyalar nəticəsində üzünü Avropadan çevirib. Moskva bunun üçün Çin, Hindistan, İran, Türkiyə ilə münasibətlərini yaxşı saxlamağa çalışır. Adını çəkdiyim dövlətlər isə dünya nizamında bu və ya digər dərəcədə aktiv iştirak edirlər. Yəni sanksiya mövzusunu çox şişirtmək lazım deyil.

Gözəl bilirsiniz ki, bu sanksiyaların müsbət tərəfləri də oldu. Rusiya bunun nəticəsində xaricdən asılı olan sahələri sürətlə inkişaf etdirməyə başladı. Məsələn, kənd təsərrüfatı hazırda çox sürətlə inkişaf edir. Rusiyada hazırda yeni texnologiyaların inkişafına xüsusi önəm verilir. Bundan əlavə, Rusiyanın təbii sərvətləri o qədər zəngindir ki, ona sanksiyalarla ciddi təsir etməyi mümkünsüz hesab edirəm.

- Putindən və Rusiyadan danışarkən Qarabağ problemindən yan keçmək olmur. Sizin fikrinizcə, Qarabağın açarı həqiqətənmi Moskvadadır?

- Qarabağ problemi ilə bağlı Rusiyanın mövqeyi belədir: Azərbaycan və Ermənistan öz aralarında razılığa gəlsələr, Rusiya bu razılaşmanın qarantı ola bilər. Rusiya bu münaqişədə tərəflərin hər hansı birini dəstəkləyə bilməz. Belə ki, hər ikisi onun üçün önəmlidir. Bu problemin çözülməsində təbii ki, Rusiyanın da maraqlarını nəzərdən qaçırmaq düzgün olmazdı. Rusiya bu münaqişənin həllində onun strateji maraqlarına ziyan gəlməməsinə çalışır.

Mən bir dəfə demişəm, yenə də deyirəm ki, biz Putinin dönəmində onun bizim prezidentlə olan münasibətindən, bizim xalqa olan münasibətindən istifadə etməliyik. Putindən sonra gələn dövlət başçısının münaqişəyə münasibəti necə olacaq? Onu indidən demək çətindir.

İndi ermənilər də Putini qınayırlar ki, niyə Azərbaycanı müdafiə edirsən? Eynilə bizim onlara dediyimizi söyləyirlər. Yaddan çıxarmaq lazım deyil ki, Rusiyanın Ermənistanda maraqları, bazası var və indi yaxşı münasibətdə olduğu NATO üzvü Türkiyə ilə sərhəddədir. Bu gün Rusiya-Türkiyə münasibətləri ən yüksək səviyyədədir. Lakin kim zəmanət verə bilər ki, bir müddət sonra Rusiya-Türkiyə münasibətləri necə inkişaf edəcək? Təbii, biz istərdik bu münasibətlər indiki kimi yüksək səviyyədə olsun. Lakin siyasətdə hər şey ola bilər. Elə bilirsiniz ki, ruslar bunu fikirləşmirlər? Ermənistandakı bazalar sırf NATO-dan ötrüdür. Türkiyə isə heç vaxt NATO-dan çıxmayacaq.

Azərbaycanla Ermənistan arasında olan münaqişənin həllində Rusiyanın imkanlarına baxmayaraq, elə bilirsiniz ki, belə məsələlərdə hər şey dövlət başçısından asılıdır? Bu, dövlətin siyasətindən asılıdır. Dövlət başçısı təkbaşına belə məsələləri həll edə bilmir. Açar onda olsa da, o istəyir ki, tərəflər problemi özləri həll etsinlər və açarı onlara versin.

- Rusiya kimi böyük dövlətin rəhbərinin dostu olan İlham Rəhimov dostu Putinlə Qarabağla bağlı söhbət edibmi?

- Sizə desəm ki, söhbət etməmişik, bu, səmimi olmaz. Təbii ki, o əhatədə bizim belə söhbətlərimiz olur. Elə məsələlər olub ki, mən demişəm, o razılaşıb, ya da o deyib, mən razılaşmışam. Bəzən hətta mövqelərimiz bir-birinə tam zidd olub. Ancaq bu söhbətlər hamısı sırf diskussiya xarakteri daşıyır.

- Rusiyada Azərbaycanın Avrasiya İttifaqına üzv olması məsələsi vaxtaşırı gündəmə gətirilir. Əgər Azərbaycan Avrasiya İttifaqını seçərsə, bu, Bakı üçün nə dərəcədə uğurlu olar?

- Avrasiya İttifaqı sırf iqtisadi birlikdir. Ona görə də sırf iqtisadi birlikdirsə, bunu bizim iqtisadçılar, təzə baş nazir fikirləşib, bunun bizə iqtisadi cəhətdən sərf edib-etməməsini müəyyənləşdirməlidir. Yəni demək istəyirəm ki, bununla mütəxəssislər məşğul olmalıdırlar. Əgər xeyri varsa, niyə də üzv olmayaq?!

- “Valday” toplantısı və Azərbaycan və Rusiya prezidentlərinin maraqlı görüşü baş tutdu. Bu görüş, ondan qabaqkı proseslər iki ölkənin münasibətlərinə hansı formada təsir göstərəcək? İki ölkənin siyasətində hansısa formada daha sıx yaxınlaşmalar mümkündür?

- “Daha sıx yaxınlaşma” artıq sözdür. Çünki münasibətlər o qədər yüksək səviyyədədir ki, onu artırmaq üçün neyləmək gərəkdiyini demək çətindir.

Söhbət təkcə Putindən getmir. Ümumilikdə rus elitasının bizə münasibəti çox yaxşıdır. Mən onların çoxunu tanıyıram və söhbətlərimdə bunu görürəm. Münasibətlər bundan artıq olarsa, çox yaxşı olar, amma bunun hansı istiqamətdə olacağını gələcək göstərəcək.

- Prezident İlham Əliyev “Valday”da Paşinyanın bir müddət öncə Xankəndidəki çıxışına da cavab verdi. Azərbaycan Prezidentinin “Valday”dakı çıxışını necə qiymətləndirirsiniz?

- Prezident İlham Əliyev Paşinyanın məlum bəyanatına cavab verməli idi və o bunu etdi. İlham Əliyevin Rusiya Prezidentinin olduğu tədbirdə belə bir çıxış etməsi isə iki prezidentin bir-birinə səmimi münasibətinin və bir-birinə etibar etmələrinin göstəricisidir.

- Gələn il parlament seçkisi keçiriləcək. Seçkidə iştirak etməyi düşünürsünüzmü?

- Deputat olmaq fikrim yoxdur.

- Siyasətə qayıtmamağınız, millət vəkili olmaq istəməməyiniz nə ilə bağlıdır? İşləriniz çoxdur, yoxsa inciksiniz?

- Kantın gözəl bir sözü var, deyir ki, öz sərbəstliyini heç bir vaxt heç nəyə dəyişmə.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm