Müsavatın "orağı" demokratiyanı necə biçdi? - İsa Qəmbərin Hacılını başqan edən "qara yelləri"
Bizi izləyin

Nida Təhlil

Müsavatın "orağı" demokratiyanı necə biçdi? - İsa Qəmbərin Hacılını başqan edən "qara yelləri"

Müsavat Partiyasının IX qurultayı keçirildi və gözlənildiyi kimi, keçmiş başqan Arif Hacılı 262 səslə (Tofiq Yaqublu 51, Yadigar Sadıqlı 20 səs) qutudan yenidən başqan kimi çıxdı. Proseslərin təhlili Arif Hacılını de-fakto partiyaya rəhbərlik edən İsa Qəmbər tərəfindən yenidən başqan təyin olunduğu fikrini gücləndirir, 2014-cü ildə olduğu kimi...

Müsavatın IX qurultayında başqanlıq uğrunda üç namizəd mübarizə aparırdı: Arif Hacılı, Yadigar Sadıqlı və Tofiq Yaqublu.

Arif Hacılının yenidən başqan təyin ediləcəyi öncədən daha çox görünürdü. Buna səbəb İsa Qəmbər faktoru və partiyada bürokratik gücün onda olması, xüsusilə qurultay nümayəndələrini seçən rayon təşkilatlarında təsir mexanizmlərini əvvəldən əlində cəmləşdirməsi idi. Bu, hətta səsvermə hər kəsin gözü önündə keçirilsəydi belə, Arif Hacılının seçilməsini təmin edən detaldır.

Yadigar Sadıqlı ən zəif namizəd kimi görünürdü və daha çox partiyadan azsaylı islahatçı qanadın namizədi olaraq çıxış edirdi.

Tofiq Yaqublu isə arxasında Milli Şura və AXCP-ni alaraq, qurultaya gəlmişdi. Hərçənd, Əli Kərimlinin komandası ona yalnız “virtual qələbəni” verə bildilər.

Qurultaydan öncə Müsavat ətrafında, xüsusilə Tofiq Yaqublunun namizədliyi üzərində maraqlı proseslər gedirdi və əsas məqam Əli Kərimlinin Yaqublu kartı ilə Müsavatı ələ keçirmək planlarının dövriyyəyə salınması idi. (Müsavatın ələ keçirilməsi planı və böyük tablodakı hədəf). Bu prosesdə ABŞ-da yaşayan Müsavat üzvü, uzun müddət İsa Qəmbərin “Qərb nümayəndəsi kimi” çıxış edən Ramis Yunus, Əli Kərimlinin və bağlı olduğu dairələrin təsirindəki “internet tv”-lər, eləcə də Milli Şura üzvləri səfərbər olunmuşdu. Lakin oktyabrın 9-da – namizədlərin debatına saatlar qalmış İsa Qəmbər gözlənilməz addım atdı: sosial şəbəkə hesabında səsini Arif Hacılıya verəcəyini açıq şəkildə bildirdi. Onun dəstək paylaşımı 9 oktyabr tarixinə keçən gecə saat 01:25-də edilib, namizədlərin debatı isə həmin tarixdə - günün birinci yarısında başladı. Bununla İsa Qəmbər debatda Arif Hacılının məğlub olması ehtimalının qarşısını almış oldu, ümumilikdə seçkinin nəticələrini öncədən müəyyən etdi, bir sözlə, Arif Hacılını yenidən başqan seçdi.

İsa Qəmbərin de-yure Müsavatın başqanı olmasa da, partiyanı hələ də əlində saxladığı məlumdur və müsavatçıların onun əksinə getməyəcəkləri şəksiz idi. Onun “mövqeyimi bəyan etməsəm də 9-cu qurultayda başqan seçkilərinin qalibi bəllidir” deməsi partiya üzvlərinə açıq təhdid mesajı kimi görünürdü. Digər namizədlər – Tofiq Yaqublu və Yadigar Sadıqlı debatda bu məqama toxundular. Keçmiş başqan bunu nə qədər “partiyamızda azad demokratik seçki ənənəsi o dərəcədə oturuşub ki...” deyə təqdim etməyə çalışsa da, faktiki olaraq, Müsavat da eyni şineldən çıxdığı AXCP kimi avtotarizmlə idarə olunur. Bu reallığı müsavatçıların özləri də etiraf edirlər.

Başqanlığa namizəd olan Yadigar Sadıqlı qurultaydan öncə yazırdı ki, “Müsavatda demokratiya var” deyənlər bunun olmaması üçün onun namizədliyini qarşı çıxırlar.

İsa Qəmbər digər iki namizəd haqqında bir-iki xoş söz deməyi belə özünə rəva görməyib. Çox üzücü və ədalətli cəmiyyətdən danışan İsa bəyin özünə yaraşmayan haldır” deyə yazan Sadıqlı bununla partiyada hər şeyin görüntü xarakteri daşıdığını da bəyan etmiş oldu.

Tofiq Yaqublu isə qurultay öncəsi daha çox susqunluq nümayiş etdirirdi, səsi bir də debatda eşidildi. Namizədlərin debatında ən diqqətçəkən məqam keçirilən interaktiv sorğunun nəticələri idi: Tofiq Yaqublu 58 faiz, Yadigar Sadıqlı 28 faiz, Arif Hacılı 14 faiz.

Qurultayda isə bunun tam əksi oldu, qutudan Arif Hacılı birinci, Tofiq Yaqublu ikinci, Yadigar Sadıqlı üçüncü çıxdı.

Qurultaydan sonra ilk müsahibəsini Tural Sadıqlıya (Əli Kərimliyə yaxınlığı diqqət çəkir) verən Yaqublu səsvermənin nəticələrini tanıdığını bildirir, lakin əlavə edir ki, seçkidən öncə keçirilən internet sorğularında əsas qalib o idi və bu, məqam diqqət çəkir.

“İnsanlar “Meydan tv”-nin sorğusunda 58 faiz, “kanal 13”-ün sorğusunda 80 faizdən çox, “Azərbaycan saatı”nın sorğusunda 93 faiz Tofiq Yaqublu demişdilər”, Yaqublu danışır və dolayısı yolla Arif Hacılının legitimliyini şübhə altına alır.

Sorğu və qurultayın nəticələri ortada ciddi saxtakarlığın olduğunu təsdiqləyir. Məlumdur ki, internet sorğularını saxtalaşdırmaq üzrə peşəkar olan Əli Kərimlinin “trol ordusu” Tofiq Yaqublunun birinci olması üçün əllərindən gələni ediblər və məqsəd Yaqublunun başqanlığı ilə Müsavatı ələ keçirmək idi. Əgər Yaqublu bu sorğunun real olduğunu iddia edirsə, o zaman, qurultayda saxtakarlıq olub. Hər iki halda saxtakarlığın olduğu məlumdur və istər internet sorğuları, istərsə partiyanın VIII quruıtayında baş verənlər Müsavatın da, AXCP-nin də saxtakarlıq etməkdə yüksək potensiala malik olduqlarını göstərir.

İsa Qəmbərin seçkinin nəticələrinə öncədən müdaxiləsi Əli Kərimlinin partiyanı ələ keçirməsi planına qarşı atılmış addım kimi də görünür. Lakin bu, bəhs etdikləri seçki şəffaflığının tam əksidir və müsavatçıların özləri də bu haqda açıq danışırlar.

Yadigar Sadıqlı bildirir ki, “Müsavat dəyişmək istəmədi. Hamımıza keçmiş olsun”. Ardınca “Dünən qurultayda adını çəkmədiyim halda mənə cavab verməyə və qaldırdığı şüvənlə çıxışımın effektini öldürməyə çalışan İsa Qəmbər nədənsə 18 gündür Rauf Arifoğlunun bu boyda ittihamlarına cavab vermək istəmir” sözləri ilə İsa Qəmbəri ittiham edir.

Görünür, qurultayın nəticələri Müsavatda cəbhələşməni daha da böyüdəcək. Artıq daxili qruplarda funksionerlər səviyyəsində qırığın başlayıb. Misal üçün, Gülağa Aslanlı Tofiq Yaqublunun yeni başqanı ünvanlandığı təbrikin səmimi olmadığını hesab edir. Bildirir ki, təbrik sözlərinin altına yazılan anti-Hacılı rəylərinin silinməməsi bunun nümunəsidir.

Yadigar Sadıqlı da açıq şəkildə yeni başqana və onu başqan seçən İsa Qəmbərə qarşı çıxır.

Proseslərin inkişafı Yadigar Sadıqlının partiyadan ayrılaraq, müstəqil fəaliyyət göstərəcəyi ehtimalını önə çıxarır. Artıq bununla bağlı təkliflər də səsləndirilib. Tofiq Yaqublu isə partiyada Əli Kərimlinin “Troya atı” olaraq qalamaqda davam edəcək. Bu, artıq İsa Qəmbərin və onun başqan təyin etdiyi Arif Hacılının problemidir.

Ümumi problem odur ki, “demokratik” cəmiyyətdən, “azad seçkilərdən” danışan Azərbaycan müxalifəti demokratiyanın, azad seçkinin mahiyyətini belə anlamırlar. AXCP-də baş verənlərdən sonra Müsavatın qurultayı da bunu bir daha təsdiqlədi.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm