Türkiyənin Suriya əməliyyatında ŞOK GƏLİŞMƏ - Detallar AÇIQLANDI
Bizi izləyin

Nida Təhlil

Türkiyənin Suriya əməliyyatında ŞOK GƏLİŞMƏ - Detallar AÇIQLANDI

Bu gün “Sputnik Azərbaycan” Beynəlxalq Multimedia Mətbuat Mərkəzində Türkiyənin Suriyada təşkil etdiyi antiterror əməliyyatları ilə bağlı mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, tədbir çərçivəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, politoloqlar Turan Rzayev və Kənan Paşayev Suriyanın şimalında başladılan “Sülh çeşməsi” əməliyyatını və dünya dövlətlərinin bu əməliyyata münasibətini təhlil ediblər.

Konfransda çıxış edən analitik Elxan Şahinoğlu “Sülh çeşməsi” əməliyyatı çərçivəsində ABŞ-ın Türkiyəyə təzyiqlərindən bəhs edib:

“Bildiyiniz kimi, ABŞ-ın vitse-prezidenti Mayk Pens və Dövlət katibi Mayk Pompeo Ankaraya gəlib. Rəsmilər səfərləri çərçivəsində yəqin ki, Türkiyəni əməliyyatdan çəkindirməyə çalışırlar.

Baxmayaraq ki, ABŞ və ya Prezident Donald Tramp Türkiyəni sanksiyalarla hədələyir, əslində, Tramp əməliyyatın əleyhinə deyil. Hətta Türkiyənin bu əməliyyatı Trampın maraqlarına cavab verir. Tramp prezident seçkilərindən əvvəl də demişdi ki, qoşunlarımızı hər yerdən, o cümlədən Suriyadan çıxarmalıyıq. Suriyaya qoşunları ABŞ-ın sabiq Prezidenti Barak Obama gətirmişdi. Ərdoğan da haqlı olaraq sual edirdi ki, ABŞ-ın Suriyada nə işi var? ABŞ ordusu PKK/YPG/PYD-ni Suriyada gücləndirərək, Türkiyəyə problem yaratdı. Tramp da bu yanlışlığı düzəltmək istəyir. Bununla bağlı açıqlamalar da verib. Hətta dünən Tramp belə bir cümlə işlətdi ki, PKK İŞİD-dən daha betərdir. Əgər ABŞ Prezidenti də belə deyirsə, deməli, Türkiyənin tam haqqı var ki, terrorçuları neytrallaşdırsın. Amma görürürk ki, ABŞ daxilində Trampa təzyiqlər artıb. Hətta Nümayəndələr Palatası belə qərar çıxarıb ki, Trampın ordunu çəkmək qərarı ləğv olunsun”.

E.Şahinoğlu Əsəd ordusunun ABŞ-ın Suriyadan çıxdığı əraziləri nəzarətə götürməsinə də münasibət bildirib:

“Məsələn, Menbiç Əsəd ordusu tərəfindən nəzarətə götürülüb. Menbiçdə radikal kürdlərin deyil, məhz Rusiya və ya Əsəd ordusuna bağlı qüvvələrin olması Türkiyənin xeyrinədir. Rusiya, Türkiyə, eləcə də Əsəd istəyirdi ki, ABŞ ordan çıxsın. Suriya buna Türkiyə sayəsində nail oldu. Əsəd buna görə Türkiyəyə minnətdar olmalıdır”.

Analitik oktyabrın 22-də Türkiyə və Rusiya prezidentlərinin Soçidə keçiriləcək görüşü ilə bağlı iki proqnozla çıxış edib:

“Birincisi, Türkiyənin bu əməliyyatı fonunda Ankara İdlib şəhərinin terroçulardan azad olunması əməliyyatına yaşıl işıq yandıra bilər. Çünki Rusiya və Əsəd ordusu neçə vaxtdır İdlibi terrorçulardan təmizləmək istəyir. Türkiyə isə orada silahlı müxalifətin və 3 milyondan çox əhalinin olmasına görə bu təkliflə razılaşmırdı. Çünki qaçqınlar yenə də Türkiyəyə üz tutacaqlar. Amma terrorçular orada silahlı müxalifəti sıxışdırdı.

İkincisi, Türkiyə ilə Suriya hökuməti arasında 8-9 il sonra danışıqlar bərpa olunacaq. 7-8 il əvvəl Suriyada bu hadisələr başlayanda Türkiyə Əsədlə əlaqələri kəsdi. Halbuki Ərdoğanla Əsəd ailəsi dost idi. Amma indi elə bir zaman yetişib ki, bu əlaqələri bərpa etməyə ehtiyac var. Əsəd indi Suriyada real gücdür. 5-6 il əvvəl Əsədin məğlub olacağı düşünülsə də, kənar qüvvələrin dəstəyi ilə hakimiyyətini gücləndirdi. Türkiyənin milli və təhlükəsizlik maraqlarını ön plana çəkdikdə ehtimal etmək olar ki, Əsədlə kontakt başlayacaq və bunda Rusiya vasitəçi olacaq. Düşünürəm ki, oktyabrın 22-də Soçidə keçiriləcək Ərdoğan-Putin görüşündə bu məsələ müzakirə olunacaq. Suriya ilə Türkiyə arasında əlaqələrin yenidən qurulması hər kəsin xeyrinədir. Rusiya, Türkiyə və Əsəd Suriyanın ərazi bütövlüyü məsələsində həmfikirdirsə, əlaqələrin bərpası mümkün ola bilər.

Dialoq ona görə yaxın müddətdə mümkün deyil ki, Ərdoğan vaxtilə Əsədi çox tənqid edib. Ola bilsin, Əsədlə Ərdoğan birbaşa görüşməsinlər, amma diplomatlar səviyyəsində əlaqələr yaradılacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm