Azərbaycan liderinin Zəngəzur mesajı və İrəvana ZƏRBƏ – 100 il sonra...
Bizi izləyin

Nida Təhlil

Azərbaycan liderinin Zəngəzur mesajı və İrəvana ZƏRBƏ – 100 il sonra...

Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında nasizm irsinin davam etdirilməsi və Ermənistanın Qaregin Njdenin timsalında faşistləri qəhrəmanlaşdırmasını gündəmə gətirməsindən sonra Rusiyanın Krasnodar diyarının Armavir şəhərində Ermənistanın milli qəhrəmanı, faşist Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi ilə bağlı petisiya hazırlanıb. Petisiyaya artıq rəsmi reaksiya da verilib.

Rusiya Dövlət Dumasının MDB üzrə komitəsinin sədri Leonid Kalaşnikov Armavir şəhərində ermənilərə məxsus kilsənin həyətinə qoyulan Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi üçün əlindən gələni edəcəyini bildirib. Qeyd edib ki, II Dünya müharibəsi zamanı həlak olan insanların abidəsinin yanına Qaragin Njdenin şəkilinin qoyulması onlara qarşı hörmətsizlikdir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da məsələyə münasibət bildirib.

Rusiya qanunlarına görə dövlət kilsə ərazisinə müdaxilə edə bilməz, lakin Qaregin Njde ilə bağlı rəsmi mövqeyimiz məlumdur”, - Zaxarova qeyd edib.

Keçmiş daşnak, Njde ləqəbli Qaregin Ter-Arutyunyan Üçüncü Reyxin əsas adamlarından olub və Nasistlər tərəfindən yaradılan Cəza legionlarından birinə rəhbərlik edib. 1942-ci ildə ermənilərdən ibarət yaratdığı cəza legionu ilə Ukraynada, Polşada yəhudilərə və digər millətlərə qarşı kütləvi qətliamlar törədib. Tarixi məlumatlara görə, bu legion təkcə Krımda 20 min insanı məhv edib. Rusiya Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. 1948-ci ildə Njde hərbi cinayətkar qismində həbs edilərək, 25 il həbs cəzası alıb və 1957-ci ildə Vladimir həbsxanasında ölüb. Q.Njde Zəngəzur və Dağlıq Qarabağda azərbaycanlıların kütləvi şəkildə öldürülməsində də aktiv iştirak edib.

Rusiyada Q.Njdeyə xatirə lövhəsi 2012-ci ildə Armavir şəhərində yerli erməni məbədinin ərazisində quraşdırılıb. Həmin vaxt şəhər əhalisi faşist Njdenin xatirə lövhəsinin götürülməsi haqda Armavir prokurorluğuna müraciət etsə də, nəticəsiz qaldı. Sakinlər hətta Rusiya Baş Prokurorluğuna da rəsmi müraciət etmişdilər.

2016-cı ildə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın iştirakı ilə İrəvanda Qaregin Njdenin 6 metrlik heykəlinin açılış mərasimi keçirildi. 2017-ci ildə Rusiya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi bununla bağlı rəsmi İrəvana sərt reaksiya verib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.

Lakin Ermənistan faşizmə qoyulan abidəni götürmək fikrində deyil, hətta post-sovet məkanında faktiki olaraq nasizm irsinin yaşadılmasına dəstək verir. Misal üçün, Rusiyada neonasizmi təbliğ edən Vladimir Şişkin “qaçqın” statusu ilə Ermənistana sığınıb və Qaregin Njdenin “şərəfli ömrü” haqqında kitab yazır. Sentyabrın 3-də V.Şışkin sosial şəbəkə hesabında Njdenin heykəli önündə çəkdirdiyi fotonu paylaşıb və belə yazıb: “Yəqin ki, böyük erməni dahisi haqda hər şey Ermənistan xalqına məlum deyil. Ümid edirəm ki, 3-5 gün ərzində onun haqqında kiçik kitabı bitirəcəm və rus dilində onun görkəmli həyatı, mübarizəsi, fəlsəfi və qəhrəman ölümü ilə tanış olacaqsınız”.

V.Şışkin Rusiyada neonasizm təbliğatına görə təqib olunduğunu və buna görə Ermənistanın ona sığınacaq verdiyini deyir. Göründüyü kimi, Ermənistan təkcə faşistləri qəhrəmanlaşdırmır, həm də neonasizmi müdafiə edir.

Prezident İlham Əliyevin Aşqabadda erməni baş nazirin də iştirak etdiyi iclasda Njde məsələsini gündəmə gətirməsi isə Ermənistan üçün ciddi zərbə oldu. Artıq Rusiyanın Njdenin “xatirəsinə” qarşı hərəkətə keçməsi Ermənistanda narahatlıq yaradıb.

“Lragir” saytı yazır ki, “Moskva Əliyevi təkrarlayır”. Saytın məqaləsində qeyd olunur ki, “Azərbaycan Prezidenti Aşqabadda Ermənistanın faşizmi qəhrəmanlaşdırılmasını gündəmə gətirdi, Rusiyada Qaregin Njdenin “xatirə lövhəsinin” sökülməsi ilə bağlı petisiya başlandı, Kalaşnikov buna nail olacaqlarına söz verdi, Rusiya Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirdi. Maraqlıdır ki, Aşqabad iclasından sonra İlham Əliyev Bakıda keçirilən Türk Şurasının zirvəsində Zəngəzur məsələsini gündəmə gətirdi”.

Əslində erməni mediasının məsələyə bu kontekstdə yanaşması təsadüfi deyil və proseslərin inkişafı Azərbaycan liderinin 2020-ci ilə hesablanmış manevrlərinə diqqət çəkir.

- Prezident Soçidə “Valday” klubunun iclasında çıxışı zamanı “Qarabağ Azərbaycanındır və nida” bəyanatını səsləndirdi;
- MDB dövlət başçılarının Aşqabad iclasında Ermənistanın faşistləri qəhrəmanlaşdırdığını bəyan etdi;
- Türk Şurasının Bakı zirvəsində erməni işğalında olan Zəngəzurun türk dünyasının coğrafi parçalanmasının əsas nöqtəsi olduğuna işarə vurdu;


Azərbaycan liderinin Soçidə erməni baş nazirin iddialarına cavab verdi, Aşqabadda hər kəsə Ermənistanın əslində kim olduğunu göstərdi, Bakıda isə türk dünyasının diqqətini coğrafi parçalanmanı aradan qaldırmaq üçün Zəngəzurun önəminə çəkdi. Burada 1920-ci illərdə Zəngəzurda azərbaycanlıları qətlə yetirən, II Dünya müharibəsi zamanı isə nasistlərlə əməkdaşlıq edən erməni faşist Njde açar nöqtədir. Beləliklə, Azərbaycan lideri Rusiya başda olmaqla post-sovet ölkələrinə “ortaq düşmən”i tanıtdırdı, ardınca türk dövlətlərinə türk dünyasının coğrafi birləşməsinin yolunun Zəngəzurdan keçdiyi mesajını verdi. Bütün bunların 1920-ci ildə Azərbaycanın qədim diyarı olan Zəngəzurun Ermənistana verilməsinin 100 illiyinə bir il qalmış – 2020-ci il – edilməsi Bakının qarşıda hədəflərini göstərir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm