İqtisadi müstəqillik, sosial rifah və güclü dövlət - Prezidentin yeni “Yol xəritəsi”
Bizi izləyin

Nida Təhlil

İqtisadi müstəqillik, sosial rifah və güclü dövlət - Prezidentin yeni “Yol xəritəsi”

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Heydər Əliyevin zamanında dediyi bu sözlər bu gün Azərbaycan iqtisadiyyatının inkişafında prioritet istiqamət təşkil edir. Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatlar da məhz buna hesablanıb: güclü iqtisadiyyat, yüksək rifah və dövlətin gələcəyinin öncədən təmin edilməsi.

Prezident İlham Əliyevin Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən səsləndirdiyi fikirlər dövlət başçısının Azərbaycanın dövlətinin gücləndirilməsi, Azərbaycan xalqının yüksək rifahının təmin edilməsi istiqamətindəki qətiyyətini bir daha nümayiş etdirdi.


Dayanıqlı iqtisadi inkişafın, ölkədə şəffaflığın, əlverişli biznes mühitinin təmin edilməsi, inkişafı əngəlləyən neqativ halların aradan qaldırılması. Prezidentin həyata keçirdiyi islahatların ana xətti budur.

Vergilər – dünya tarixində bütün dövlətlərin iqtisadi sütununu məhz bu, təşkil edib. Vergilər həm iqtisadi şəffaflıq, həm də sosial layihələrin həyata keçirilməsi üçün önəmlidir.

Təsadüfi deyil ki, bu il Vergilər Nazirliyinin plandan əlavə 350 milyon manatdan çox vəsait toplamasına diqqət çəkən dövlət başçısı da bunun şəffaflığın təzahürü olduğunu vurğulayıb.

Təbii ki, bu vəsait bizə bu il çox geniş və ciddi sosial paket icra etmək imkanı verdi. Deyə bilərəm ki, bu sosial təşəbbüsün analoqu bu günə qədər olmamışdır. Dörd milyon iki yüz min insan bu sosial təşəbbüsdən faydalanıb, minimum əməkhaqqı təxminən iki dəfə, minimum pensiya 70 faizdən çox artırılıb. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz MDB məkanında birinci yerdəyik, amma orta pensiyanın səviyyəsinə görə üçüncü yerdəyik. Yəni, bu, doğrudan da çox böyük sosial təşəbbüsdür. Əlbəttə, əgər bizim maliyyə imkanlarımız olmasaydı, biz bunu edə bilməzdik”, - deyə dövlət başçısı bəyan edib.

Prezident İlham Əliyevin bu sözləri 2019-cu il ərzində ard-arda həyata keçirilən sosial islahatları bir-bir xatırlamağı zəruri edir.

Birinci mərhələ: 12 min 200-dən çox şəhid ailəsinə 11 min manat ödəniş edildi; Şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata qədər artırıldı; Əfqanıstan müharibəsində həlak olanların ailələrinə verilən müavinətlərin 220 manatdan 300 manata qədər artırıldı; Minimum əmək haqqı 38 faiz artırıldı və 180 manat həcmində müəyyənləşdi; Minimum əmək pensiyaları 38 faiz artırıldı və 160 manata qaldırıldı; Çoxmənzilli binaların sənədləşdirilməsi probleminin həllinə start verildi; Tələbələrin təqaüdləri 14-25 faiz həcmində artırıldı; Problemli kreditlər məsələsi xalqın maraqlarına uyğun həll edildi;

İkinci mərhələ: Minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırıldı; Dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz artırıldı; Hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz artırıldı; Dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırıldı; Dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırıldı;

Bu addımlardan ümumilikdə 4 milyondan çox insan yararlanıb. Hazırda həyata keçirilən islahatlar üçüncü mərhələ hesab oluna bilər, dövlət başçısının fikirləri də bunu deməyə əsas verir.

Prezident İlham Əliyev bəyan etdi ki, bundan sonra iqtisadi inkişafın qeyri-neft sektorunun hesabına inkişafı əsas prioritetdir.

“Azərbaycan iqtisadiyyatının bundan sonra qeyri-neft sektoru hesabına inkişafı bizim əsas prioritetimizdir. Hələ ulu öndər Heydər Əliyev vaxtilə demişdir ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Bu, tam həqiqətdir və bu gün bizim siyasi müstəqilliyimizin təməlində iqtisadi müstəqillik dayanır. Mən bunu öz çıxışlarımda dəfələrlə demişəm. Əgər bizim iqtisadiyyatımız kənar dairələrdən asılı olsaydı, biz uğurlu siyasi kurs icra edə bilməzdik. Bizim siyasi müstəqilliyimizin, o cümlədən xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir. Mən Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə nail olmaq üçün çalışmışam, müvafiq göstərişlər vermişəm. Bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən siyasi baxımdan heç kimdən, heç bir ölkədən asılı deyil, prinsipial müstəqil siyasət aparır, o siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir. Azərbaycan xalqının maraqlarını, dövlət maraqlarını bütün beynəlxalq tribunalardan müdafiə etmək üçün əlbəttə ki, bizim iqtisadi imkanımız olmalıdır”, - dövlət başçısı deyir.

İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Prezident İlham Əliyevin bu sözləri qloballaşan dünyada milli dövlətlər üçün potensial təhlükələri və bu təhlükələrin dəf edilməsinin tezisini açır.

“Biz indi dünyada gedən proseslərə diqqətlə baxırıq və görürük ki, hansı ölkələr iqtisadi cəhətdən başqa ölkələrdən, yaxud da beynəlxalq maliyyə qurumlarından asılıdırsa, o ölkələr müstəqil siyasət apara bilməz, o ölkələr bir növ böyük ölkələrin girovuna, alətinə çevrilir. O ölkələrin hökumətlərini bəzi hallarda öz xalqına, öz milli maraqlarına görə istifadə etmək üçün onlara təzyiq edilir və onlar bu təzyiqə davam gətirə bilmir. Bizə də təzyiq göstərilir və mənim Prezident kimi fəaliyyətimin bütün dövrlərində göstərilən təzyiqlə üzləşmişik. Ancaq buna davam gətirə bilmişik, müqavimət göstərmişik, öz sözümüzü demişik və heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz. Nə üçün? İlk növbədə, biz xalqın dəstəyinə arxalanırıq. Son müddət ərzində keçirilən rəy sorğuları göstərir ki, bizim hökumətimizə ictimai dəstək nə qədər yüksəkdir. O cümlədən Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında, - mən bunu səsləndirdim, - hakimiyyətə olan inam baxımından biz dünya miqyasında ön sıralardayıq. Ona görə iqtisadi müstəqillik bizim üçün əsas vəzifə olaraq qalır. Buna nail olmaq üçün biz gələcək illərdə çox böyük səylər göstərməliyik”, - dövlət başçısı bəyan edir.

Və həyata keçirdiyi siyasətin ana xəttini açıqlayır: İqtisadi müstəqillik.

Müasir dünya nizamında iqtisadi müstəqillik dövlətin müstəqilliyi, xalqın firavanlığı və suverenliyin qorunmasıdır. Və nəhayət, gələcək nəsillərə güclü, firavan, müstəqil dövlətin ötürülməsi üçün əsas imkandır.

Məhz buna görə Prezident İlham Əliyev iqtisadi inkişafın yeni “Yol xəritəsi”ni cızır: Heç bir kənar gücdən asılı olmamaq və milli maraqlarımıza uyğun müstəqil siyasət apara bilmək üçün iqtisadi müstəqilliyin qorunub saxlanılması, inkişaf etdirilməsi;

Bunun üçün qeyri-neft sektorunun inkişafı, vergi şəffaflığının təmin edilməsi, biznes mühitinin yaxşılaşdırılması, eləcə də dayanıqlı inkişafı saxlamaq üçün bir sıra mühüm istiqamətlər prioritet elan edilir.

Prezident İlham Əliyevin dediyi kimi, hazırda Azərbaycanda postneft dövrü yaşanır və həyata keçirilən bütün islahatların hədəfi xalqın sosial rifahının yaxşılaşdırılması, dövlətin gücünün artırılmasıdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm