Bakının növbəti uğuru: Ermənistanın işğal siyasəti 120 ölkənin önündə ifşa olundu
Bizi izləyin

Nida Təhlil

Bakının növbəti uğuru: Ermənistanın işğal siyasəti 120 ölkənin önündə ifşa olundu

Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə hərəkatın sədrliyi Azərbaycana keçdi. Bu, Azərbaycanın 120 ölkənin təmsil olunduğu beynəlxalq struktura rəhbərlik etməsi və ölkəmizin nüfuzunun göstəricisi deməkdir.

Qoşulmama Hərəkatı bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis edilib. Təşkilat hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qeyri-iyerarxik xarakter daşıyan, idarəçiliyi rotasiya əsasında dəyişən təşkilatın hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Təşkilata üzv olan hər bir dövlət təşkilatın prinsiplərinə bağlılığını bildirməlidir. Təşkilata üzvlük prinsipləri hələ Təşkilatın təsis olunmasından əvvəl 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Konfrans zamanı qəbul edilmişdir. “Bandunq prinsipləri” aşağıdakılardır:

- BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etmək;

- Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək;

- Sayından asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq;

- Digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək;

- BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək;

- Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək;

- Digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək;

- BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək;

- Qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək;

- Ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək.

Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Hərəkat özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunub. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanıb. Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunub. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının Azərbaycan apardığı siyasəti verdiyi dəstək kimi qiymətləndirir.

XVIII Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq: “Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür”.

Prezident İlham Əliyevin zirvə görüşündə BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyacın olduğunu diqqətə çatdırması xüsusilə diqqət çəkir.

Azərbaycan lideri bununla yerinə yetirilməyən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini və ərazi bütövlüyümüzün bərpa edilməsinin vacibliyini vurğuladı.

“Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir”, deyən dövlət başçısı ikilistandartlara son qoyulması çağırışını etdi. Və Hərəkatın 120 üzv ölkəsinin diqqətini BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycan ərazisindən tam və qeyd-şərtsiz çıxarılamsı haqda 4 qətnaməsinin yerinə yetirilməməsinə yönəltdi.

“1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Təəssüf ki, həmin qətnamələr həyata keçirilməmişdir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir. Bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul etmişlər. Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatının indiyə qədər qəbul olunmuş sənədlərində münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə etdiklərinə görə üzv dövlətlərə təşəkkürümü bildirirəm”, - deyə Prezident vurğulayıb.

Azərbaycan Prezidenti diqqəti işğal olunmuş ərazilərdə erməni vandalizminə yönəldib: “Azərbaycanın işğal olunmuş ərazilərində bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılmış, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilmişdir. Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərdə Azərbaycan izini itirməyə çalışaraq bütün toponimləri erməniləşdirir. Ermənistan, həmçinin işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur. 2016-cı ilin aprel ayında Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində aralarında bir uşaq olmaqla altı azərbaycanlı mülki şəxs həlak olmuş, 26-sı yaralanmışdır, yüzlərlə ev dağıdılmışdır”.

Bu çıxışın məntiqi sonluğu olaraq Prezident İlham Əliyev bəyan edib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi, Hərəkata sədrliyin Azərbaycana keçməsi və zirvə görüşündə Prezident İlham Əliyevin 120 ölkənin diqqətini Ermənistan işğalına çəkməsi ölkəmizin daha bir diplomatik uğurudur.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm