Müsavatla AXCP-nin mitinq davası və siyasi səhnəciyin pərdəarxası
Bizi izləyin

Nida Təhlil

Müsavatla AXCP-nin mitinq davası və siyasi səhnəciyin pərdəarxası

Müsavat və AXCP yenidən “virtual müharibə”yə başladı. Artıq iki partiya arasındakı didişmələrin heç kimi təəccübləndirmədiyini desək yanılmarıq. Azərbaycan cəmiyyəti üçün Müsavat-AXCP davası illərdir davam edən və dodaqlara gülüş qonduran teatra çevrilib, “saqqallı uşaqların” davası kimi. Növbəti dava da mitinqə görə düşüb. Sonuncu dəfə partiyalararası toqquşma bu ilin aprelində yenə mitinqə görə olmuşdu. Müsavat Partiyası aprelin 7-nə mitinq təyin etdi, AXCP həmin tarixdən bir gün öncəyə - 6 aprelə. Beləcə sosial şəbəkədə didişdilər, toqquşdular, sakitləşdilər. İndi də analoji hal yaşanır. Müsavat noyabrın 10-na mitinq təyin edib, Əli Kərimli bu dəfə onları bir gün yox, düz bir həftə qabaqlayaraq, 2 noyabr tarixində mitinq etmək qərarına gəlib. Beləliklə, növbəti siyasi səhnəcik tamaşaçılara təqdim olunur.

Bu səhnəcik iki hissədən ibarətdir: Pərdənin önündə nümayiş olunan tamaşa və pərdəarxası.

Tamaşa başlandı: Müsavatçılar noyabrın 2-nə mitinq təyin edib, onları qabaqlayan Milli Şuranı, dolayısı ilə Əli Kərimlini separat fəaliyyətdə ittiham edirlər.

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Elman Quliyev yazır: “Milli Şura növbəti mitinq qərarı verdi, çox gözəl, uğurlar arzu edirəm.. Sadəcə bir neçə sual maraq doğurur məndə... Müsavat Partiyasının birlik təklifinə nəyə görə Milli Şuradan heç bir reaksiya verilmədi? “Sözdə birlik şüarları səsləndirənlər”, “Niyə birlikdə meydana çıxmırsız?”, “Siz harda idiniz mitinq günü?” deyib bizi qınayanlar, nəyə görə bu birlik təklifində Əli Kərimliyə, bir sual belə verməyə cəsarət etmədi?”.

Söhbət Müsavat başqanı Arif Hacılının müxalifətin birliyi çağırışı etməsindən və AXCP sədri Əli Kərimlinin bu çağırışa heç bir reaksiya vermədən, mitinq təyin etməsindən gedir.

Arif Hacılı oktyabrın 23-də müxalifətin birliyindən danışıb. O, müxalifətin birliyi mövzusunun yenidən aktuallaşdığını və partiya rəhbərlərindən, o cümlədən ondan siyasi qüvvələrin əməkdaşlığının tələb edildiyini iddia edərək, “Əli İnsanov, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, İlqar Məmmədov, Pənah Hüseyn, Mehman Əliyev, Hikmət Hacızadə” və başqalarının iştirakı ilə dəyirmi masanın keçirilməsini təklif edib. Bu təklifə yalnız Mehman Əliyev müsbət cavab verib, digərlərindən səs-soraq yoxdur. Əli Kərinli isə nəinki susdu, hətta bu təklifdən iki gün sonra – oktyabrın 25-də Müsavatın mitinqindən bir həftə öncəyə mitinq təyin etdi.

Müsavat GT-nin sədri Elman Quliyevin məlum postunun altında cəbhəçilərlə müsavatçıların sözün əsl mənasında “taranı” yaşanır.

AXCP Nəsimi şöbəsinin sədr müavini Fərid Əsədov “Müsavat birliyə illər öncə “Rus projesidir” deyə cavab vermədimi?” deyərək, müxalifətin 2013-cü il prezident seçkilərində məğlub olmasından sonra Milli Şurada yaşanan hadisələri, nəticədə Müsavatın şuradan çıxmasını xatırladıb.

E.Quliyev isə cavabında “O mövzulara girsək, inanın çox ziyanlı çıxarsınız. Arxiv sizin ziyanınıza olar” deyə cavab verib və bununla Milli Şuranın milli qüvvə olmadığına işarə vurub.

Müsavat Məclisinin üzvü Əlipənah Rzalı Əli Kərimlini müxalifəti parçalamaqda ittiham edib. Müsavat Partiyası Salyan rayon şöbəsinin sədri Nizami Osmanuşağı isə AXCP-nin onlara qarşı “köhnə dalğanı” davam etdirdiyini deyib.

Müsavat başqanının müavini, başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli isə “Milli Şura da mitinqi noyabrın 10-na təyin edə bilərdi. Amma yox, onlar ki, hamıdan artıqdırlar, qoy qabağa düşsünlər” deyə yazıb. Cəbhəçilər M.Hacıbəylini bu sözlərinə görə təhqir ediblər. O cümlədən, Müsavatı satılmaqda, Əli Kərimliyə qarşı çıxmaqda ittiham ediblər. Cəbhəçilərlə müsavatçıların davasını “bariqa”, “satqın”, “təxribatçı”, hətta etnik separatizm ittihamları bəzəyir. Keçmişə yenidən qayıdaraq, 2003-cü ildə kimin kimi satdığı, 2013-cü ildə kimin kimə “atdığı” mübahisələri “göz oxşayır”.

Müsavat Partiyasının Məclis üzvü Vaqif Davud “2013 -cü il prezident seçkilərində Əli Kərimli nə üçün İsa Qəmbəri müdafiə etmədi? Siyasi alverçilərin iddiasına görə, Müsavat KXCP-ni tərfdaş seçdiyindən eləmi? Əsla yox! 2000-ci il parlament seçkilərində iqtidar Əli Kərimli daha iki tərəfdarını parlamentə buraxdı. 2003-cü il prezident seçkilərində Əli Kərimli mandatla mükafatlandırmanın bədəlini ödəməli idi və ödədi də! Son ana qədər Etibar Məmmədovun İsa Qəmbərə güzəştə getməsinə qarşı əlindən gələni etdi” deyə yazıb.

Bu qarşıdurma Müsavat üzvü Tofiq Yaqublunun cəbhəçilər tərəfindən Milli Şura üzvü kimi təqdim edilməsi ilə bağlı da aparılıb.

Müsavat Məclisinin üzvü Saday Hacılı “Tofiq bəyə Milli Şura yazan AXCP-dəki dostlar, Tofiq Yaqublunun MŞ sədri olmasınada razı olsunlar!” deyə cəbhəçilərə söz atıb.

Arif Hacılının müavini Osman Kazımovun Qənimət Zahid haqqında yazdıqları isə qarşıdurmanı daha da qızışdırıb.

Çox təəssüf Qənimət Zahid! Çox təəssüf ki, verilişlərini Müsavat Partiyasının və onun başqanının nüfuzdan salınması, təhqir olunması, aşağılanması üçün rupora çevirmisən... Ramiz Yunuslara, kanalına çıxartdığın digər şəxslərə Müsavatı, onun başqanını təhqir etməyə şərait yaradır, sifətinə müdrikcəsinə ifadə verib, “müdrikcəsinə” susub imkan verirsən... İmkan verirsən ki, danışın, döşəyin Müsavata... Kim bilməsə də sən yaxşı bilirsən ki, Arif Hacılı bu müxalifətin birliyi müraciətini etməzdən çox-çox əvvəl Əli Kərimli ilə görüşüb, əməkdaşlıq barədə danışıq aparıb, təkliflər verib, heç bir şərt irəli sürməyib. O vaxt hələ bəhanələr gətirdiyiniz Əli İnsanov həbsdə idi. Kim bilməsə də sən yaxşı bilirsən ki, Müsavat Partiyasının divanı AXCP ilə əməkdaşlıq barədə danışıq aparılması üçün qərar qəbul edib, Əli Kərimli ilə danışıq aparmaq üçün Tofiq Yaqubluya səlahiyyət verib və Tofiq Yaqublu Əli bəylə görüşüb. Nəticəsiz qalıb. Onda da hələ indi bəhanə etdiyiniz Əli İnsanov və İlqar Məmmədov yox idi. Qurban Məmmədov hələ sizlərlə dost olanda, Milli Şuranın üzvü olanda Müsavat Partiyasının qərargahına gəlmişdi, danışıq aparmaq istəyirdi. Və heç bir ilkin şərt olmadan Arif Hacılı etiraz etmədi, qəbul etdi. Qurban Məmmədov Əli Kərimli ilə danışığa getdi və bir daha dönmədi. Azacıq vicdanı varsa, Qurban Məmmədov danışsın bu olayı. Desin ki, mən yalan deyirəm. Həmin vaxt da Əli İnsanov yox idi hələ... Düşün Müsavatın yaxasından”, - O.Kazımov yazıb.

O.Kazımov Tofiq Yaqublunun Müsavat Məclisinə seçilməməsinin günahının da cəbhəçilər olduğunu vurğulayıb: “Qənimət bəy, Tofiq Yaqublunu da məclisə namizədliyində siz uduzdurdunuz. Sən, Sevinc Osmanqızı... Səs verəcək müsavatçıların başının üstündən “ümumxalq” -Brejnev səsvermələri keçirərkən düşünməli idiniz ki, Tofiq Yaqublunun seçiciləri sizlər deyil, müsavatçılardır. Onları aşağılayıb da seçki udmaq olmaz. Zatən sizlərin mərəzi heç də Tofiq Yaqublunun udması deyildi. Müsavat Partiyasının daxilində gərginlik yaratmaq idi. Əgər elə deyilsə, Tofiq Yaqublu sizin üçün böyük dəyərdisə, Milli Şuraya sədr seçin. Ortada Arif Hacılı nümunəsi var. Tofiq Yaqublu həbsdə olanda Arif bəy onu müavin təyin etdi. Siz də edin. Yox, dərdiniz başqadır, Müsavatda gərginlik yaratmaq, cəmiyyətə parçalanmış Müsavat təqdim etmək. Necə ki, 20-ci əsrdə Sülhəddin Əkbəri hakimiyyətin adamı elan edib Müsavatı qılınclayırdınız, amma Sülhəddin Əkbər Müsavatdan gedən kimi sizlərin şərəf yerinə çevrildi, qəzetinizin səhifəsindən düşmürdü. Necə ki, Qubad İbadoğlunu Müsavatda olanda az qala xalq düşməni elan etmişdiniz, yenə Müsavatdan gedən kimi, göz muncuğunuza çevrildi. Amma biz AXCP daxilində gedən heç bir prosesə qarışmadıq. Fürsətçillik edib baltalamadıq. Sahib Kərimli olayında susduq. Razi Nurullayev məsələsində yanınızda olduq. 20-ci əsrdə necə idinsə, 21-ci əsrdədə elə qalmısan, Qənimət bəy. Bir əsrdir Müsavata qarşı mübarizə aparırsınız. Sıravi cəbhəçilərin canı, qanı, zülmü, məhrumiyyətləri, inanılmaz fədakarlıqları hesabına qazanılan dividentləri də Milli Şura adlı amorf bir qurumun adına bağlamayın. Yoxdur belə bir qurum. Bu günahdır. O fədakar cəbhəçi qardaşlarımızın qarşısında günahdır”.

O.Kazımov Q.Zahidə xitabən “Qarabağ işğalda, Rusiya işğal edib, İran kömək edib ermənilərə. Fikrim çatdı yəqin” deməklə Əli Kərimlinin əməkdaşlıq etdiyi qüvvələrə işarə vurub.

Onun bu ittihamlarından sonra cəbhəçilər hücuma keçib. AXCP-nin mətbuat katibi, hazırda Avropada yaşayan Natiq Adilov “Osman bəy, siz son zamanlar status yazıb silmək üzrə rekord qıranlardansınız” deyə qarşı tərəfə cavab verib və öz adının statusdan silinməsini tələb edib.

Hazırda dava davam edir və mitinq öncəsi daha da qızışacağı gözləniləndir. Hərçənd, AXCP və Müsavatın niyə mitinq keçirdiyi və bunu niyə ayrı-ayrılıqda keçirdiyi sualı diqqət çəkir.

Təcrübəyə əsasən, mitinqlər sosial sifarişin olduğu vaxt keçirilir və yenə təcrübə göstərir ki, Azərbaycanda cəmiyyətin belə bir sifarişi yoxdur. İndiyə qədər keçirilən mitinqlər, hətta 19 oktyabr qanunsuz aksiyası bunu yenidən təsdiqlədi. Müxalifət platformalarında keçirilən rəy sorğuları da ölkədə insanların aksiyalara dəstək vermədiyini, seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevi dəstəklədiyini göstərir. Bunun fonunda müxalifətin mitinq qərarları cəmiyyətin dodaqlarına gülüş qonduran bu tamaşaların pərdəarxasını önə çıxarır. Müsavat GT-nin sədri Elman Quliyevin sözlərinə görə, Arif Hacılı 19 oktyabr aksiyasını birgə təşkil etməklə bağlı Əli Kərimliyə təklif aparıb, qarşı tərəf isə “küçə iğtişaşını” təkbaşına törətməkdə israrlı olub. Bu detal da tamaşanın səhnə arxasında baş verənlərə nəzər salmağı zəruri edir.

Əli Kərimli 19 oktyabrda qanunsuz aksiyaya cəhd etdi və cəmi 150 nəfərlik tərəfdarı ilə Azərbaycana yenidən 90-cı illərin qarşıdurma mühitini gətirmək niyyətini nümayiş etdirdi. Məhz buna görə cəmiyyətin dəstəyindən məhrum oldu. Hərçənd, indi məlum olur ki, Arif Hacılı Kərimliyə bu qanunsuz aksiyanı birgə təşkil etməyi təklif edib.

- Aksiyada daha çox iştirakçının olması baxımından Kərimli Hacılının təklifi ilə razılaşmalı idi, nədən imtina edib?
- Müsavat 2014-cü ildən sonra yollarını ayırdığı AXCP-yə 5 il sonra niyə yaxınlaşmaq istəyib?


Bu məqamlar proseslərdən boylanan şübhəli məqamları qabardır və cəmiyyətdən gəlməyən “sifarişin” haradan gəldiyi sualını önə çıxarır. Bunu anlamaq üçün hadisələrin inkişafına baxmaq lazımdır.

Müsavat Məclisi 19 oktyabrda günün birinci yarısı noyabrın 10-da mitinq keçirmək qərarını verdi. Günün ikinci yarısında Əli Kərimli paytaxt küçələrində iğtişaş törədəcəkdi. Görünür, Müsavat bu iğtişaşı birgə törətmək təklifinin Kərimli tərəfindən geri çevrilməsindən sonra təkbaşına hərəkət etmək qərarına gəlib. 19 oktyabrda qanunsuz aksiyaya cəhdən 4 gün sonra – oktyabrın 23-də Arif Hacılı “müxalifətin birliyi” təklifini irəli sürdü, lakin onun çağırışı cavabsız qaldı. Əvəzində Əli Kərimli bu çağırışdan iki gün sonra – oktyabrın 25-də noyabrın 2-nə mitinq təyin etdi və Müsavatı bir həftə öncə qabaqladı. Yeri gəlmişkən, noyabrın 2-də Müsavat Məclisinin iclası keçiriləcək. Görünən budur ki, AXCP və Müsavat köhnə mərəz olan “müxalifətdə birincilik” oyununu davam etdirir və son proseslər fonunda bu davanın daxili və xarici amilləri var.

Oktyabrın 13-də Müsavat Partiyasının IX qurultayı keçirildi və etirazlara rəğmən, Arif Hacılı İsa Qəmbərin dəstəyi ilə ikinci dönəm başqan seçildi. Partiya daxilində opponentlərinin Hacılıya qarşı əsas ittihamı “partiyanın aktiv olmaması, zəifləməsi” ilə bağlı idi. Arif Hacılının bir həftə sonra – oktyabrın 19-da mitinq təyin etməklə “aktiv mərhələyə” keçid etdiyi görünür. Lakin onun mitinq qərarından öncə Əli Kərimliyə “birgə hərəkət etmək” təklifi etməsi təsadüfi deyil. Mümkündür ki, Hacılı “birgə hərəkət” etməklə Əli Kərimlinin Tofiq Yaqublu üzərindən Müsavata qarşı “parçala və hökm et” gedişlərini neytrallaşdırmaq istəyib. Müsavatçıların cəbhəçilərə qarşı irəli sürdüyü məlum ittihamlar da bu ehtimalı gücləndirir. Hərçənd, burada Hacılının müxalifətin yeni “birləşdirici fiquru” olmaq istəyi də müşahidə olunur. Onun “birgə hərəkət” təklifinin qəbul edilməməsinə baxmayaraq, birliklə bağlı dəyirmi masa təklifi də buna hesablanıb. Lakin Əli Kərimlinin ayrı oynamaq istəyi açıq görünür. 19 oktyabrda qanunsuz aksiyaya cəhdlə onun “müxalifətin əsas lideri” obrazını formalaşdırmağa cəhd etməsi də, ardınca Müsavatın mitinqindən bir həftə öncəyə mitinq təyin etəsi də bunu göstərir.

Bütün bunlar mitinq qərarlarının arxasında “birincilik” savaşının dayandığını və gerçək niyyətin heç də “demokratiya, söz azadlığı”, yaxud, iddia etdikləri “sosial problemlərin” olmadığını təsdiqləyir. Və burada kənar təsirlər də önə çıxır.

Sual yaranır: sosial sifariş olmadığı halda bu qüvvələr niyə israrla mitinq keçirmək istəyir, bir-biri ilə nəyin davasını aparır və “birincilik” obrazını kim(lər)in gözündə yaratmaq niyyətindədirlər?

Bu sual diqqəti xarici amillərə yönəldir. Görünür, ölkədə sosial sifarişin olmadığı halda mitinq keçirilməsi xarici sifarişlərin nəticəsidir. Bu qüvvələr də əslində xarici sifarişlərin yerinə yetirilməsinə görə əldə olunacaq maddi və siyasi dividentlərin bölünməsi uğrunda “müharibə” aparır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm