Bakıda “qanlı” ssenarilərin müəllifləri və “siyasi mühəndislik” oyunu
Bizi izləyin

Nida Təhlil

Bakıda “qanlı” ssenarilərin müəllifləri və “siyasi mühəndislik” oyunu

“19 mart mitinqinə cəhd” sübut etdi ki, Azərbaycan xalqı bizim, yəni Milli Şuranın təklif etdiyi razılaşdırılmış mitinqlərə inanır, bunu istəyir”.

Bu sözləri AXCP sədri Əli Kərimli cəmi bir neçə ay öncə deyirdi. İndi dəyişən nədir, xüsusilə müxalifətin son 10 illik fəaliyyətində keçirilən mitinq, yaxud aksiyaların adətən icazəli olması fonunda 19 oktyabrda qanunsuz aksiyaya cəhd olunması, eyni cəhdin noyabrın 2-də də planlaşdırılması şübhəli suallar yaradır.

Əli Kərimli arqument gətirir ki, mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təklif etdiyi şəhərətrafı məkan – Lökbatan uzaqdır və onlar “mərkəzi meydanlar” istəyir. Səbəb budurmu?

Milli Şura bilir ki, BŞİH-nin mərkəzi küçələrdə, xüsusilə strateji obyektlərin yerləşdiyi və əhalinin sıx hərəkətinin olduğu ərazilərdə yer ayırmaması “Sərbəst toplaşma azadlığı haqqında” qanuna uyğundur. (7-ci maddəyə bax). Bununla yanaşı, meriya mitinqə “yox” demir və yenə eyni qanuna uyğun olaraq yer ayırır. Müxalifətin bundan imtina etməsi və qanunsuz aksiya cəhdi qanunun pozulmasıdır. Bununla yanaşı, “meydan” istəyib cəmi bir neçə yüz iştirakçı ilə paytaxt küçələrində qaçdı-qovdu oynamaları da onların “siyasi karyerasını” uçuruma yuvarladı.

O zaman niyə onlar qanunsuz aksiyaya gedir və qanunu pozaraq, qarşıdurma yaradırlar?

Məlumdur, mərkəzi küçələrdə aksiya keçirmək ərazidən keçən digər vətəndaşların da “iştirakçı” kimi göstərilməsinə, Lökbatan getməməklə “azsaylı elektorat”ın növbəti dəfə ifşa olunmasının önünü almağa imkan verə bilər. Hərçənd, proseslərin inkişafı diqqəti başqa nəsnələrə yönəldir və illərdir “icazəli aksiyanın” tərəfdarı kimi çıxış edən Əli Kərimlinin niyə qəfil U dönüşü etməsini yenidən aktuallaşdırır.

Məsələ, həqiqətənmi Əli Kərimlinin dediyi “sərbəst toplaşmaq azadlığı” qədər bəsitdir?!

19 oktyabrda qanunsuz aksiyaya cəhd və sonra olanlara diqqət edək: Qərb strukturları “Azərbaycanda insan haqları pozulması” haqda bəyanatlar verdi, beynəlxalq KİV-lər bu haqa yazdılar.

İnsan azadlığının fundamental prinsipləri sosial müdafiə, əmək, təhsil, tibbi yardım hüquqları, qadın bərabərliyi, söz, mətbuat azadlığı və sərbəst toplaşmaq azadlığı və sairdən ibarətdir. Azərbaycanda bu azadlıqlar pozulurmu? Sosial müdafiə təmin olunur, təkcə 2019-cu il ərzində dövlətin sosial rifahın yaxşılaşdırılması istiqamətində irihəcmli addımları qeydə alındı. Hər kəsin təhsil, tibbi yardım almaq, işləmək hüququ var, gender bərabərliyi hökumət strukturlarının iliyinə qədər işləyib. Sosial şəbəkələrdə söz azadlığı hüququndan hətta söyüş və təhqir elementləri ilə istifadə edən insanlarımızın olduğu fonunda bu azadlığın pozulmasının müzakirəyə belə ehtiyacı yoxdur. Prezidentin mart ayında “böyük əfvi” ilə adı hüquq müdafiəçilərinin siyahısına düşmüş 50-ə yaxın məhbus da vaxtından əvvəl azadlığa buraxıldı. Və nəhayət, “sərbəst toplaşmaq azadlığı”: müxalifətin mitinq həvəskarı olan kəsiminin bütün tələbləri təmin olunur, müvafiq yer ayrılır, təhlükəsizlik qorunur. Milli Şuranın 19 oktyabr aksiyası ilə bağlı müraciəti də qanunvericiliyə uyğun təmin olunub, 2 noyabr tarixinə təyin etdiyi mitinqə də icazə verildi, müvafiq yer ayrıldı.

Bu mənzərə fonunda qarşı cəbhənin (bu, daxildə və xaricdə olmaqla çoxşaxəli cəbhə kimi görünür) arqumentləri tükənir və belə bir vaxtda illərdir icazəsiz aksiyaya qarşı çıxan, buna cəhd edənləri tənqid edən Əli Kərimli U dönüşü ilə paytaxt küçələrində qaçdı-qovdu səhnəciyi düzəldir.

Və hadisələrin inkişafı göstərir ki, Azərbaycana qarşı “siyasi mühəndislik” nəzəriyyəsini tətbiq etməyə çalışırlar.

Sosial mühəndislik termininin törəməsi olan “siyasi mühəndislik” ifadəsinə politologiya elmində nadir hallarda rast gəlmək olar və daha çox praktiki siyasətdə istifadə olunur, hədəfə çatmaq üçün yalan və manipulyasiyadan istifadə etməkdir. Yəni arqument əldə etmək üçün yeni problemlər “ixtira” olunur.

Əli Kərimlinin qanunsuz aksiya cəhdləri məhz bu “ixtira” prosesinin tərkib hissəsidir. Asayiş keşişçilərinin ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə qanunsuz aksiyanın qarşısını alacağını bilə-bilə qarşıdurmaya getdilər və “Azərbaycanda insan haqları pozulur” görüntüsü yaradıldı. Noyabrın 2-də Milli Şuranın yenə metronun 28 May stansiyasının qarşısında hazırlaşdığı aksiya prosesin ikinci mərhələsidir. Sosial şəbəkələrdə “mitinqə bıçaqla gəlin”, “bir iki polisi bıçaqlasanız, digərlərinin gözü qorxacaq”, “molotov kokteyli” tipli açıq çağırışların edilməsi bu dəfə qarşıdurmanın “qanlı” olmasına hazırlığın getdiyi ehtimalını gücləndirir.

Bu, “qanlı” planların müəllifləri kim(lər)dir?

Əli Kərimlinin siyasi karyerası onun həmişə olduğu kimi bu dəfə də icraçı olduğunu göstərir və yenə həmişə olduğu kimi o, siyasi hakimiyyətə yüksəlmək naminə istənilən cəbhə ilə əməkdaşlığa hazır vəziyyətdədir. Müəllifləri görmək üçün baş verənlərin nəticəsindən kimin qazandığına baxmaq lazımdır:

1. Azərbaycanın milli siyasətindən narahat olan bölgədəki bəlli dairələr;
2. Qərb strukturlarına bu və ya digər formada sızmış anti-Azərbaycan dairələri;
3. Və təbii ki, Azərbaycanda ictimai-siyasi xaosun baş verməsində maraqlı olan və gecə-gündüz bu istiqamətdə çalışan işğalçı Ermənistan/erməni diasporu/erməni lobbisi;


Ermənistanın Azərbaycanın daxili siyasi proseslərinə müdaxilə ehtimalı zəif görünə bilər, hərçənd, bu haqda kifayət qədər informasiya mövcuddur. Lakin söhbət birbaşa müdaxilədən getmir, ABŞ Nümayəndələr Palatasının “erməni soyqırımı”nı qəbul edən qətnamənin qəbul etməsi də bunun ən bariz nümunəsidir. Qətnaməni erməni lobbisinin fəal üzvləri, Kaliforniya və Floridadan olan konqresmenlər Adam Şiff və Qus Bilirakisdir. Bu qərarın Türkiyənin Suriyada addımlarına təzyiq xarakteri daşıdığı məlumdur, eyni zamanda, burada erməni diasporunun ABŞ-ın daxili siyasətinə açıq müdaxiləsi var. Bu fakt göstərir ki, Ermənistan/erməni diasporu və lobbisinin Azərbaycanın daxili siyasətinə müdaxiləsi ehtimalı təsadüfən ortaya çıxmır.

Məsələ heç də o deyil ki, Bakıda “qanlı” iğtişaş planının icraçıları birbaşa İrəvanla təmasdadırlar. Xeyr, məsələ bu icraçıların təmasda olduğu xaricdəki dairələrə erməni diasporu/lobbisinin təsiri, yaxud birbaşa nəzarətidir. Və burada Ermənistan mediasının “aprel müharibəsi”ndən bir neçə gün sonra tarixi etirafı yenidən yada düşür: “Ermənistanda hakimiyyət artıq çoxdandır ölkənin təhlükəsizliyi məsələsini diasporun çiyinlərinə yükləyib. Diaspor Azərbaycana qarşı demokratiya çağırışları ilə dünyanın diqqətini bura cəlb edəcək və rəsmi Bakının qollarını qandallayacaqdılar. Bizə söz verdilər ki, Bakıya qarşı ən sərt sanksiyalar tətbiq olunacaq”.

(Bax: 1. Azərbaycana qarşı çoxcəbhəli hücum və “osminoq”un Bakıya uzanan qolları , 2. Qarabağ masasından Bakı küçələrinə qədər…–Qlobal mafiyanın Azərbaycana qarşı oyunu).

Azərbaycana qarşı “siyasi mühəndislik” nəzəriyyəsinə əsaslanan planın işə salınmasının səbəbi buradan qaynaqlanır:

Əgər “demokratiya çağırışları” və anti-demokrat Azərbaycan imicinin yaradılması üçün səbəb yoxdursa, bu səbəbləri yaradın.

Beləliklə, siyasi hakimiyyət eşqi uğrunda təsəvvüredilməz oyunlara getməsi ilə məşhur olan Əli Kərimli U dönüşü edir və qanunsuz aksiyaya başlayır.

Niyə indi?

- Vyanada sonuncu Qarabağ görüşü işğalçı üçün iflasla nəticələndi;
- Ermənistanın separatçılara danışıqlar masasına tərəf kimi gətirməsi baş tutmadı;
- Nikol Paşinyanın “Miatsum” iddiaları beynəlxalq ictimaiyyət tərəfindən danışıqların pozulması kimi qəbul olundu;
- “Qarabağ Ermənistanındır və nöqtə” iddiasını Azərbaycan lideri “Qarabağ Azərbaycanındır və nida” bəyanatı ilə alt-üst etdi və bu iddia Ermənistanın əleyhinə çevrildi;
- Ermənistanın bütün dünyanın qarşı çıxdığı faşizm ideologiyasını təbliğ etdiyi, hətta bu ideologiyanı inkişaf etdirdiyi ifşa olundu;
- Türk Şurasının Bakı zirvəsində Azərbaycan Prezidenti diqqəti erməni işğalındakı Zəngəzura yönəltdi və türk dünyasını işğalçı ölkəyə qarşı birləşməyə çağırdı;
- Qoşulmama Hərəkatının Bakı zirvəsində dünyanın 120 ölkəsi Ermənistanı rəsmən işğalçı ölkə olaraq tanıdılar;


Bu hadisələrin hər birinin detalları daha dərin proseslərin getdiyini və Azərbaycanın diplomatik manevrləri ilə işğalçı ölkəni çıxılmaz vəziyyətə saldığını göstərir.

Belə bir vaxtda Bakı küçələrində iğtişaşın yaradılması, asayiş keşikçiləri ilə qarşıdurmaya gedilməsi ermənilərin etiraf etdiyi “Azərbaycana qarşı demokratiya çağırışları ilə dünyanın diqqətini bura cəlb etmək və rəsmi Bakının qollarını qandallamaq” planına xidmət etmirmi?!

Bu gün Bakı vaxtı ilə axşam saatlarında Vaşinqtonda Milli Mətbuat Mərkəzində Azərbaycanla bağlı brifinq keçiriləcək. Brifinqdə ABŞ-da olan Milli Şura sədri Cəmil Həsənli, Amnesty İnternational təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Daniel Balson və Əli Kərimlinin əsas təbliğatçılarından olan Sevinc Osmanqızı iştirak edəcək. Brifinqin əsas təşkilatçısı ABŞ-da yaşayan Ramis Yunusdur.

Bu fakt, xüsusilə Ramis Yunusun ermənilərlə bağlılığı, Azərbaycanda işlədiyi vaxtlar İrəvana informasiya sızdırması haqda məlumatlar, o cümlədən, “Amnesty İnternational”ın erməni lobbisi ilə yaxınlığı Bakıda “qanlı” planın müəlliflərinin kim(lər) olduğunu göstərir.

- Əli Kərimli qanunsuz aksiyalarla problem “ixtira” edir və Azərbaycana qarşı “demokratiya çağırışlarına” səbəb yaradır. Plan belədir.

Vaşinqtonda brifinqə hazırlaşan Cəmil Həsənlinin bir neçə saat öncə mitinqin təxirə salınması ilə bağlı çağırışı isə qanunsuz aksiya sifarişinin xaricdən gəldiyini təsdiqlədi.

6-7 saat sonra Vaşinqtonda brifinq keçirməyə hazırlaşdığını yazan C.Həsənli çağırış edir: “Qəti əminəm ki, 2 noyabr mitinqini bir müddət təxirə salsaq, xalqımızla və beynəlxalq aləmlə işi gücləndirsək, bir müddətdən sonra meydanlara daha möhtəşəm şəkildə qayıdacağıq”.

Vaşinqtonda olan birinin Bakıda mitinqi təcili şəkildə təxirə salması təəccüblü deyil. Sifarişçilər gözləməyi məsləhət görürlər və bütün bu proseslərdə Ramis Yunus faktoru yolların hara apardığını anlamağa imkan verir. Lakin C.Həsənlinin çağırışı təsdiqləyir ki, Azərbaycana qarşı ciddi hücum hazırlanır və məsələ “xalq və azadlıq deyil”, Bakının qollarının qandallanmasıdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm