Vəzifəsini itirənlərin bu sabotajları... - Zahid Oruc AÇIQLADI
Bizi izləyin

Nida Təhlil

Vəzifəsini itirənlərin bu sabotajları... - Zahid Oruc AÇIQLADI

Publika.az Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Orucun Axar.az-a müsahibəsini təqdim edir:

- II hissə BURADA

- Əli Kərimli iddia edir ki, xalq onların yanındadır...

- Əli Kərimli aksiyalar zamanı öz evindən çıxanda yanında xalq kütləsi mövcud idimi? Bunların sayı onminlərlə və ya minlərlə idimi? Qətiyyən! Təxminən burada 8-10 nəfər vardı. Mən adla danışmağa məcburam. Bunlardan da biri Tofiq Yaqublu idi. Onun yanındakı bir-iki nəfər qolundan çıxarılandan sonra bu adam təkliyi tam görmüş oldu. Siz təsəvvür edin ki, orada yüz min adam var. Təbii ki, istənilən hakimiyyət bu qüvvələrlə hesablaşardı və deyərdi ki, mənim qüsurlarım var, ona görə də cəmiyyətdən gələn siqnallarla onu düzəltməliyik.

Sizə bunu bir tədqiqat mərkəzinin rəhbəri kimi bütün məsuliyyətimlə deyirəm ki, Əli Kərimli heç bir fiziki zorakılığa məruz qalmayıb. Onun avtobusda döyülməsi, hansısa kabinetə aparılaraq zirzəmi şəraitində döyülməsiylə bağlı dedikləri absurd və cəfəngiyatdır. Əgər o dediyi kimi, özünü Xocalı soyqırımı qurbanları kimi hiss edibsə, o zaman əli, ayağı şikəst, məhv edilmiş insanlarla Əli Kərimlini yanaşı qoyun və görün nə qədər uyğundur.

Xüsusi kamera qurğuları olsa, Əli Kərimlinin mənzərəsini ortaya çıxarmaq olardı. Onun özünün mitinq üçün təyin etdiyi meydandan polis idarəsinə gətirilməsi cəmi 17 dəqiqə vaxt aparıb. Ondan sonra isə onun müayinəsi ilə bağlı addımlar atılıb. Həmin mənzərə, ona verilən tribuna, ekranda tökülən göz yaşları... - bunlar hamısı xüsusi səhnələrdir.

- Siz dəyişikliklər getdiyini deyirsiniz. Sizcə, bizim ictimaiyyət dinc dəyişikliklərdə nə dərəcədə maraqlı və həvəslidir?

- İstənilən milli qüvvə səngər, yaylım atəşləri, virtual məkan, siyasi ekstremizm nümunələri və Taliban təfəkkürü yerinə daha çox islahatçılıqda, daha çox kompromisdə, daha çox münasibətlərin normal qurulmasında maraqlı olmalıdır. Bilirsiniz, ayrı-ayrı adamların başındakı Bağdadi ölüb, amma ümumilikdə bağdadilik yaşayır. Bizdə də bir çoxlarının qafasında dövlət rəhbəri əleyhinə yönələn məlum təhqir seli var ki, bununla dövləti aşındıracağını, dövləti xalqın gözündən salacağını və bunun üzərində də siyasi fəaliyyətini quracağını düşünür. Bu sinxronluq hakimiyyətin öz proqramını yerinə yetirməyə mane olmaq cəhdidir.

İkincisi, bu sabotajlar bəlkə də iqtidardan narazı düşən, özü də böyük pul kütləsinə sahib olan adamların - hansı ki, onlar özlərini qorumaq istəyirlər - qoruyucu zireh əldə etməyə çalışmasıdır. Bu bir sirr deyil ki, dünyada da belədir. Belə ki, hakimiyyətdən ən çirkli kadr kimi vurulan şəxsin müxalifət “reabilitasiya mərkəzinə” çevrilir. Vaxtilə Rəsul Quliyevin timsalında bu işləyib. Adamı spiker olanda amansız ittihamlarla tənqid və təhqir edirdilər. Bu şəxs ABŞ-a gedən kimi bir nömrəli demokratik şəxsə çevrildi. Bu necə ola bilər? Demokratlığın həqiqətən də belə xüsusi bir məktəbimi var?

Mənim aləmimdə Azərbaycan dövlətinin liderinin həyata keçirdiyi tədbirlər bütövlükdə vətəndaşlarımızın maraqlarına cavab verir, həmin qüvvələrinsə fəaliyyəti müəyyən paytaxtların Azərbaycan üzərində qurduqları zəiflətmə planının tərkib hissəsidir. Ən dəhşətlisi odur ki, hələ də ayrı-ayrı partiya rəhbərləri Paşinyanla eyni tutumda, eyni səkidə görünürlər. Bunlar hələ fərqində deyillər ki, Azərbaycan ərazilərinin mühüm bir hissəsini ələ keçirən ölkə ilə paralellər aparırlar. Ancaq mən sizə deyirəm ki, dəyişikliklərin uğurlu olduğu ölkələr də var. Dəyişikliklərin belə bir modeli varmı? Bəli, var. Gürcüstanda Saakaşvilinin gəlişi o ölkənin xeyrinə işlədi. Bunu kim inkar edə bilər ki? Lakin sonra nə baş verdi? İnqilabın ən başlıca məqsədi böyük pul kütləsinə sahib olan şəxsin hakimiyyətdən kənarlaşdırılması idi. Amma 2012-ci ildən bu yana İvanişvilinin kölgəsi Gürcüstanda hökmranlıq edir. Qırğızıstanda da mənzərə buna bənzərdir. Həmin o prosesləri aparanın yeni hakimiyyətlə münasibətləri sizin qarşınızdadır. Ukraynanın da durumu sizə bəllidir: Maydan və böyük ideallar, xalq kütlələri, yanan təkərlər, bütün Kiyevin tüstüyə qərq olunması, ABŞ Dövlət Departamentinin nümayəndəsinin orada gəlib payladığı peçenyelər... Amma ondan qurulan demokratiya bu gün qeyri-siyasət adamının gəlib prezident olması ilə nəticələnib. Bunun üzərində Ermənistanın küçə etirazları vasitəsilə hakimiyyətə gələn şəxsin modelini götürüb tətbiq etmək istəyirlər. 90-cı ildə buna bənzər bir həyatı yaşadıq. Lakin onda Ter–Petrosyanla Əbülfəz Elçibəy eyni vaxtda mübarizəyə başlamışdı. Hər ikisi şərqşünas idi. Lakin təəssüf ki, Petrosyanın hakimiyyəti xalq üçün uğurlu, Elçibəyin hakimiyyəti Azərbaycan üçün fəlakət oldu. “Etatist dövlət modeli” deyilən bir ifadə var. Yəni daim dövlət maraqlarını qorumaq. Ona görə də bu dəyişikliklər dövləti gücləndirir, dövlət-vətəndaş münasibətlərini yeniləyir, korrupsiyaya qarşı mübarizəni gücləndirməyə imkan verir, siyasi ab-havada canlanma yaradır, vətəndaşların dinamizmini doğurur, şəffaflıq yaradır və s. Yəni biz bu cür xarakterli dəyişikliyin yanında olmalıyıq. Azərbaycan insanı da bunu müdafiə edir.

- Əli Kərimli hakimiyyət tərəfindən fiziki zorakılığa məruz qaldığını da iddia edir və deyəsən, ona “inanmaq istəyənlər” də var...

- Bir daha söyləyirəm, tarixi nümunələr var, heç bir güc strukturları, polis orqanları əgər doğurdan da milyonlarla insan narazı olardısa, bunun qarşısını kəsə bilməzdi.

Əli Kərimli Azərbaycan polisinin özünə qəsdindən danışır. Onun üzünün cəmi iki nöqtəsində xəsarətlər vardı. O da onun avtobusa otuzdurularkən göstərdiyi müqavimətə görə iki polislə, belə demək mümkündürsə, əlbəyaxa çəkişməsi nəticəsində olmuşdu. Onun iddia etdiyi kimi, aparılıb hansısa otaqda xüsusi bir zorakılıq göstərilməsi hesabına deyildi. İnanın mənə, əgər həmin şəxsin bədənində xəsarət izləri olsaydı, o özünü indi bütün xalq qarşısında sərgiyə çevirmişdi və bütün informasiya vasitələrini tutmuşdu.

Bu gün Azərbaycan cəmiyyətinin bu dəyişikliklərin dinc variantda getməsinin üzərində istəkləri var. Onu başqa metodlarla aparan qüvvələr Azərbaycanın bircə gün təhlükəsizliyini təmin etməyə qadir deyillər.

- Yəni?

- Həmin adamlar deyir ki, biz hakimiyyətin siyasətini pisləyirik, müsbət heç nə yoxdur. Onların hakimiyyəti neft müqavilələrinin üzərindən xətt çəkmək deməkdir. Neft müqavilələrinin durdurulması Azərbaycan üçün fəlakətdir. Bu, Xəzərin üzərində ikinci Qarabağın yaranmasıdır, bütün transmilli şirkətlərlə və Qərb dövlətləri ilə Azərbaycanı üz-üzə qoymaqdır. Ölkə içərisində qurulmuş böyük investisiya layihələri var, bu, onları məhv etməkdir. Onları Prezident İlham Əliyev qurub. Bu qüvvələr İlham Əliyevin hakimiyyətinin mirasına sahib olmaq istəmirlərsə, sanki Azərbaycanı sıfırlayıb, təzədən onun üzərində nəsə qurmalıdırlar. Heydər Əliyev siyasətini tanımayanlar Azərbaycana sülh, təhlükəsizlik vəd edə bilməz. Bu, milli, etnik zəmində təhlükəsizlik, Azərbaycanın Rusiya və İranla normal münasibətlərini formalaşdıra bilməz.

- İslahatlar çərçivəsində müxalifətlə dialoqun genişləndirilməsinə necə baxırsınız?

- İndi Azərbaycan cəmiyyətində vətəndaş həmrəyliyi var, amma siyasi münasibətlərdə çox ciddi qarşıdurmalar mövcuddur. Dövlətsə bundan sonrakı dövrdə dialoq proseslərini yenidən gündəmə qaytarmalıdır. O cümlədən, medianın azadlığı üçün tədbirlər genişləndirilməlidir. Efir məkanına insanların daha çox qaytarılması güclü bir şəkildə baş verməlidir. Sosial şəbəkələrdəki aktivlik bəzi hallarda ekranlardakı passivliklərə bağlıdır. Bu, “birləşmiş qablar qanunu”dur. Buranı daha artıq dərəcədə obyektiv dialoqlar, diskussiyaların meydanı kimi tanıyanda, həmin məkanda sosial şəbəkələr siyasi şəbəkə deyil, həqiqətən sosial şəbəkə olur. Amma indi bizdə həmin şəbəkələrdə etirazçıların çoxu özlərini Azadlıq meydanında və yaxud da hansısa meydandakı kimi hiss edir. Sanki virtual məkan ancaq bundan ötrü verilib. Buna görə dövlət bütün bu proseslərin fərqində olaraq, 2019-cu ili Azərbaycan xalqının maraqlarına dayanan ən mühüm addımlarını ifadə etməkdədir.

Məsələn, Müsavat Partiyasının qurultayı keçirildi. Orada nə gördünüz, yeni nə baş verdi? Azərbaycan cəmiyyəti çayxanasında, mərasim evlərində, şadlıq evlərində danışdılarmı partiyanın qərarları onların həyatına nə qədər təsir etdi? Qətiyyən yox. Yəni bir partiya özünü bu şəkildə gətirib bitirirsə, onun günahını kimdəsə axtarmasınlar.

- Sizcə, artıq sabiq olanlardan kiminsə müxalifətdə yer alması və ya hansısa formada ona dəstək verməsi mümkündürmü?

- Konkret olaraq dövlət rəhbərinin qəbul etdiyi şəxslərin hər hansı birinin əqidə, ideoloji, düşüncə, həyat, yaşantı modelində müxalifətlə hər hansı birlik yoxdur və ola da bilməz. Əksinə, Azərbaycan hakimiyyətinin əleyhdarları bir sıra hallarda həmin o qüvvələrə, şəxslərə qarşı daha sərt davranmışdılar. Bu dəqiqdir. Dövlət rəhbəri isə bütöv hakimiyyəti, bu komanda içərisində hər bir şəxsin vahidliyinin, təhlükəsizliyinin və s. qarantıdır. Bu qarantı ölkə rəhbəri verir. Bu dərəcədə nüfuz nə parlament, nə hökumət, nə digər strukturlardakı insanlarda mövcuddur.

İkinci məsələ. Radikal müxalifətin etiraz aksiyaları hansısa narazı məmurlar üçün əlverişli bir platforma olarmı ki, özlərinin yerlərini qoruyub saxlasınlar, toxunulmazlıqlarını təmin etsinlər və ya tamamilə işdən kənarlaşdırılıblarsa, başqa formada özlərinin müdafiəsini təşkil etsinlər? Bunları söyləmək üçün məxfi xidmət orqanlarının məlumatlarına çox ehtiyac duyulur. Parlament üzvü kimi keçmişdəki təcrübəyə dayanaraq deyə bilərəm ki, belə nümunələr də olub. Siyasi müxalifətçilik Azərbaycanda çox amansız şəkil alıb.

Bundan öncə şəhid ailələri ilə bağlı məsələ gündəmdə idi. Müxaliflər 11 min manatlıq sığorta ödənişlərini istismar etdilər. Dövlət bu prosesləri həll edəndən sonra növbəti sosial yük meydana çıxarıldı. Daha çox çalışırlar ki, həmin o tələblərin qarşısında dövlət əzilib qalsın, çıxa bilməsin, vətəndaş qrupları ilə üz-göz olsun və s. Halbuki Prezident 2019-cu ilin bütövlükdə qalibidir və bir nömrəli lideridir. Belə olan təqdirdə Azərbaycan insanı öz taleyini bu illər ərzində konkret kabinetlərdə qarıyan və müxalifətçilikdən təqaüdə gedən adamlara bağlamır!

Bu gün şübhəsiz ki, Azərbaycan yeni və çox mühüm fazaya daxil olduğuna görə regional qüvvələr və beynəlxalq dairələr tərəfindən maraq hədəfindədir. Heç şübhəsiz, daxildən vətəndaş dəstəyi olan Azərbaycan çoxları üçün arzuolunmazdır. Bu, İlham Əliyevi daha güclü və qətiyyətli edir, Qarabağ məsələsini güzəştsiz edir və s. İstənilən lider çalışır ki, komandası güclü olsun, onu irəliyə dartıb apararkən, çəkərkən maneələr yaranmasın. Hansısa bir komanda üzvü rəhbəri geriyə çəkirsə, bunu vətəndaş da, dövlət rəhbəri də görür, hiss edir. Bizim indiki reallığımızda yeniləşməyə ən çox ehtiyacı olan hakimiyyət əleyhdarlarıdır və bir də beyinləri təzələməkdir.

- Hakim partiya insanların səmimi fikirlərini öyrənə bilirmi?

- Sovet dövründə çox yaxşı ənənə var idi. Dövlətin zirvəsində qərarlar qəbul olunanda əmək kollektivləri üzrə aşağıya doğru bütün vəsilələr, iyerarxiyalar üzrə müzakirələr təşkil olunurdu. Bu, çox yaxşı ənənə idi. İnsanlar öz mövqelərini, ideyalarını, fikirlərini, təkliflərini irəli sürə bilsinlər. Bu yığıncaqların anlamı o idi. Və indi bizim buna çox ehtiyacımız var. Bəzən gedib insanlar qarşısında sadəcə monoloq deyirik. Adamlar da bizi dinləyirlər və onların fikirlərini öyrənmədən çıxıb gəlirik. Bunlar səmərə vermir. İnsanların ayağına getmək və onların mövqelərini mütləq almaq lazımdır. Və cənab Prezidentin bu müddət ərzində verdiyi hər bir bəyanatın, hər bir sözün belə mənasını təhlil edib, insanlarla görüşlərdə açmaq lazımdır. Siz onda görəcəksiniz ictimai ruh nə qədər dəyişir, təzələnir.

Siz indi adi bir elementə fikir verin. Sadə vətəndaş bunu çözməyə bilər. Yəni elə bir məkan seçirəm ki, bu sanki strateji yüksəklikdir. Yəni 28 May. Yüz il əvvəlki 28 Mayla assosiasiya yaranacaq. Bu deməkdir ki, biz özümüzü cümhuriyyət davamçıları kimi qələmə verə bilərik. O cümlədən imamların üzərindən onların ruhunu istismar edəcəyik. O cümlədən bir sıra yerlərdə görürsünüz ki, o başıbağlı olan xüsusi dini etiqadlı insanları irəli vermişdilər. Onlardan qoruyucu qalxan kimi istifadə etməkdədirlər. Hətta qadınlara qarşı şiddətlə bağlı “etiraz” niyəsə, birdən-birə məhz həmin aksiyada yadlarına düşmüşdü.

Azərbaycan dövləti Azərbaycan qadınına zorakılığın olmasını istəməyən ən böyük qüvvədir. Bu, başqa necə ola bilər? Prezident İlham Əliyev hər zaman siyasətinin önündə Azərbaycan qadınına ən yüksək ideallarla yanaşmanın əsasını qoyub.

Bilirsiniz, bu icazəsiz aksiyalar Prezident İlham Əliyevi strateji xəttindən çəkindirəsi deyil. İlham Əliyev özü də çıxışında dedi ki, bizə təzyiqlər edilib, ancaq öz yolumuzdan dönməmişik. Bu boyda böyük arsenalı olan, dünyəvi çəkisi olan güclərlə münasibətdə İlham Əliyev öz prinsipal xəttini tanıtdırıb. Bu gün müstəqillik əmsalına görə Qafqazda ən güclü dövlət Azərbaycandır. Belə olan halda daxildə hansısa bir tədbirlər İlham Əliyevi özünün seçdiyi bu hədəflərdən daşındırası deyil.

- Sizcə, YAP-da hansısa dəyişiklik olacaqmı?

- Hakim partiya həm çoxsaylı üzvlərinə, həm də bu illər ərzində dövlətin ən mühüm proseslərdə orada iştirakına görə digər qüvvələrdən fərqlənir. Bununla belə, Prezidentin çağırışlarının hamıya edildiyinin fərqindəyik. Doğrudur, İlham Əliyev partiyaüstü bir şəxsiyyətdir. O, yalnız YAP-ın lideri deyil, yalnız bir partiyaya və yalnız hakimiyyətə məxsus deyil, o yalnız hökumətin rəhbəri deyil, o yalnız ali icra orqanlarının rəhbəri deyil... İlham Əliyevə səs verən insanlar Azərbaycan xalqının böyük hissəsidir. Yəni sonuncu seçkilərin nəticələrinə biz istinad etmiş olsaq, görərik ki, ən demokratik seçkilərin qalibi belə İlham Əliyev olacaq. Bu da hakim partiya içərisində yeni dövrün çağırışları və tələblərinə uyğun olaraq dəyişikliklərə gətirəcək.

İlham Əliyev hakim partiyada da, siravi insanlar sırasında da o xəttə sədaqət göstərən, yəni sadə vətəndaş olan insanların hamısına dəyər verib. Hamısını qaldırıb, hamısını ucaldıb. Heydər Əliyevin bu nümunəsini bir şəxsiyyət xarakteri kimi hamı danışıb. Onun həyatında, onun mübarizəsində iştirak edən hər kəs zərrə qədər xidməti də olsa, ona dəyər verilirdi. Hamı bilir. Bu ki bəllidir. Bu xüsusiyyət İlham Əliyevdə də eynən var. O, bəzən Heydər Əliyevin dili ilə danışır. İlham Əliyev kifayət qədər çevik liderdir. O, elə bir Azərbaycan qurmaq istəyir ki, onun məmləkətinin, onun dövlətinin vətəndaşı gözü orda-burada, başqa ölkələrdə qalmasın, həsrətlə baxmasın və öz müstəqilliyinin yaxşı mənada qədrini bilsin. Ona görə də bütün hakimiyyət qurumları, məhkəmə də, o cümlədən parlament də, partiyalar da İlham Əliyevin verdiyi mesajları dərindən təhlil etməkdədirlər. Onlar müəyyən bir fazanı yaşayırlar. İlham Əliyev sözün həqiqi mənasında sanki hamının taleyinə cavabdehliyi öz üzərinə götürüb və o addımları atır, çağırışı o edir. Əsas mesajları o verir, ideologiyanı o formalaşdırır, informasiya məkanında əsas addımları o atır. Onun üçün yüzlərlə texnoloqlar olsaydı, çox gözəl olardı. Hər gün ekrana çıxıb, onu danışardı. Siz efirə ekspert çıxarmaq üçün çətinlik çəkməzdiniz. Sizin sıralarınızda yüzlərlə, minlərlə siyasi ekspertlər, siyasi jurnalistlər olardı, efir məkanı daha güclü olardı. Baxın, mən sizinlə görüşənə qədər aylar keçdi. Bu nə ilə bağlıdır? Təbii ki, biz izah verəcəyik ki, bu, yeni mərkəzin işinin quruculuğu ilə bağlıdır. Amma siz ölkənin parlament məkanına, digər strukturlarına, alim cameəsinə, din adamlarına, vətəndaş institutlarına, elm adamlarına müraciət edəndə hər birindən minlərlə kadr alıb, danışdırmaq imkanınız olmalıdır ki, ölkənin informasiya həyatını formalaşdıra bilərsiniz. Ona görə də hakim partiya dövlət rəhbərinin çağırışlarını əminəm ki, dərindən dərk edir və buna uyğun fəaliyyətini qurmağa çalışmaqdadır. Amma bu, müstəsna olaraq, onların özəl qərarlarıdır ki, kimləri onlar bir qədər arxa plana keçirəcəklər, gələcək dövr bələdiyyə və parlament seçkilərində kimləri qabağa verəcəklər. Bu təbii ki, partiya olaraq onların işidir.

- Yəni siyasi fəallıq artırılmalıdır...

- Şübhəsiz, hazırkı dövrdə siyasi fəallıqların artırılmasına çox ciddi ehtiyac var. Azərbaycan insanı əgər sizdən-bizdən qopubsa, başqa efirlərə bağlanıbsa, başqa informasiyalarla qidalanırsa, özünü yad məmləkətin vətəndaşı kimi hiss edirsə, 3,3 milyon hissəsi sosial şəbəkədə qərarlaşıbsa, bu, şübhəsiz ki, dövlətin rəsmi təbliğat sistemindən, partiyalarından, vətəndaş institutlarından daha güclü bir şəkildə işləməyi tələb edir. Ona görə də mənə elə gəlir ki, bundan nəticə çıxaran qüvvə bir deyil, iki deyil, hamıdır.

- İndiyə qədər müzakirə edilən məsələlərdən biri də proporsional seçki sisteminə keçiddir. İslahatlar bunu da əhatələyə bilərmi?

- Proporsional sistemi bərqərar etmək üçün Konstitusiya dəyişikliyinə ehtiyac var. Bu isə mənim aləmimdə xeyli zaman ala biləcək hadisədir. Həm də zərurət elə gətirib ki, Konstitusiya dəyişiklikləri 7 ildən bir olub. Yəni 95-ci ildən sonra 2002, 2009, 2016. Bu minvalla hesablasaq, 2023-də hansısa addımları gözləmək olar. Ona qədər isə bələdiyyə və parlament yenidən formalaşmış olacaq. Majoritar sistemlə proporsional sistemin özünəməxsus üstünlükləri və qüsurları var. Bu haqda da yetərincə danışmaq mümkündür.

- Prezident Administrasiyasındakı dəyişiklikdən sonra idarəçilikdə hansısa struktur dəyişikliyi gündəmə gələ və PA indiki statusundan daha fərqli formaya keçə bilərmi?

- Şübhəsiz ki, Prezidentin üstün idarəyə malik olduğu ölkələrdə Prezident Administrasiyası dövlətin ən mühüm beynidir. Niyə? Çünki mühüm qərarlar ölkənin birinci şəxsinin əyləşdiyi yerdən verilir və ondan sonra qərarlar paylaşdırılır, məsuliyyətlər qoyulur, sonra cavabdehliklər istənilir, hesabatlar alınır, bütün proseslərə nəzarət olunur. Sizə deyim ki, PA-da çalışan yetərincə güclü, istedadlı insanlar var. Bunlar bir sıra hallarda görünmür. Hətta mən hərdən deyirəm ki, bu narazıların bir çoxuna aşağı mərhələdə vəzifələr tapşırmaq lazımdır ki, onlar başa düşsünlər ki, vətəndaşlarla işləmək, onların ağrılarına qatlaşmaq, evi dağılmış adamın yanında olmaq, qaçqının qolundan tutmaq, şəhid ailəsi ilə birləşmək nə deməkdir? Klaviatura üzərindən hər gün böyük statuslar yazmağa nə var? Müxalifətin ölkədə məsuliyyəti yoxdur. Onlar nəyə qərar verirlər? Bir yeri su basanda böyük çəkmələr geyinib orada insanlara yararlı iş görürlər? Xeyr. Onlar özlərini belə bir sosial, humanitar aksiyalardan kənarda tuturlar. Deyəsən, cəmi bir partiya cəhd etmişdi, təmizləmə işləri görürdü. Çox xeyirxah aksiya idi. Təki onu davam edərdilər. Amma bunu etmirlər.

Bu gün Azərbaycan dövləti çiynində bir istiqamətdə dövlətin ən mühüm təhlükəsizlik tədbirlərini saxlamaqla, ictimai həyatın quruculuğunu və böyük islahatları aparır. Yəni biz Qarabağ problemi olmayan, səngərdə əsgərlərinin hər gün ölümlə üz-üzə dayanmadığı bir şəraitdə, məsələn, Qazaxıstan durumunda olan bir ölkə olsaydıq, nə vardı?

PA Prezidentin tapşırıqlarını, əmrlərini yerinə yetirməkdə, dövlət çevrilişinə cəhdlər dövründə, ondan sonrakı dinc zamanlarda da ölkə üçün mühüm siyasi qərarlar, qanunlar, proqramlar və planları irəli sürməkdə öz sözünü layiqincə dedi. Bu, həqiqətən də belədir. Orada rəhbər şəxsin bütün hakimiyyət qolları arasında tənzimləyici bir rolu üzə çıxır. Əgər kimsə bunu yaxşı bacarırsa, soyuqqanlılığı ilə buradakı maraq toqquşmaqlarına yol vermirsə və insanlar arasında daha çox koordinasiyanı təmin edirsə, işbirliyinə önəm verirsə, hər hansı bir qruplaşma və başqa xarakterli bölücüklərə yol vermirsə, heç şübhəsiz ki, bundan dövlət udur.

Qeyd. Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin edilib. Müsahibə bu təyinatdan öncə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm