Bizə sırınan “Ermənistan nümunəsi”nin qaranlıq tərəfləri
Bizi izləyin

Nida Təhlil

Bizə sırınan “Ermənistan nümunəsi”nin qaranlıq tərəfləri

“Ermənistan nümunəsi”, tez-tez müxalif cameədə bu tezisə rast gəlinir və vaxtaşırı Paşinyanın küçə inqilabını Azərbaycana nümunə göstərənlər tapılır. “Erməni nümunəsi”ni ictimai rəyə sırımağa çalışanların vaxtilə ərəbləşməsi, narıncılara bürünməsi, hətta uzaq Afrika ölkələrində qəbilə toqquşmalarından “ruhlanması” fonunda bu köhnə mərəzin davamı olaraq görünür. Hərçənd, ermənilərin Paşinyan inqilabından nələr qazandığı, nələr itirdiyi, “demokratik Ermənistan” nümunəsinin qaranlıq tərəfləri maraqlıdır.

Ötən il inqilabı dəstəkləyən ermənilər indi peşman olduqlarını gizlətmirlər. Bu günlərdə baş nazir Nikol Paşinyan parlament kürsüsündə çıxış edərkən, keçmiş hakimiyyəti söyür və pensiyaların, sosial müavinətlərin artırılması istiqamətində ciddi irəliləyiş əldə etdiklərini açıqlayırdı. Bəs, realıq nədən ibarətdir?

Ermənistanda pensiyaçıların əksəriyyəti 85 dollar məbləğində müavinət alır. Lakin məmurların əmək haqları 2 min dollardan başlayır. Ölkədə hər beş vətəndaşdan biri pensiyaçıdır: rəsmi rəqəmlərə görə bu ölkədə 3 milyondan az əhali yaşayır (real rəqəmlər bu sayın 2 milyonun altında olduğunu göstərir). Rəsmi rəqəmlərdən çıxış etsək, bu, əhalinin 50 faizə yaxınının pensiyaçı olması deməkdir. Gənclər adətən işsizliyə və daxili cinayətkarlığın tüğyan etdiyi orduda hərbi xidmət keçməkdən yayınmaq üçün miqrasiya yolunu tuturlar. Beləliklə, Ermənistan əhalisinin yarısı aylıq 85 dollara yaşamaq məcburiyyətindədir.

Paşinyanın hökuməti isə minimum əmək pensiyalarının artımını reklam edir: 16 min dramdan (34 dollar), 25,5 min drama (54 dollar) qədər. Erməni pensiyaçılar 2020-ci ilin 1 yanvarından “növbəti” artımı gözləyirlər. Bu artım isə cəmi 10 faiz civarında olacaq. Vaxtilə keçmiş prezident Levon Ter-Petrosyan pensiyaçılara artıma ümid etməmələrini, qohumlarının köməyi ilə yaşamağı tövsiyə edirdi. Paşinyan isə bunu belə etmir, əvəzində kiçik artımları şişirdərək, böyük inkişaf kimi göstərir, sosial etirazçılarsa “inqilabın düşməni” elan edilir.

Bu yoxsulluq fonunda inqilab ermənilər üçün həm də bolşevik ənənələrini də geri qaytarıb. Hakimiyyət keçmiş rejimin dövründə məmur işləmiş və seçkidə onlara səs vermiş vətəndaşları “xain” elan edərək, işdən uzaqlaşdırır.

İnsan haqları və demokratiya sahəsində də vəziyyət ürək açan deyil. Ermənistan mediası Paşinyanın parlamentdə “cib müxalifəti” yaratdığını, mediada əks fikir irəli sürənləri belə “xainlərin” cərgəsinə daxil etdiyini yazır.

“İqtisadi canlanma yoxdur, kredit faizləri getdikcə yüksəlir, inflyasiya çoxalır, yoxsulluq davam edir, insanlar cüzi əmək haqqı ilə işləyir, əsas qazanan isə hakimiyyət nümayəndələridir”, - erməni KİV hazırkı vəziyyəti belə təsvir edir.

Bütün bunların fonunda baş nazirin lüks həyata marağı ciddi tənqid olunur. Bu günlərdə Paşinyanın yeni təyyarə alması narazı kütlənin əsas müzakirə mövzusu oldu.

Erməni şərhçi Samvel Ohanesyan yazır ki, Paşinyan təhlükəsizlik bəhanəsi ilə təyyarəsini yenilədiyi halda Ermənistanda sadə vətəndaşların həyatı hər gün risk altındadır. O, bunu son illərdə Ermənistanda baş verən avtomobil qəzalarının statistikası ilə əsaslandırıb.

Ermənistanın Fövqəladə Halla Nazirliyinin statistikasına görə, 2018-ci ildə 1711 yol-nəqliyyat hadisəsi qeydə alınıb. 2019-cu ilin ilk yarım illik dövründə isə 2108 belə hadisə baş verib, ümumilikdə 3 min insan zərər çəkib.

S.Ohanesyan qeyd edir ki, Ermənistanda təhlükəsizliyin təmin edilməsi normal standartlara cavab vermir.

“Bizim məmurlarımız isə öz rahatlığı və təhlükəsizlikləri haqda düşünməyə üstünük verirlər. Dövlət büdcəsinin sonuncu bölgüsü bunu bir daha təsdiqlədi. Hökumət baş nazir Nikol Paşinyana iki avtomobil almaq üçün 540 min dollar vəsait ayırdı”, - deyə erməni şərhçi xatırladıb.

Baş nazir aparatının rəhbəri Eduard Ağacanyan bunu təkzib etməyib, bildirib ki, baş nazir bunu özü üçün almır, bu, dövlətin ehtiyacları üçün alınır.

“Baş nazirin xidməti avtomobili yumşaq desək köhnəlmiş və sıradan çıxmışdı. Əslində bu abtomobillər 5 il öncə yenilənməli idi. Lakin edilməmişdi. Üstəlik təhlükəsizliklə bağlı ciddi problemlər var idi”, - Paşinyanın aparat rəhbəri məsələyə belə haqq qazandırıb.

Bu müdafiə qarşı çıxan S.Ohanesyan hökumətə ironik sual verib: “Maraqlıdır, inqilaba qədər bu avtomobildə kimlər gəzirdi? Cavabını özüm verim: Serj Sarkisyan və ya onun hakimiyyətinin nümayəndələri. Belə ıxır ki, onlar “kaskadyor” imişlər, amma bizim xəbərimiz olmayıb. O zaman biz bütün bunları bilmədən həyatını xalq üçün təhlükəyə atan Sarkisyanı devirmişik”.

Erməni şərhçi “Hələ bu harasıdır, bundan daha pisi də var” deyə yazır.

“Paşinyan hökuməti çox düşünmədən yeni təyyarə almaq qərarına gəldi. Səbəb yenə təhlükəsizlikdir, həm də transatlantik reyslər etmək üçün. Sual yaranır, Paşinyan Şimali Amerikaya tez-tez uçur? Xeyr, ən intensiv marşrutu İrəvan-Moskvadır, pilotlarımız da bu marşrut üzrə püxtələşiblər. Bütün bunlar bizi düşündürür, əgər məmurun şəxsi rahatlığı vətəndaşların rahatlığından üstün tutulursa, biz nə etməliyik?!”, - Ohanesyan erməni cəmiyyətinə müraciət edir.

Siyasi şərhçi Qalust Qriqoryan isə düşünməməyi, Paşinyanı təcili şəkildə hakimiyyətdən uzaqlaşdırmağı tələb edir.

“Biz Paşinyanın keçmişi haqqında yaxşı bilirdik, onun Qaqik Sarukyandan maliyyə asılılığının olduğunu, populist xarakterini, cari effekti uzunmüddətli effektdən üstün tutduğunu və s. bilirdik, bununla belə onu dəstəklədik. Onlar bizi aldatdılar, amma bunda günahkar özümüzük. Bu, artıq hamımızın problemidir. Biz kimi “əhilləşdirdiyimizə” görə məsuliyyət daşıyır. İndi biz Ermənistanı sürətli şəkildə uçuruma doğru yan almaqdan necə xilas etmək haqda düşünməliyik. Əks təqdirdə ölkə hansısa cənabların ucbatından mütləq uçurumdan aşağı düşəcək. Vaxt daralır, hərəkətə keçmək zamanıdır”, - Qriqoryan çağırış edir.

Erməni ermənilərə ölkənin məhv olmaq həddinə çatdığı haqda çağırış edir, bizdə isə hələ də Ermənistanı “nümunə” kimi ictimaiyyətə sırımağa çalışanlar var.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm