Köhnə başqanın yeni aksiyası, yaxud Müsavatın AXCP ilə “siyahı” yarışı
Bizi izləyin

Nida Təhlil

Köhnə başqanın yeni aksiyası, yaxud Müsavatın AXCP ilə “siyahı” yarışı

“Biz qalib gələcəyik”, Müsavat başqanı Arif Hacılı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) önündə keçirmək istədikləri qanunsuz aksiyaya cəhddən sonra sosial şəbəkə hesabında dərhal belə yazdı. Bu, AXCP sədri Əli Kərimlinin 19 oktyabrda qanunsuz aksiyadan sonra dediyi “biz qalib gələcəyik” sözlərinin təkrarıdır. Əslində Azərbaycan müxalifətinin bir-birinin təkrarı, bir-birini geridə qoymaq məqsədinə xidmət edən fəaliyyəti fonunda bu analogiya təsadüfi deyil.

AXCP küçələrə çıxıbsa, Müsavat da çıxmalıdır. “Biz kimdən əskiyik?!”. Müxalifətin əyləşdikləri eyni masanın altında bir-biri ilə mübarizə aparan bu iki partiyasının “millət davası” dedikləri nəsnə də elə bu davadan o tərəfə keçmir.

Müsavat Partiyasının BŞİH önündə aksiya cəhdi də bu davanın davamı, “o əjdahadan niyə bizdə yoxdur” düşüncəsinin qanun və siyasi təfəkkürün önünə keçməsinin nəticəsi idi. “AXCP-nin piketinə icazə verilmişdisə, bizə niyə icazə verilmir?!”, - Hacılının bu sözlərlə hər şeyi etiraf edir. Nəhayət, Müsavat BŞİH-nin önünə qanunsuz aksiya təyin etdi və...

Gəlin proseslərə əvvəldən nəzər salaq. Milli Şura 8 oktyabrda BŞİH-nin önündə piket keçirdi (Arif Hacılı həmin piketi nümunə göstərir). Nə AXCP sədri Əli Kərimli, nə də Milli Şura rəhbərliyindən kimsə piketə gəldi, əvəzində meriyanın önündə qarşıdurma yaradaraq, “lazımi kadrlar” tuta bildilər. Bu piketdən cuşa gələn Milli Şura oktyabrın 19-da mitinq üçün BŞİH-ə müraciət etdi. Meriya qanunvericiliyə uyğun olaraq Lökbatan qəsəbəsində yer ayırdı. Lakin Əli Kərimli və dəstəsi 28 May metrostansiyasının önündə siyasi şou göstərməyə çalışdılar. Heç bir nəticə əldə edə bilməsələr də, bir neçə xarici media fotoları yayımlandı, Əli Kərimli bir müddət “Azərbaycan müxalifətinin yeganə lideri mənəm” pozasında “başısarğılı” gəzdi. Ardınca 2 noyabra mitinq təyin etdilər, lakin cəmiyyətdən heç bir dəstək ala bilmədiklərini görüb, “daha güclü dönmək üçün gedirik” kimi romantik çalarların yükləndiyi bəyanatlarla təxirə saldılar. Həmin vaxt Müsavat noyabrın 10-na mitinq təyin etmişdi. Və iki partiya – Müsavat və AXCP arasında alovlanan mitinq davasında məlum oldu ki, Arif Hacılı 19 oktyabr mitinqini birgə keçirmək təklifi ilə Əli Kərimlinin qapısını döyüb, ikinci birincini kandardan içəri belə buraxmayıb. Bundan qeyzlənən Müsavat oktyabrın 19-da Milli Şuranın qanunsuz aksiyasına saatlar qalmış 10 noyabr tarixinə mitinq təyin edib.

AXCP-ni bir addım da qabaqlamaq üçün oktyabrın 23-də müxalifətin “dəyirmi masası” təklifini də gündəmə gətirdilər. Əli Kərimli isə “təkbaşına qələbəyə doğru” eyforiyası ilə Müsavatın mitinqindən bir həftə öncəki tarixə - 2 noyabra mitinq təyin etdi. Sosial şəbəkələrdə müsavatçılarla cəbhəçilərin mitinq müharibəsində “qan su yerinə axırdı”...

Nəticədə 2 noyabr mitinqi olmadı, 5 noyabrda isə Əli Kərimli Arif Hacılının dəvəti ilə Müsavat qərargahında Əli İnsanovun “işığına” toplaşmışdılar. “Yeni birlik” iddiası ilə başlanan “dəyirmi masa” sonda masaaltı oyuna çevrildi və Arif Hacılıya yalnız xatirə fotoları qaldı. Müsavat başqanı “mübariz və əzilən müxalifət” imicinə işləməyə başladı, 10 noyabr mitinqinə icazə verilmədiyini bəyan etdi, 12 noyabrda şəhər meriyasının binası önünə aksiya təyin etdi və Feysbuk hesabında belə yazdı: “12 noyabr aksiyamıza da “yox”cavabı verildi. Heç bir halda aksiyalarımıza icazə verilmir. Müsavata icazə verilmir. Nəinki mitinqimizə, hətta piketimizə də icazə verilmir. Niyə məhz, Müsavata, niyə hər hansı aksiyaya, niyə hətta piketə də icazə verilmir? Məncə, bu sualın cavabı qərəzsiz olan hər kəsə aydındır”. Arif Hacılı bununla AXCP-yə mesaj göndərir və ölkədə “real müxalifət bizik” demək istəyirdi.

Və budur, bir neçə müsavatçı BŞİH önündə qanunsuz şüarlar səsləndirməyə cəhd göstərir, hərçənd, ərazidə aksiya iştirakçısından çox jurnalistlər var. Asayiş keşikçiləri ictimai təhlükəsizliyi və nəqliyyatın hərəkətini təmin etmək üçün iştirakçıları ərazini tərk etməsini istəyir, bəzilərini ərazidən uzaqlaşdırırlar, bəziləri kameralar önündə uca səslə qışqıraraq, “qoymayın, bizi öldürdülər” görüntüsü yaratmağa çalışır. Nə Arif Hacılı, nə İsa Qəmbər gözə dəyir.

Bir az səs-küy, bir az ərazidən keçən vətəndaşların təəccüblü baxışları, bir az narahatlıq və bir az da axmaq romantika... Nəticə bundan ibarətdir.

Artıq Arif Hacılı işini bitmiş hesab edir və sosial şəbəkələrdə “bütün hakimiyyət ayaq üstədir, Müsavatın qərargahı mühasirəyə alınıb” deyə yazır. Sanki qlobal müharibə gedir və bu müharibənin mərkəzi Müsavatın qərargahı, rəhbəri isə Arif Hacılıdır.

Bəzən, bunların nə yeyib-içdiyi haqda şübhələr insanı rahat buraxmır...

Müsavat başqanının polisin ərazidən uzaqlaşdırmaq üçün qolundan tutduğu hər kəsi “həbs olunmuşlar siyahısına” daxil etməsi də belə şübhələri artırır. Artıq Arif Hacılının də Əli Kərimli kimi öz “siyahısı” var. Və o da bundan sonra sosial şəbəkələrdə öz “oxucularına” AXCP sədri kimi bəlağətli cümlələrlə “kəşməkəşli mübarizə yolları”ndan bəhs edə biləcək. AXCP və Müsavat arasında növbəti davanın “kimin siyahısı daha uzundur” məsələsi üstündə düşərsə, heç də təəccüblənməyin.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm