Siyasi və iqtisadi islahatların vəhdəti: Prezident mühüm dəyişiklikləri ELAN ETDİ
Bizi izləyin

Nida Təhlil

Siyasi və iqtisadi islahatların vəhdəti: Prezident mühüm dəyişiklikləri ELAN ETDİ

2019-cu ilin başlanğıcından etibarən Azərbaycan sürətli siyasi-iqtisadi islahatlar dövrünə qədəm qoydu. Prezident İlham Əliyev Şirvan şəhərinə, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edərkən bildirdi ki, Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir.

Siyasi ədəbiyyatda islahat sözünün izahı belədir: qanun səviyyəsində həyata keçirilən dəyişikliklər. İslahatlar zərurətdən yarandığına görə dövlət hakimiyyəti tərəfindən yuxarıdan başlanır. İslahatların məqsədi cəmiyyətdə qanunların səmərəli işləməsini və həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir.

Azərbaycana rəhbərlik etdiyi dövrdə Prezident İlham Əliyevin əsas prioriteti vətəndaşların sosial rifahının yaxşı olması və şəffaflıqdır. Bunun üçün ilk növbədə qanunların səmərəli işlənməsini həyata keçirmək lazımdır ki, ölkədə həyata keçirilən islahatların əsas hissəsini məhz bu təşkil edir.

Əslində bu islahat dalğası yeni deyil, dövlət başçısı zaman-zaman qanunların səmərəli işlənməsi, vətəndaşların həyat səviyyəsinin yüksəlməsi istiqamətində köklü addımlar atıb. Və burada maraqlı məqam odur ki, ölkədə iqtisadi inkişaf var, demokratiyanın inkişafı istiqamətində irəliləyiş beynəlxalq qurumların hesabatlarında öz əksini tapır, o zaman köklü islahatlara zərurət niyə yaranıb?

Prezident İlham Əliyev bunun izahını səlis şəkildə verdi: “Ölkəmizdə kadr islahatları davam edir. Kadr islahatları ümumi islahatların tərkib hissəsidir. Keçənilki prezident seçkilərindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar davam etdirilir. Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir”.

Dövlət başçısının da dediyi kimi, təkmilləşmə, yeni dövrə uyğunlaşma, inkişafın davamlı olması üçün islahatların daim aparılması zəruridir. Bu baxımdan, 2019-cu ildə həyata keçirilən islahatlar xüsusi diqqət çəkir.

Siyasi islahatlar: “Demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, ölkənin hərtərəfli inkişafının əsasıdır”. Bu istiqaməti prioritet seçən Prezident İlham Əliyev demokratikləşməni şüar olaraq qəbul etməyib və məqsəd heç də hansısa beynəlxalq qurumun gözündə “yaxşı obrazın” yaradılması olmayıb. Demokratikləşmə ölkənin hərtərəfli inkişafı deməkdir.

- İnsan haqlarının müdafiəsi;
- Söz və mətbuat azadlığının təmin edilməsi;
- Qanunvericiliyin təkmilləşməsi;


Demokratiyanın inkişafı məqsədilə bu və digər istiqamətlərdə mühüm addımlar atılıb.

2019-cu ilin başlanğıcında isə Prezidentin əfv sərəncamı ilə adı hüquq müdafiəçilərinin siyahısına düşmüş 50-yə yaxın məhbusun cəzasına vaxtından əvvəl xitam verildi. Bununla Azərbaycanda yeni siyasi açılım dövrü başlandı. Təsadüfi deyil ki, beynəlxalq qurumlar bu siyasi açılımı yüksək qiymətləndirdilər. Buna paralel olaraq, köklü kadr islahatlarına start verildi. Dövlət qarşısında xidmətləri olan, lakin yaşının çoxluğu iş səmərəliliyinə mənfi təsir edən kadrları daha gənc kadrların əvəzlənməsi prosesi başlandı. Hədəf Azərbaycanın keçdiyi böyük inkişaf yolunu və əldə olunan nəticələri qorumaq, daha da artırmaq və ölkənin gələcəyini indidən qurmaqdır.

Prezident İlham Əliyev bəyan edib ki, bütün bu müsbət nəticələri qorumaq və onları artırmaq üçün mütləq kadr islahatı da aparılmalıdır: “Bu məqsədlə Azərbaycanda hazırda çox ciddi kadr islahatları aparılır. Həm təcrübə qazanmış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan verilir. Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər. Onlar gərək həm təcrübə toplasınlar, peşəkar olsunlar, eyni zamanda, Vətənə bağlı olsunlar. Ona görə gənclərə vətənpərvərlik hissləri aşılamaq hər birimizin borcudur ki, onlar gələcəkdə Vətənə bağlı olsunlar və hər hansı bir xarici təsirdən azad olsunlar”.

Siyasi islahatlara paralel olaraq iqtisadi sferada da mühüm addımlar qeydə alındı.

İqtisadi islahatlar: 2019-cu ilin cari dövrü ərzində həyata keçirilən islahatlar nəticəsində ciddi göstəricilər əldə olunub. Qeyri-neft sektoru 15 faiz, kənd təsərrüfatı 7 faiz artıb. Xarici borc ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edib. İnflyasiya çox aşağı səviyyədədir – 2 faizdən bir qədər çox. Orta əmək haqqı 35 faiz artaraq, 723 manat olub.

İqtisadi inkişaf sosial rifahın yüsəlməsinə müsbət təsir göstərib. 2019-cu ilin cari dövründə olaraq sosial rifahın yaxşılaşması istiqamətində iki mərhələli olmaqla mühüm addımlar atıldı:

- 12 min 200-dən çox şəhid ailəsinə 11 min manat ödəniş edildi; Şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata qədər artırıldı; Əfqanıstan müharibəsində həlak olanların ailələrinə verilən müavinətlərin 220 manatdan 300 manata qədər artırıldı; Minimum əmək haqqı 38 faiz artırıldı və 180 manat həcmində müəyyənləşdi; Minimum əmək pensiyaları 38 faiz artırıldı və 160 manata qaldırıldı; Çoxmənzilli binaların sənədləşdirilməsi probleminin həllinə start verildi; Tələbələrin təqaüdləri 14-25 faiz həcmində artırıldı; Problemli kreditlər məsələsi xalqın maraqlarına uyğun həll edildi;

- Minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırıldı; Dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz artırıldı; Hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz artırıldı; Dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırıldı; Dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırıldı;

Bu islahatlar 4 milyon 200 mindən çox vətəndaşın sosial rifahına müsbət təsir göstərib. Ümumilikdə minimum əmək haqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox, müavinətlər 2 dəfə artıb.

Dövlət başçısı əmək haqlarının yenidən artacağının anonsunu da verdi.

Hazırda Azərbaycanda orta əməkhaqqı 723 manat təşkil edir. Əminəm ki, gələcək illərdə bu rəqəm artacaq. İlk növbədə, ona görə ki, həm maaşlar artacaq, eyni zamanda, biz kölgə iqtisadiyyatına qarşı ciddi mübarizə apararaq, artıq 100 mindən çox iş yerini kölgədən çıxarıb və onları rəsmiləşdirə bilmişik və bu proses davam edəcək. Biz hələ işin başlanğıc mərhələsindəyik” – Prezident bəyan edib.

Həyata keçirilən islahatlar Azərbaycanın dünyada ən islahatçı ölkələr arasında yerini möhkəmləndirib. “Doing Business” hesabatında ölkəmiz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdədir. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb.

Davos Ümumdünya İqtisadi Forumunun 141 ölkəni əhatə edən yeni hesabatında Azərbaycan göstəricilərinə görə əksər ölkəni qabaqlayır: dünyada mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə 18-ci, polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə 30-cu, mülkiyyət hüquqlarının qorunması sahəsində 37-ci yerdəyik.

Bununla yanaşı, Azərbaycan islahatlara meyllilik səviyyəsinə görə dünyada 5-ci yerdə qərarlaşıb.

Prezidentin bəyan etdiyi kimi, Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir. Bu da təsadüfi deyil. Çünki insan hüquqlarının fundamental prinsipləri sırasına söz, mətbuat, sərbəst toplaşmaq, qadın azadlığı ilə yanaşı, sosial müdafiə də mühüm yer tutur və Azərbaycan dövləti bu prinsiplərin təmin edilməsi istiqamətində köklü addımlar atır. Bütün bu siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı dayanır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm