Mühacir biznesinin başında hansı siyasətçi dayanır? - YENİ DETALLAR
Bizi izləyin

Nida Təhlil

Mühacir biznesinin başında hansı siyasətçi dayanır? - YENİ DETALLAR

Almaniyada federal polisin Müsavat Avropa Koordinasiya Mərəzinin (AKM) mühacir alverini ifşa etməsindən sonra Azərbaycan müxalifətində ciddi çaxnaşma yaşanır.

Müsavat başqanı Arif Hacılı məsələni “Avropanın miqrantların sayının azaldılması siyasəti” ilə bağlamağa çalışdı, hərçənd, söhbət azərbaycanlıların Avropadan deportasiya edilməsindən yox, onlara pul qarşılığında saxta sənədlər verərək, ora göndərənlərin biznesindən gedir. Ortada təkzibedilməz faktlar var.

Almaniya federal polisin həyata keçirdiyi əməliyyat nəticəsində “Legat” İnteqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev, Müsavat Partiyasının üzvü, Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) sədri İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləmi Elçin Əkbərov, “siyasi mühacir” adı ilə yaşayan Elşən Abdullayev və Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan Rəşad Məmmədov saxlanıldı.

Federal polisin rəsmi sənədində qeyd olunur ki, “İlham Həsən saxtalaşdırılmış məlumatların olduğu 7 paket sənədi Mehdi Xəlilbəyliyə verib. O da bu sənədlərlə Azərbaycandan qanunsuz yollarla gətirdikləri miqrantların Almaniyada siyasi mühacir statusu alması üçün istifadə edib. Bank hesablarının yoxlanılması və digər əməliyyatlar nəticəsində məlum olub ki, şəbəkə 2015-ci ildən indiyə kimi bu yolla 300 min avrodan çox pul qazanıb”.

Müsavat rəsmiləri isə bunun yalan olduğunu, İlham Həsənin saxlanılmadığını iddia edirlər. Lakin məlumatlara görə, İlham Həsən istintaq sənədlərində müqəssir olaraq tanınır və onunla bağlı araşdırmalar davam edir.

Sənəddə qeyd olunur ki, “Xüsusilə Məmmədov dolğun və inandırıcı, öz əksini tapan məlumatlar vermişdi. Özünün də ziyan görəcəyini nəzərə alaraq”.

Görünür, Rəşad Məmmədov şəbəkə ilə bağlı alman polisinə bütün məlumatları verib. Müsavat funksionerlərinin R.Məmmədovun üzərinə hücuma keçməsinin səbəbi də budur.

Araşdırmalara görə, Müsavat Partiyası saxta sənədlərlə siyasi mühacir biznesinə 2014-cü ildə girişib.

27 iyul 2014-cü il tarixli arayış Əliyev adlı bir şəxsə verilib. Arayışda Əliyevin 2008-ci ildən Müsavat üzvü olduğu və “davamlı təqiblərə məruz qaldığı üçün mühacirəyə getmək məcburiyyətində qaldığı” qeyd olunur. Lakin Almaniyanın miqrasiya orqanları həmin şəxsin mühacir statusu almaqla bağlı müraciətinə mənfi cavab verib.

2014-cü ilin 26 noyabr tarixində isə Müsavat Partiyası belə bir bəyanat yaydı: “İsrayıl İsrafil Müsavat Partiyasında və sosial şəbəkələrdəki aktiv fəaliyyətinə görə təqib və təhdid olunub. Son olaraq NİDA-çı gənclərin məhkəməsindəki etiraz aksiyasında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə aparılıb, təzyiqə məruz qalıb. İsrayıl İsrafil müsavatçı olduğuna görə oxuduğu universitetdə də təqib olunub, imtahana buraxılmayıb. Bu gün də ona qarşı təqib və təhlükə davam etməkdədir”.

Söhbət Müsavat Divanının üzvü İkram İsrafilin oğlundan gedir. Bu bəyanat yayılanda İsrayıl İsrafil artıq 6 ay idi ki İngiltərədə yaşayırdı. Müsavat başqanının müavini Gülağa Aslanlı isə israrla “Müsavat Partiyasının bəyanatı faktlara əsaslanan bəyanatdır” deyə bildirirdi.

Faktlar təsdiqləyir ki, Müsavat 2014-cü ildən etibarən “siyasi mühacir” biznesinə girişib. Bu biznesin ölkədəki şəriki Müsavat rəhbərliyi – Arif Hacılı, Gülağa Aslanlı, İsa Qəmbər, xaricdəki icraçı-şəriki isə İlham Həsən, Mehdi Xəlilbəyli və digərləridir.

Almaniyada yaşayan jurnalist Yafəz Əkrəmoğlu Köln şəhərində yerləşən bir binanın fotosunu paylaşıb və yazıb: “Bu binanın axırıncı mərtəbəsindəki eyvanlı mənzil hansı müxalifətçi siyasətçiyə məxsusdur? İpucu verirəm: Bu mənzilin alınmasında mühacir alverindən əldə olunan pullar böyük rol oynayıb”.

Bu ipucu mənzilin Müsavat rəhbərliyinə - ya İsa Qəmbərə, ya Arif Hacılıya məxsus olduğunu təsdiqləyir. Məlumata görə, mənzilin qiyməti 180 min avrodur, hazırda aylığı 830 avroya kirayə verilib.

Yayılan faktlar və davam edən bu prosesin daha çox sirləri ortaya çıxaracağı istisna deyil. Lakin bu prosesdə bir detal da diqqətdən yayınmır.

Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) önündə icazəsiz aksiyaya cəhd etdi. Azsaylı iştirakçının qatıldığı aksiyada baş verənlər partiyanın qarşıdurma yaratmaqda maraqlı olduğunu, asayiş keşikçilərin ərazini tərk etmək haqda xəbərdalığına sərt reaksiyalar verdiyini göstərirdi. Maraqlıdır ki, qanunsuz aksiyadan sonra Müsavat başqanı Arif Hacılı sosial şəbəkə hesabında “həbs olunduqlarını, təzyiqlərə, təqiblərə məruz qaldıqlarını” yazır, “aksiyaya görə bütün ölkədə fövqəladə vəziyyət elan olunduğunu” iddia edirdi. Aksiyanın miqyası ilə onun iddialarının üst-üstə düşməməsi göstərirdi ki, Müsavat başqanı gündəmə gəlmək üçün əlləşir. Həmin vaxt bu, AXCP ilə “əsas müxalifət kimdir” davasından qaynaqlandığı görünsə də, “siyasi mühacir” biznesinin ortaya çıxması başqa məsələlərin də olduğunu təsdiqlədi.

Bu aksiyadan iki gün sonra – noyabrın 14-də Almaniya federal polisinin əməliyyatı nəticəsində Müsavat AKM-nin “siyasi mühacir” biznesi ilə məşğul olan rəhbərliyi saxlanıldı. Burada iki mümkün versiya önə çıxır:

Ya “siyasi mühacir” biznesinin Avropadakı qanadı – İlham Həsən, Mehdi Xəlilbəyli və digərləri əməllərinin ifşa olunacağından duyuq düşüb və Müsavata sifariş göndəriblər ki, “Azərbaycanda müsavatçıların həyatına təhlükə olduğunu göstərmək üçün təcili aksiya keçirin”. Müsavatın uzun müddətdən sonra təcili və israrla qanunsuz aksiya keçirməsi də bu ehtimalı gücləndirir;

Ya da bu aksiya yeni mühacir dəstəsinin Avropaya göndərilməsinə hazırlıq idi;


Hər iki halda aksiyanın “sərbəst toplaşmaq azadlığı” ilə yaxından-uzaqdan əlaqəsinin olmadığı məlumdur. Alman polisinin əməliyyatı isə bu oyunları alt-üst etdi.

Arif Hacılı və İsa Qəmbər başda olmaqla Müsavat rəhbərliyi hazırda diqqəti başqa istiqamətə yönəltməyə çalışır, xüsusilə hakimiyyəti hədəfə alaraq, “bütün hallarda mübarizə Müsavatla iqtidar arasındadır” tezisindən çıxış edirlər. Bu cəhdlərə rəğmən, “İstefa” çağırışları eşidilməkdədir.

ABŞ-da yaşayan Müsavat üzvü Ramis Yunuz Arif Hacılını istefa çağırıb: “Almaniyadakı mühacirlərə saxta sənədlərin verilməsi ilə bağlı yaşanan qalmaqal bir daha Müsavat partiyasının imicinə zərbə vurdu və alman federal polisi tərəfindən açılmış cinayət işində adı hallanan, Avropada bu partiyanın AKM adı altinda yaradılan mərkəzin təşəbbüskarı şəxsən indiki başqan Arif Hacılıdır. Bütün sivil dünyada, belə hallarda, partiyanı zərbədən uzaqlaşdırmaq üçün onun rəhbəri istefa verir və məhz buna görə hörmətli Arif bəy istefa mədəniyyətini göstərməyinizi və bu biabırçı vəziyyətin öhdəsindən gəlmək üçün növbədənkənar partiya qurultayını çağırmağı məsləhət görürəm”.


Arif Hacılı isə R.Yunusa cavabında diqqəti onun mühacirətə necə getməsi üzərinə yönəldib. Onun partiyaya qəbul olan kimi mühacirətə getdiyini deyib. R.Yunus bunu təkzib edib, A.Hacılı 2001-ci ilə aid sənədi dərc edib. Sonra dava partiyada pul üzərinə gəlib. Müsavat başqanı ilə Ramis Yunus arasında ciddi qarşıdurma yaşanıb.

Müsavat Partiyasının üzvləri arasında da Arif Hacılının istefaya çağıranların sayı artmaqdadır.

Avropada “siyasi mühacir” biznesinə qarşı başlanan əməliyyatların təkcə Müsavat AKM ilə yekunlaşmayacağı, digərlərinin də, xüsusilə AXCP-nin şəbəkəsinin də tezliklə ortaya çıxarılacağı deyilir.

Jurnalist Yafəz Əkrəmoğlu yazır ki, “Almaniyada müsavatçı mühacir alverçiləriləri bandasına qarşı açılan cinayət işi, həmçinin həbslər Avropa üzrə genişlənəcək. Çünki bu banda bütün Avropa ölkələrinə yayılıb. Sırada Hollandiya və İsveçdəki banda üzvləridir. Bandanın Avropa üzrə başçısı Hollandiyada yaşayır”.

O ad çəkməsə də bəzi məlumatlar və proseslərin inkişafı sözügedən başçının Hollandiyada yaşayan Leyla və Arif Yunuslar olması ehtimalını gücləndirir. Məlumat hələ dəqiq olmasa da, Yunusların “siyasi mühacir” adı altında Avropaya qaçırılan azərbaycanlıların bir çətir altında toplanması və Azərbaycana qarşı siyasi kampaniyaların təşkilində iştirak etməsi haqda məlumatlar var.

Y.Əkrəmoğlu daha sonra yazır ki, “Dəstənin ümumi başçısı azərbaycanlı bir müxalif siyasətçi sayılır. Mən yazsam inanmayacaqsınız, bir az səbir edin, hər şey özü açılacaq”.

Müsavat rəhbərliyinin adının açıqlandığını nəzərə alsaq, deməli, “əsas başçı” başqasıdır.

Bu proseslər fonunda son günlər Əli Kərimli və komandasının fəallaşması, gündəmi dəyişmək istiqamətində etdikləri cəhdlər diqqətdən yayınmır. Məlumatlara görə, AXCP-nin də “siyasi mühacir” biznesi var. Bu şəbəkənin aparıcı fiqurları kimi AND təşkilatı, Fikrət Hüseynli və Türkel Azərtürkün adı çəkilir. T.Azərtürkün Almaniyada “mühacir” statusu almaq istəyən azərbaycanlı ilə telefon söhbətinin səs yazısının yayılması bunu sübut edir.

Avropada yaşayan Nahid Cəfərov yazır ki, tezliklə növbə AXCP-nin “siyasi mühacir” biznesinə çatacaq.

Əziz bəzi cəbhəçilər, bu gündən sizin üçün də var. Birlikdə AND deyilən təşkilat yaratdığınız Fikrət Hüseynli və vitrinə qoyduğunuz Türkel Azərtürkün əməllərini nə tez unutdunuz?! Sizlə bağlı da işlər gedir, buna əmin ola bilərsiniz. Getdikcə həm çəbhəçilərə, həm də hər kəsə aydın olacaq ki, xalq niyə sizlərə və sizin simanızda bütün müxalifətə nifrət edir”, - o qeyd edir.

İstisna deyil ki, AXCP-nin uzun müddətdən sonra 19 oktyabrda qanunsuz aksiya cəhdinə əl atması və qarşıdurma yaratmaq oyununun da məhz “siyasi mühacir” biznesi ilə bağlı olması istisna deyil. Hazırda proses davam edir və detallar müəyyənləşəndən sonra hər şey çılpaqlığı ilə ortaya çıxacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm