Müxalifətin insan alveri biznesinin payçıları: fakt qarşısında “rəqs edənlər”
Bizi izləyin

Nida Təhlil

Müxalifətin insan alveri biznesinin payçıları: fakt qarşısında “rəqs edənlər”

Müsavat Partiyasının Avropada “siyasi mühacir” biznesi ətrafında qalmaqallı proses davam edir. Bu şəbəkənin başında olduğu deyilən Arif Hacılı və partiyanın rəhbərliyində təmsil olunan digərlərinin arqumentsiz təkzibinə baxmayaraq, Almaniyanın Koblenz məhkəməsinin açıqladığı qərar hər şeyi rəsmi şəkildə sübut etdi.

Koblenz məhkəməsinin qərarında Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) rəhbəri İlham Həsən və müavini Mehdi Xəlilbəylinin, eləcə də digərlərinin adı çəkilir, onların saxta sənədlərlə Azərbaycandan Almaniyaya mühacir daşıdığı və bunun qarşılığında 300 min avrodan çox pul əldə etdikləri qeyd olunur.

Koblenz prokuroru Torsten Kah bəyan edib ki, “siyasi mühacir” biznesinə görə saxlanılan şəxslər əcnəbilərin ticarəti və qrup qaçaqmalçılığında, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulmasında ittiham olunurlar.

Mediada “siyasi mühacir” olaraq təqdim edilən bu proses Avropada əsasən insan alveri kimi qəbul olunur və buna görə olduqca sərt cəzalar tətbiq olunur.

Almaniya hüquq-mühafizə orqanlarının rəsmi sənədlərinə rəğmən, Müsavat başqanı Arif Hacılı isə insan alveri ilə məşğul olduqlarını təkzib edir və məsələni “hakimiyyətin Müsavata qarşı kampaniyası” yönündə şərh edir. Ona ən tutarlı cavabı elə müsavatçıların özləri verib.

Müsavat Partiyasının üzvü Ehtiram Əsgərli Arif Hacılıya xitabən yazır: “Arayışı verməyi hökumət istəyir? Gülağa Aslanlı hökumətin adamıdır, yoxsa Müsavatın üzvü, Arif Hacılı?!” .

Bu, cinayəti ört-basdır etmək üçün məsələni “Müsavat-hakimiyyət mübarizəsi” kontekstinə yönəltmək istəyən Arif Hacılı üçün ən yaxşı cavabdır.

Müsavat Avropa Koordinasiya Mərkəzinin özünü təmizə çıxarmaq məqsədilə yaydığı açıqlama isə sözün əsl mənasında biabırçılıqdır.

“Müsavat AKM olaraq araşdırmalardan sonra bizə məlum olan budur ki, Mehdi Xəlilbəyli haqqında hələlik sübut olunan fakt yük daşınmalarından gələn gəlirləri gizlətmək və vergidən yayınmaqdır. Bu hallar isə bütün Avropada çox böyük cinayət hesab olunur və ağır cəzası var”, - açıqlamada deyilir.

Koblenz məhkəməsinin qərarında isə qeyd olunur: “İndiyədək aparılan istintaq nəticəsində əldə edilən faktlar əsasında təqsirləndirilən Məmmədov barəsində gəlir əldə etmək məqsədi ilə insanların qanunsuz olaraq ölkəyə gətirilməsi, o cümlədən çirkli pulların yuyulması kimi əməllərinin olmasına dair əsaslı şübhələr var. Təqsirləndirilən şəxs, ən azı 2015-ci ildən etibarən digər təqsirləndirilən şəxs Xəlilbəyli ilə birlikdə, gəlir əldə etmək məqsədilə, Azərbaycan vətəndaşlarına icazəsiz, pasportsuz, pasport əlavəsiz, yaşamaq hüququ olmadan Almaniyaya gəlməyə kömək etməkdə və bununla gəlir əldə etməkdə şübhəli bilinir. 2014-cü ildən etibarən təqsirləndirilən şəxs Məmmədovun özünün və ailəsinin, həmçinin digər təqsirləndirilənlər Bayraməliyev, Əkbərov və onların ailələrinin Almaniyaya qanunsuz olaraq gətirilməsi həyata keçirilib. Bunların arasında, xüsusilə “Ramil Rüstəmov”, Rəşad və Əziz, hər biri ailə üzvləri ilə birlikdə, Azərbaycan ərazisindən heç bir pasportu və yaşamaq icazəsi olmadan Almaniya ərazisinə daxil olmuşdurlar. Bununla yanaşı, şəxsiyyəti hələlik bilinməyən 60-a qədər azərbaycanlı qanunsuz olaraq ölkəyə gətirilib. Bir neçə min avroluq ödəniş qarşılığında, qanunsuz miqrantlara gəldikləri ölkədə guya siyasi təqibə məruz qalmasını sübut etmək üçün Almaniyada saxta sənədlər təqdim olunur və bu sənədlərdən qaçqın statusu almaq prosesində istifadə olunurdu. Təqsirləndirilən Xəlilbəyli xüsusilə bu işlərin ümumi olaraq təşkil olunmasında və ödənişin qəbul olunmasında və qaçaq gələn şəxslərlə əlaqədə olan ilk şəxs kimi tanınır. O, qaçaq miqrantlara qaçqın statusu almaq prosesi zamanı və Almaniya dövlət qurumları ilə əlaqədə necə davranılmalı olduğunu öyrədib. Bundan əlavə o, qanunsuz miqrantların həqiqi sənədlərini özündə saxlayıb, qanunsuz miqrantların Azərbaycanda guya siyasi təqibə məruz qalmasını göstərən saxtalaşdırılmış sənədlərlə təmin etmək üçün vəziyyətdən asılı olaraq 3-cü şəxsləri, digər təqsirləndirilən Həsən və Cavadovu bu fəaliyyətə cəlb edib. Təqsirləndirilən Məmmədov hər bir halda 2018-ci ilin payızına qədər təqsirləndirilən Xəlilbəylinin sürücüsü kimi çalışıb, hansı ki, o 2015-ci ildən bəri təxminən 50 dəfə olmaqla ümumilikdə 300.000 avro məbləğində pulu təqsirləndirilən Cavadovdan təqsirləndirilən Xəlilbəyliyə çatdırıb və ümumilikdə 7 saxta sənədlərlə dolu paketi təqsirləndirilən Həsəndən təqsirləndirilən Xəlilbəyliyə verib”.

Bu, Almaniya məhkəməsinin qərarıdır və Müsavatın məntiqinin əksinə olaraq, almanlar öz qanunlarının pozulması faktını araşdırır, Azərbaycanda elektoratının əksəriyyəti sosial şəbəkələrdə feyk profillər olan siyasi partiyalar onlar üçün maraqlı deyil.

Müsavatın üzvü, Almaniyada yaşayan jurnalist Yafəz Əkrəmoğlu isə Müsavatda “siyasi mühacir” – insan alverindən əldə olunan gəlirlərdən pay alanların siyahısını dərc edib:

1. Gülağa Aslanlı – bu işdə Arif Hacılının sağ əli, ortağı;
2. Səxavət Soltanlı – Arif Hacılının ümumiyyətlə sağ əli;
3. Mustafa Hacıbəyli – Arif Hacılının qardaşı. Arayış almaq istəyən potensial “siyasi mühacir”lər ilk olaraq onun əlinin altında keçir. Rəhbərlik etdiyi “Basta.info” saytı qardaşının “siyasi mühacir”lәri haqda məqalələr dərc edib.
4. Fərəc Kərimli – müavin. Təmsil olunduğu Müsavat Laçın rayon təşkilatı Avropaya ən çox mühacir ixrac edən təşklatdır. A rif Hacılının trol ordusunu idarə edir;
5. Raqif Kərimli – Fərəcin atası, uzun müddət Laçın təşkilatının sədri olub;
6. Nemət Kərimli – vəkil;
7. Osman Kazımov – vəkil;
8. Sevinc Hüseynova – Partiyada MNTK sədri;
9. Nüşabə Sadıqlı – Məclis sədri;
10. Nazim Azadoğlu – oğlu Nurlan adı Avropada mühacir alverində sıx hallanan Müsavat AKM-də sədr müavinidir;
11. Azər İsmayıl – Arif Hacılının müşaviri, “basta.info”nun əməkdaşı;


Y.Əkrəmoğlu deyir ki, bu şəxslər “siyasi mühacir” biznesi şəbəkəsinin əsas payçılarıdır.

Müsavat rəhbərliyi bununla bağlı da tutarlı cavab verə bilməyib. Əvəzində diqqəti mövzudan yayındırmaq istiqamətində fəal çalışırlar: hakimiyyəti tənqid edir, İrandan-Turandan statuslar yazır, Azərbaycanda “repressiya” haqda iddialar sərgiləyirlər.

Baş verənlər Müsavat rəhbərliyinin ən yaxşı halda istefası ilə nəticələnməlidir (cinayət şəbəkəsi tam ifşa olunandan sonra başqan da daxil olmaqla, partiya rəhbərlərinin də məsuliyyətə cəlb edilməsi istisna deyil). Arif Hacılı istefa verməmək üçün diqqəti yayındırmaq gedişləri edir. Müsavat və Milli Şura üzvü Tofiq Yaqublunun Cəmil Həsənlinin yerinə gətirilməsi təklifini təcili dəstəkləməsinin səbəblərindən biri də budur. Çünki hazırda Müsavatda Arif Hacılının postuna potensial təhlükə Tofiq Yaqubludur. Alman polisinin əməliyyatından sonra taxtı laxlayan Hacılı hiss edir ki, partiya daxilində ona qarşı olan cəbhə genişlənməkdədir və bu cəbhə tezliklə Yaqublunun ətrafına toplaşa, növbədənkənar qurultayın keçirilməsini tələb edə bilər. T.Yaqublunun Milli Şura rəhbəri olması onun Müsavat başqanı olması perspektivini dərhal sıradan çıxaracaq. Ötən ay keçirilən qurultaydan sonra hədəf taxtasına çıxardığı Yaqublu ilə səmimi fotolarını paylaşması və “Milli Şura rəhbərliyinə layiq şəxsiyyət” dozasında təbliğatını aparması da buna hesablanıb.

Lakin Toqif Yaqublu Hacılının bu dəstəyini hücumu təxirə salmaq üçün səbəb kimi görmür.

“Meydan Tv”yə müsahibəsində, o, Müsavatın “siyasi mühacir” biznesi ilə bağlı bəzi gizlinləri açıqlayıb və qeyd edib ki, əlində saxta arayışlar var.

T.Yaqublu illərdir partiya daxilində bu məsələni müzakirə etdiklərini, lakin rəhbərliyin heç bir adekvat reaksiya vermədiyini, əvəzində bu məsələni dilə gətirənlərə qarşı hücuma keçdiklərini vurğulayıb.

Bu sözlərdən sonra müsavatçılar T.Yaqubluya qarşı sosial şəbəkələrdə kampaniyaya başlayıblar. Onu “Müsavatın üzvü olan cəbhəçi” adlandırırlar.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm