Onların qəhrəmanlığı sayəsində bu plan baş tutmadı - Əli Həsənov
Bizi izləyin

Nida Təhlil

Onların qəhrəmanlığı sayəsində bu plan baş tutmadı - Əli Həsənov

Bizi əlamətdar hadisə - Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümündən cəmi yarım il ayırır. Həmin illərin qəhrəmanlıq hadisələri əvvəlki kimi yaddaşlardan silinmir. Əksinə, atalarımızın və babalarımızın faşist Almaniyası ilə amansız döyüşlərdə göstərdikləri igidliyə görə qürur hissi ildən-ilə güclənir. Bu müharibədə Sovet İttifaqının başqa millətlərinin nümayəndələri kimi, azərbaycanlılar da öz ölkələrinin müdafiəsinə qalxdılar və təcavüzkarın darmadağın edilməsinə layiqli töhfələrini verdilər.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Şimali Osetiya-Alaniyada Böyük Vətən müharibəsində canlarından keçmiş azərbaycanlıların xatirəsinin anım mərasimində çıxışı zamanı deyib. O bildirib ki, bizim əsgər və zabitlərimiz demək olar ki, bütün cəbhələrdə, o cümlədən Şimali Osetiyanın müdafiəsində rəşadətlə döyüşüblər:

“1942-ci ilin ikinci yarısında məhz burada 223-cü atıcı diviziyanın da iştirak etdiyi qanlı döyüşlər başlayıb. Diviziya 86 faizinin azərbaycanlılar olduğu əsgər və zabitlərinin böyük bir hissəsini Şimali Qafqazın müdafiəsi uğrunda döyüşlərdə itirib. Yeri gəlmişkən, onların əksəriyyətinin 20 yaşı da olmayıb. Böyük Vətən müharibəsində həlak olmuş bütün döyüşçülərin ruhu şad olsun.

Məlumdur ki, İkinci Dünya müharibəsi illərində 223-cü diviziya Rumıniya, Bolqarıstan, Yuqoslaviya və Macarıstan ərazilərində gedən döyüşlərdə iştirak edib. Yuqoslaviyanın azad olunmasında döyüş xidmətlərinə görə ona “Belqrad” fəxri adı verilib. Ümumilikdə, diviziya 3600 kilometr döyüş yolu keçib, düşmənin 25 mindən çox canlı qüvvəsini, 30 təyyarəsini, 100-dən artıq tankını məhv edib. Diviziyanın minlərlə döyüşçüsü orden və medallarla təltif olunub, onların ikisi isə ən yüksək mükafata – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Ümumilikdə, müharibə illərində Azərbaycan 600 mindən çox oğul və qızını cəbhəyə yollayıb. Onların təxminən yarısı canlarını faşist Almaniyası və onun müttəfiqləri üzərində Qələbə uğrunda qurban verib. İşğalçılarla döyüşlərdə göstərdikləri rəşadətə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit isə müxtəlif orden və medallarla təltif edilib”.

Ə.Həsənov qeyd edib ki, ölkənin yanacaqla təmin edilməsində də Azərbaycanın əvəzsiz rolu olub:

“Müharibə illərində neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi bizim respublikanın payına düşürdü. Mübaliğəsiz demək olar ki, Bakı nefti olmadan sovet ordusu düşmənə qalib gələ bilməzdi. Məhz ona görə Hitler Azərbaycanın neft yataqlarının ələ keçirilməsinə xüsusi əhəmiyyət verirdi. Lakin sovet əsgər və zabitlərinin, o cümlədən 223-cü atıcı diviziyanın şəxsi heyətinin qəhrəmanlığı sayəsində bu planı həyata keçirmək ona müyəssər olmadı".

Prezidentin köməkçisi vurğulayıb ki, tarixin ən dağıdıcı və qanlı müharibəsinin başa çatmasından 75 ilə yaxın vaxt ötür:

"Təəssüf ki, son illər bəzi ölkələrdə müharibənin dərsləri unudulur, nasistlərin və onların əlaltılarının qəhrəmanlaşdırılması cəhdləri göstərilir. Məsələn, bir neçə il əvvəl Ermənistan paytaxtında Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyanın altı metrlik heykəli ucaldılıb. 2012-ci ildə isə Krasnodar diyarındakı Armavir şəhərinin erməni icması erməni Apostol kilsəsinin ərazisində ona xatirə lövhəsi qoyub. Onun Üçüncü Reyxlə fəal əməkdaşlıq etdiyi, Qızıl Ordunun hissələrinə qarşı döyüşən diversiya qrupu və bütöv bir erməni batalyonu yaratdığı məlumdur. Njdenin əsas şüarı belə olub: “Almaniya uğrunda həlak olan, Ermənistan uğrunda həlak olur”. Hesab edirəm ki, postsovet məkanında bu cür cinayətkarların qəhrəmanlaşdırılması cəhdlərinə yer olmamalıdır. Həm İrəvandakı abidə, həm də Armavirdəki xatirə lövhəsi sökülməli, onların təşəbbüskarları və təşkilatçıları isə cəmiyyətin bütün təbəqələri tərəfindən qəti şəkildə qınanmalıdır.

Bu baxımdan faşist işğalçıları və onların əlaltıları ilə döyüşlərdə həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsinə abidə qoyulması xüsusi hörmətə və dərin minnətdarlığa layiqdir. Şübhəsiz ki, bu heykəl Azərbaycan və osetin xalqları, bütövlükdə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasındakı dostluğun daha bir rəmzidir.

Müstəqilliyini bərpa etdikdən sonra Rusiya ilə mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin ən mühüm istiqamətlərindən biri olub. Sevindirici haldır ki, ikitərəfli əlaqələrimiz bütün istiqamətlərdə - siyasətdən humanitar sahəyədək inkişaf edir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, iqtisadi-ticari və mədəni sahələrdə uğurlu qarşılıqlı fəaliyyət göstəririk, energetika və nəqliyyat sektorlarında birgə layihələr həyata keçiririk. Regionlararası əməkdaşlıq da ildən-ilə inkişaf edir. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla iqtisadi-ticari və humanitar əlaqələr yaradıb. Onların arasında sizin respublika da var. 2015-ci ildə Azərbaycan və Şimali Osetiya–Alaniya hökumətləri arasında iqtisadi-ticari, elmi-texniki və mədəni əməkdaşlığa dair saziş imzalanıb. Bu sənəd çərçivəsində müxtəlif sahələrdə əhəmiyyətli layihələr həyata keçirilir.

Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən dəstəyi ilə Vladiqafqazda XX əsrin böyük neft sənayeçisi və mesenatı Murtuza Muxtarovun inşa etdirdiyi məscid bərpa olunub. Qeyd etmək xoşdur ki, bizim ənənəvi dostluğumuzun və qardaşlığımızın təcəssümü olan bu memarlıq incisi Şimali Osetiyanın mədəni-mənəvi mərkəzlərindən biridir".

Ə.Həsənov sonda bildirib ki, Azərbaycan gələcəkdə də həm Şimali Osetiya, həm də bütövlükdə Rusiya Federasiyası ilə əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi niyyətindədir. Əminəm ki, biz birgə səylərlə ikitərəfli əlaqələrimizi yeni, daha yüksək səviyyəyə qaldıra biləcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm