Prezidentimizin səsləndirdiyi fikirlər Azərbaycan vətəndaşının fəaliyyət istiqaməti olmalıdır - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

Prezidentimizin səsləndirdiyi fikirlər Azərbaycan vətəndaşının fəaliyyət istiqaməti olmalıdır - DEPUTAT

“Düşünürəm ki, cənab Prezidentin BDU-nun 100 illiyi münasibətilə keçirilən tədbirdə səsləndirdiyi fikirlər Azərbaycan vətəndaşının fəaliyyət istiqaməti olmalıdır”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Azərbaycan bugünkü rifahı, rahatlığı, demokratiyanı, azadlığı asan əldə etməyib:

“Azərbaycan Prezidenti Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycanın 100 illik tarixinə ekskursiya edərək tarixdə baş verən ən mühüm məqamlara işıq saldı. İstər əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, o dövrdə Bakı Dövlət Universitetinin yaranması, istərsə də sonrakı dövrlərdə müstəqilliyin Azərbaycan xalqına böyük inkişaf gətirdiyini qeyd etmək lazımdır. Azərbaycan Prezidenti çıxışında qeyd etdi ki, lider xalqın önündə olmalıdır, dövləti qorumalıdır. Dövlət başçısı müstəqilliyimizin ilk illərində baş verən hadisələri təhlil edərək bildirdi ki, dövlət başçısı firar etməməlidir. O 1991-ci ildən 1993-cü ilə qədər olan dövrdə dövləti, dövlətçiliyi qorumalı olan insanların daha fərqli mövqe sərgilədiklərini diqqətə çatdırdı. Düşünürəm ki, belə mühüm bir auditoriyada, yəni tələbələrin və gənclərin olduğu auditoriyada tarixə ekskursiya edərək bu həqiqətləri dilə gətirmək dövlətçilik təfəkkürünün düzgün aşılanması üçün çox vacib bir tezis idi. Çünki bugünkü rifahı, rahatlığı, demokratiyanı, azadlığı görən Azərbaycan gənci bəzən düşünə bilər ki, bu elə belədir, belə də olmalıdır. Amma biz bilirik ki, bunu təmin etmək üçün Azərbaycan nə qədər çətin yollardan keçib və Azərbaycan Prezidenti bunu qorumaq və inkişaf etdirmək üçün nə qədər əmək sərf edir.

Düşünürəm ki, cənab Prezidentin səsləndirdiyi fikirlər Azərbaycan vətəndaşının fəaliyyət istiqaməti olmalıdır. Çünki bu dövlət bizimdir və Azərbaycan vətəndaşlarının dövlət ətrafında öz maraqlarını səfərbər etməsi, dövlətimizin inkişafına təkan olacaq. Azərbaycanda təhsilin inkişafı, Azərbaycan vətəndaşlarının təhsil almaq hüququnun olması və inkişafı Heydər Əliyevin təhsilə verdiyi qiymətin dəyəri kimi yadda qalmalıdır. Eyni zamanda təhsilin təşviqində Heydər Əliyevin rolu böyük olub. Müəllimlər haqqında ulu öndərin “müəllimlik peşəsi ən müqəddəs peşədir” fikri, təhsilin həm təşviq edilməsi, həm təbliğ olunması, həm də yüksək səviyyədə təhsilin təmin olunması üçün atılan addımlar idi. Biz bilirik ki, istər Azərbaycanda birinci hakimiyyəti dövründə, yəni 1969-1982-ci illərdə, istərsə də ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra ulu öndər həmişə təhsili diqqət mərkəzində saxlayırdı. Təkcə 1969-1982-ci illərdə 800-dən çox azərbaycanlı tələbə SSRİ-nin ali təhsil müəssisələrinə göndərildi. İxtisaslaşmış və vacib olan sahələr üzrə ali təhsilli kadrlar hazırlanırdı. Sonrakı dövrdə də bu siyasət davam etdi və bu gün də həyata keçirilən təhsil siyasətini məhz ulu öndər müəyyənləşdirib.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə Azərbaycan prezidenti çox yüksək qiymət verdi və qeyd etdi ki, AXC Azərbaycan xalqı qarşısında çox mühüm xidmətlər göstərib. Bu xidmətlər içərisində əlbəttə ki, Bakı Dövlət Universitetinin yaranması mühüm hadisə idi. Çünki hər bir millətin öz dövlətinə sahib çıxması, öz dövlətini qura bilməsi, onun müstəqilliyini qoruya bilməsi ilk növbədə intellektual müstəvidə baş verən hadisə olduğu üçün ali təhsilli kadrların hazırlanması vacib strateji vəzifə kimi qarşıda dayanırdı. Cənab prezident qeyd etdi ki, fəaliyyət göstərdiyi 100 il müddətində Bakı Dövlət Universiteti Azərbaycana 200 mindən çox ixtisaslı kadr verib. Biz bu kadrların içərisində çox böyük alimlərin, dövlət xadimlərinin, ictimai xadimlərin, siyasi xadimlərin olduğunu görürük. Ulu öndər Heydər Əliyevin də BDU-nun məzunu olduğunu qeyd etmək lazımdır. AXC-nin müstəqilliyi dövründə yaradılmış Bakı Dövlət Universiteti 100 ildir ki, Azərbaycanda təhsilin inkişafına xidmət göstərir. İntellektual resurslarını formalaşdırır, Azərbaycanda yüksək səviyyəli kadrlar hazırlamaqla idarəetməni və inkişafı təmin edən ali təhsil müəssisəsi kimi çıxış edir”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm