Azərbaycanda yas mərasimləri ilə bağlı VACİB YENİLİK: Bundan sonra... - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Azərbaycanda yas mərasimləri ilə bağlı VACİB YENİLİK: Bundan sonra... - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycanda dəfn mərasimləri ilə bağlı qaydalar dəyişir.

Belə ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov jurnalistlərə açıqlamasında bildirib ki, Nazirlər Kabineti artıq nümunəvi qəbiristanlıqlarla bağlı qərar verib: "Bununla bağlı yerlər ayrılmaq üzrədir. Hər biri bərabər olacaq. Yenə də qeyd etmək istəyirəm ki, Fəxri Xiyaban və Şəhidlər Xiyabanında dəfn edilən şəxslər istisnadır. Bir daha qeyd edirəm ki, qalan insanlarının hamısının dəfn və yas mərasimləri eyniyyət təşkil etməlidir".

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli Publika.az-a açıqlamasında Siyavuş Novruzovun fikirlərinə şərik olduğunu qeyd edib:

"Həm bir şərqşünas, həm də mənəviyyat adamı kimi zaman-zaman demişəm ki, Azərbaycanda tək yemək-içməkdə israf deyil, məzar yerlərində də bu problem var. Əməllərimizlə uca yaradanın bizə buyurduğu hökmlərin açıqca əleyhinə getmişik. Bu, həm də milli məsələdir. Çünki Azərbaycan dövlətinin mənbəyi Azərbaycan xalqıdır. Şöhrətpərəstlik, "qonşudan geri qalma" yaşayış tərzi insanların həm də mənəvi dünyasını işğal edir. Bu mənəvi məsələdir və açıq da deyirəm ki, əgər Allah Təala Qurani-Kərimdə israf edənləri sevməz hökmünü bizim üçün bəyan edibsə, müsəlman ölkəsi olaraq Allahın buyurduqlarına qarşı gəlməklə zaman-zaman Allahın qəzəb hədiyyəsini sanki özümüzə israrla istəyirik. İsraf edənləri Allah sevməz. Siyavuş Novruzovun da dediyi kimi, həm də ideoloji baxımdan təbliğat mexanizmini lazımi yerlərdə gücləndirməyə ehtiyac var. Artıq bu sahədə Naxçıvan, Tərtər, Ağdam nümunəsi var. Yerlərdə inzibati metodlar olmadan belə xüsusi olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin misilsiz xidmətləri nəticəsində israfçı süfrələr açılmır. Onlar bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə iş aparırlar. Restoran müdirləri ilə söhbət edərkən onlar deyirlər ki, sizin nə işinizə qalıb, imkan verin camaat süfrəsini versin, içi rahat olsun. Camaatın içinin rahatlıq tapması onların dərdi deyil. Yas yerləri ilə bağlı açılmış mərkəzlərin, restoranların, bir qrup işbazların bu məsələdə həm də "çörəyi kəsilə bilər". Toy edən restoranların bir çoxu artıq məkanlarını yas məclisi yerlərinə çevirib. Bu da Azərbaycan xalqının içərisində olan çox sayda insanın şöhrətpərəstliyinin acı faciəsidir. Təsəvvür edin, insanlar gün ərzində 5 dəfə yemək verirsə, qəbir yerinə 2500-5000 manat xərc çəkirsə, qonşusundakı bir acın, imkansızın dərdinə əlac etmirsə, o vəfat etmiş doğmasının ən azından ruhunun incidilməsinə səbəb olur. Bu baxımdan məncə, dövlətin bu məsələnin üzərinə getməsi zəruridir, bunun xeyirə səbəb olacağını da təmənna edirəm.

Eyni zamanda bu məsələdə imkanlı, öndə olan, tanınan şəxslər nümunə olmalıdır. Əgər belələri dəfn və yas mərasimlərində israfçılıq etməsə, dinimizin tələblərinə uysa, istər-istəməz imkansız şəxslər də bundan örnək götürəcəklər. Beləliklə nə onlar borca girəcək, nə də ki, israfçılıq olacaq".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm