"Onlar əllərinə düşən var-dövləti mənimsəyərək aradan çıxdılar" - Azər Badamov
Bizi izləyin

Nida Təhlil

"Onlar əllərinə düşən var-dövləti mənimsəyərək aradan çıxdılar" - Azər Badamov

"Bugünkü Azərbaycanın yaranması üçün, müstəqil bir ölkə kimi formalaşaraq dünyada öz sözünü deməyi üçün uzun illər əziyyət çəkməli olduq".

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, ölkə başçısı öz çıxışında ölkəmizin tarixi və gələcəyi üçün vacib məqamlara toxunub:

"Birincisi onu qeyd etmək istəyirəm ki, ölkə başçımızın Azərbaycan Dövlət Universitetinin 100 illiyi ilə bağlı keçirilən mərasimdə etdiyi çıxış böyük məna daşıyır. Cənab Prezident Azərbaycanın müstəqillik illərinin keçdiyi tarixi, auditoriyaya xatırlatdı. Bu isə müstəqilliyin qorunub saxlanılması üçün vətəndaşlarımız, gənclərimiz qarşısında vəzifələr qoydu. Bu vəzifə birinci növbədə keçdiyimiz yola diqqət yetirmək, tarixi öyrənmək, vətənpərvərlik yolunda tərbiyə olunmaq və müstəqilliyimizin gələcəyinin möhkəmlənməsi naminə çalışmaqdan ibarətdir. Ölkəmizdə yüksək milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına verilən töhfələr, tolerant mühitin mövcudluğu, dünyaya tolerantlığın təbliği istiqamətində verdiyimiz töhfələr, dünyada tutduğumuz yer, dünya səviyyəsində rolumuz və digər mövzular cənab Prezidentin çıxışında yer aldı.

Ölkə başçısı çox düzgün olaraq inteqrasiya məsələsinə toxundu. Azərbaycan müstəqil ölkədir, müstəqil siyasət yürüdür. Avropa ölkələri və digərlərindən fərqli olaraq öz tarixi köklərimizə söykənərək mədəniyyətimizi, milli-mentalitet baxışlarımızı qoruyub saxlayaraq inkişaf etməliyik. Ölkə başçısı çox düzgün vurğuladı ki, biz hara inteqrasiya etməliyik, böhrana inteqrasiya etməliyik? Bir neçə il öncə Avropada iqtisadi böhran baş vermişdi, iqtisadiyyat demək olar ki, çökmək üzrə idi. Həmin vaxt biz ora necə inteqrasiya edə bilərdik? Azərbaycan cənab Prezidentin rəhbərliyi altında bir çox iqtisadi islahatlar həyata keçirdi. Biz öz müstəqil iqtisadi siyasətimizi ortaya qoyduq. Azərbaycan bu illər ərzində iqtisadi uğurlar əldə etdi. Biz həmin böhran vaxtlarında inteqrasiya etsəydik, iqtisadi artım əldə etmək və müstəqil ölkə kimi danışmaq imkanlarımız yaranmazdı.

Digər tərəfdən, Azərbaycanda gender bərabərliyi qorunub saxlanılır. Həm də bizdə böyük- kiçik yeri var. Dünyanın bir çox ölkələrində bu dəyərlər yaddan çıxıb, unudulub. Bizdə qadın və kişinin öz yeri var. Kişi həmişə qadını qorumalıdır, onun müdafiəsində dayanmalıdır. Baxmayaraq ki, gender bərabərliyi var, kişi qadının müdafiəçisi missiyasını həmişə öz üzərində saxlamalıdır. Bizdə ailə dəyərləri var. Bu dəyərləri qoruyub saxlamalıyıq.

Azərbaycanın müstəqil həyatı çox dəyərlidir və bu, bizim dünyagörüşümüzə, baxışlarımıza tam uyğun gəlir. Çox düzgün olaraq biz hər hansı yerə inteqrasiya olunmadıq, olunmuruq və öz mental dəyərlərimiz üzərində inkişaf edirik. Azərbaycanda müstəqillik 1918-ci ildə də əldə olunmuşdu. Amma müstəqillik qısa dövrü əhatə etdi və 70 il ərzində SSRİ-nin tərkibində yaşamalı olduq. Ölkəmizin bəxti onda gətirdi ki, 1969-cu ildə rəhbərliyə Ulu Öndər Heydər Əliyev gətirildi və uzun illər ərzində Azərbaycanda müstəqilliyə gedən yolun əsaslarının yaradılması istiqamətində işlər görüldü. İnkişaf dinamikası artmağa başladı. Azərbaycan "qırmızı bayraq" alan ölkəyə çevrildi. Sovetlər dövründə "qırmızı bayraq" almaq uğrunda yarışma keçirilirdi. Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında 15 il ərzində bu bayrağa sahiblik etdi. Bu illər ərzində ölkədə təhsilin inkişafı istiqamətində uğurlu işlər görüldü. 800-dən çox gənc SSRİ-nin mötəbər universitetlərinə ezam edildi. Bu gün də o gənclər müstəqil Azərbaycanın inkişafına töhfələrini verirlər.

Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərində C. Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Bu gün də Azərbaycan ordusuna həmin kadrlar rəhbərlik edir.

Təəssüf ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün ağır gəldi. Bu illər ərzində rəhbərlikdə üç lider oldu və onlar ölkənin ağır vəziyyətinə davam gətirə bilmədikləri üçün ölkəni qoyub qaçdılar. Ölkənin durğun vəziyyətini idarə edə bilmədilər, xalqın rəğbətini qazana bilmədilər. Əllərinə düşən var-dövləti mənimsəyərək aradan çıxdılar. Bu əziyyətlər də təbii ki, Xalq Cəbhəsi və Müsavat cütlüyünün hakimiyyətdə olduğu illərdə oldu. Bu gün də onların vurduğu ağır zərbənin tam şəkildə aradan qaldırılması istiqamətində ölkəmiz, xalqımız əziyyət çəkir.

Bizim yeganə yolumuz inkişafa doğrudur. Ulu Öndər Heydər Əliyevin siyasətinin davam etdirilməsi yoludur. Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin çiçəkləndirilməsi yoludur".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm