Hakim partiya parlamentin buraxılmasını niyə istəyir və nələr olacaq? - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Hakim partiya parlamentin buraxılmasını niyə istəyir və nələr olacaq? - TƏHLİL

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Milli Məclisdəki deputatlarını geri çəkərək, yetərsay yaratmaqla parlamentin buraxılmasına zəmin yaratdı. Sabah keçiriləcək Milli Məclisin plenar iclasında bu məsələnin müzakirəsi gözlənilir.

Gündəmin əsas mövzusu olan hakim partiyanın bu addımının səbəbləri və gözlənilən nəticələr maraqlıdır.

Azərbaycanda Prezidentin təşəbbüsü ilə çoxşaxəli islahat kursu davam edir və parlamentin yenilənməsinə yaranmış zərurətə də ilk növbədə bu, islahat kursunun davamı kimi baxmaq lazımdır. Hakim partiyanın parlamentin buraxılmasına zəmin yaratması da islahatlara dəstək xarakteri daşıyır. Hərçənd, ictimaiyyəti maraqlandıran suallar var:

1. Növbəti parlament seçkilərinə bir ildən də az vaxt qaldığı ərəfədə hakim partiya bu addımı niyə atdı?

Növbəti seçkilərə qədər gözlənilməməsinin səbəbi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların intensivliyidir. Ölkədə struktur-kadr islahatları, o cümlədən, məhkəmə sisteminin yenilənməsi sürətlə həyata keçirilir. Bu islahatlar fonunda hakimiyyətin üçüncü qolunun saxlanılması islahat kursunun sürətli tətbiqinin önündə maneə idi. Məhz buna görə, hakim partiya islahatların sürətini axsadan maneəni aradan qaldırmaq gedişi etdi.

2. Parlament niyə buraxılsın?

2016-cı ilin 26 sentyabrında Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı keçirilən referendumda xalq dəyişiklikləri dəstəklədi. Yeni Konstitusiya ölkədə hakimiyyətin üç qolunun – qanunverici, icra və məhkəmə - yenilənməsini, Əsas Qanuna uyğunlaşdırılmasını zəruri edirdi.

2018-ci ildə yenidən Prezident seçilən İlham Əliyev ölkədə islahat kursunu elan etdi: sosial rifahın güclənməsi, liberal iqtisadiyyatın təşviqi, büdcəyə yük olan qurumların ləğvi, yaxud birləşdirilməsi, idarəetmədə gənclərin önə çəkilməsi və s.

İcra orqanlarının təkmilləşməsi, idarəetmənin yenilənməsinə hesablanmış struktur islahatları davam edir. Dövlət başçısı da çıxışlarında bəyan etdi ki, struktur islahatlarının nəticəsində büdcə gəlirləri artıb. Bu artım da əhalinin sosial rifahının yaxşılaşmasına yönəlib. Cari ilin əvvəlindən etibarən əmək haqları, sosial müavinətlər və pensiyaların ümumilikdə 80 faizə qədər artırılması bunun nəticəsidir.

Buna paralel olaraq, köklü kadr islahatları da həyata keçirilir. Xüsusilə uzun illər dövlət qarşısında xidmətləri olmuş yaşlı məmurlar hörmətlə yola salınır, onların yerinə gənc kadrlar gətirilir.

Struktur və kadr islahatlarına paralel olaraq, məhkəmə-hüquq sistemində də islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin 2019-cu il 3 aprel tarixli Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqda Fərmanı bu prosesin sürətləndirilməsinə hesablanıb.

Lakin islahatların qanunverici hakimiyyətə tətbiq olunmaması digər sahələrdə - icra və məhkəmə hakimiyyətindəki islahatların axsaması, tam həyata keçirilməməsi deməkdir. Bu baxımdan, qanunverici orqanda islahatların aparılmasını gecikdirmək yanlış olardı. Məhkəmə hakimiyyətini icra və qanunverici hakimiyyətin birgə formalaşdırdığını nəzərə alsaq, islahat dalğasının parlamentə çatmasının zəruriliyini daha aydın anlamaq olar.

Və nəhayət, mövcud parlament missiyasına nə dərəcədə adekvat idi?

Ən mühüm məqamlardan biri budur. Etiraf olunmalıdır ki, hazırkı parlament bir çox hallarda cəmiyyətin neqativ reaksiyasına səbəb olur:

- Bəzi deputatların açıqlamaları qanunverici orqanın cəmiyyətdəki legitimliyini zəiflədir;
- Bir sıra deputatın adının biznes qalmaqalında hallanması legitimliyə ciddi zərbə vurur;
- Deputatların bizneslə məşğul olması onların qanunverici orqanın işinə töhfəsini zəiflədir;
- Biznes maraqlarının olması istər-istəməz qanunvericiliyin təkmilləşməsində də hansısa maraqların təmin olunmasına, yaxud maraqların toqquşmasına səbəb olur;
- 125 deputatdan yalnız 3/1 hissəsi aktiv fəaliyyətdədir, yerdə qalanları bir çox hallarda ictimaiyyət belə tanımır;
- Ümumilikdə qanunverici orqanın öz missiyasına uyğun fəaliyyətində boşluqlar aydın görünür;

Belə bir qanunverici orqanın mövcudluğu ölkədə həyata keçirilən köklü islahatlara adekvat deyil. Bu baxımdan, parlamentin buraxılacağı zərurəti və gözləntilərə görə, yenilənməsi ilə islahat kursunun tam şəkildə həyata keçiriləcəyini deyə bilərik.

Əhalinin sosial rifahının daha da yaxşılaşması, dövlət idarəçiliyinin təkmilləşməsi üçün yeni və işlək qanunların hazırlanmasına, qəbul edilməsinə, ümumilikdə qanunverici hakimiyyətin islahatlara daha ciddi dəstəyinə ehtiyac var. Bütün bunlar üçün də parlamentin yenilənməsi labüddür.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm