“Parlament böhranı ola bilərdi” - “Şəffaflıq Azərbaycan”ın direktoru
Bizi izləyin

Nida Təhlil

“Parlament böhranı ola bilərdi” - “Şəffaflıq Azərbaycan”ın direktoru

“Milli Məclisin buraxılması ilə bağlı müraciətin edilməsini, bütövlükdə bu məsələnin qaldırılmasını pozitiv qiymətləndirirəm”.

Bu sözləri Publika.az-a açıqlamasında “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev deyib.

Direktor bildirib ki, cəmiyyətin Milli Məclislə bağlı gözləntiləri özünü doğrultmadı: “Milli Məclis bir çox məsələlərdə müsir idarəetmə üsullarının həyata keçirilməsində parlamentarizmin izlənilməsi ilə bağlı üzərinə düşən vəzifələri, o cümlədən qanunvericiliklə bağlı funksiyaların icrası məsələlərində müəyyən lənglik nümayiş etdirib. Doğrudur, söylənilə bilər ki, Milli Məclis yüzlərlə qanun qəbul etmişdi. Amma o qanunların qəbul edilməsi hələ o demək deyil ki, Milli Məclis funksiya olaraq onların tam öhdəsindən gəlmişdi. Qanunların işləmə prosesi ilə bağlı onu demək istəyirəm ki, elə qanunlar elə keyfiyyətdə qəbul edilməlidir ki, onların işləməsində problem olmasın. Eyni zamanda qanunlarda ciddi dəyişikliklərin baş verməsi, bir sıra hallarda özlərinin də qeyd etdiyi kimi müasir islahatlarla ayaqlaşmaması, cəmiyyətin Milli Məclisə münasibətinin birmənalı olmaması və s. bütün bunların hamısı mövcud prosesin sürətlənməsini zəruri edir. Eyni zamanda islahatlar hakimiyyətin bütün budaqlarını əhatə edirsə, Milli Məclis bu islahatlardan kənarda qala bilməzdi.

Əlbəttə onu da qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının belə bir müraciəti ondan irəli gəlir ki, onların deputatları çoxluq təşkil edir. Yəni 71 deputat var. Belə bir Milli Məclisin buraxılması təşəbbüsü həm riskli, həm də cəsarətli bir addımdır. Bu, yenidən özünə etimad məsələsidir. Bütövlükdə 2016-cı ildən Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi ilə bağlı çox mühüm islahatlar başladı. Bu, hər şeydən əvvəl konstitusiyada edilən dəyişikliklərdə öz əksini tapdı. Ümumiyyətlə islahatlar o vaxt uğurlu oldu ki, onlar kompleks və sistemli şəkildə həyata keçirildi. İqtisadi-hüquqi sahədə, siyasi sahədə, məhkəmə sistemində islahatlar olub. Bu islahatlar həm də etibarlı qanunvericilik bazasında olmalıdır. Həm çevik olmalıdır, həm də islahatların sürətini və onun yeni istiqamətlərdə inkişafını təmin etməlidir".

Əlimməd Nuriyev Milli Məclisin böyük qisminin belə bir təşəbbüsdə olmasını onların üzərlərinə düşən vəzifələri icra edə bilməməsindən irəli gəldiyini qeyd edib: "Bu baxımdan islahatlar qanunverici orqana da gəlib çıxdı. Milli Məclisin özünü buraxmaqla bağlı konstitusiyada hər hansı norma yoxdur. Parlamentin buraxılması yalnız Prezidentin konstitusiya ilə təsdiq edilmiş hüquqları sırasındadır. Milli Məclisin zəif idarəçiliyi səbəbindən parlament böhranı ola bilərdi. Cənab Prezident çox müdrik qərar qəbul etdi. Bütövlükdə hakimiyyət idarələri arasında olan mübahisələrin və ya ehtimal olunan mübahisələrin, anlaşmazlıqların uğurlu həlli yalnız Konstitusiya Məhkəməsi tərəfindən icra edilə bilər. Cənab Prezident də öz tərəfindən Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etdi və müvafiq qərar qəbul ediləcək. Ümid edirəm ki, üzərinə düşən vəzifəni Konstitusiya Məhkəməsi uğurla həll edəcək və Milli Məclisin buraxılması ilə bağlı müsbət rəy verəcək. Əsas məsələ odur ki, cəmiyyət bunu normal qəbul edir, legitim qəbul edir. Milli Məclis bu qərarı özü qəbul edir və əlbəttə ki, özü qəbul edirsə bütövlükdə ona gətirib çıxarır ki, parlament bundan sonra işlək olaraq öz fəaliyyətini davam etdirə bilməyəcək. Konstitusiya Məhkəməsinin müvafiq rəyindən sonra Prezident tərəfindən qərar qəbul ediləcək”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm