• USD 1,7000 0,00% EUR 1,8813 +0,09%
    • GBP 2,2355 +0,04% RUB 0,0268 +0,37%

İslahatlarla edilən inqilab: Azərbaycanın sağlam gələcəyinə doğru

İslahatlarla edilən inqilab: Azərbaycanın sağlam gələcəyinə doğru

Böyük siyasi liderlər inqilab vasitəsilə islahatlar yox, islahatlar vasitəsilə inqilab edirlər”.

Prezident İlham Əliyevin islahatlar vasitəsilə həyata keçirdiyi bu inqilabın bir-biri ilə üzvü şəkildə bağlı olan və paralel olaraq həyata keçirilən üç istiqaməti var: iqtisadi, sosial və kadr.

2018-ci il prezident seçkilərində xalqın etimadı ilə yenidən Prezident seçilən İlham Əliyev ölkədə köklü islahatlara start verdi. 2003-2018-ci illər ərzində atılan addımlar nəticəsində Azərbaycan iqtisadiyyatı 3 dəfə böyüyüb, həyata keçirilən qlobal enerji layihələri ölkəmizin geoiqtisadi proseslərdə həlledici rolunu gücləndirir və bütün bunların nəticəsi olaraq, hazırda Bakı Uzaq Şərqlə Uzaq Qərbi birləşdirən əhəmiyyətli platformadır. Azərbaycanın siyasi-iqtisadi əhəmiyyəti xarici investisiyalar üçün cəlbedici ölkə olması ilə nəticələndi ki, əldə olunan gəlirlər, ölkə iqtisadiyyatının inkişafına və sosial layihələrə yönləndirildi.

Lakin Prezident İlham Əliyev sonuncu andiçmə mərasimindəki nitqində iqtisadi islahatların davam edəcəyini açıqlamışdı, o cümlədən, bu gün həyata keçirilən köklü islahatların mesajını vermişdi. İqtisadi islahatların istiqamətləri və nəticələri real addımların atıldığını deməyə, o cümlədən, iqtisadi perspektivləri müəyyən etməyə imkan verir:

- Siyasi müstəqilliyin təməlində dayanan iqtisadi müstəqilliyin gücləndirilməsi;
- Qeyri-neft sektorunun inkişafı hesabına dayanıqlı iqtisadi inkişafın təmin edilməsi;


Bu iki istiqamət Azərbaycanın yeni iqtisadi strategiyasının əsas bazisini təşkil edir. Əslində Prezident İlham Əliyev “Siyasi müstəqiliyimizin təməlində iqtisadi müstəqilliyimiz dayanır” deməklə qloballaşan dünyada milli dövlətlər üçün potensial təhlükələri və bu təhlükələrin dəf edilməsinin tezisini açır. Müasir dünya nizamında iqtisadi müstəqillik dövlətin müstəqilliyi və suverenliyinin qorunması deməkdir. Və nəhayət, gələcək nəsillərə güclü, firavan, müstəqil dövlətin ötürülməsi üçün əsas imkandır. Məhz buna görə Prezident İlham Əliyev iqtisadi inkişafın yeni “Yol xəritəsi”ni cızır: Heç bir kənar gücdən asılı olmamaq və milli maraqlarımıza uyğun müstəqil siyasət apara bilmək üçün iqtisadi müstəqilliyin qorunub saxlanılması, inkişaf etdirilməsi;

Burada qeyri-neft sektorunun inkişafı əsas prioritet istiqamət olaraq seçilir. Azərbaycan iqtisadiyyatının bel sütununu neft sektoru təşkil edir, vaxtilə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyev isə dünyanın müasir iqtisadi templəri ilə ayaqlaşmaq üçün ölkə iqtisadiyyatında tərəzinin qeyri-neft sektoru gözünə ağırlıq verir.

İdxaldan asılılığın azaldılması, ixracın artırılması, sahibkarlığın inkişafı, qida təhlükəsizliyindən tutmuş səhiyyəyə qədər (Mayın 16-da dövlət başçısının açdığı “Diamed” şpris istehsalı zavodu belə nümunələrdən biridir) bütün ehtiyacların daxili istehsal hesabına formalaşdırılması. Hədəf budur və nəticələr Azərbaycanın hədəfə doğru addımladığını göstərir.

Cari il ərzində əldə olunan 2,4 faizlik iqtisadi inkişafın əsas hissəsi də qeyri-neft sektorunun payına düşür:

- Qeyri-neft sektorunda 3,2 faiz;
- Qeyri-neft sənayesi 15,7 faiz;
- Qeyri-neft sektoru üzrə ixrac 16 faiz;


Qeyri-neft sektorunun inkişafında əhəmiyyətli paya sahib olan kənd təsərrüfatında isə cari ilin altı ayı ərzində 13 faiz artıma nail olunub.

Siyasi müstəqiliyimizin təməlində iqtisadi müstəqilliyimiz dayanır” strategiyasının həyata keçirilməsi istiqamətində biznes mühitinin yaxşılaşdırılması və kölgə iqtisadiyyatının sıradan çıxarılması da başlıca hədəflərdəndir.

Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır”, - Azərbaycan lideri bəyan edir və lideri olduğu xalqının sosial rifahının yüksəlməsi üçün köklü addımlar atır. Həyata keçirilən siyasətin ana xətti də məhz budur.

İlin əvvəlində dövlət başçısı vətəndaşların rifahının yaxşılaşdırılmasına hesablanmış sosial paketi açıqladı. Ardınca cəmiyyətin sosial inqilab adlandırdığı addımlar atıldı. Qısa zaman ərzində iki mərhələdə həyata keçirilən sosial islahatlar ölkədə vətəndaşların ən ciddi problemlərinin həlli ilə nəticələndi, onların gəlirlərini iki dəfədən çox artırdı.

Birinci mərhələ: 12 min 200-dən çox şəhid ailəsinə 11 min manat ödəniş edildi; Şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata qədər artırıldı; Əfqanıstan müharibəsində həlak olanların ailələrinə verilən müavinətlər 220 manatdan 300 manata qədər artırıldı; Minimum əmək haqqı 38 faiz artırıldı və 180 manat həcmində müəyyənləşdi; Minimum əmək pensiyaları 38 faiz artırıldı və 160 manata qaldırıldı; Çoxmənzilli binaların sənədləşdirilməsi probleminin həllinə start verildi; Tələbələrin təqaüdləri 14-25 faiz həcmində artırıldı; Problemli kreditlər məsələsi vətəndaşların xeyrinə həll edildi;

İkinci mərhələ: Minimum aylıq əməkhaqqı, minimum pensiya və sosial müavinətlər 40 faiz artırıldı və iki mərhələdə ümumi artım 80 faizə çatdı; Dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz artırıldı; Hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz artırıldı; Dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırıldı; Dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırıldı;

Sosial paket ümumilikdə 4 milyon 200 mindən çox vətəndaşı əhatə edib.

Azərbaycanda islahat paketinin növbəti dövrü üçün sosial rifahın yaxşılaşdırılmasında artıq üçüncü mərhələ başlayır.

İslahat paketinin bütövlükdə və dəqiq həyata keçirilməsi kadr islahatlarını da zəruri edirdi və dövlət başçısı bu prosesə hələ ötən il start vermişdi.

Və burada əsas məqam təkcə kadrların yenilənməsi, yaxud yaşı çox olan məmurların vəzifədən alınması ilə yekunlaşmır. Reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyev Azərbaycanın təlatümlər burulğanı yaşamadan bütövlükdə yenilənməsi, yeni mərhələyə keçid etməsini təmin edir.

Siyasi ədəbiyyatda buna “ağrısız keçid” də deyirlər. Siyasi-iqtisadi idarəetmə yenilənir, cəmiyyətin həyatına mənfi təsirləri olmadan yeni mərhələyə keçid edilir. Burada ən mühüm məqamlardan biri Prezidentin sosial sifarişi qabaqlamasıdır. Çünki necə olmasından asılı olmayaraq, ölkələri idarə edən hakimiyyətlərin daxildən yenilənməməsi cəmiyyətin neqativ enerjisinin artmasına səbəb olur. Bu neqativ enerjini hesaba almasanız, tədricən sosial çağırışlar siyasiləşir və ciddi təhlükələrə yol açır. İndiyə qədər müşahidə etdiyimiz “rəngli inqilab”ların əslində “qanlı inqilaba” çevrildiyini və bunun baş verdiyi ölkələrin siyasi-iqtisadi-ictimai sisteminin kökündən dağıldığını görürük. Azərbaycanda belə perspektiv görünmür, lakin böyük siyasət prosesləri qabaqlamaq və proqnozları müəyyənləşdirmək deməkdir. Necə ki, “dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”.

Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatları onun gələcək seçkiləri yox, gələcək nəsilləri düşündüyünü və addımlarını hamımızın Vətəni olan Azərbaycanı təhlükəli təcrübələrdən uzaq tutmaq üçün atdığını göstərir. Kadr islahatlarına ümumi baxış bunu göstərir, hərçənd, prosesin daha detallı tərəfləri də var və bunlar da yenə eyni hədəfə gedib çıxır: Azərbaycanın sağlam gələcəyinin təmin edilməsi...

Bunun üçün Prezident yuxarıdan dəyişikliklərə başladı, çünki “aşağıdan başlanan dəyişiklik inqilab, yuxarından başlanan dəyişiklik islahat”dır.

- İcra hakimiyyətinə daxil olan Nazirlər Kabineti və Prezident Administrasiyasında ciddi kadr dəyişiklikləri həyata keçirildi;
- Bir sıra nazirliklər - Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və s. – rəhbərlik gənc kadrlarla əvəzləndi;
- Bir sıra nazirlik və qurumlar ləğv edildi, yaxud birləşdirildi: Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar Komitəsi İqtisadiyyat Nazirliyinin tərkibinə daxil edildi; Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Bilik Fondu, Strateji Araşdırmalar Mərkəzi ləğv olundu;

Ötən ildən başlanan və davam edən kadr islahatlarının tədricən həyata keçirilməsi səbəbsiz deyil:

- Kadr islahatları struktur islahatlarının tərkib hissəsi olaraq aparılır;
-Məqsəd islahatların konkret nəticələrə hesablanmasıdır;


Bu, iki vacib amil təsdiqləyir ki, həyata keçirilən islahatlar müəyyən qrupların ictimai fikrə yanlış sırımağa çalışdığı kimi yox, güclənməsinə hesablanmış addımlardır. Kadr və struktur islahatlarının hədəfi Prezidentin də bəyan etdiyi kimi “iqtisadi müstəqilliyimizin təmin edilməsidir”. Çünki iqtisadi müstəqillik siyasi müstəqillik deməkdir və belə müstəqilliyi olan ölkəyə kənar müdaxilə imkanları da sıfıra enir. Kənar müdaxilələrə imkan verilməyən ölkələrdə həmişə milli iradə əsas həlledici faktordur və Azərbaycan liderinin əsas tezisi də budur: Azərbaycan xalqı taleyinə özü qərar verməlidir.

Eyni siyasi paketə daxil olan struktur və kadr islahatları hakimiyyətin üç qolundan birinin - icra hakimiyyətinin yenilənməsi və təkmilləşməsinə xidmət edir. Hakimiyyətin digər iki qolu – qanunverici və məhkəmə hakimiyyətlərində də islahat prosesi gedir.

Prezident bu ilin 3 aprel tarixli Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqda Fərmanı ilə məhkəmə hakimiyyətində islahatlara start verdi. Buna paralel olaraq, icra hakimiyyətinin yenilənməsi davam edir. Və bütün gözlər qanunverici hakimiyyətə dikilmişdi. Çünki mövcud qanunverici hakimiyyətin islahat prosesindən kənarda qalması Azərbaycanın bütövlükdə yenilənməsi prosesində maneə kimi görünürdü, digər tərəfdən, bir sıra səbəblər belə bir zərurəti yaratmışdı. Misal üçün, məhkəmə hakimiyyətini icra və qanunverici hakimiyyət formalaşdırır. İcra və məhkəmə hakimiyyətində islahatın getdiyi vaxt, qanunverici hakimiyyətin kənarda qalması islahatların tam həyata keçirilməməsi demək olardı. Bu baxımdan, qanunverici orqanda çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyası deputatlarını geri çəkdi və nəticə etibarilə, Milli Məclis buraxıldı.

Beləliklə, islahatlar dalğası hakimiyyətin hər üç qolu üzrə davam edir və atılan addımlar iqtisadi müstəqilliyin gücləndirilməsi, sosial rifahın yüksəlməsi, dövlət idarəçiliyinin təkmilləşməsi, ümumilikdə Azərbaycanın yenilənməsinə doğru aparır.

Asif Nərimanlı

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən keçirilən “SƏLİS Jurnalist” nominasiyası üzrə müsabiqədə iştirak üçündür



Xəbər lenti

DAHA ÇOX XƏBƏR