• USD 1,7000 0,00% EUR 1,8738 -0,05%
    • GBP 2,2196 -0,02% RUB 0,0270 -1,11%
election

Xalq Prezidentimizin atdığı addımların nəticəsini görür və dəyərləndirir - DEPUTAT

Xalq Prezidentimizin atdığı addımların nəticəsini görür və dəyərləndirir - DEPUTAT

“Dövlət başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Bunu Publika.az-a Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şamaxı rayonuna səfərini şərh edərkən Milli Məclisin deputatı Elman Nəsirov deyib.



Deputat bildirib ki, səfər zamanı Prezidentin keçirdiyi görüşlər, açılışı edilən obyektlər, müasir yolların istifadəyə verilməsi onu göstərir ki, dövlət proqramı nəticəsində davamlı atılan addımlar regionların sosial-iqtisadi inkişafına öz böyük səmərəsini verir: “İlham Əliyev səfər zamanı çox mühüm məsələləri diqqət mərkəzində saxladı. Korrupsiyaya qarşı mübarizə məsələsinə diqqət ayırdı və qeyd etdi ki, bu, ümumi bəladır. Bütün dünya ölkələrində bu hallar müşahidə olunmaqdadır. Ancaq biz bununla barışmamalıyıq. Ona qarşı çox kəsərli, qətiyyətli mübarizə aparmalıyıq”.

Dövlətin gənclər siyasətindən danışan E.Nəsirov qeyd edib ki, bilikli, savadlı, müasir dünyagörüşlü, innovativ düşüncə tərzinə malik, ilk növbədə vətənpərvər gənclərin irəli çəkilməsi, onlara etimad göstərilməsi bu gün çox mühüm məsələdir: “Bu, dövlətimizin hərtərəfli, sistemli islahatlar kursunun tərkib hissəsidir. Məqsəd də odur ki, Azərbaycanı daha müasir edək, yeniləşdirək və bu istiqamətdə çox ciddi addımlar ataq. Cənab Prezident bu məqama da xüsusi diqqət ayırdı ki, bu gün gənclərə böyük etimad göstərilir. Onlar bu etimadı doğrultmalıdır. Etimadı doğrultmağın yeganə yolu isə ilk növbədə xalqa ləyaqətlə xidmət etməkdən keçir. Xalqa ləyaqətlə xidmət etmək gənclərin ən böyük vəzifəsi olmalıdır. Bu fikir birmənalıdır”.

Elman Nəsirov Prezidentin Şamaxı rayonuna səfəri zamanı diqqətdə saxladığı məsələlərdən birinin də sabitlik, əminamanlıq, təhlükəsizlik mühitinin daha da möhkəmləndirilməsi olduğunu vurğulayıb: “Həlledici amil isə onunla bağlıdır ki, ölkə rəhbəri ilk növbədə məhz xalqın mənafeyinə uyğun, milli maraqlarından irəli gələn müstəqil, daxili və xarici siyasət kursu həyata keçirir. Bunu da xalq görür və dəstəkləyir. Bu sabitliyi, təhlükəsizlik mühitini, inkişafı gözü götürməyən qüvvələr də var. Onlar çalışırlar ki, gənclərə təsir göstərsinlər. Onların beyninə nüfuz etsinlər və fikirlərini dəyişsinlər. Azərbaycan gənci son dərəcə ağıllı, savadlı və vətənpərvərdir. Bu gün dövlətimizin siyasəti onunla bağlıdır ki, gənclər üçün hər cür imkan yaradılsın. Onlar özlərini daha da təsdiqləsinlər. Prezidentin Şamaxı səfərində etdiyi çıxışda diqqət mərkəzində saxladığı məsələlərdən biri də vətəndaşların problemlərinin həlli oldu. Bu da təsadüfi deyil. Konstitusiyanın 12-ci maddəsində yazılıb ki, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Dövlətin ali məqsədi konkret şəkildə göstərilib. Dövlət başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşının sosial rifahı dayanır, onun qayğıları və problemlərinin həlli dayanır.

İlham Əliyev çox böyük islahatlar kursu həyata keçirir. Bu islahatlar hərtərəflidir. Həm iqtisadi, siyasi, həm də sosial yönümlüdür. Bunun sayəsində ölkəmizdə sabitlik, əminamanlıq hökm sürür. Xalqımız bunu görür, dəyərləndirir. Cənab Prezidentin siyasətini xalqımız ona görə dəstəkləyir ki, dövlət başçısı hər hansı bir beynəlxalq dairənin, dövlətin diktəsi altında deyil, xalqın milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir. Bunu da xalqımız görür, birmənalı şəkildə Prezidenti dəstəkləyir. Azərbaycandakı bu əmin-amanlığın, sabitliyin kökündə dayanan fundamental amil məhz bununla bağlıdır”.

Məhərrəm Əliyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR