"Prezident-xalq münasibətləri yeni yanaşma metodları ilə zənginləşir" - EKSPERT
Bizi izləyin

Nida Təhlil

"Prezident-xalq münasibətləri yeni yanaşma metodları ilə zənginləşir" - EKSPERT

"Prezident çevik formada xalqın mənafeyinə uyğun siyasət yeridir".

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.



Politoloq Prezidentin Şamaxıya səfərinin əsas məqsədinin oranın inkişafı, əhalinin maddi rifah halının yaxşılaşdırılması, zəlzələdən dağılmış evlərin yenidən inşa edilməsi və s. bu kimi xeyirxah məqsədlərə həsr olunduğunu deyib: "Şamaxı və ətraf bölgələr, eləcə də Ağsu və digər rayonlar daim Prezidentin diqqət mərkəzində duran məsələlər arasındadır. Ölkə başçısı çalışır ki, yeni iş yerləri açılsın, fəaliyyətini dayandırmış müəssisələr işini bərpa etsin, bir sözlə, əhalinin maddi güzəranı yüksəlsin. Bu məsələlər səfər zamanı diqqət mərkəzində oldu. İlham Əliyev eyni zamanda Bakı-Şamaxı yolunun müəyyən hissəsində sürüşmə nəticəsində baş vermiş dağıntı hallarının aradan qaldırılması işini yoxlayıb, razı qaldığını bildirdi. Cənab Prezident çox işgüzar bir rejimdə çalışır. Müxtəlif tədbirlərə qatılır, rayonlara gedir, bir sözlə, onun iş qrafiki çox zəngindir, çox genişdir".

Korrupsiya məsələsinə də toxunan Qabil Hüseynli bildirib ki, korrupsiya ölkənin bir nömrəli problemlərindən biridir: "İlham Əliyev düz vurğulayır, korrupsiya ölkə üçün bir bəladır. Prezidentin məqsədi bu bəlanı kökündən qazıb çıxarmaqdır. Sosializmdən qalma kadrlardan imtina etməklə, yeni təfəkkürlü gənclərlə kadr korpusunu yeniləməklə, bu məsələnin həll ediləcəyinə inandığını qeyd edir. O, bütün sahələrdə olduğu kimi korrupsiya məsələsində də qərarlıdır və bu sosial bəlanın kökünü kəsmək üçün ardıcıl addımlar atacaq".

Xalq-hakimiyyət məsələsində birliyin, bərabərliyin olduğunu qeyd edən politoloq əlavə edib ki, tez-tez xalqla təmasa girilir, xalqın əsas problemləri öyrənilir: "Cənab Prezidentin komandasındakı şəxslər tez-tez rayonlara ezam edilir. Əhalinin şikayətlərini və arzularını dinləyirlər. Özü isə xalqın əhval-ruhiyyəsini öyrənmək üçün tez-tez rayonlarda olur. Şəxsən vətəndaşları dinləyir, onların şikayət və məktublarını qəbul edir. Elə məsələlər var ki, yerindəcə səlahiyyətli şəxslərə göstəriş verməklə onların həllinə nail olur. Bu nöqteyi-nəzərdən Prezident-xalq münasibətləri inkişaf etməkdə və yeni yanaşma metodları ilə zənginləşməkdədir".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm