İslahat kursu: ictimai və dövlət maraqları naminə atılan addımlar
Bizi izləyin

Nida Təhlil

İslahat kursu: ictimai və dövlət maraqları naminə atılan addımlar

Prezident İlham Əliyevin son dövrlər həyata keçirdiyi sosial-iqtisadi islahatlar məşhur “Böyük siyasi liderlər inqilab vasitəsilə islahatlar yox, islahatlar vasitəsilə inqilab edirlər” deyimini yada salır. Anti-Azərbaycan dairələrinin sifarişi ilə Bakı küçələrini qana boyamaq və “inqilab+islahat” vədini verən siyasətbazlardan fərqli olaraq, Azərbaycan lideri islahatlar vasitəsilə inqilab yolunu tutdu və bununla böyük siyasi liderlik keyfiyyətinə malik olduğunu göstərdi. Çünki “dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”. Prezident İlham Əliyev məhz Azərbaycanın gələcəyini düşünən dövlət xadimi olaraq, köklü islahatlara start verdi.

Siyasi ədəbiyyatda islahat sözünün izahı belədir: qanun səviyyəsində həyata keçirilən dəyişikliklər. İslahatlar zərurətdən yarandığına görə dövlət hakimiyyəti tərəfindən yuxarıdan başlanır və məqsədi cəmiyyətdə qanunların səmərəli işləməsini və həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir.

Azərbaycana rəhbərlik etdiyi dövrdə Prezident İlham Əliyevin əsas prioriteti vətəndaşların sosial rifahının yaxşı olması və şəffaflıq olub. Bunun üçün ilk növbədə qanunların səmərəli işlənməsini həyata keçirmək lazımdır ki, ölkədə həyata keçirilən islahatların əsas hissəsini məhz bu təşkil edir. Əslində bu islahat dalğası yeni deyil, dövlət başçısı zaman-zaman qanunların səmərəli işlənməsi, vətəndaşların həyat səviyyəsinin yüksəlməsi istiqamətində köklü addımlar atıb. Və burada ortaya maraqlı sual çıxır: ölkədə iqtisadi inkişaf var, demokratiyanın inkişafı istiqamətində irəliləyiş beynəlxalq qurumların hesabatlarında öz əksini tapır, o zaman köklü islahatlara zərurət niyə yaranıb?

Dövlət başçısı özü çıxışında bu sualın cavabını verir: “Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir”.

Azərbaycan lideri ictimai və dövlət maraqlarının müdafiəsi və gələcəyin indidən təmin edilməsi məqsədilə mühüm addımlar atır. Dövlət başçısı hələn ötən il - 2018-ci il prezident seçkilərində xalqın etimadı ilə yenidən Prezident seçiləndən sonra andiçmə mərasimində çıxışı zamanı köklü islahatların mesajını vermişdi. Həmin vaxtdan sonra başlanan islahat kursu bütün sferaları əhatə edir.

Siyasi islahatlar: “Demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, ölkənin hərtərəfli inkişafının əsasıdır”. Bu istiqaməti prioritet seçən Prezident İlham Əliyev demokratikləşməni şüar olaraq qəbul etməyib və məqsəd heç də hansısa beynəlxalq qurumun gözündə “yaxşı obrazın” yaradılması olmayıb. Demokratikləşmə ölkənin hərtərəfli inkişafı deməkdir:

İnsan haqlarının müdafiəsi; Söz və mətbuat azadlığının təmin edilməsi; Qanunvericiliyin təkmilləşməsi;

Bu istiqamətlərdə mühüm addımlar atılmaqla yanaşı, Azərbaycanda yeni siyasi açılım dövrü də başlandı. 2019-cu ilin başlanğıcında Prezidentin əfv sərəncamı ilə adı hüquq müdafiəçilərinin siyahısına düşmüş 50-yə yaxın məhbusun cəzasına vaxtından əvvəl xitam verilməsinin siyasi açılım kimi qiymətləndirilməsi təsadüfi deyil. Bu ilin 3 aprel tarixində isə dövlət başçısı məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqda imzaladığı Fərmanla insan haqlarının müdafiəsi istiqamətində mühüm addım atdı.

İqtisadi islahatlar: “Siyasi müstəqiliyimizin təməlində iqtisadi müstəqilliyimiz dayanır”. Prezident İlham Əliyevin bu bəyanatı iqtisadi islahatların əsas istiqamətini müəyyənləşdirir və proses iki istiqamətdə həyata keçirilir:

- Siyasi müstəqilliyin təməlində dayanan iqtisadi müstəqilliyin gücləndirilməsi;
- Qeyri-neft sektorunun inkişafı hesabına dayanıqlı iqtisadi inkişafın təmin edilməsi;


Bu iki istiqamət Azərbaycanın yeni iqtisadi strategiyasının əsas bazisini təşkil edir. Əslində Prezident İlham Əliyev “Siyasi müstəqiliyimizin təməlində iqtisadi müstəqilliyimiz dayanır” deməklə qloballaşan dünyada milli dövlətlər üçün potensial təhlükələri və bu təhlükələrin dəf edilməsinin tezisini açır. Müasir dünya nizamında iqtisadi müstəqillik dövlətin müstəqilliyi və suverenliyinin qorunması deməkdir. Burada qeyri-neft sektorunun inkişafı əsas prioritet istiqamət olaraq seçilir.

Hədəf idxaldan asılılığın azaldılması, ixracın artırılmasıdır və nəticələr Azərbaycanın hədəfə doğru addımladığını göstərir.

Cari il ərzində əldə olunan 2,4 faizlik iqtisadi inkişafın əsas hissəsi də qeyri-neft sektorunun payına düşür: Qeyri-neft sektoru 3,2 faiz; Qeyri-neft sənayesi 15,7 faiz; Qeyri-neft sektoru üzrə ixrac 16 faiz;

Qeyri-neft sektorunun inkişafında əhəmiyyətli paya sahib olan kənd təsərrüfatında isə cari ilin altı ayı ərzində 13 faiz artıma nail olunub.

Bütün bunlara paralel olaraq,biznes mühitinin yaxşılaşdırılması və kölgə iqtisadiyyatının sıradan çıxarılması istiqamətində də ciddi addımlar atılır.

Sosial islahatlar: “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır”, - Azərbaycan lideri bəyan edir və lideri olduğu xalqının sosial rifahının yüksəlməsi üçün köklü addımlar atır. Həyata keçirilən siyasətin ana xətti məhz budur.

İlin əvvəlində dövlət başçısı vətəndaşların rifahının yaxşılaşdırılmasına hesablanmış sosial paketi açıqladı. Ardınca cəmiyyətin sosial inqilab adlandırdığı addımlar atıldı. Qısa zaman ərzində iki mərhələdə həyata keçirilən sosial islahatlar ölkədə vətəndaşların ən ciddi problemlərinin həlli ilə nəticələndi, onların gəlirlərini iki dəfədən çox artırdı.

Birinci mərhələ: 12 min 200-dən çox şəhid ailəsinə 11 min manat ödəniş edildi; Şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata qədər artırıldı; Əfqanıstan müharibəsində həlak olanların ailələrinə verilən müavinətlər 220 manatdan 300 manata qədər artırıldı; Minimum əmək haqqı 38 faiz artırıldı və 180 manat həcmində müəyyənləşdi; Minimum əmək pensiyaları 38 faiz artırıldı və 160 manata qaldırıldı; Çoxmənzilli binaların sənədləşdirilməsi probleminin həllinə start verildi; Tələbələrin təqaüdləri 14-25 faiz həcmində artırıldı; Problemli kreditlər məsələsi vətəndaşların xeyrinə həll edildi;

İkinci mərhələ: Minimum aylıq əməkhaqqı, minimum pensiya və sosial müavinətlər 40 faiz artırıldı və iki mərhələdə ümumi artım 80 faizə çatdı; Dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz artırıldı; Hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz artırıldı; Dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırıldı; Dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırıldı;

Sosial paket ümumilikdə 4 milyon 200 mindən çox vətəndaşı əhatə edib.

Kadr islahatı: İslahat kursunun bütövlükdə və dəqiq həyata keçirilməsi kadr islahatlarını da zəruri edirdi və dövlət başçısı bu prosesə hələ ötən il start vermişdi. Və burada əsas məqam təkcə kadrların yenilənməsi, yaxud yaşı çox olan məmurların vəzifədən alınması ilə yekunlaşmır. Reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyev Azərbaycanın təlatümlər burulğanı yaşamadan bütövlükdə yenilənməsi, yeni mərhələyə keçid etməsini təmin edir.

Siyasi ədəbiyyatda buna “ağrısız keçid” də deyirlər. Siyasi-iqtisadi idarəetmə yenilənir, cəmiyyətin həyatına mənfi təsirləri olmadan yeni mərhələyə keçid edilir. Burada ən mühüm məqamlardan biri Prezidentin sosial sifarişi qabaqlamasıdır. Çünki necə olmasından asılı olmayaraq, ölkələri idarə edən hakimiyyətlərin daxildən yenilənməməsi cəmiyyətin neqativ enerjisinin artmasına səbəb olur. Bu neqativ enerjini hesaba almasanız, tədricən sosial çağırışlar siyasiləşir və ciddi təhlükələrə yol açır. İndiyə qədər müşahidə etdiyimiz “rəngli inqilab”ların əslində “qanlı inqilaba” çevrildiyini və bunun baş verdiyi ölkələrin siyasi-iqtisadi-ictimai sisteminin kökündən dağıldığını görürük. Azərbaycanda belə perspektiv görünmür, lakin böyük siyasət prosesləri qabaqlamaq və proqnozları müəyyənləşdirmək deməkdir. Necə ki, “dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”.

Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatları onun gələcək seçkiləri yox, gələcək nəsilləri düşündüyünü və addımlarını hamımızın Vətəni olan Azərbaycanı təhlükəli təcrübələrdən uzaq tutmaq üçün atdığını göstərir. Bunun üçün Prezident yuxarıdan dəyişikliklərə başladı, çünki “aşağıdan başlanan dəyişiklik inqilab, yuxarından başlanan dəyişiklik islahat”dır.

Ötən ildən başlanan və davam edən kadr və struktur islahatları bərabər şəkildə həyata keçirilir. Hərçənd, bu prosesin tədricən tətbiq edilməsi də səbəbsiz deyil: Məqsəd islahatların konkret nəticələrə hesablanmasıdır.

Bu amil təsdiqləyir ki, həyata keçirilən islahatlar müəyyən qrupların ictimai fikrə yanlış sırımağa çalışdığı kimi yox, dövlətin güclənməsinə hesablanmış addımlardır.

Kadr və struktur islahatları eyni vaxtda aparılır və hədəf hakimiyyətin qollarından biri olan – icra hakimiyyətinin yenilənməsi, təkmilləşməsidir.

İslahat halqasının tamamlanması: hakimiyyətin üç qolu mövcuddur – icra, qanunverici və məhkəmə.

Məhkəmə-hüquq sistemində və icra hakimiyyətində köklü islahatların aparıldığı vaxt bütün gözlər qanunverici hakimiyyətə dikilmişdi. Çünki mövcud qanunverici hakimiyyətin islahat prosesindən kənarda qalması Azərbaycanın bütövlükdə yenilənməsi prosesində maneə kimi görünürdü, digər tərəfdən, bir sıra səbəblər belə bir zərurəti yaratmışdı. Misal üçün, məhkəmə hakimiyyətini icra və qanunverici hakimiyyət formalaşdırır. İcra və məhkəmə hakimiyyətində islahatın getdiyi vaxt, qanunverici hakimiyyətin kənarda qalması islahatların tam həyata keçirilməməsi demək olardı. Bu baxımdan, qanunverici orqanda çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyası deputatlarını geri çəkdi və nəticə etibarilə, Milli Məclis buraxıldı.

Bununla da islahat halqası tamamlandı və hazırda iqtisadi müstəqilliyimizin güclənməsi, sosial rifahın yüksəlməsi, dövlət idarəçiliyinin təkmilləşməsi, ümumilikdə Azərbaycanın yenilənməsi istiqamətində inamlı addımlar atılır.

Asif Nərimanlı

Qeyd: “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm