• USD 1,7000 0,00% EUR 1,8845 +0,03%
    • GBP 2,2318 +0,64% RUB 0,0275 0,00%
election

Milli inkişaf strategiyasının müəllifi

Milli inkişaf strategiyasının müəllifi

Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyaya Günəş kimi doğdu

XX əsrin sonu: Azərbaycan xalqının həyatında taleyüklü dövr

Tarixdə rolu olan şəxsiyyətlər haqqında bəhs etmək, onların gördüyü işlərin, dövlət, xalq qarşısında xidmətlərinin ümumi mənzərəsini yaratmaq daim keçilən yolu bir zərurət kimi ortaya qoyur. Tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla birgə çəkilən çox az sayda siyasi liderə rast gəlmək olar. XX əsr tarixində fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyəri illər keçdikcə daha dərindən dərk olunur, müxtəlif araşdırmaların, dissertasiya işlərinin mövzusuna çevrilir, daha fərqli yanaşmalar əsasında kitabların yazılmasını şərtləndirir. Bu, Heydər Əliyev siyasətinin böyüklüyünün, bu günümüzə və gələcəyə hesablanmasının aydın ifadəsidir. Tarixdə şəxsiyyətlərin rolunu daim xüsusi qeyd edən Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin fəaliyyətini buna bariz nümunə kimi göstərir: «Bütün dövrlərdə - həm 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan Kommunist Partiyasının rəhbəri olduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev öz fəaliyyəti ilə doğma xalqına xidmət etmişdir.»

Tarixi faktlar bu reallığı da təsdiqləyir ki, siyasi liderliyin mahiyyəti dövlətinin, xalqının milli maraqlarına cavab verən inkişaf yolunu müəyyənləşdirmək, ölkəsinə uğur gətirən, daim yüksəkləri fəth etməsini şərtləndirən siyasəti təmin etməkdir. Təbii ki, bu uğurlara yol açan ideyalardır. İdeyaların gerçəkləşməsi ilə sanki möcüzələr baş verir. Bu ideyalar ölkənin dünəninin, bu gününün, gələcəyinin əsası kimi dəyərləndirilir. “Əbədiyaşar lider” məfhumu da məhz bu kontekstdən yaranır. Necə ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev belə xatırlanır. O, həyatdan getsə də onun siyasi xətti siyasi idarəçiliyin, milli quruculuğun nəzəriyyəsinə, alternativi olmayan dövlətçilik fəlsəfəsinə çevrilib.

XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunur. Həmin dövrdə baş verən hadisələr ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirdi.

Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və davamlı uğurlara yol açılması bu gün harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır. Çünki bu yol hər günü Azərbaycanın tarixinə mühüm uğur səhifəsi kimi yazır. Məhz bunun nəticəsidir ki, ölkəmizin 28 ildə 100 ilə bərabər inkişaf yolu keçdiyi beynəlxalq səviyyədə də etiraf olunur və yüksək dəyərləndirilir.

Azərbaycan sabitlik məkanına çevrildi

Müstəqilliyimizin ilk illəri Azərbaycan tarixinə təlatümlü bir dövr kimi daxil olub. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsindən sonra ilk illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu Azərbaycanı “olum, ya ölüm” dilemması qarşısında qoymuşdu. Xalq müstəqilliyin sevincini yaşamaq imkanında deyildi. Xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedirdi. Digər tərəfdən isə Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın deyil, ayrı-ayrı qüvvələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb olmuşdu. Belə çətin məqamda xalq üzünü ulu öndər Heydər Əliyevə tutmaqla bugünkü uğurlarımızı, müstəqil Azərbaycanın bir dövlət olaraq varlığının təsdiqini təmin etdi.

16 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev “Bizim artıq güclü dövlətimiz vardır- müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız vardır. Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək deməliyik: Biz inkişaf etmiş ölkəyə çevrilməliyik! İnkişaf etmiş ölkələrin meyarları vardır. Bunları bilirik və biz hər bir istiqamət üzrə o meyarlara çatmalıyıq-həm siyasi, iqtisadi islahatlar, sosial siyasət və digər istiqamətlərdə” fikirləri ilə ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin bu günümüz üçün möhkəm təməl yaratdığını əsaslı şəkildə diqqətə çatdırır.

Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən-məhz Onun birinci dəfə hakimiyyətə gəlişindən sonra başlayıb. Ulu öndər Heydər Əliyev 1969-82-ci illərdə görülən işləri belə xarakterizə edirdi: “O dövrlərdə yaranmış iqtisadi potensial da bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Güman edirəm ki, biz müstəqilliyimizi tam bərqərar etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqdır.”

1993-cü il 15 iyunun tarixə Milli Qurtuluş Günü kimi daxil olması Azərbaycanın müstəqilliyimizin ilk illərində yaşadıqlarına işıq salır. Prezident İlham Əliyev daim çıxışlarında bu çağırışı edir ki, indiki və gələcək nəsillərə Azərbaycanın müstəqillik yolunun heç də hamar olmadığını əsaslı şəkildə çatdırmalıyıq.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə Onun xilaskarlıq missiyası gəlir. Böyük qətiyyəti, siyasi iradəsi ilə xilaskarlıq missiyasını yerinə yetirən Ümummilli Lider yeni, müasir Azərbaycanı qurdu. O, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etməklə yanaşı, Azərbaycanın bir dövlət olaraq dünyada tanınmasını, yeri və rolunun möhkəmlənməsini, ən əsası sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanıtmaq istəyini yeganə həyat amalına çevirdiyini diqqətə çatdırdı. Dahi şəxsiyyət bildirmişdir: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” Düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə daxili sabitliyi təmin edən ulu öndər Heydər Əliyev müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələri bəyan etdi. Sabitlik bütün inkişafın əsası kimi dəyərləndirildi. Bu çağırış xüsusi qeyd olundu ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Bu mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, Ümummilli Liderin gərgin fəaliyyəti nəticəsində pərdəarxası oyunlara, siyasi anarxiyaya son qoyuldu, ölkədə cinayətkarlığın qarşısı tam alındı, bütün qanunsuz silahlı dəstələr ləğv olundu. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində alınaraq dövlət müstəqilliyimizin qorunub saxlanılması təmin edildi. Bunlar isə öz növbəsində ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranmasını, bunun da əsasında ilk Konstitusiyanın qəbulunu şərtləndirdi. 1995-ci il 12 noyabrda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızdan sonrakı dövr dövlətçiliyin möhkəmlənməsi, demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi dövrü kimi xarakterizə olunur. Ümummilli Lider bildirmişdir ki, demokratik cəmiyyətin varlığını təsdiqləyən insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın formalaşması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi və sair kimi bütün atributlar ölkəmizdə bərqərar edilməlidir.

Azərbaycanın bu gün demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi də dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini müəyyənləşdirərkən demokratik prinsipləri öndə saxlamasından irəli gəlir: “Müstəqil Azərbaycanda hüquqi, demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir.” Məlumdur ki, Azərbaycanın demokratiya yolu heç də hamar olmamışdır. Ölkəmizin müstəqilliyini, uğurlarını gözü götürməyən daxili və xarici qüvvələr hər vəchlə Azərbaycanın demokratik inkişafına, bu yolda inamlı addımlarına mane olmağa səy göstərirdilər. Bu gün əlaqələrimizin yüksək səviyyədə olduğu Avropa Şurasına qəbul zamanı ölkəmizin hansı çətinliklə üz-üzə qaldığı məlum olaylardandır. Lakin Heydər Əliyev qətiyyəti və səyi bütün bu maneələri dəf etdi, Azərbaycan demokratik dövlət quruculuğu yolunu sözdə deyil, əməldə sübut edərək, dünyanın ən nüfuzlu təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu. Dahi şəxsiyyət Heydər Əliyev bildirmişdir ki, Avropa Şurası Azərbaycana nə qədər gərəkdirsə, Azərbaycan da Avropa Şurası üçün bir o qədər önəmlidir.

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir

Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs sazişinin imzalanması Azərbaycanda daxili sabitliyin təmin olunmasında, digər sahələrdə əhəmiyyətli addımların atılmasında mühüm rol oynadı. Məhz həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bu mühüm addım Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirməklə yanaşı, xalqımızın uzun illərdən bəri ürəyində gəzdirdiyi bu istəyinin reallığa çevrilməsi oldu. Daim öz təbii sərvətlərinin əsl sahibi olmaq istəyən Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını gördükcə bundan daha da ruhlanır, gələcəyə böyük inamla addımlayırdı. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin 2006 və 2007-ci illərdə reallığa çevrilməsi, bunun ardınca dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu artıran Cənub Qaz Dəhlizinin rəsmi açılışı, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, həmçinin Cənub qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TANAP-ın istifadəyə verilməsi və sair kimi biri-birindən mühüm hadisələr “Əsrin müqaviləsi”nin ölkəmizə böyük uğurlar qazandırdığını bir daha dünyaya bəyan edir. Dövlətimizin başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa təbrikində bütün bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq münasibətlər sistemində yeri və rolunu təsəvvür etmək çətin deyildi. Təbii ki, BTC neft kəməri olmasaydı, BTƏ qaz kəmərindən, bunlar olmasaydı Cənub Qaz Dəhlizindən danışmaq qeyri-mümkün idi. Cənab İlham Əliyev Cənub Qaz Dəhlizini görülən işlərin zirvəsi kimi dəyərləndirir.

Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan ümummilli lider Heydər Əliyev 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmaqla əldə olunan neft gəlirlərinin şəffaf və ədalətli bölünməsini təmin etdi. Dövlət siyasətinin prioritetlərini müəyyənləşdirən Dövlət Neft Fondu şəffaflıq kriteriyalarına görə nümunəvi qurum kimi dəyərləndirilir. Fondun vəsaitlərinin düzgün istiqamətləndirilməsi və şəffaflığın təminatı əhəmiyyətli sosial-iqtisadi layihələrin həyata keçirilməsini sürətləndirir.

Bu gün böyük inamla qeyd edirik ki, neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Regionların malik olduğu potensial imkanlardan maksimum istifadə etmək üçün Dövlət proqramları təsdiqləndi və uğurla icra edilir. Bu gün ümumi daxili məhsulda özəl bölmənin payı 85 faiz təşkil edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bölgələrə hər səfəri yeni obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Son 16 ildə 2 milyondan artıq yeni iş yeri yaradılıb ki, bunun böyük qismi regionların payına düşür.

Ulu öndər Heydər Əliyevin “Neft- Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” çağırışı bütün dövrlərdə öz aktuallığını qorumaqla yanaşı, dövlət siyasətinin əsasını təşkil edir. Bu mühüm məqama söykənərək, əhalinin sosial müdafiəsinin prioritetliyi daim önə çəkilir, neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi, istiqamətləndirilməsi mühüm uğurlara, ən əsası Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsinə yol açır. Bugünümüzün statistikasına diqqət yetirmək kifayətdir. Təkcə cari ilin arxada qalan aylarında 4 milyondan artıq insanı əhatə edən 2 sosial paket təsdiqlənib. Minimum əməkhaqqı, minimum pensiya iki dəfə artırılıb. Dövlətimizn başçısı İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bildirmişdi ki, iqtisadi inkişafa uygun olaraq əməkhaqqı ildə ən azı iki dəfə artırılmalıdır. Ötən 16 ildə həyata keçirilən təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın ən islahatçı ölkə kimi tanınmasını şərtləndirib. Ölkəmiz yeni sosial və iqtisadi çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunur.

Azərbaycanı təkcə zəngin təbii sərvətlərə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq

Ulu öndər Heydər Əliyev, eyni zamanda, bu çağırışı etmişdir ki, Azərbaycanı təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq.” Müstəqillik yollarında yenicə addımlarını atan hər bir dövlətin özünü təsdiqləməsində, varlığı barədə aydın təsəvvür yaratmasında vacib şərtlərdən biri xarici siyasətini düzgün qurması önə çəkilirdi. Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin yüksək səviyyədə qurulması, ən əsası bir dövlətin xaricdə varlığı kimi dəyərləndirilən diaspor quruculuğuna xüsusi diqqət göstərilməsi Azərbaycan həqiqətlərinin, tarixinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynadı. Dahi şəxsiyyət harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə çağırırdı. Öncə ayrı-ayrı dövlətlərdə Azərbaycan cəmiyyətləri, mərkəzləri yaradıldı. Sonra onların vahid mərkəzdən idarə olunmasını təmin etmək üçün 2001-ci il noyabrın 9-10-da Dünya azərbaycanlılarının I qurultayı keçirildi. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycanı öz Vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz ümummilli lider Heydər Əliyevin səylərinin nəticəsidir. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə biri-birindən əhəmiyyətli qərarlar qəbul etmişdir. Bu fakt inkaredilməzdir ki, müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq bir sıra problemlərin yaranmasına, erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdu. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra fəaliyyətinin əsas istiqamətlərindən biri məhz ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması oldu və uğurlu siyasəti ilə bu istəyini gerçəkləşdirdi. Məhz Ümummilli Liderin qətiyyətli addımları sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşdı, xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişdi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüququn normativ sənədlərində öz əksini tapdı. Ümummilli Liderin xarici ölkələrə səfərləri zamanı orada yaşayan azərbaycanlılarla görüşməyə səy göstərməsi, onların problemləri ilə yaxından tanış olması, respublikamızla əlaqələrini daha da möhkəmləndirmələri üçün tövsiyələrini verməsi diaspor quruculuğu istiqamətində atılan addımlardan idi.

Dünya azərbaycanlılarının qurultaylarının ənənəvi olaraq keçirilməsi uğurlarımızın, Azərbaycan diasporunun gördüyü işlərin təqdimatı kimi dəyərləndirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev böyük inam və qətiyyətlə bildirir ki, güclü, qüdrətli Azərbaycan bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Hazırda ölkəmizin sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanınması, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkanda yerləşən ölkə olaraq beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ən əsası dünya tərəfindən inkişafın Azərbaycan modelindən bəhs edilərək təqdir olunması təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün siyasətə əsaslanır. Bu gün Azərbaycan bayrağının dünyanın ən nüfuzlu təşkilatlarının qarşısında dalğalanması, ölkəmizin dünyada gedən proseslərə təsir imkanlarının artması da deyilənlərin təsdiqidir. Ən əsası 2011-ci ilin mühüm uğurlarından olan Azərbaycanın 193 ölkədən 155- nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 2019-cu ildə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan, 120 üzvü sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və sonda qəbul olunan sənəddə Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinin dəstəklənməsi mühüm diplomatik uğurlarımız sırasındadır. Həmçinin dövlətimizin başçısı İlham Əliyevin Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun «Şərq şəfəqləri və dünya siyasi quruluşu» mövzusunda XVI illik iclasında, MDB Dövlət Başçıları Şurasının Aşqabad Sammitində çıxışı, «Qarabağ Azərbaycandır və nida işarəsi» bəyanatı, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə ev sahibliyi Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin uğurlu siyasətinin təntənəsidir. Azərbaycan haqqı, ədaləti müdafiə edən, bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsini istəyən ölkə olaraq dünya birliyində yeri və rolunu artırır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əvvəlki dövrlərdə Azərbaycan haqqında məlumat vermək, təqdimatlar etmək üçün müxtəlif ölkələrə nümayəndələr göndərilirdisə, bu gün respublikamızın beynəlxalq tədbirlərin keçirilməsi üçün önəmli məkana çevrilməsi həqiqətlərimizin təbliğinə geniş imkanlar yaradır. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin qorunması və inkişafı istiqamətində qoyduğu möhkəm təməl son 16 ildə davamlı uğurları təmin etdi. Dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdə də atdığı addımların miqyası o qədər genişdir ki, onları tam əhatə etmək qeyri-mümkündür. Hər ilin konkret bir sahənin adı ilə bağlanması Azərbaycanın bu və ya digər istiqamətlərdə malik olduğu imkanlara, ən əsası həmin sahələrin inkişafına yol açır. 2016-cı il ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci il “İslam Həmrəyliyi ili”, 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili”, 2019-cu il “Nəsimi ili” elan edilib. Bütün bunlar tariximizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə bağlılığımızı əks etdirir. 2019-cu ildə Azərbaycanın UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi bütün bu addımların, görülən işlərin ümumiləşdirilmiş ifadəsidir.

Sülh və inkişaf Azərbaycan dövlətinin strategiyasının təməlini təşkil edir

Xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərinə xüsusi önəm verən, hər bir məsələnin ədalət prinsipi əsasında çözülməsində maraqlı olan Azərbaycan dövləti daim dünyaya bu çağırışı edir ki, ikili standartlara son qoyulsun, beynəlxalq hüquq normalarının icrası üçün vahid mexanizm müəyyənləşdirilsin, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli təmin edilsin.

Problemin həlli üçün möhkəm hüquqi baza mövcuddur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılması öz əksini tapıb. Eyni zamanda, digər beynəlxalq qurumların, dövlətlərin qərar və qətnamələrində də Azərbaycanın mövqeyi dəstəklənir. Əvvəldə təkcə cari ilin ötən dövründə Azərbaycan dövlətinin xarici siyasət uğurlarını qeyd etdik.

Rəsmi Bakı bəyanatlarında bu fikri də səsləndirir ki, problemin sülh yolu ilə həlli imkanları tükənərsə, hərb variantı istisna edilmir. Azərbaycanın tam haqqı var ki, işğal altında olan topaqlarını istənilən yolla azad etsin. Ulu öndər Heydər Əliyev bildirmişdir ki, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.

Bu kimi bəyanatlar, ən əsası 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs sazişinin imzalanması Azərbaycanın sülh siyasətinə sadiqliyini, həmçinin bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsinin tərəfdarı olduğunu nümayiş etdirir. Amma qarşı tərəf, işğalçı Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməzsə, problemin hərb yolu ilə həlli şəksizdir. Azərbaycan Ordusunun gücü, qüdrəti bu fikri böyük inamla söyləməyə əsas verir. Aprel döyüşləri, Naxçıvan qələbələri ordumuzun gücünü və qüdrətini dünyaya nümayiş etdirdi.

Azərbaycan müharibə şəraitində olsa da bütün sahələrdə böyük uğurları ilə diqqətdədir. İşğalçı Ermənistan Azərbaycanla heç bir sahədə rəqabət aparmaq imkanında deyil. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsi qədərdir. Xalqımız tam əmindir ki, dövlətimizin qətiyyətli mövqeyi, xalqın iradəsi, beynəlxalq dəstəyin artması fonunda Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.

YAP tarixin sınaqlarından şərəflə çıxaraq milyonların partiyası kimi nüfuz qazanıb

Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edərkən bu gün milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. 1992-ci il noyabrın 21-də təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında hazırda 750 minə yaxın üzv birləşib. Partiyanın hər bir üzvü Heydər Əliyev ideyalarının, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğatçısıdır. Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlərdə partiyanın yoluna işıq salır, onun hədəflərini açıqlayır. Dövlətimizin başçısı İlham Əliyevin gerçəkliklərə əsaslanaraq söylədiyi «Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir» fikirləri Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yolun aydın mənzərəsini yaradır. Yaranandan cəmi 6 ay sonra iqtidar partiyasına çevrilən YAP dövlətə, xalqa xidmət missiyasını Azərbaycanın davamlı inkişafına, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına verdiyi töhfələri ilə nümayiş etdirir.

Azərbaycanın hər uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxması da möhkəm təmələ əsaslanan siyasətə, xalq-iqtidar birliyinin möhkəmliyinə əsaslanır. Tarixə qısa nəzər salsaq, Yeni Azərbaycan Partiyasının 1998, 2003, 2008, 2013 və 2018-ci il prezident, 1995, 2000, 2005, 2010, 2015-ci il parlament, 1999, 2004, 2009, 2014-cu il bələdiyyə seçkilərində uğur qazanmasını şərtləndirən də məhz bu amillərdir. Bununla yanaşı, partiyanın Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə bu günədək üç dəfə ümumxalq səsverməsinin keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüslər də xalqımız tərəfindən dəstəklənmişdir. «Ona görə iqtidar partiyasıyıq ki, bizim siyasətimiz xalq siyasətidir. Deyə bilərəm ki, biz ümumxalq partiyasıyıq. Çünki Azərbaycanın qarşısında duran bütün məsələlərdə biz fəal iştirak edirik. Biz öz əməyimizlə bu siyasəti aparırıq» söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, əməlimiz, işlərimiz, verilən sözlərə sadiqliyimiz Yeni Azərbaycan Partiyasının nüfuzunu artırır, Azərbaycanın siyasi səhnəsində yeganə ciddi siyasi qüvvəyə çevirir.

Noyabrın 28-də Yeni Azərbaycan Partiyası Siyasi Şurasının parlamentdə təmsil olunan partiya üzvlərinə parlamentin buraxılması təşəbbüsünü irəli sürməsini tövsiyə etməsi, bu tövsiyəyə uyğun olaraq Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasında dövlətimizin başçısı İlham Əliyevə müraciət, həmçinin ölkə Prezidentinin parlamentin müraciətində göstərilmiş məsələnin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərməsi, dekabrın 4-də Konstitusiya Məhkəməsinin Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərarı, dövlətimizin başçısı İlham Əliyevin 5 dekabr 2019-cu il tarixli «Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında» Sərəncamı da Yeni Azərbaycan Partiyasının davamlı inkişafa, təkmilləşməyə verdiyi töhfələrinin miqyasını genişləndirmək istəyindən irəli gəlir. Xalqımız tam əmindir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə davam etdirən, təkmil islahatların müəllifi kimi tanınan ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin gördüyü işlərin nəticəsində 23 dekabr bələdiyyə seçkiləri, eyni zamanda, gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri Azərbaycanın, partiyanın tarixinə növbəti uğur, qələbələr səhifəsini yazacaq.

Heydər Əliyev yolu davamlı uğurların əsasıdır

2003-cü ildən başlanan Böyük yolun davamı Azərbaycana daha möhtəşəm uğurlar qazandırıb. Dayanıqlı inkişafın təmin edilməsi üçün ciddi islahatların aparılması əsas hədəflərdən biri kimi qarşıya qoyuldu: «İslahatlara alternativ yoxdur… Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər.» Uğurlara yol açan düşünülmüş və məqsədyönlü siyasət, ayrı-ayrı sahələri əhatə edən Dövlət proqramları, ənənəyə uyğun olaraq hər ilin bir sahənin adı ilə bağlanması və bu istiqamətdə təkmil islahatların həyata keçirilməsi Azərbaycanın beynəlxalq maliyyə qurumlarının, reytinq agentliklərinin hesabatlarında da liderliyini qorumasını şərtləndirir. İnkişaf modeli dünyaya nümunə göstərilən Azərbaycana bu gün hansı tərəfdən baxsaq təkmilləşməni, yeniləşməni görərik.

İdarəetmə sistemində təkmilləşmə, kadr hazırlığı, dövlətimizin gəncləşmə siyasəti yeni-yeni hədəflərin gerçəkləşməsini təmin edir. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz reallıqdır. 2016-cı ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan məsələlər sırasında Prezidentlik müddətinin 7 ilə qədər artırılması, eyni zamanda, vitse-prezidentlik institutunun yaradılması ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. 2017-ci ildə dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi davamlı inkişafa böyük dəstək kimi dəyərləndirildi. Ötən iki ildən artıq dövr ərzində Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi gördüyü işlərə diqqət yetirsək, miqyasının nə qədər böyük olduğunu görərik. Dövlətçiliyimizin möhkəmləndirilməsi, hərtərəfli inkişafın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın mədəniyyətinin, tarixinin, milli-mənəvi dəyərlərinin təbliği Birinci vitse-prezidentin fəaliyyətinin əsasını təşkil edir. Mehriban xanım Əliyevanın xarici siyasətimizin əsas istiqaməti olan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına töhfələri də böyükdür və yüksək dəyərləndirilir. Azərbaycanın Birinci vitse-prezidentinin bu günlərdə Rusiyaya rəsmi səfəri, iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfələrə görə Rusiya Prezidenti V.Putin tərəfindən «Dostluq» ordeni ilə təltif olunması Mehriban xanım Əliyevanın Azərbaycanın beynəlxalq aləmdə yeri və rolunun artması istiqamətində göstərdiyi səylərin tərkib hissələrindəndir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə Heydər Əliyev irsinin təbliği missiyasını yerinə yetirən Heydər Əliyev Fondunun prezidenti kimi bu istiqamətdə atdığı addımlar təqdirəlayiqdir. «Azərbaycanın taleyi Heydər Əliyevin taleyi ilə əbədi olaraq bağlandı» söyləyən Mehriban xanım Əliyeva, eyni zamanda, bildirir ki, Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Belə insanlar tarixin mürəkkəb anlarında bütün çətinlikləri dəf edərək həmişə zəfər çalır, qalib gəlirlər. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir.

Təbii ki, bir yazıda Heydər Əliyev siyasətinin uğurlarını əhatə etmək mümkün deyil. Möhtərəm Prezidentimiz İlham Əliyevin fikirlərinə istinad etsək, uğurlarımızın ümumiləşdirilmiş ifadəsini yaradarıq: «Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.»

Siyavuş Novruzov,
YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri

Xəbər lenti

DAHA ÇOX XƏBƏR