Türkiyə-ABŞ münasibətləri dərin uçuruma doğru - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Türkiyə-ABŞ münasibətləri dərin uçuruma doğru - ŞƏRH

“Bu, çox yanlış qərardır və Türkiyə-ABŞ münasibətlərinə dağıdıcı təsir göstərəcək, xalqlararası münasibətləri gərginləşdirəcək. Osmanlı imperiyası həmin dövrdə hətta silahlanıb, quldur dəstəsi kimi bölgədə hərəkət edən qüvvələrə bir güllə belə atmadı”.

Bu sözləri Publika.az-a açıqlamasında ABŞ Senatının qondarma “erməni soyqırımı” barədə qəbul etdiyi qətnaməyə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib.

Erməni saxtakarlığından danışan politoloq sözlərinə belə davam edib: “Heç kimə sirr deyil ki, 1915-ci il hadisələri adi köç hadisəsi idi. Yəni Çar Rusiyası qoşunlarının Türkiyəyə basqını zamanı Şərqi Anadoluda yaşayan ermənilər dərhal ruslara qoşuldu və erməni dəstələri təşkil edərək arxadan Osmanlı ordusuna zərbələr vurmağa başladılar. Osmanlı ordusuna soxulmuş bəzi Andronik kimi general, paşa rütbəsinə qədər qalxmışlar isə baş qərargahdan Osmanlı ordusunun durumuna dair məlumatları Rusiyaya göndərirdi. Bütövlükdə ermənilərin böyük hissəsi həmin dövrdə Rusiyaya qoşularaq öz təbəəsi, vətəndaşı olduğu ölkəyə qarşı mübarizəyə qalxdı. Bu, tarixdə misli görünməmiş bir hadisə idi. Amma bütün bunlara baxmayaraq rus qoşunları Fevral Burjua-Demokratik İnqilabından sonra silahlarını atıb, Rusiyaya geri dönərkən ermənilər yenə də hərbi dəstələr yaradaraq Şərqi Anadoluda qırğınları davam etdirdilər. Osmanlı ordusu və rəhbərlik ermənilərin bu xəyanətkarlığına çox humanist cavab verdi. Yəni onları güllələyə, həbslərə məhkum edə bilərdi, ancaq bunların heç birini etmədi. Sadəcə olaraq onları Şərqi Anadoludan imperiyanın uzaq guşələrinə - Türkiyənin cənubuna, Livana, Suriyaya, İraqa köçürmək qərarına gəldi. Bu köç də baş tutdu. Köç zamanı həmin ərazilərdə cəmi 700 000 erməni yaşayırdı. Ancaq ermənilər həmin ərazidə 1.5 milyon erməninin öldürüldüyünü deyirlər. 700 000 ermənidən ən azı 500 mini vaqonlarla, sağ-salamat nəzərdə tutulan yerlərə daşınıldı. Ölənlərin çoxu da kürd mənşəli quldur dəstələri tərəfindən qarət edilənlər idi. Hesablamalar göstərir ki, həmin hadisələr zamanı qatarda gedərkən təkcə xəstəliklərdən ölənlərin sayı 170 000 nəfər olub. Düzdür, onların bir çoxunu mühasirəyə alaraq tərksilah etdilər. Bir qismi isə qaçaraq Türkiyənin şərqində, Cənubi Azərbaycanın şimal bölgələrində və Şimali Azərbaycanda çox böyük qırğınlar törətdilər. İki milyondan çox azərbaycanlı qətlə yetirildi ki, Qubada tapılan məzarlıqlar bunu əyani surətdə təsdiq edir. Qeyd etdiyim kimi, ermənilər 1.5 milyon ermənidən danışır və burada belə bir sual yaranır: Olmayan əhalini necə qırmaq olar? Onları "soyqırımı" qurbanları kimi qələmə verən ermənilər siyasi tələblər irəli sürür. Çox təəssüf ki, Fransa, Almaniya, ABŞ kimi ölkələr ermənilərin çaldığı bu zurnaya oynayır. Türkiyədə bütün bu məsələlər ciddi formada araşdırılıb. Beləliklə, bu gün qondarma "soyqırımı" hadisəsi yaradılıb və bundan Türkiyəyə qarşı siyasi gedişlər üçün istifadə edirlər. Bu işlərin başında da təəssüf ki, ABŞ dayanır.

Osmanlı imperiyasını soyqırımı törətməkdə günahlandıran ABŞ, istila etdiyi torpaqlarda yaşayan yerli hindu xalqına qarşı amansız və qəddarcasına soyqırımı həyata keçirib. Bölgələrdə iyirmi milyondan çox hindu öldürülüb. Fransa da 1961-ci ildə Əlcəzairdə soyqırımı törətdi. Bir milyondan çox əlcəzairli torpaqlarını azad etmək istəyərkən fransızlar tərəfindən qanına qəltan edildi. Eynilə Cənubi Balkanlarda yaşayan müsəlmanlara qarşı soyqırımı hadisəsi həyata keçirildi.

Dünya soyqırımı hadisələri ilə doludur. Mən buraya Xocalı faciəsini də, ermənilərin törətdiyi digər vəhşilikləri də aid edirəm. Amma nədənsə hər yerdə xristian dünyası ermənilərin tərəfini tutur. Əfsuslar olsun ki, bu, sivilizasiyalı dünyaya yaraşmır. ABŞ da dünyada heç bir dəlil-sübutu olmayan, saxta faktlar əsasında ermənilər tərəfindən meydana çıxarılmış saxta soyqırımı hadisəsini təsdiq etməklə öz imicinə zərər vuracaq. Artıq Konqresin qərarından sonra Tramp da onu qəbul edəcək. Beləliklə, Türkiyə-ABŞ münasibətlərində dərin bir uçurum yaranacaq”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm