Türkiyə niyə ordusunu Liviyaya göndərmək istəyir?
Bizi izləyin

Nida Təhlil

Türkiyə niyə ordusunu Liviyaya göndərmək istəyir?

Türkiyə Liviyaya ordu göndərmək istəyir. Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son müsahibəsində bildirib. Məsələ burasındadır ki, müxalif general Xəlifə Haftarın silahlı birlikləri Liviyanın paytaxtı Tripolini ələ keçirməyə çalışır. Tripolidəki hökumət isə Türkiyədən kömək istəyir.

Bəs Türkiyə niyə Liviyaya ordu göndərmək istəyir?

Sualı politoloq Elxan Şahinoğlu belə cavablandırıb: “Aralıq dənizində Türkiyəyə qarşı bir sıra ölkələr birləşib. Yunanıstan, Yunan Kipri, Misir və İsrail Aralıq dənizində enerji resurslarının istismarı ilə bağlı əməkdaşlıq edir. Bu əməkdaşlıq həm də Türkiyənin əleyhinədir. Ərdoğan bunu yeni “Sevr anlaşması” adlandırır. Əgər general Haftar Liviyanı tamamilə ələ keçirsə, Liviya da Aralıq dənizindəki anti-Türkiyə blokuna qoşulacaq. Buna görə də Ankara general Haftarın Tripolini ələ keçirməsinə mane olmaq istəyir.

Gerenal Haftarı dəstəkləyənlər arasında Rusiya da var. Kremlin dəstəklədiyi və rus muzdlulardan formalaşan qeyri-leqal “Vaqner” silahlı birləşməsi Liviyada generala dəstək verir. Rusiya Türkiyə ilə müxtəlif məsələlərdə əməkdaşlıq edir, Suriyada birlikdə qayda-qanun yaratmağa çalışırlar. Rusiyanın Liviyada Türkiyə ilə maraqları tərs düşsə, iki ölkə arasındakı münasibətlərdə çat əmələ gələ bilər. Bu nə Moskvanın, nə də Ankaranın maraqlarına cavab verir”.

Politoloq vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin yanvarın 8-də İstanbulda Ərdoğanla birgə “Türk axını” boru xəttinin açılışında iştirak edəcək. İki lider Liviya mövzusunu da müzakirə edəcək. Böyük ehtimalla Rusiya və Türkiyə Suriya məsələsində əməkdaşlıq etdiyi kimi, Liviya məsələsində də ortaq məxrəcə gəlməyə çalışacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm