Azərbaycanın ən güclü ölkələr sırasında yer alması onu göstərir ki... - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Azərbaycanın ən güclü ölkələr sırasında yer alması onu göstərir ki... - ŞƏRH

Xəbər verdiyimiz kimi, Amerikanın “U. S. News & World Report” jurnalı 2019-cu il üzrə ən güclü ölkələrin reytinq siyahısını açıqlayıb.

Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb.

“Hesab edirəm ki, Azərbaycanın dünyanın güclü dövlətləri sırasında 45-ci yerdə qərarlaşması bir daha onu təsdiqləyir ki, Prezident İlham Əliyev ölkədəki inkişafa doğru, dürüst qiymət verib”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Azərbaycan, tarixində heç bir zaman indiki qədər güclü olmayıb: “İlham Əliyevin yeritdiyi daxili və xarici siyasət sayəsində Azərbaycanın əldə etdiyi bu yüksək nəticəni artıq beynəlxalq birlik də yeni hesabatlarda təsdiqləyir. Bəli, Azərbaycan məhz ümumi daxili məhsulun inkişaf səviyyəsinə, demoqrafik xərclərə, hərbi gücə və əhalinin rifah səviyyəsinə görə yüksək nəticələr göstərir və beləliklə, bu yerə layiq görüldü. Yeri gəlmişkən, Azərbaycan bir çox Avropa ölkələrini inkişafda geridə qoyub. Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı nümunə çəkə bilərik”.

Nəsirovun fikrincə, Azərbaycanın dünyanın güclü dövlətləri arasında belə yüksək nəticə göstərməsi təsadüfi deyil: “Bu, İlham Əliyevin dərinləşən islahatlar kursunun məntiqi nəticəsidir. Azərbaycanda aparılan islahatlar kursu nəticə etibarilə Azərbaycanın bütün sahələrini əhatə edir və nəticələr də göz qabağındadır. Bundan öncə 80 inkişaf etməkdə olan ölkə sırasında 3-cü mövqedə idik. Azərbaycan Dünya Bankının 2020-ci il biznes hesabatında biznesin şəffaflıq səviyyəsinə görə dünyada 25-ci yerdə idi. Ən islahatçı 20 ölkə sırasında yer almışdı. Bundan savayı, Davos Forumunun hesabatında Azərbaycanın əldə etdiyi nailiyyətlərə çox böyük qiymət verilib. Azərbaycan uzunmüddətli strateji inkişaf səviyyəsinə görə 10-cu yerə, hökumətin islahatlara meyillilik səviyyəsinə görə isə 5-ci yerə layiq görülüb. Yol nəqliyyatı səviyyəsinə görə dünyada 27-ci yerdə qərarlaşıb. Bütün bunlar onu göstərir ki, Azərbaycanda həyata keçirilən sistemli islahatlar kursu artıq bütün sferalarda inkişafı təmin edib. Bütün bunlar da beynəlxalq aləmdə qəbul olunub. Bu yaxınlarda Qlobal Təhlükəsizlik İndeksi dərc olunmuşdu. Burada dünya ölkələrinin təhlükəsizlik səviyyəsi araşdırılmışdı. Ən təhlükəli ölkə kimi Əfqanıstan göstərilmişdi. Həmin siyahıda Azərbaycan 103-cü mövqedə dayanmışdı. Müqayisə üçün qeyd edim ki, qardaş Türkiyə 16-cı yerdə, ABŞ isə 20-ci yerdə qərarlaşmışdı. Yəni, Azərbaycan dünyanın təhlükəsizlik baxımdan ən seçilən ölkələri sırasındadır. Azərbaycanın dünyanın ən inkişaf etmiş, ən güclü ölkələri sırasında yer alması tamamilə məntiqlidir”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm