Yeni reytinq: Bakının yeri adekvat deyil
Bizi izləyin

Nida Təhlil

Yeni reytinq: Bakının yeri adekvat deyil

Ümumdünya İqtisadiyyat Forumunun “qlobal gender bərabərsizliyi indeksi” reytinqində Azərbaycanın mövqeyi diqqətçəkicidir.

Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı “qlobal gender bərabərsizliyi indeksi” reytinqində Azərbaycanın bəzi parametrlərdə sonuncu yerləri bölüşdürməsini şərh edərkən deyib.

A.Camalqızı bildirib ki, hər şeydən öncə ümumi göstəricidə ötən illə müqayisədə daha 3 pillə irəliləməyimizin təqdirəlayiq olduğu vurğulanmalıdır:

“Əlbəttə, əksər beynəlxalq reytinqlərdə ön sıralarda olan, hətta ordusuna görə ilk 50-liyə, islahatlar tempinə görə bəzi məqamlarda ilk onluğa düşən Azərbaycanın bu məsələdə 153 dövlət içərisində 94-cü yerdə qərarlaşması ilə xüsusi fəxr etmək olmur. Buna baxmayaraq, nəzərə alın ki, ötən illə müqayisədə Azərbaycanın reytinqində irəliləyiş var və bu, çox ciddi təsəllidir”.

A.Camalqızı qeyd edib ki, əslində bu göstərici Mehriban xanım Əliyevanın ölkəmizin Birinci vitse-prezidenti təyinatından sonra müsbətə doğru dəyişməyə başlayıb:

“Mehriban xanım Əliyevanın simasında qadınlarımızın ölkənin idarəçiliyində və ictimai işlərdə fəallığının artmasının iki mühüm məqamına diqqət çəkmək istərdim: Birincisi, Mehriban xanım Azərbaycan qadınlarının simvolu və mayakıdır. İlk dəfə olaraq müstəqil Azərbaycanda bir xanım ölkənin ikinci şəxsi statusundadır və onun bu vəzifəsinin öhdəsindən yüksək peşəkarlıq və uzaqgörənliklə gəlməsi və ictimaiyyət arasında böyük rəğbət qazanması qadınlarımızın özünəinam hissini artırır və xanımlarımızı Azərbaycanın ictimai-siyasi həyatında mövqe tutmağa stimullaşdırır.
İkincisi, Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi həyatında tarazlığın qorunması və incə diplomatiyanın tətbiqində oynadığı müstəsna rol da cəmiyyətdə xanımların dövlət idarəetməsinə gəlməsinə qarşı baxışları dəyişdirib. Artıq Azərbaycanda xanımların özünü ifadə etməsi üçün həm ictimai, həm də siyasi dəstəyi var. Təsadüfü deyil ki, bu reytinqdə iş adamı olan xanımlarla bağlı statistikada Azərbaycan kifayət qədər irəlidədir”.

A.Camalqızının sözlərinə görə, təəssüf ki, ölkəmizin siyasi həyatında qadınların tutduğu mövqe hələ ürəkaçan deyil:

“Siyasi təmsilçilikdə 153 ölkə arasında 140-cı, parlamentdə qadınların təmsilçiliyi baxımından 107-ci yerdə qərarlaşmaq, həmçinin dünyada qadın naziri olmayan 10 ölkədən biri olmaq Azərbaycanın hazırkı sosial-siyasi və ictimai reallığı üçün adekvat deyil.
Azərbaycanın dünyada qadın hüquqlarını tanıyan ilk ölkələrdən biri olması, eləcə də bu gün ölkədə qadınlarımızın ictimai-siyasi proseslərdə aktivlik potensialı, xüsusilə Mehriban xanım Əliyevanın timsalında dövlətin idarə olunması kimi çətin yükü zərif çiyinlərində daşıya bilmək bacarığını nümayiş etdirməsi fonunda ölkəmizin siyasi baxımdan gender bərabərliyinə görə geriyə düşməsini həyəcan siqnalı olaraq qəbul etməliyik. Çünki tariximiz və bugünkü imkanlarımız bu sahədə Azərbaycanın reytinqlərdə kifayət qədər öndə yer tutmasına şans yaradır”.

Politoloq qeyd edib ki, bəzi Avropa ölkələrinin bu məsələlərlə bağlı müsbət nümunələr var:

“Məsələn, Skandinaviya ölkələrində qadınlarla bağlı kvotanın ayrılması seçkili orqanlarda zərif cinsin nümayəndələrinin təmsilçiliyini artırdı və hazırda dünyanın ən inkişaf etmiş ölkələri sırasında mövqe tutan bu dövlətlər həm də siyasi qərarların qəbulu prosesində qadınların iştirakına görə liderdirlər.

Xatırlayırsınızsa, bir müddət əvvəl icra başçılarının müavinlərindən birinin xanım olması barədə olduqca maraqlı proses başlamışdı. Azərbaycanda hazırda böyük kadr və struktur islahatları həyata keçirilir və yeni düşüncə, yeni təfəkkür idarəetməyə tətbiq edilir. İnanıram ki, MM-in yeni tərkibində də xanımların təmsilçiliyinə YAP da diqqəti artıracaq və nəticədə burda da balansın saxlanılması ölkəmizin ümumi inkişaf tendensiyasına adekvat olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm