Zelenskinin Bakı səfərinin detalları - Əliyevin daha bir qələbəsi
Bizi izləyin

Nida Təhlil

Zelenskinin Bakı səfərinin detalları - Əliyevin daha bir qələbəsi

Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri Bakı-Kiyev xəttində münasibətlər, xüsusilə “ölmüş” kimi görünən, hərçənd, lazımi məqamda strateji platforma olaraq istifadə etməyin mümkün olduğu GUAM-da birgə əməkdaşlıq, hər iki ölkənin separatizmlə üzləşməsi və bu separatizmin arxasında eyni gücün oynadığı rol, iki ölkənin iqtisadi əlaqələri, Azərbaycanın Ukraynaya son illər artan investisiya yatırımları və digər məqamlar fonunda o qədər də təəccüblü deyil. Bu səfərə daha çox Zelenskinin Cənubi Qafqazda ilk rəsmi səfərini Bakıya etməsi fonunda baxmaq olar və bu, Ukraynanın hazırkı rəhbərliyinin keçmiş hakimiyyətdən miras qalmış Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyində olduğunu göstərir.

Zelenskinin Bakı səfərindən öncə onun Cənubi Qafqazda niyə yalnız Azərbaycana səfər etdiyi haqda Ukrayna və Ermənistan mediasında müzakirələr açıldı. Rəsmi Kiyevin məlumatında qeyd olunurdu ki, “Prezident Tbilisidəki etirazlara görə Gürcüstana getmir, səfər Azərbaycana ediləcək”. Erməni KİV-i səfər marşrutunda Ermənistanın adının belə çəkilməməsini qəzəblə qarşılamışdı.

Və Zelenskinin Bakı səfərində ilk olaraq, Azərbaycanın strateji maraqları, bu maraqlar kontekstində işğalçı Ermənistanın, bu ölkənin beynəlxalq miqyasda əsas rıçağı olan erməni diasporunun qollarının baltalanması prosesinin davam edəcəyi perspektivi aydın görünür. Belə demək mümkünsə, Azərbaycan lideri Kiyevin qaranlıq dalanlarında daldalanan Ermənistanın qollarını doğrayır.

Bakı Kiyev üçün iqtisadi əlaqələr, regionun əsas gücü ilə maraqlarını uzlaşdırmaq, enerji təminatında alternativ olmaq baxımından əhəmiyyətli oyunçudur. Zelnski Prezident İlham Əliyevlə görüşdə bunu dilə gətirdi. Zelenskinin dekabrın 9-da Parisdə Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra Azərbaycana gəlişi də təsadüfi deyil. Ukraynanın yeni prezidenti Moskva ilə qanlı-bıçaq siyasətində yumşalmaya gedir və bu yumşalmada ən unikal vasitəçi Azərbaycan ola bilər.

Kiyevin Bakı üçün önəmi də xüsusi diqqət çəkir:

1. Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun həllində eyni taleyi yaşayan ölkənin qarşılıqlı dəstəyini almaq;
2. Ukraynada yaşayan Azərbaycan icmasının mövqelərini gücləndirmək;
3. Xarici ticarətdə böyük bazar;
4. Və təbii ki, Qərbin Şərqə doğru uzanan strategiyasında əsas qapılardan biri ilə əlaqələrin müsbət məcrada inkişafı;


Bu sonuncu amil – Ukraynada güclü olmaq strategiya baxımından önəmlidir. 2014-cü ildə Maydan hadisələrini xatırlayın. Yunakoviçin devrildiyi günlər Maydanda müxtəlif millətlərdən olan qruplar ayrı-ayrılıqda üsyan bayrağını qaldırmışdı və sonda bu qruplar “əməklərinin qarşılığı olaraq”, yeni hökumətdə postlar tuta bildilər. Onların arasında xüsusi fəallığı ilə seçilən ermənilər idi. Hətta bu perspektivi görən Azərbaycan dövlətinin Maydanın içində ermənilərin mövqelərini zəiflətmək üçün müxtəlif manevrlər etdiyi, az da olsa buna nail olduğu haqda məlumatlar var. Ermənilər Maydanda aktiv iştiraklarına görə Poroşenko hökumətində iki nazir postunu – daxili işlər naziri Arsen Avakov və infrastruktur naziri Vladimir Omelyan – belə tuta bildilər. Və bu postların birinin güc, digərinin pullu olması da ermənilərin əlini gücləndirdi. Buna paralel olaraq, Maydandan sonra erməni biznesmenlərin Ukraynadakı aktivliyi də xüsusi hiss olunurdu. Maydanda erməni gücünü tam sıradan çıxara bilməyən Azərbaycan uzunmüddətli strategiya yolunu tutdu: iki ölkə arasındakı əlaqələrin inkişafı, investisiyaların yatırılması, Ukraynanın enerji də daxil olmaqla müxtəlif sektorlarında bazara hakim olmaq, uzun müddət bu ölkədə yaşayan nüfuzlu azərbaycanlıların önə çəkilməsi və s.

2018-ci ilin sonlarında Prezident İlham Əliyevin strategiyası öz bəhrəsini verdi: Ukraynada güc balansı tədricən Azərbaycanın xeyrinə dəyişməyə başladı.

İctimaiyyətə məlum olan ilk zərbə: Ukrayna Daxili İşlər Nazirliyi ötən ilin sentyabrında “RESO – Zəmanət” sığorta şirkətinin rəhbəri olan erməni əsilli Sergey və Nikol Sarkisova qarşı “Mütəşəkil dəstə tərəfindən irihəcmli dələduzluq” ittihamı ilə cinayət işi açdı və onları beynəlxalq axtarışa verdi. Sarkisovlar 20 il ərzində Ukraynanın sığorta bazarının 25 faizinə nəzarət ediblər.

“RESO – Zəmanət” şirkəti Ukrayna ilə yanaşı, Rusiyanın sığorta bazarında da aktiv iştirak edir və mövqelərinə görə üçüncü idi. Donetskdə separatçı müharibə başlayanda rəsmi Kiyev speratçılar tərəfindən döyüşən ukraynalıların sığortasını dayandırmaq üçün lisenziyalaşdırma haqqında qanunu dəyişdi. Bütün şirkətlər fəaliyyətlərini buna uyğunlaşdırsa da, Sarkisovlara məxsus “Sadəcə - Sığorta” törəmə şirkəti əvvəlki lisenziya ilə fəaliyyətinə davam edirdi. Kağız üzərində şirkət Kipr ofşorlarında qardaşlara məxsus “Astroway Ltd” şirkətinə satılmışdı. Hökumət isə separatçılarla döyüşən Ukrayna ordusu və könüllü batalyonların sığortasını əlverişli şərtlərlə təmin etdikləri üçün Sarkisov qardaşlarına loyallıq göstərirdi. Amma bu, onları sona qədər xilas etmədi. Ukraynada ruslara və Rusiyada biznesi olanlara əcənəbilərə qarşı “təmizləmə” Sarkisovlara da şamil edildi. Maraqlıdır ki, Ukrayna hökuməti yalnız avropalılar, amerikalılar və azərbaycanlılara aid şirkətlərə toxunmadı. Buna səbəb Azərbaycanın Ukrayna üçün Rusiya enerjisinə qarşı alternativ mənbə olması və Azərbaycan liderinin rəsmi Kiyevlə əlaqələri idi. Azərbaycanlıların Ukraynada güclənməsi sarkisovların timsalında ermənilərin mövqelərini zəiflətdi.

Sarkisovların “vurulması” həm də ABŞ-dakı erməni diasporunun maliyyə mənbələrindən birinin zəiflədilməsi idi. Çünki Sarkisovlar erməni diasporunun qondarma “erməni soyqırımı”nın və Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılan “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyinin tanınması işinə külli miqdarda maliyyə dəstəyi verirdi. Misal üçün, Kaliforniyanın iki qanunverici orqanının Qarabağın “müstəqilliyinin” tanımasının Sarkisovların sponsorluğunun bəhrəsidir.

Azərbaycanın Ukraynaya qoyduğu investisiyalar və həyata keçirilən siyasət nəticəsində bunun qarşısı alındı və bazarda sıxışdırılan ermənilərin yerini azərbaycanlılar tutdular. Zelenskinin Bakı səfəri Azərbaycanın mövqelərinin daha da güclənəcəyi perspektivindən xəbər verir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm