Kiçik ölkənin dünya siyasətinə yön verən BÖYÜK LİDERİ
Bizi izləyin

Nida Təhlil

Kiçik ölkənin dünya siyasətinə yön verən BÖYÜK LİDERİ

Beynəlxalq siyasətdə nəhəng görünən liderlər, adətən, rəhbərlik etdikləri ölkələrin coğrafi miqyasının, iqtisadi, hərbi və s. gücünün kölgəsindən boylanır. Misal üçün, ABŞ-ın istənilən lideri şəxsi keyfiyyətlərindən asılı olmayaraq, öz ölkəsinin gücünün fonunda böyük görünür. Bunu qlobal oyunçu olan, yaxud buna can atan digər ölkələrin rəhbərlərində də müşahidə etmək çətin deyil. Çətin olan qlobal oyunçularla müqayisədə azsaylı potensiala malik kiçik ölkələrin liderlərlərinin mürəkkəb beynəlxalq münasibətlər burulğanında büdrəmədən davam edə bilməsi, rəhbərlik etdikləri ölkəni güclü şəxsiyyətlərinin arxasınca irəliyə doğru apara bilməsidir. Bu, dalğalı dənizdə kapitanın gəmisini sabit şəkildə saxlaması və limana sağ çıxara bilməsi kimidir. Təcrübə göstərir ki, kiçik ölkələr güclü liderlərdən məhrum olanda tez-tez acı tale ilə üzləşirlər: hökumət böhranları, mütəmadi iqtidar dəyişiklikləri, hətta qanlı inqilab və böyük itkilərlə nəticələnən bir çox proseslər.

Regionun, o cümlədən, dünyanın coğrafi miqyas baxımından kiçik olan ölkələri ilə müqayisədə Azərbaycanın belə ağrılı tale ilə üzləşməməsi, sanki böyük dalğaların arasından sağ-salamat keçərək limana – hədəfinə doğru irəliləməsi, haqlı olaraq, sual yaradır: dünya böhranla üzləşdiyi, güclü və dayanıqlı iqtisadi dayaqları olan böyük ölkələrin sütunları laxladığı halda, Cənubi Qafqazın bu ölkəsi bütün bu proseslərdən necə itkisiz çıxa bilir?

Yaxud region ölkələrində xaosun yaşandığı, siyasi və ictimai böhranların adi hala çevrildiyi bir vaxtda bu ölkə illərdir mövcud olan sabitliyini qoruya, hətta inkişaf edə bilir?

Məhz burada mürəkkəb beynəlxalq münasibətlər sistemində liderlik fenomeni önə çıxır. Belə demək mümkünsə, bəzi liderlərin taleyinə böyük dövlətlərin kölgəsindən boylanmaq düşür, bəzi liderlərin taleyinə isə kiçik ölkələrini böyük kölgələrində bütün təhlükələrdən qorumaq və irəliyə aparmaq.

Şübhəsiz, Azərbaycan lideri İlham Əliyev beynəlxalq siyasətdə nadir rast gəlinən belə şəxsiyyətlərdəndir. Onun zəkası, diplomatik ustalığı, liderlik qabiliyyəti fonunda dünyanın ölkəmizdən bəhs edərkən təəccüblə ünvanladıqları sualların da cavabı açıqlanır: Azərbaycan bütün qlobal kataklizmlərdən öz güclü lideri – İlham Əliyev sayəsində xilas ola bilib.

- Səbir və real nəticələrə hesablanmış strategiya; siyasətin incə sənəti; mərhəmət və qətiyyətin təcəssümü; xalqını və dövlətini hər şeyin fövqündə tutmaq və milli maraqlardan bir addım da geri durmamaq;

İlham Əliyevin fəaliyyətində bu xüsusiyyətlər qırmızı xətlə keçir və onun şəxsi kefiyyətləri, bu keyfiyyətlərdən doğan siyasi gedişləri elmi əsərlər və çoxsaylı kitablar miqyasındadır. Diqqətçəkən məqam bu keyfiyyətlərin onun genetik kodlarında olması, damarlarında axan qanda dolaşmasıdır. Və təsadüfi deyil ki, müasirləri onu “Heydər Əliyevin təkrarı” olaraq xarakterizə edirlər. Lakin aradakı fərq Heydər Əliyev XX əsrin, İlham Əliyevin isə XXI əsrin lideri olmasıdır. Tale Azərbaycana iki əsrin iki böyük liderini bəxş edib.

İlham Əliyev sükanı arxasına keçdiyi Azərbaycanı XXI əsrin dünyası ilə ayaqlaşan bir dövlətə çevirdi. Onu fərqləndirən əsas məqam da budur: Oyunu təkcə qaydalarına uyğun oynamaqla kifayətlənmədi, həm də oyuna yeni qaydalar əlavə etdi. Onun 16 illik prezidentlik dövrünə ekskursiya etməklə daxili və xarici siyasətdə tətbiq etdiyi oyun qaydalarını müşahidə edə bilərik:

Post-neft dövrü: ölkə iqtisadiyyatının əsas mənbəyi olan neft gəlirləri qeyri-neft sektoruna yönləndirildi; “qara qızıl” insan kapitalına çevrildi;

2003-2018-ci illəri əhatə edən statistik göstəricilər İlham Əliyevin Azərbaycanı haradan hara apardığını əyani şəkildə nümayiş etdirir. Ümumdaxili məhsul 3 dəfədən çox, adambaşına düşən ÜDM 9 dəfədən çox, büdcə gəlirləri 20 dəfəyə qədər, xarici valyuta ehtiyatları 30 dəfəyə qədər, əhalinin gəlirləri 10 dəfəyə qədər artıb, işsizlik 2 dəfə, yoxsulluq 9 dəfə azalıb.

Qlobal siyasətə yön vermək: Azərbaycan liderinin ölkəyə rəhbərlik etdiyi dövrdə dünya siyasətinin ürəyinin tez-tez Bakıda döyündüyünü müşahidə edirik. Bu, məhz İlham Əliyevin Heydər Əliyevdən miras qalan strategiyanı özünəməxsus şəkildə inkişaf etdirməsinin bəhrələridir.

- Azərbaycan dünyanın enerji xəritəsini müəyyənləşdirən ölkəyə çevrildi; (Cənub Qaz Dəhlizi və s.)
- Şərqlə Qərbi birləşdirən dünyanın nəqliyyat şəbəkəsinin açarı Bakıdadır; (Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri, “Bir kəmər bir yol” layihəsində əsas rol oynayan Bakı-Tbilisi-Qars dəmiryolu xətti və s.)
- Bakı iki qütbün dünyanın taleyini həll etdikləri müzakirə masası rolunu oynayır; (Son iki ildə Rusiya və ABŞ, o cümlədən, Rusiya və NATO-nun hərbi-siyasi rəhbərliyi dünya üçün ən əhəmiyyətli müzakirələrini məhz Azərbaycan paytaxtında aparırlar)
- Qlobal oyunçular Bakının dəstəyini qazanmaq uğrunda açıq mübarizə aparırlar; (ABŞ, Avropa İttifaqı, Rusiya və Uzaq Şərqdə Çin – bütün cəbhələr Azərbaycanla əməkdaşlıqda maraqlıdır)

Bütün bunlar İlham Əliyevin liderlik keyfiyyətinin praktiki təzahürləridir və Azərbaycan lideri bu proseslərdə oyun qaydalarını müəyyənləşdirən, onu tətbiq edən tərəf kimi diqqət çəkir.

Artıq yola salmağa hazırlaşdığımız 2019-cu ildə İlham Əliyevin daxili və xarici siyasətdə atdığı addımlar Azərbaycan liderinin əsl dövlət xadimi olduğunu bir daha ortaya çıxardı.

Siyasi ədəbiyyatda “ağrılı keçid” olaraq adlandırılan küçə inqilablarının gözümüzün önündə ölkələri hansı vəziyyətə saldığının, qanlı itkilərlə nəticələndiyinin şahidi olmuşuq. Mərkəzi Asiyadan tutmuş Şərqi Avropaya qədər uzanan, bu gün Yaxın Şərqi qana boyanan bu xaos nə qədər idarəolunan olsa da, əsas qaynağı daxili səbəblər və cəmiyyətin mənfi enerji ilə yüklənməsidir. Azərbaycanda belə bir perspektiv görünürdümü? Birmənalı olaraq, xeyr. Lakin məşhur aforizmdə deyildiyi kimi: “Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi gələcək nəsilləri düşünərək hərəkət edir”. İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatların səbəbi də məhz onun gələcək nəsilləri düşünən dövlət xadimi olmasından irəli gəlir.

Nə qədər uğurlu olmasından, hətta iqtisadiyyatın sabit inkişafından asılı olmayaraq, yenilənməmək, müasir tələblərə uyğunlaşmamaq cəmiyyətin mənfi enerji ilə yüklənməsinə gətirib çıxarır. Hakim komandada təcrübəli, illərlə dövlətə xidmət etmiş məmurların yenilənməməsi və bunun fonunda xarici qüvvələrin daxili uzantıları ilə əlbir şəkildə manipulyativ informasiya istehsalı neqativ perspektivlərin ortaya çıxması ehtimalını gücləndirirdi. Və məhz belə bir məqamda İlham Əliyev Azərbaycanın kataklizmlərlə üzləşməməsi üçün sosial sifarişi qabaqladı: köklü şəkildə kadr islahatına start verdi, dövlət qarşısında xidməti olan yaşı məmurları hörmətlə yola saldı, onların yerinə daha gənc və dinamik kadrları gətirdi; ədalət mühakiməsinin səmərəliliyinin artırılması üçün məhkəmə-hüquq sisteminin yenilənməsinə start verdi; “siyasi müstəqilliyin mənbəyi iqtisadi müstəqillikdir” strategiyası ilə iqtisadi sferada ciddi islahatlara başladı, xüsusilə, qeyri-neft sektorunun inkişafı istiqamətində fəaliyyəti sürətləndirdi; “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” prinsipinə uyğun olaraq sosial islahatlar paketini elan etdi, nəticədə, cari il ərzində respublikada əmək haqları, pensiyalar, sosial müavinətlər də daxil olmaqla, bütün sferalarda işçilərin maaşları 80 faizə qədər artdı, orta aylıq əmək haqqı 723 AZN oldu; bu islahatların məntiqi davamı olaraq, Milli Məclis hakim Yeni Azərbaycan Partiyasının (YAP) təklifi ilə buraxıldı;

Bu, cari ildə həyata keçirilən islahatlardır və məqsəd yenilənmiş Azərbaycanın bərqərar olmasıdır. İlham Əliyev islahat prosesinin davam edəcəyinin anonsunu çıxışlarında verib. Yəni Azərbaycan lideri ölkəni indikindən də daha yaxşı görmək niyyətindədir.

Daxili siyasətdə sözün gerçək mənasında inqilabi gedişlər edən Azərbaycan liderinin cari ildə həyata keçirdiyi xarici siyasət beynəlxalq münasibətlər tarixində səsküylü hadisələrdən oldu.

- Qərb və Şərq cəbhəsi arasında ciddi manevrlər davam etdirildi, buna paralel olaraq, üz-üzə dayanan hər iki cəbhənin məhz Azərbaycan paytaxtında bir araya gəlməsi təmin olundu;

- ABŞ, Avropa İttifaqı, Rusiya, Çin kimi qlobal oyunçularla qarşılıqlı əlaqələr və milli maraqlara əsaslanan əməkdaşlıq inkişaf etdirildi:

- Dünyanın 120 ölkəsini özündə birləşdirən, BMT-dən sonra ən nüfuzlu ikinci beynəlxalq təşkilat hesab olunan Qoşulmama Hərəkatının Bakı sammiti keçirildi və sədrlik növbəti 3 illik müddətində Azərbaycana keçdi. İlham Əliyev bu imkandan istifadə edərək dünyanın 120 ölkəsinin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinin müdafiəsinə və Ermənistanı rəsmi şəkildə işğalçı ölkə olaraq tanımasına nail oldu;

- Azərbaycan torpaqlarında dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində bəşəriyyətin xilası tezisləri müzakirə olundu;

- O cümlədən, “Türk Şurası”nın Bakıda zirvə görüşü keçirildi və bütün türk dünyası Azərbaycanın şəmsiyyəsi altına toplandı;

Təkcə cari ildə İlham Əliyevin fəaliyətində bu və digər mühüm hadisələr diqqət çəkir.

Bütün bunların fonunda Azərbaycan liderinin işğalçı Ermənistana endirdiyi diplomatik zərbə zabitimiz Ramil Səfərov məsələsində yalnız İlham Əliyevin uğurla tətbiq edə biləcəyi “səssiz diplomatiya” strategiyasını yenidən aktuallaşdırdı.

Hər şey avqustun 5-də işğalçı ölkənin baş naziri Nikol Paşinyanın Xankəndidə “Miatsum” şüarı səsləndirməsi və “Qarabağ Ermənistandır və nöqtə” iddiasında bulunması ilə başlandı. Və Azərbaycan lideri bu iddiaya düz iki ay sonra Soçidə keçirilən “Valday” Beynəlxalq Diskusiya Mərkəzində “Qarabağ Azərbaycandır və Nida” sözləri ilə cavab verdi.

Bu strateji addımda İlham Əliyevin dərin zəkası parlaq şəkildə meydana çıxır.

İşğalçı ölkə rəhbərinin populist iddiasına həmin vaxt cavab verilsəydi, bu, “söz dueli”ndən başqa bir şey olmayacaqdı. Lakin Azərbaycan lideri “səssiz diplomatiya” strategiyası ilə düşmənə ağır zərbə vurdu.

1. Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” ritorikası ilə İrəvanın illərdir iddia etdiyi “Qarabağ müstəqil respublikadır” tezisini öz dili ilə inkar etdi və işğalçı olduqlarını etiraf etmiş oldu;

2. Azərbaycan bu etirafı münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin önünə qoydu və onların reaksiyasına nail oldu;

İlham Əliyev səbrlə gözləyir və həmin ərəfədə keçirilən BMT Baş Assambleyasının 74-cü sessiyası və Avrasiya İqtisadi İttifaqının İrəvanda keçiriləcək zirvə toplantısını müşahidə edirdi. Paşinyanın ABŞ səfəri iflasa uğradı, Aİİ-nin İrəvanda keçirilən zirvə toplantısı isə əsl biabırçılıqla başa çatdı. “İnqilab”dan sonra ilk dəfə Ermənistana səfər edən Rusiya prezidenti Vladimir Putin isə Paşinyanı hava limanında qoyaraq, Soçidə Azərbaycan liderinin görüşünə gəldi. Prosesləri incəliklə ölçüb-biçən Azərbaycan lideri Ermənistanın cavabını məhz “Valday”da verdi və “Qarabağ Azərbaycanındır və Nida” bəyanatı ilə işğalçı ölkəni nakauta saldı. Ardınca Aşqabadda keçirilən MDB dövlət başçılarının zirvə görüşündə Ermənistanın Qaregin Njdenin timsalında faşizmi qəhrəmanlaşdırmasını gündəmə gətirdi. Beləliklə, işğalçı ölkənin diplomatik yollarını bağladı.

Bütün bunlar İlham Əliyevin dünya siyasətində oyun qaydalarını müəyyənləşdirmək bacarığında olan siyasətçi olduğunu sübut edir. Və şübhəsiz ki, bu gün, O, dünyanın xüsusi seçilən azsaylı liderləri sırasında yer alır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm