Məmurlar Prezidentin icra başçılarına etdiyi xəbərdarlıqdan dərs çıxarsın - POLİTOLOQ
Bizi izləyin

Nida Təhlil

Məmurlar Prezidentin icra başçılarına etdiyi xəbərdarlıqdan dərs çıxarsın - POLİTOLOQ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 dekabrda ilin yekunları ilə bağlı yerli mediaya verdiyi müsahibəsi həm ölkə gündəmində, həm də regionda geniş əks-səda doğurdu.

Prezidentin müsahibəsindəki maraqlı məqamları politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov Publika.az-a müsahibəsində şərh etdi.

- Prezident İlham Əliyevin ilin yekunlarına dair yerli mətbuata verdiyi geniş müsahibəni necə dəyərləndirirsiniz? Bu müsahibə mətbuat üçün hansı əhəmiyyəti kəsb edir?

- Dövlət başçımız cavablarında kifayət qədər geniş şəkildə bir sıra sahələri işıqlandırdı, təhlil etdi. Həmçinin, Kütləvi İnformasiya Vasitələrinə də diqqət göstərdiyini və xüsusilə izlədiyini bildirdi. Mətbuatda gedən verilişlər və yazılarla maraqlandığını dedi. Onu da qeyd etdi ki, bəzi hallarda ona yaxın bəzi məmurlar ona vaxtlı-vaxtında məruzə etmirlər, edəndə isə pozitiv fon yaratmaq istəyirlər. Buna görə də o özü regionlarda olarkən və KİV-lərdə gedən məlumatlara əsasən problemlərdən xəbər tutur. Bu da o deməkdir ki, prezident mətbuatın fəaliyyətinə böyük əhəmiyyət verir. Bu faktın özü - bir sıra aparıcı Kütləvi İnformasiya Vasitələrinin aparıcı nümayəndələrini toplayıb onlara 2 saatdan artıq müsahibə vermək o deməkdir ki, mətbuat ictimai-siyasi ab-havadan birbaşa asılıdır. Müəyyən ictimai rəyin formalaşmasına da KİV böyük təsir göstərir. Mən şübhə etmirəm ki, dövlət başçısı da bunu yaxşı dərk edir.

- Prezident müsahibəsində bildirdi ki, bir çox icra başçıları, məmurlar və bəzi KİV-lərdən narazıdır. Ona görə ki, ona vaxtında və dolğun məlumat çatdırmırlar və ya hadisələri təhrif edirlər. Dövlət başçısının bu iradı nədən xəbər verir?

- Acınacaqlı faktdır ki, məmurlar, icra başçıları real məlumatları dövlət başçısından gizlədir. Hamarlayırlar. Çünki başa düşürlər ki, real vəziyyət prezidentə çatsa, ilk növbədə, onlara qarşı zərbə olacaq. Bu, əslində, zərbə olmaya da bilər. O halda ki, icra başçıları və məmurlar əhalinin problemlərini vaxtında həll etsinlər, camaatın içində olsunlar. Çünki onlar vətəndaşlara xidmət etməlidirlər. Buna görə də o vəzifəyə təyin olunublar. İcra başçıları, məmurlar bu iradlardan özlərinə nəticə çıxarmalıdır.

- İlham Əliyev Azərbaycan-Ermənistan Dağlıq Qarabağ məsələsinin 2019-cu ildə gəldiyi səviyyədən də danışdı və qeyd etdi ki, bu il də Ermənistan problemin həll edilməməsi üçün əlindən gələni etdi. Sizcə, bu il Dağlıq Qarabağ münaqişəsi aspektindən necə keçdi?

- Ermənistan münaqişənin həlli yolunda böyük problemlər yaradıb. Xüsusilə, yeni hakimiyyət. Çünki Baş nazirin müxtəlid ziddiyyətli bəyanatları, Xankədidə “Dağlıq Qarabağ Ermənistandır” deməsi, separatçıları danışıqların 3-cü tərəfi kimi təqdimetmə cəhdləri, əlbəttə ki, hansısa müsbət nəticəyə gətirib çıxara bilməzdi. Çünki bu davranışlar, özü-özlüyündə absurd yanaşmadır. ATƏT-in beynəlxalq sənədlərində danışıqlarda hansı tərəflərin iştirak etməsi aydın şəkildə qeyd olunub. Bundan əlavə nəsə amerika kəşf etməyə ehtiyac yoxdur. Əgər Ermənstan bu məsələdə nəyəsə nail olmaq istəyirsə, normal qaydada, obyektiv və ədalətli, beynəlxalq hüquq çərçivəsində danışıqlarda iştirak etməlidir. Dövlət başçmız onu da vurğuladı ki, bizi BMT-yə qəbul edəndə Dağlıq Qarabağla birgə ediblər. Yəni, Qarabağ Azərbaycanın tərkib hissəsi kimi BMT tərəfindən qəbul olunub. Bütün bu amillərdən sonra hansısa bəyanatlar vermək nəinki, həqiqətə uyğun deyil, tam mənada absurd və reallıqdan uzaqdır. Acınacaqlı mövqeyin nümayişdir.

- Prezidentin bu müsahibəsini yeni ənənənin başlanğıcı kimi dəyərləndirmək olarmı?

- Əlbəttə. Bu müsahibənin davamı, təbii ki, prezidentin iş qrafikindən asılı olan məsələdir. Amma hər halda, bizim aparıcı mətbu orqanlarla 2 saatdan çox görüş çox gözəl addımdır. Düşünürəm ki, bu ənənə bundan sonra da davam edəcək. Çünki cəmiyyət dövlət başçısının mövqeyini daha şəffaf şəkildə bilməlidir, eşitməlidir. Onun təhlilləri Azərbaycanın həm indiki vəziyyəti, həm də gələcək addımları haqqında həm məruzədir, həm də analitik məlumatlardır. Çünki prezident müsahibələrində bizi maraqlandıran bütün məsələlərə toxunur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm